Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Mən əslində elm adamı olmalıydım, ancaq dönüb təhsil məmuru oldum.”

Tarix: 27-03-2024 15:21     Baxış: 396 A- / A+
Nadir İsrafilov: “Mən əslində elm adamı olmalıydım, ancaq dönüb təhsil məmuru oldum.”
Nadir İsrafilov


"Talesiz dissertasiya işim, boşa gedən zəhmətim”Təyinatla müəllim işlədiyim 5 illik müddət başa çatdıqdan sonra elmi yaradıcılığa olan həvəsim və “Təhsilsiz elm, elmsiz təhsil ola bilməz” məntiqinə əsaslanan düşüncəm məni akademik təhsilə sövq etdi.

Aspiranturaya qəbul olunmağımla əlaqədar, nisbətən rusdilli olduğumu nəzərə alıb, məqsədli aspiranturada təhsilimi davam etdirməyim və Ümumittifaq səviyyəli mövzu üzərində işləməyim məsləhət bilindi. Moskvada uzun müzakirələrdən sonra, o zaman üçün daha aktual sayıla biləcək “İnkişaf etmiş sosializmin təkmilləşdirilməsi və tədricən kommunizmə keçilməsi” mənə görə elmi iş olaraq dissertasiya mövzusu kimi təsdiq olundu. Nə az nə çox düz iki il sosializmin “tam qələbəsi”ndən tutmuş, “qəti qələbəsi”nə qədər araşdırmalara yuxuzuz gecələr sərf edim.Növbəti müzakirələrin biridə qərara alındı ki, mövzunun aktuallığı müasirləşdirilmə baxımından daha da gücləndirilməlidir. Çünki, artıq xalq arasında kommunizmə keçidlə bağlı “qara lətifələr” dolaşmaqda idi. Digər tərəfdən isə bu ərəfədə Sov.İKP MK-nın baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyyətinin Sədri Leonid Brejnevin memuarlarından ibarət "Kiçik torpaq", "Dirçəliş" və "Xam Torpaq" trilogiyası işiq üzü görmüş və ucsuz-bucaqsız ölkənin təbliğat maşını şəxsiyyətə pərəstiş yönümünə səfərbər edilmişdi. Hamı ondan yazır, ondan danışırdı, kütləvi lektoriyalar təşkil olunur, mühazirələr oxunur, təntənəli yığıncaqlar, izdihamlı görüşlər keçirilirdi.

Bütün bunlar nəzərə alınaraq, Elmi Şuranın yekdil qərarına əsasən dissertasiya mövzum dəyişdirilərək, Brejnev fenomeninə və onun siyasətinə uyğunlaşdırıldı və yeni redaktədə “Sov. İKP-nin iqtisadi siyasəti – gənc nəslin əmək tərbiyəsində başlıca vasitə kimi” formalaşdırıldı. İndi gəl, qurultay materiallarını, plenum qətnamələrini, beşillik planları, əmək qabaqçıllarının nailiyyətlərini, onların gənclərə hamilik nümunələrini araşdır görüm, nə yeni bir söz deyəcəksən... “Düz-qoş” etməkdən yuxum belə ərsəyə çəkilmişdi. Bununla belə, Brejnevin xatirinə hamı yekdilliklə elmi “yaradıcılığıma” müsbət rəy vermək zorunda idi. Tez bir müddətdə “Avtoreferat”ım dərc olundu, müdafiə günüm müəyyən edildi.
Moskvaya bilet alıb qapıdan yola çıxarkən, həyat yoldaşımın yadımda qalmadığı bir sözünə, qayıdaram məşğul olaram dedim. Onun “Allah qoysa de” sözünə isə laqeyd cavabım ondan ibarət oldu ki, “Allah qoydu, qoymadı 3 illik zəhmətim hədər getməz” Nəticəsi də o oldu ki, təyyarənin trapından düşərkən ayağım burxuldu və xəstəxanalıq oldum. Xəstəxanada qaldığım 15 günə görə Elmi sovetin müddətini dəyişdilər. Geri qayıtmalı oldum.

Növbəti səfərimin səhərisi gün Brejnevin ölümü barədə yayılan acı xəbər bəlkə də, hamıdan çox məni sarsıtdı. Bir çox digər tədbirlər kimi müdafiə işləri də qeyri - müəyyən müddətə təxirə salınırdı. Zəhmətimin müqabilində heç olmasa dəfn mərasimində iştirak etməkdən, daha sonra isə evə qayıdıb, bir sıra yarımçıq qalmış və müəyyən təxirə salınmış məişət işlərimlə məşğul olmaqdan başqa çarəm qalmırdı.
Bir müddət ara sakitləşdikdən sonra böyük ümidlə yenidən geri qayıtdım. Tale bu dəfə də üzümə gülmədi. Bir çoxları kimi mən də uzun illər xalqın sevimlisi kimi qələmə verilən böyük rəhbərin güdazına gedənlərdən birinə çevrildim. Dissertasiya işi yenidən işlənməli idi, Brejnevlə bağlı bütün materiallar elmi işin içərisindən çıxarılmalı, təzəliklə seçilən Baş katibin sitatları ilə əvəz olunmalı idi. Bu isə, ən azı bir il müddətinə yeni rəhbər Y.V. Andropovun İqtisadi siyasətlə bağlı kursunu izləmək və bununla bağlı nə deyəcəyini gözləmək demək idi.

Gözləmə müddətində çəkdiyim əlavə zəhmət bu dəfə də hədər getdi. Bir ilin tamamında Andropov dünyasını dəyişdi. Onun yerinə təyin olunan son dərəcə yaşlı və xəstə K.U. Çernenkonun aqibətindən şübhələnərək dissertasiya üzərində yenidən işləməkdən vaz keçdim. Bu dəfə proqnozum özünü doğrultdu. Çernenko da sələfi Andropov kimi “bir illiyin” qurbanı oldu. Onun varisi M,S Qorbaçovun isə “Ya şələ lələni, ya lələ şələni” siyasətinə bel bağlamağa nə səbr nə də hövsələmin çatmayacağına tam əminlik hiss etdikdən sonra, artıq bu mövzuya bir daha qayıtmaq, ümumiyyətlə isə elmi işlə məşğul olmaq fikrindən birdəfəlik vaz keçdim.

İndi, uzun müddət keçməsinə baxmayaraq, ağır və gərgin zəhmət hesabına başa gələn, artıq əhəmiyyətsiz bir arxiv eksponatına çevrilən avtoreferatımı vərəqləyərkən öz-özümə fikirləşirəm ki, bəlkə səbr və hövsələmi cilovlayıb, başladığım işi sona çatdırardım, zəmanənin nəbzini tutub, digər yollar və imkanlar arayıb, professor və akademiklərdən birinə çevrilərdim. Ancaq qismət deyilən bir anlayış da var. Bəlkə də elə - belə məsləhət imiş. Fürsətdən istifadə edib, elmlə məşğul olan və elmi yaradıcılığa maraq göstərən hər kəsi Azərbaycan Respublikasında “Elm günü” münasibəti ilə təbrik edir və tövsiyəm də ondan ibarətdir ki, hər hansı bir elmi mövzu götürəndə bir az diqqətli olsunlar ki, mənim elm sahəsində yaşadıqlarımı yaşamasınlar...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar