Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şantaj yolu tutan Ermənistan təklənir

Tarix: 21-09-2017 10:01     Baxış: 4330 A- / A+
Şantaj yolu tutan Ermənistan təklənir
Türkiyə liderinin ali kürsüdən səsləndirdiyi çağırış və xəbərdarlığı işğalçı ölkənin başçısı qulaqardı etdi; Bakının davam edən möhtəşəm təlimləri BMT tribunasında da davakar ritorika sərgiləyən Ermənistan prezidentinə ən tutarlı cavabdır; İƏT də hərəkətə keçdi...

BMT Baş Məclisinin növbəti 72-ci sessiyası öz işinə başlayıb. Xəbər verildiyi kimi, sessiyasının işində Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, qonşu ölkələrdən - Türkiyə və Ermənistanı prezidentləri, Gürcüstanın isə baş naziri iştirak edir.

Ali toplantı ilə bağlı bizim əsas gözləntimiz əlbəttə ki, Dağlıq Qarabağ məsələsinin nə dərəcədə liderlərin və onların arasında keçiriləcək görüşlərin diqqət mərkəzində olması ilə bağlıdır. Təbii ki, Azərbaycan və Türkiyə dövlət başçıları Qarabağ həqiqətlərini bir daha dünyaya bəyan edəcək, yeganə ədalətli çıxış yolunu göstərəcəklər. Belə çıxış yolunun qayəsində isə sözsüz ki, beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi dayanmalıdır - hansı məqamı ki, dünən qardaş ölkənin başçısı Rəcəb Tayyib Ərdoğan öz çıxışında bir daha xüsusi vurğulayıb.

*****

“Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir”. APA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı qeyd edib.

Dünyadakı münaqişələrdə sülhün təmin edilməsinin vacibliyinə toxunan Türkiyə prezidenti Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyətinin çox ciddi səy göstərməli olduğunu vurğulayıb: “Bu gün məhəl qoymadığımız hər bir münaqişənin sabah regional, hətta qlobal münaqişəyə çevrilə bilmə ehtimalını əsla unutmamalıyıq”.

Belə bir təhlükə - regional konfliktlərin, dondurulmuş münaqişələrin daha böyük, hətta qlobal konfliktə çevrilmə ehtimalı isə gerçəkdən də qalır və günü-gündən artmaqdadır. Ərdoğanın çağırışı da ən əvvəl öz destruktiv mövqeyi ilə proseslərin belə təhlükəli məcrada inkişafına yardımçı olan ölkələrə, ilk növbədə işğalçı Ermənistanadır.

***

Ermənistan rəhbərliyi isə əfsuslar olsun ki, bu kimi çağırışlara konstruktiv münasibət göstərmək, nəhayət, regionda qonşu ölkələrlə dinc-yanaşı yaşamaq və əsassız ərazi iddialarından əl çəkmək xətti götürmək əvəzinə, Rusiyaya güvənərək bu qonşulara qarşı həyasız ritorikanı, hədə-şantaj kursunu davam etdirir. Bu da növbəti təzə fakt.

“Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına dair 2009-cu ildə imzalanmış protokolları ləğv etməyə hazırdır”. Belə bir təxribatçı bəyanatla Ermənistan prezidenti Serj Sərkisyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxış edib. Sərkisyan sənədlərin ratifikasiyası istiqamətində irəliləyiş olmayacağı təqdirdə Türkiyə hakimiyyətini belə bir addım atacaqları ilə hədələyib. O bildirib ki, bu, artıq 2018-ci ilin yazında baş verə bilər (2018-ci ilin aprelində Ermənistan prezidentli üsul-idarədən parlamentli idarəçiliyə keçəcək, ölkədə əsas söz sahibi baş nazir olacaq).

Yada salaq ki, söhbət 2009-cu ilin oktyabrında ABŞ və Rusiyanın o vaxtkı xarici siyasət idarələri başçılarının (Hillari Klinton və Sergey Lavrov) iştirakı ilə imzalanmış Sürix protokollarından gedir. Bu sənədlər gerçəkdən də İrəvanla Ankara arasında diplomatik münasibətlərin qurulmasını özündə ehtiva edir. Ancaq Türkiyə tərəfi son anda haqlı olaraq bəyan elədi ki, Dağlıq Qarabağ məsələsinin həllində ciddi irəliləyiş olmayınca, Azərbaycan ərazilərinin heç olmasa, bir hissəsi qeyd-şərtsiz azad edilməyincə sənədlər ratifikasiya edilmıyəcək. Bununla da məsələ donduruldu.

O ki qaldı Ermənistanın həmin protokolları ləğv edəcəyi ilə Türkiyəni hədələməsinə, bu da növbəti absurddur. Çünki əlaqələrin olmamasından, sərhədlərin bağlı qalmasından qardaş ölkə deyil, ilk növbədə işğalçı Ermənistanın özü və xalqı əziyyət çəkir. Məntiqlə rəsmi İrəvan erməni xalqının maraqlarını düşünürsə, eyni zamanda Rusiyadan asılılığını azaltmaq istəyirsə, - o Rusiyaya qarşı ki, son vaxtlar az qala isterik ovqat hökm sürür Ermənistanda, - o zaman hamıdan çox Türkiyə ilə diplomatik və iqtisadi əlaqələrin bərpasına çalışmalıdır, nəinki absurd hədələrlə çıxış etməlidir.

***

Qeyd edək ki, BMT toplantısı çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə bir araya gəlmə ehtimalı zəif olsa da, iki ölkə xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbəndtanın görüşü istisna olunmur. XİN başçılarının görüşünə isə prezidentlərin növbəti təmasını hazırlamaq fürsəti kimi baxılır.

Ancaq belə görüşlər nəyi dəyişəcək, əgər yuxarıda da vurğulandığı kimi, işğalçı tərəf öz ənənəvi mövqeyində qalacaq, sülh dedikdə “Azərbaycan torpaqlarını Azərbaycan torpaqlarına dəyişmək” xəttinə davam edəcəksə?

Belə vəziyyətdə Azərbaycanın öz dost-müttəfiqləri və maliyyə imkanları hesabına hərbi qüdrətini durmadan artırmaq, silahlanma yarışı sayəsində onsuz da kasıb olan işğalçı Ermənistanı daha da taqətdən salıb çökdürməkdən savayı yolu qalmır. Hazırda davam edən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri, habelə Azərbaycanın özünün ayrıca, 15 minlik canlı qüvvə ilə keçirdiyi təlimlər həm də bu hədəfə hesablanıb və BMT tribunasında ağzına gələni danışan Sərkisyana aydın və sərt bir mesajdır, onun ağla gəlməsi üçün növbəti miksturadır.

Təsadüfi deyil ki, erməni tərəfi artıq bu təlimlərdən və orada sınaqdan çıxarılan yeni silahlardan, o sırada Çexiyadan alınan döyüş texnikasından narahat olmağa başlayıb.

***

“Ermənistan hakimiyyəti və erməni lobbisi Çexiyanın Azərbaycana hərbi texnika satmasından xeyli narahat olub”. Bunu politoloq Elxan Şahinoğlu özünün Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, erməni saytlarında gün ərzində bu məsələ ilə bağlı materiallar dərc edilir.

“Azərbaycan ordusu bir neçə gün əvvəl başlanan hərbi təlimlərdə Çexiyadan aldığı hərbi texnikadan da istifadə edir. Müdafiə Nazirliyi həmin hərbi texnikanı internetdə paylaşmaqla erməni separatçılarını daha çox qıcıqlandırıb. İrəvanın narahatlığının səbəbi bəllidir. Avropa İttifaqı dövlətləri Dağlıq Qarabağ münaqişəsinə görə illərdir nə Ermənistana, nə də Azərbaycana silah satır, yəni faktiki hər iki ölkəyə qarşı qeyri-rəsmi embarqo tətbiq edilir. Azərbaycan Çexiyadan hərbi texnika almaqla bu embarqonu yardı və ermənilər qorxurlar ki, sabah İtaliya, Fransa və digər Avropa istehsalı silahlar da Azərbaycan ordusunda peyda ola bilər”, - deyə politoloq qeyd edib.

Onun qənaətincə, ermənilər narahatlıqlarında haqlıdırlar: “Çünki Avropa İttifaqı ölkələri Azərbaycanın Rusiyadan və İsraildən silah və hərbi texnikanın alışına on milyardlarla dollar xərclədiyini görür. Bu ticarətdən Rusiya və İsrail yüksək məbləğdə gəlir götürür. Avropa ölkələrinin də bir çoxunda silah və hərbi texnika istehsalı var və onlar da Rusiya və İsrail kimi silah satışından qazanmaq istəyirlər”.

Olsun. Əsas odur ki, Azərbaycan Ermənistan üzərində əzici hərbi üstünlüyünü durmadan artırsın. Əlverişli günlərin birində isə bu üstünlük mütləq maddiləşəcək - Qarabağın və digər işğal altındakı torpaqlarımızın Azərbaycanın tərkibinə güc yolu ilə qaytarılması şəklində.

***

Bu arada BMT Baş Assambleyasının sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupunun iclası keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası adından çıxış xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən təqdim olunub.

Həmçinin İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupuna daxil olan digər üzv dövlətlərin nümayəndələri və İƏT-in Baş katibliyinin rəsmiləri çıxış ediblər. Təmas qrupunun ikinci iclasının hesabatı nəzərə alınması və tədbirlər görülməsi üçün İƏT xarici işlər nazirlərinin koordinasiya iclasının gündəliyinə daxil ediləcək və üzv dövlətlərə təqdim olunacaq.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin əsas tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyi qeyd olunaraq, 20 ildən artıq müddət ərzində ATƏT-in Minsk qrupu tərəfindən aparılan vasitəçilik səylərinin hələ nəticə vermədiyi vurğulanıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in müvafiq qətnamə və qərarlarının tələblərini rəhbər tutaraq, bütün üzv dövlətlərə münaqişəni gücləndirəcək və Ermənistanı Azərbaycan torpaqlarının işğalının davamına şərait yaradacaq hər hansı bir silah və hərbi avadanlıqla təchiz etməkdən çəkinməyə və bu cür avadanlıqların daşınması üçün öz ərazilərindən tranzit məqsədilə istifadə edilməsinə imkan verməməyə çağırış edilib.

Həmçinin, İƏT qətnamələrinin tələblərinə uyğun olaraq üzv dövlətlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına dəstək vermək üçün lazımi siyasi-iqtisadi tədbirlər həyata keçirilməli, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlərdən kənar durmalı olduqları, Ermənistanla bütün növ əməkdaşlığı məhdudlaşdırmalı olduqları vurğulanıb. Bildirilib ki, ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən qanunsuz istifadə və Azərbaycan ərazilərinin işğalının qəti pislənilməsinə dair İƏT-in ədalətli və prinsipial mövqeyi əsasında İslam ümmətinin davamlı həmrəyliyinə güvənir.musava.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar