Xəbər lenti
“Əli Abbasovun tapşırığı ilə pulları Vidadi Zeynalova verirdik”
Məhkəmədə Beytulla Hüseynovun istintaqa ifadəsi elan edildi “İlk aylar 200-250 min, sonrakı aylar isə 100-150 min manatı Anar Mustafayev vasitəsi ilə Vidadi Zeynalova vermişik”
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V. Zeynalovun vəkili Ceyhun Yusifov Beytulla Hüseynova suallar verib. Vəkilin “ittihamda məbləğlər şişirdilib” deyərkən nəyi nəzərdə tutması barədə sualına cavab olaraq B.Hüseynov deyib ki, xərclər nəzərə alınmayıb. Vəkil ondan göstərişi kimdən almasını soruşub. B. Hüseynov ad çəkmək istəmədiyini, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib:
“Hörmətli hakim, mən xahiş edirəm ki, mənə belə suallar verməsinlər, mən ad çəkmək istəmirəm”.
Hakim isə bildirib ki, sual vermək vəkillərin hüququdur. “Sizin isə suallara cavab vermək və ya verməmək hüququnuz var. Hətta yalan da cavab verə bilərsiniz. Biz bütün hallarda sualları protokola qeyd edirik. Cavab vermək istəməyəndə bunu da imtina kimi qeyd edirik”
Vəkil isə bildirib ki, onun sualları B.Hüseynovun ifadəsi ilə bağlı olduğu üçün ibtidai istintaqa ifadəsi elan edilsin.
Daha sonra istinatqa ifadəsi elan edilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirib ki, görülən işlərlə bağlı məbləğin 20-25 faiz şişirdilməsi barədə göstərişi nazir Əli Abbasov verib. Həmçinin qeyd edib ki, həmin məbləğin 5 faizi BTRİB rəisinə, 0.5 faiz olmaqla isə mühasibə digər şəxslərə çatırdı. "Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək. O, bizim onları aldadıb-aldatmamağımızı yoxlayırdı. İlk aylar 200-250 min, sonrakı aylar isə 100-150 min manatı Anar Mustafayev vasitəsi ilə Vidadi Zeynalova vermişik. Həmçinin Əli Abbasovun göstərişi ilə onun qrup yoldaşı Nadir adlı şəxsə ayda min manat verirdik. Vergilər Nazirliyinə 11 milyon, RYT nazirinin müavini İltimas Məmmədova 1.5 milyon pul verilib. Həmçinin Əli Abbasovun tapşırığı ilə müəyyən şəxslərin telefon və internet xərcləri ödənilirdi. Moskva Dövlət Universitetinin kabelləşdirilməsi üçün 100 min xərclənib, 2015-ci il Avropa Ounları zamanı da müəyyən sifarişlər yerinə yetirilib". B.Hüseynov ifadəsundə onu da qeyd edib ki, ona qarşı irəli sürülən ittihamda məbləğ şişirdilib. Belə ki, ona yalnız aylıq 25-30 min manat pul qalıb ki, bunu da şəxsi xərclərinə sərf edib.
Daha sonra Anar Mustafayev ifadə verib. O, bildirib ki, istintaq zamanı ona qərəzli münasibət göstərilib: "İttiham elə qurulub ki, guya hər şeyi mən planlamışam. Əgər o qədər fərasətliyəmsə, niyə Beytulla müəlimə, Vidadi müəllimə 10 milyon, özümə 567 min pul mənimsəyirdim”.
A.Mustafayev şirkətin sifarişləri ilə bağlı işlərdə inhisar yaratdıqlarını etiraf edib. “Biz tenderləri elan edib öz adamlarımıza yönəldirdik. Uşaq da bilir ki, hansı sahəyə 100 manat qoyursansa, 30-35 faiz mənfəət qazanırsan. Biz təkilf etdik, Emin Məmmədov, Bayram Vəliyev və Namazəliyevin şirkətləri ilə işləyək. Onlar heç bir mənfəət qazanmadılar. Onlara "paket" verirdik. Biz birbaşa onların haqqlarına girirdik. Təbii ki, özlərin razılığı ilə".
Anar Mustafayev istintaqa verdiyi ifadəsində dediyi rəqəmləri təsdiqlədiyini bildirib. “Amma bəzi yerlərdə dollar-manat məsələsində səhv ediblər. Xarici şirkətlər gəlib bizə deyirdilər ki, müqaviləni bizlə imzalayın, sizə bonus verəcəyik. Bunlar rəsmi qeydə alınmırdı. Beytulla Hüseynova əməliyyatlarım üçün 15 min manat verdiyini demişəm. Amma bunu yalandan dedim. Mən adlar çəkə bilmədiyim üçün yalan danışdım. Düzdü, Beytulla müəllimin mənə hər ay 7 min manat verdiyini demişəm, amma onun cəmi 2 min manatı məndə qalırdı, qalanı isə digər işçilərə verilirdi. Vidadi Zeynalova da vəsait vermədiyimi dedim, çünki təxmini rəqəm deməyimi istədilər, mən də iki dəfə paket verdiyimi, amma içində nə qədər pul olduğunu bilmədiyimi dedim. Beytulla müəllim üzləşmədə mənə ayda 2500 manat verdiyini dedi, mən də 2500 yox, 2 min verdiyini deməyə utandım. Çünki 10 il rəhbərim olmuşdu. Biz tikinti sahəsində məcburiyyət qarşısında qalıb monopoliya qurmuşduq. 2005-2015-ci illərdə hər ay əmək haqqımdan əlavə 800-2500 manat pul aldığımı da etiraf edirəm. Əmək haqqımla birlikdə aylıq qazancım 1300-2800 manat arası olub. 2500 işçisi olan bir birliyin mühasibi kimi maaşım belə olmalıdır".
Baş mühasib onu da qeyd edib ki, dövlət büdcəsindən ayrılan pullardan heç bir mənimsəmə olmayıb: "Biz bəzi sahələri monopoliya almışdıq. Orda elədir ki, vəsaiti ya biz oğurlamalıydıq, yada ki kiminsə oğurlamasına şərait yaratmalıydıq”
Proses günün ikinci yarısında davam edəcək.
Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da həbs edilib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şəri cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Rəşad VAQİFOĞLU
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar