Sizin Reklam Burada
Xəbər lenti
28-09-2024
27-09-2024
BÜTÜN XƏBƏRLƏR

N

Tarix: 28-09-2024 10:56     Baxış: 0 A- / A+
KƏLBƏCƏRDƏ GÖRDÜKLƏRİM...
 
(Qaracaoğlan sayağı)
 
Of, içimdə dağ azarı,
üz tutmuşam dağa sarı.
Sərt qayalar - dağ hasarı
zirvələnir yollar boyu.
 
Qırağında ocaq daşı,-
nə gur yanır, ocaq - daşır.
Çəmən - çiçək ocaqlaşır
zər ələnir yollar boyu.
 
Misqal-misqal sıxıb balı,
min çiçəkdən sağıb balı,
arıya bax, yığıb balı 
şələlənir yollar boyu.
 
Moruq tutub dərələri,
kim yığa, kim dərə, ləli?!...
Sular axır - dərə ləli
şirələnir yollar boyu.
 

Bir yol axtar, cığır ara,
bu yol gedib çıxır hara...
Çəhlimlərə, cığırlara
gül ələnir yollar boyu.
 
Daş ağıllar, qalacıqlar,
mən gedirəm, qalacaqlar.
Cərgə-cərgə alaçıqlar
binələnir yollar boyu.
  
TƏSƏLLİ
 
(Ürəyimlə dil tapa bilmədim. Məni əməliyyat masasına qədər apardı)
 
Səni qınamıram, səni, ürəyim,
dəmir deyilsən ki, daş deyilsən ki?!...
Ağrıyla, acıyla silələnmisən,
necə dözməliydin, boş deyilsən ki?!...
 
Üstündən bir qoşun dərd ötürmüşəm:
vaxtsız ata dərdi, torpaq itkisi.
Dizini qırmağa bəs elədi, bəs-
adını çəkdiyim dərdin iksi...
 
Sonra sıralandı itirdiklərim,
sonra nələr oldu, nələr yaşadım...
Əlimi yelləyib ötürdüklərim-
qənimim oldular illər - yaşadım.
 
...Gözüm görə - görə nuş elədilər,
qanımı içdilər qansız adamlar.
Məni yüz ağrıya tuş elədilər,
bu ruhsuz adamlar, cansız adamlar.
 
Canımda ağrını daha çoxaltdı,
bir naşı həkimin yazdığı dərman.
Yüz qaysaq yaramı yenə qopartdı,
bir nadan hakimin verdiyi fərman.
 
...Gözümdə, könlümdə qışlayan ağrı,
həsrətdən sinəmə min "naxış" vurdu:
Dərbənddən, Təbrizdən… başlayan ağrı,
göynəyən ruhumda bir yuva qurdu.
 
…Ağrı yetişdikcə göynəyir s i n ə,
kədər şirin-şirin yeyir ü r ə y i.
Hərdən də təsəlli verirlər mənə:
-xəstə olmalıdı şair ü r ə y i.

Yanvar 2020
 
PAYIZ NAĞILI

Elə ki payız gəldi-
yenə soyuq, darıxmaq...
Yenə sözümə baxmır
bu ürək ey, bu "axmaq"...
 
Yarpaqlar veyillənir
tinində küçələrin.
Payız ömrü uzanır
bu qərib gecələrin.
 
Yavaş-yavaş çəkilir
arılar öz "evinə".
Payız "soğan doğrayır"
kəpənəyin kefinə.
 
Göydə köçəri quşlar
buludlarla yarışır-
yuyur göyün üzünü,
yuyur payız yağışı.
 
Cığırlar mürgü döyür,
yol özünə sığınır.
Gedib qonaq-qarası,
kol özünə sığınır.
 
Sarı yarpaqdan geyib,
böcəklər qış kürkünü.
Durnaların başlayıb
uzaqlara "sürgünü".
 
...Uzun payız gecəsi
təşnəsiyəm nələrin...
Boyunu oxşayıram
uzaq xatirələrin...
 
BİRNƏFƏSLİK ŞEİR...
 
Zəng elədim!
İçində 
çiling-çiling
olmuş səsini
calayıb 
birtəhər 
cavab verdi.
 
Qırıq və 
"yamaqlı" səsiylə 
“yaxşıyam” və
“sağol” 
sözünü dedi.
 
...İçinin dərinliklərində
 nəfəsi kəsilmişdi
            darıxan ADAMIN!

ADAM
 
Bu gidi dünyanın hər üzünə bələddi, “İpinin üstünə odun yığmaq mümkün olmadığını” məndən yaxşı bilir əziz dostum, dəyərli söz adamı Famil Müseyibov. Zaman-zaman həm də bəzi doslarının dönüklüyünü çox görüb. Ona görə də heç nədən, heç kimdən küsüb-incimir. Ancaq özündən gileylənir. Xeyli müddətdi öz iç dünyasına çəkilib, onu sevən dostlarını susmaqla cəzalandırır. Qeyri-standart düşüncələri, fərqli xarakteri, necə deyərlər, öz ölçü-biçi meyarı var. Hər adama yovuşmur, buna can da atmır. Qılıq-zad da onluq deyil. 
Ukraynada yaşayan dostumla ara-sıra telefon danışığımız olur.  Səhhətində baş verən kiçik problemdən sonra nitqində qüsur yarandığını israrla boynuma qoymaq istəyir və bundan  utandığını dilə gətirir. Ancaq dost olaraq mən bunu hiss etmirəm. 
Bu kiçik şeirə müqəddimə yazmasaydım, oxucumuz söhbətin nədən getdiyini bilməyəcəkdi. İfadələrimin bəzilərində ərk eləmişəm, Famil müəllim bağışlayar yəqin...

 
 
Tanrı duasıyla baş-başa qalan,
ruhu sevdalara köklənən Adam. 
Bütün doğmaların-dostun içində- 
ancaq öz köçündə təklənən Adam. 
 
Hərdən bu dünyadan bezən, usanan, 
əli qürbət yerdən yurda uzanan. 
Bəzən öz halından özü “utanan”,
bütün sevgilərdən *şəklənən Adam. 
 
Sözə adaxlanan, şeirə vurulan,
vaxtın axarında axan, durulan.
 Ömrü dolaylardan keçib, yorulan 
yolu “yoxuşlara” diklənən adam!
 
Göynək ağrılara ruhu tən olan,
zaman dəyirmandı – günü dən olan.
And yeri bir Tanrı, bir Vətən olan,
dəli duyğularla yüklənən Adam 

*Şübhələnmək, inanmamaq…
 
İKİNCİ ETİRAF
 
Yenə doyunca vurdum
sənsizliyin sağlığına...
Nə yeyib, nə içdimsə və 
nə düşündümsə
geridə izi qaldı:
yarımçıq pivə bakalı,
bir az 
saçaqlı pendir, 
"cipsi" ovuntuları,
xəyal qırıntıları,
bir də bir udum həsrət.
Sərxoşam indi,
yenə unutdum səni...
Ayılanda...

BİR UDUMLUQ ŞEİR... 

Səni payızda sevdim,
“ayrılıqlar ayında”.
 
Ayrılığın qorxusu
canımdan çıxdı,
“oxay”.
 
Yəqin biz ayrılanda
başqa aylar olacaq-
“ayrılıqlar ayları”.
 
Səni payızda sevdim-
ürəklər sevgi barını
ayrılığa satanda:
mənim Payız sevgilim!
 
KƏLBƏCƏRƏ GETMƏ - ÇAĞIRIŞ  

Müqəddəs yerlərimizin otuz ilə yaxın həsrətini çəkdik. Getdik, çöldə əliyinə, çayda balığına qənim kəsildik. Bulaqlarına, oylaqlarına düşmən kimi yanaşdıq. Növbəti ziyarətimdə Kəlbəcərdə gördüklərim məni çox narahat elədi. 
 
Tamahını şişə çəkib, 
həsrətini dişə çəkib, 
gödənini başa çəkib,
Kəlbəcərə kefə getmə... 
 
Mərd qayıdar, mərd yuvaya- 
ac da qalsa Qurd yuvaya. 
O müqəddəs yurd-yuvaya- 
pis niyyətlə nəfə getmə.
 
Nə vaxt ora basdın ayaq,
beyninə düşdü kef-damaq.
Məqsədin əlik ovlamaq -
yükün araq, pivə, getmə
 
Buna görəydi qılığın, 
doldumu qarın – tuluğun?!
Çaylarda qızıl balığın
boyun “sevə-sevə” getmə.
 
Xəlvətdə meydan suladın,
aldatdı şeytan - suladın.
Getdin, dağıdıb taladın,
yaxşısı, bu dəfə getmə!
 
Sentyabr 2023
 
 
İNTİHAR DÜŞÜNCƏLƏRİ (GÖZƏLLƏMƏSİ) 18+
 
I
Hər kəsin içində
bir intihar
istəyi var.
Və bətnində
bir intihar ağrısı var.
 
...Ölümə təslim olmaq
 istəməyənlərin
qələbəsidi intihar;
öz qanına susayanların
son nidasıdı intihar;
bütün etirazların
haqq səsidi intihar;
dipdiri duyğuların
qəfil nəfəsinin
 kəsilməsidi intihar.
 
Hə, bir də
 canına qıyılan arzuların
şərəfinə qaldırılan
eşq badəsidi intihar:
ancaq içilməsi zor...

II
 
...Əcəlin (fələyin)intihar
edənlərə ölüm borcu qalır.
İnthar ölüm deyil,
intihar ölmək deyil,
sadəcə ayrılıqdı,
ancaq geri dönülməz.
***
 
TURAN ŞƏRQİSİ
 
İndi bütün dualar
üzü qibləyə Turan
eşqinə oxunur.
Tanrı hüzurunda
səcdədədi Türk.
 
Turan sevdası sınır tanımır-
dünyanın yaxası əlimizdədi.
Ulu bir tarixin silinməz
rəqəmləri üstə ayaqdadı Türk:
zaman Tezliklə, məkan Cahan.
 
Anaların bətnində qan
yaddaşı yetişir,
qan yaddaşı doğulur.
Yaddaş bağları təzələnir
aşiqlərin könlündə....
Sevinc nəməri paylayırıq,
Turan eşqinə.
Bütün aydın sabahlar
QURD üzünə açılsın.
İçimdə Türk sevdası var,
bütün sevdalardan öncə...
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar