Xəbər lenti
Afaq Məsud niyə öz işi ilə məşğul olmur?
Mən hələ də anlaya bilmirəm ki, bu ölkədə niyə bəziləri öz işi ilə, daha dəqiqi, üzərinə düşən işlə məşğul olmur.
Bir dostumuz dedi ki, Tərcümə Mərkəzinin saytları - Aydinyol.az və Aztc.gov.az - Azərbaycandakı bəzi (niyə bəzi?) onlayn media orqanlarının dil qüsurlarını monitorinq edir və nəticələri adını çəkdiyim saytlarında yayır. İlk dəfə Tərcümə Mərkəzinin saytına daxil oldum və monitorinqin nəticələrinə baxdım. Monitorinqə məruz qalan saytlar arasında rəhbərlik etdiyim hər 3 sayt - Axar.az, Publika.az və Teleqraf.com da - vardı.
Monitorinq olunan saytlar hansı parametrlərlə seçilib, reytinqə görə ilk onluqda olan saytlardan niyə bəziləri kənarda qalıb? Hansı “dostluq prinsipləri” ilə məhz biz bu şərəfə nail olmuşuq, – anlaya bilmədim.
Nəticələr isə xeyli cavabsız sual yaratdı. Əvvəla, monitorinqə cəlb olunan yazıların bəziləri istinadla, hiperlinklə verilib. Misal üçün, Axar.az-da Virtualaz.org-dan hiperlinklə dərc edilən yazı monitorinq edilib... Və yaxud, ümumiyyətlə Axar.az-da mövcud olmayan yazı “monitorinq”ə cəlb edilib. Gülməli deyilmi?
Ümumiyyətlə, mənə aydın olmadı ki, Tərcümə Mərkəzinin məqsədi nədir? Bu yöndə, bildiyim qədər, Mətbuat Şurası müəyyən layihələr həyata keçirir: Dilçilik İnstitutunun Monitorinq şöbəsi var, bəzi jurnalist və ana dili ilə bağlı təşkilatların da monitorinqləri vaxtaşırı nəzərə çarpır. Bəs birdən-birə mediada yazı, dil, üslub qüsuru axtarmaq Tərcümə Mərkəzinin haradan yadına düşüb? Dilçilik İnstitutu, Dövlət Dil Komissiyası, medianın problemlərini araşdıran QHT-lər və s. var. Hörmətli Afaq Məsud nə etmək istəyir, dilçilərin, media mütəxəssislərinin gördüyü və görməli olduğu işləri də kurasiyasına alıb daha işgüzar görünmək niyyətindədir?
Bir oxucu kimi özümün də bildiyim və ədəbiyyat bilicilərindən eşitdiyim qədər, Afaq xanımın yazı dili nə tərcüməçi, nə də yazıçı kimi uğurludur. Tənqid edən gərək birinci özündən başlasın. Üstəlik, Azərbaycanda tərcümə sahəsində həddən ziyadə problem ola-ola, tərcümə sahəsi ədəbiyyatımızın ən ağrılı yeri sayıla-sayıla, siz kimdə səhv axtarırsız? Əvvəl tərcümə etdiyiniz məhsulun keyfiyyətinə və səviyyəsinə baxın, gördüyünüz işlərin yükü, həyata keçirilmə şəraiti, qiymətləndirilməsi və operativliyi məsələlərinə diqqət yetirin, sonra başqalarının gözündə tük axtarın...
Mən demirəm ki, medianın problemləri və yaxud dil qüsurları yoxdur. Amma bu səviyyədə və bu peşəkarlıqla aparılan monitorinq ümumi gedişata xeyir vermir. Və sizin medianın qüsurlarını axtarmaq çabalarınız tərcümə ədəbiyyatının səhvlərini, özü də haqq qazandırılması mümkün olmayan səhvlərini çoxaldır. Gah “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü dərc edib, ölkənin tanınmış dilçi alimlərində səhv axtarırsınız, gah mediada dil qüsuru arayırsınız, “monitorinq” keçirirsiniz…
Siz məgər tərcümə işi ilə məşğul olmalı deyilsiniz? Yoxsa tərcümədən başqa bütün işlərə qeyri-peşəkar səviyyədə müdaxilə etmək Tərcümə Mərkəzinin funksiyasına daxildir?
Enerjinizi ədəbiyyata sərf edin. Monitorinqlə deyil, etdiyiniz yüksək səviyyəli tərcümələrlə dilə xidmət etməyə çalışın - əlbəttə, əgər bacarırsınızsa…
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar