Xəbər lenti
“İlahi, sən mənə yiyə durmadın...”

Zöhrab Əmirxanlı ilə şəxsi tanışlığımız 25 il əvvəl “Millət” qəzetində çalışdığımiz vaxtdan başlamışdı. Mən “Millət”in bölgə müxbiri idim, Zöhrab isə şöbə müdiri, həmdə necə dəyərlər, baş yazarlarından biri. Çox sərt, tənqidi məqalələri ilə yanaşı, könül oxşayan, lirik səpkili publisistik düşüncələr də yazardı. Onun Xəlil Rza Ulutürklə bağlı gözəl bir yazısı o zaman məni azadlıq mücahidinin ünvanına aparan bələdçi oldu.
O dövrdə ölkədə elə anlaşılmaz olaylar baş verirdi, sanki dünən xalqın içindən hakimiyyət pilləsinə yüksələnlər, orda duruş gətirməyin qəliz iş olduğuyla üzləşib, əvvəlki çağlarına dönmək üçün bir-birinin ardınca silsilə səhvələrə yol verirdilər. Belə bir vaxtda mən DİN-in cənub bölgəsində apardığı “subtropik əməliyyatı” barədə “Davam edir 37...” məqaləsi yazdım. Məqaləm dərc olunan gün İsgəndər Həmidov 3-4 “Boz qurd”la “Millət”in redaksiyasına hucum edib: “Hanı o narkoman?” deyə sorğu-sual aparır. Baş redaktor Vilayət Quliyev redaksiyada olmadığından (deyilənlərə görə, İsgəndər bəyin ondan da narazılığı varmış) Zöhrab və başqaları deyib ki, axı o, heç siqaret də çəkmir, hardan narkoman oldu?
Sonralar Zöhrab mənə yarızarafat, yarıciddi deyirdi ki, anan namaz üstə olub o anda, əgər redaksiyada olsaydın, İsgəndər bəy qəzəbindən səni 7-ci mərtəbədən üzü aşağı atacaqdı. O vaxtlar, mən “Aydınlıq” qəzeti ilə də sıx əməkdaşlıq edirdim və Zöhrabın dostluq etdiyi Məmməd Nazimoğlu ilə də tez-tez görüşürdük. Əslində “Millət” qəzetinə mən “Aydınlıq” qəzetinin baş redaktoru Babək Hüseynoğlunun təqdimatı ilə işə qəbul olmuşdum...
...Zöhrabla ötən yay bir neçə dəfə sübh çağı dənizkənarı milli parkda görüşdük. O, günəşin dənizdə bərq vuran əksini, mən də “iş başındaykən” onun şəklini çəkdim. Gəzə-gəzə ötən günləri yada saldıq, elə odlu-alovlu, çılğıncasına danışırdı ki... Deyirdi, necə olur, axı o zaman jurnalistləri şapalaqlayan İsgəndər Həmidovu , TMR yaratmaq sevdasına düşən Ələkrəm Hümmətovu , qiyamçı Sürət Hüseynovu tərifləyib dağ başına qoyanların çoxu bu gün dövlət başçısının jurnalistlər üçün tikdirdiyi binadan mənzillə təmin olunur, amma əllərində top-tüfəng olan elə adamları tənqid edən jurnalistlər heç nəzərə alınmır?
Zöhrab jurnalist taleyindən lap çox küskün idi. İçində jurnalistikaya sevgisi sanki özündən çox-çox qabaq ömüşldü. Deyirdim, ay Zöhrab, hər səhər yazdığın statusların o qədər lirik, şeiriyyət doludur ki, gəlsənə onları toplayıb , yaxşıca bir kitab bağlayasan! Deyirdi, qardaş, bu təklifi, məsləhəti çox adam edir mənə, amma... Sonra söhbətin mövzüsunu dəyişib, Zakir Sadatlını, Məmməd Nazimoğlunu xatırlayardı və siqaret çəkə-çəkə kövrələrdi.
Mən ona Zakirin bir şeirini əzbər dedim, sanki Zakir Sadatlı o şeiri həm də içində yaşamaq-yaratmaq eşqi tükənmiş dostu Zöhrabın pərşan halı üçün yazmışdı:
İlahi, səni də dişimə vurdum
Yerdən göy çağırmaz, göydən yer məni
İlahi sən mənə yiyə durmadın,
Dədəmə, nənəmə apar ver məni!
Bir dəfə iki saata yaxın gəzdik,. Sahilboyu kişili-qadınlı adamların çoxu Zöhrabla salamlaşır, onunla hal-əhval tutub, Çarli adında itiylə oynayırdılar... Adətən, Zöhrab Amerkanın dövlət bayrağı olan köynək geyərdi. Sanki bununla Nyu-Yorkda rahat gün-güzaran sürən qızına, nəvəsinə görə Amerikaya içində minnət duyğusunu biruzə verərdi.
Evdən çıxıb dəniz sahilinə gələnəcən üzləşdiyi çox eybəcərliklərdən söhbət edərdi.
Bir dəfə baş redaktoru olduğu qəzetlərin birində hansı vəzifəli şəxs barədəsə dərc edəcəyi ətraflı yazının anonsunu verir, ertəsi gün bir diplomat çanta PUL gətirib qoyurlar Zöhrabın yazı masasının üstünə. Zöhrab əsəbləşib pul gətirən adma deyir: “Puluna da götür, get burdan!”
Bəli, dünən Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov Zöhrab Əmirxanlının vəfatı ilə bağlı özünün feysbuk səhifəsində çox doğru vurğulayıb ki: “Zöhrab iliyinə qədər jurnalist idi... Onun çılğınlığında, səmimilik və təmənnasızlıq var idi ki, bu da Zöhrab Əmirxanlı obrazını tamamlayır, bütövləşdirirdi.”
İndiki zamanda bir çanta PULdan imtina etmək hər kişinin işi olmasa da, düşünürəm bəlkə o pulu alsaydı, Zöhrabın bütün dərdlərinə əlac tapılardı...
El arasında belə deyim var: “Qolsuzun dərdini qolsuz bilər!” Bizi birləşdirən daha bir ortaq drdimiz vardı, hər ikimiz ömür –gün yoldaşımızı erkən itirmişdik. Son görüşümüzdə mən onun qürbətdə ailəsinə çörək pulu qazanan qardaşının Bakının mərkəzində şəraiti olan mənzilində yaşadığını nəzərdə tutub, dedim, bəlkə niyə yenidən ailə qurasan ? Rəhmətlik Mehriban xanımla bağlı el xatirılər danışdıl ki, sual verməyimə peşman oldum..
... Zöhrab vətənpərvər, el dərdi, təəssübü çəkən vicdanlı jurnalist idi, onun yerinə hər kim olsaydı, çoxdan qürbətə - ya qardşının, ya da qızının yaşadıqları ölkələrə üz tutardı... O isə vətən torpağını əziz tutdu və dünən ata-baba yurdunda uyuyan əzizlərinə, sevimli həyat yoldaşına qovuşdu.
Ruhun şad olsun , Zöhrab!
Nurəddin ƏDİLOĞLU.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar


































