Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müdrik insan, dəyərli ziyalı: Sahib MƏMMƏDOV

Tarix: 19-09-2021 23:19     Baxış: 3794 A- / A+
Müdrik insan, dəyərli ziyalı: Sahib MƏMMƏDOV
Sahib Məmmədov

Mərhəmətli, böyük Allahın Adı ilə biz insana tövsiyə etdik.
Mənə, ata-ananıza şükr edin, hamınız mənə qayıdacaqsınız...


(“Qurani-Kərim”, “Loğman”
surəsi,14-cü ayə)


Qədimdən məlum həqiqətdir ki, ömür insana bir dəfə verilir. Bu ömrü mənalı yaşayanlar, onu ləyaqətlə, namusla davam etdirənlər, xeyirxah əməl sahibi olanlar istər sağlıqlarında, istərsə də ölümlərindən sonra qəlblərdə daim yuva salır, xoş xatirələrlə yad olunurlar. Bədbəxt o kəslər sayılır ki, pis əməllərinə görə hər iki dünyada lənətlənmiş olurlar. Vay belələrinin halına, belələrinin taleyi də hamımıza məlumdur. Fəqət bu dünyada ətrafımızda elə şəxslər də var ki, onlar bizim əksəriyyətimizə, ümumən götürəndə isə cəmiyyətimizin inkişafına təsir göstərirlər – fikirləri, sözləri və əməlləri ilə...

Biz isə bu yazımızda vətənin ağır günlərindən üzü bəri insanlara dayaq duran, həyan olan ləyaqətli oğullarımızdan biri haqqında söhbət açmaq istəyirik. Əslində o özü barədə tərif söyləməyi xoşlamır. Nə edirsə bunu özünün vətəndaşlıq borcu sayır: bu onun doğma yurda, insanlığa olan hədsiz məhəbbəti ilə bağlıdır.

Yadımızdadır, təxminən 2010-cu ildə bu rayona səfər edərkən qələmə aldığımız məqaləmizdə belə yazmışdıq: “Gözəlliyi göz oxşayan Quba rayonu öz füsunkar təbiəti və qonaqpərvərliyi ilə insanda xoş əhvali-ruhiyyə yaradır. Elə budəfəki səfərimdə də eyni hisslər məni narahat etdi. Özümdən asılı olmayaraq uşaq kimi kövrəlmişdim. Deyirlər, ağlamaq zəiflik əlamətidir. Özümü nə qədər ələ almaq istəsəm də, qəfil göz yaşları məni içindəcə boğdu. Doğma Kəlbəcərin həsrəti idi məni belə ağladan. Bu yerlər Kəlbəcəri xatırladırdı mənə. Saf havası mənə Murov dağını xatırlatdı. Nə yazıqlar ki, Murov dağı hələ də yağı düşmən əsarətindədir. Yenə də özümdə bir təskinlik tapdım. Yaxşı ki, ana vətənin dilbər guşələri hələ də öz gözəllikləri ilə könlümüzü rövnəqləndirməkdədir...”

...Çox şükürlər olsun ki, nəhayət, bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi nəticəsində möhtəşəm qələbə əldə etdik, əzəli torpaqlarımızı geri qaytardıq. 30 illik acı həsrətə son qoyuldu.

Bu günlərdə Xatirə adlı tələbə yoldaşımız Qusar rayonunda özəl klinikada ağır cərrahiyyə əməliyyatı keçirmişdi. Bu səbəbdən gedib onunlagörüşüb geri qayıdarkən yolumuz yenidən gözəlliyi ilə seçilən Quba rayonundan düşdü. Rayonla daha yaxından tanış olandan sonra bir daha əmin olduq ki, bu gün Quba respublikamızda sürətlə inkişaf edən, durmadan böyüyən, kənd təsərrüfatı və sənaye imkanlarını, turizm potensialını genişləndirən gözəl bir diyar kimi nəinki ölkəmizdə, həm də qonşu dövlətlərdə tanınır, yeni biznes sahələrinin güclənməsi baxımından da nümunəvi bölgələrimizdən birinə çevrilib. Bu gözəllik qubalıların əməksevər, zəhmətkeş əlləri ilə yaradılmışdır.

Çox vaxt valideynlər övladlarına ad qoyanda sanki qabaqcadan onların öz adlarına layiq olacaq həyat fəaliyyətini nəzərə alır və həyata yenicə göz açmış ciyərparalarına Allahdan xoşbəxtlik diləyib, xeyir-dua verirlər. İçində yurd salmış vüqarı, əzəməti və bütövlüyü Qafqaz dağlarından almış, 26 iyun 1960-cı il tarixdə rayonun İqriq kəndində dünyaya göz açmış belə elqeyrətli oğullardan biri də Sahib Pirnəzər oğlu Məmmədovdur.

Mayası halallıqla yoğrulub onun. Uşaqlıqdan adına layiq yaşamağa çalışıb,1977-ci ildə orta məktəbi bitirərək üç il Quba Sovxoz Texnikumunun istehsalatındakı briqadalarda fəhləlik edərək zəhmətlə ülfət bağlayıb.

1979-cu ildən 1981-ci ilə kimi Almaniya Demokratik Respublikasındahəqiqi hərbi xidmət keçib. Əsgəri xidmətdən sonra, 1981-ci ildə Ukrayna Respublikasında Xerson Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsinə dinləyici qəbul edilib.1982-ci ildə isə elə həmin institutun zoomühəndislik fakültəsinə daxil olub.

Valideynlərinin düzgün tərbiyəsi ilə boy atmış, onların tövsiyəsilə sonralar da halallıq dalınca getmiş, bu keyfiyyətləri özünün ömür amalı, həyat devizi seçmiş Sahib Məmmədov 1987-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirir. Azad təyinat alan Sahib müəllim təhsil aldığı dövlətə minnət borcunu qaytarmaq niyyəti ilə 1989-cu ilədək Ukrayna Respublikası Nikolayev vilayəti Novı Vuq rayonunun “Kolos” kolxozunda baş zootexnik, kolxoz sədrinin müavini vəzifələrində çalışmış, işlədiyi kollektivlərin sevimlisinə çevrilə bilmiş, işgüzarlığı, mehribanlığı sayəsində oralarda xeyli uğur qazanmışdı.

1990-cı ilə kimi Novı Vuq Rayon Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsində işləyərək çiynini ən ağır və çətin zəhmət tələb edən işin altına verir. Ukraynada çalışarkən ana yurdunda həllini gözləyən xeyli problemin yığılıb qaldığını bilirdi. Vətən üçün, yurdu, el-obası üçün burnunun ucu göynəyirdi və günlərin birində qürbətçiliyin daşını atıb Qubaya qayıdır. Burada yada yerində deyilmiş bir atalar sözü düşür sanki: Vətənə gəldim, imana gəldim. Onsuz da həmyerliləri onu yaxşı tanıyırdılar, iş bacarığına, zəhmətsevərliyinə gözəl bələd idilər.

21 fevral 1990-cı ildə könüllü olaraq Sovet İttifaqı Komminist Partiyası Mərkəzi Komitəsinin xüsusi razılığı ilə Quba Rayon Partiya Komitəsinin təşkilat şöbəsinə təlimatçı vəzifəsinə keçirilir. 1991-ci ilədək Quba Rayon Partiya Komitəsində ümumi şöbə müdiri vəzifəsində çalışır. Azərbaycan Kommunist Partiyasının ləğvindən sonra Quba Rayon İcra Hakimiyyətində ümumi şöbə müdiri, 1992-ci ilə kimi RİH başçısının kənd təsərrüfatı üzrə müavini, 1994-cü iləcən rayonun “Xəzər”sovxozunun direktoruişləyir. Qısa müddətdən sonra 1996-cı ilədək Quba Rayon Aqrar Sənaye Kombinatının baş direktoru, daha sonra RİH başçısının kənd təsərrüfatı, sonradan sosial-iqtisadi məsələlər üzrə müavini vəzifələrinə təyin edilir. 1999-cu ildə həmin vəzifədən ayrılıb fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayaraq“S.Mirel”kiçik müəssisəsinə rəhbərlik edir.Az keçməmiş xüsusi sahibkarlıq fəaliyyətini dayandıraraq Quba Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsinə təyin edilir. 2010-cu ildə Quba RİH başçısının birinci müavini vəzifəsinə keçir. 2012-ci ilin sonundan hazırkı vaxta kimiisə Quba Rayon Statistika İdarəsinin rəisi vəzifəsindəçalışır...

Qubalılar onun Birinci Qarabağ müharibəsi dövründən üzübəri yurd-yuvasından didərgin düşmüş qəlbisınıq soydaşlarımıza arxa durduğunu, onlara maddi və mənəvi dayaq olduqlarını yaxşı xatırlayırlar. Ancaq o, təvazökar insan olduğu üçün etdiyi yaxşılıqları üzə vurmur, gözə soxmur, dilə gətirmir. Axı dini Kitabımızda yazıldığı kimi, sağ əlin verdiyini sol əl bilməməlidir.

...Qarabağ müharibəsi qazilərindən biri söhbət zamanı Sahib müəllimin həyatda məhz bu cür xeyirxahlığı və sadəliyi ilə fərqlənməsi, tərbiyəçi, fəal ictimaiyyətçi olması barədə ürəklə söhbət açdı. Bu isə, əlbəttə, rayon sakinlərinin Sahib müəllimə olan dərin hörmət və ehtiramının təzahürüdür.

Sahib müəllim mükəmməl ailə başçısıdır: ali təhsil verdiyi iki oğul, iki qız atası, iki nəvə babasıdır. O, eyni zamanda, istedadlı şair və poeziyasevər bir yaradıcı şəxsdir. Əvvəllər onun yaradıcı bir insan olduğundan məlumatımız yox idi. Onu yaxından tanıyandan sonra Sahib müəllimin bu istedadından da xəbər tutduq.

Sahib müəllim zəngin təcrübəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etməkdən mənəvi zövq alır, digər tərəfdən, rəhbər şəxslərdən biri kimi rayonda həyata keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edir. Aradan illər keçmiş, Sahib müəllim bu müddət ərzində müdrikləşmiş, zəngin həyat təcrübəsi qazanmışdır. Hər zaman həyatsevərliyi və nikbinliyi ilə başqalarına nümunə göstərdiyim bu insanın baxışlarında ilahi bir kədəri görmək, nurlu simasında qəmi sezməmək mümkün deyildi.

Bu müdrik şəxsin eynini açmaq, kədərini dağıtmaq üşün ona ilk dəfə gənc jurnalist kimi ezamiyyətdə olduğumuz vaxt Qubada baş verən bir hadisəni xatırlatdıq:

“Sahib müəllim, yadınızdadırmı, Qubada sizinlə ilk dəfə tanış olduğum vaxt bildirdiniz ki, özünü mətbuat işçisi kimi təqdim edən iki qadın rayonunuzda icra hakimiyyətinin binasına, idarə və təşkilatlara baş çəkir, əllərindəki jurnalist vəsiqəsini göstərib, rəhbər şəxsləri şantaj edirdilər. “Mətbuat işçiləriyik, bizə filan qədər pul verməlisiz, əks halda sizi qəzetimizdə tənqid edəcəyik ki, bu da sizin ictimaiyyət arasında gözdən, hörmətdən düşmənizə səbəb olacaq!” deyən qadınlar 3 gün rayonu gəzib-dolaşıblar, reket kimi pul yığıblar. Ən sonda da rayon polis şöbəsinə gedib qəbula düşüblər, burada özlərini mətbuat işçisi kimi təqdim edərkən rəis onlardan şübhələnib, məsələni operativ şəkildə araşdırıb. Aydın olub ki, bu qadınların ali təhsili belə yoxdur, sadəcə, saxta bir vəsiqə düzəldib asan yolla pul əldə etmək məqsədilə özlərini jurnalist kimi təqdim edirlər...

O zaman sizə diqqətlə qulaq asdıq, axı gənc jurnalist idik və eşitdiklərimizdən möhkəm sarsılmışdıq. Çünki istər-istəməz jurnalist adına, müqəddəs saydığımız peşəyə ləkə gətirən bu cür şəxslər haqqında söz-söhbətdən pərt olmuşduq. Bir anlıq özümüzü sanki aşağılanmış kimi hiss etdik: düşünürdük ki, birdən bizi də onlardan hesab edərsiniz. Üzdə göstərməsək də, siz bizim bu narahatlığımızı sanki hiss etdiniz: otağınızdakı dolabdan məqalələrim dərc olunan qəzetimizin nüsxələrini çıxardınız. Onları masayaqoyaraq gənc jurnalistə təsəlli vermək üçün dediniz: “Cəmilə Çiçək adlı imza mənə çoxdan tanış idi, çünki sizin vətənpərvərlik mövzusunda yazdığınız məqalələrinizin, oxunaqlı hekayələrinizin daimi oxucusu olmuşam. Ən çox bəyəndiyim bədii yazınız isə “Bıçaq sümüyə dirənib əyilmişdi” hekayəsi idi. Özünüzü isə bu vaxta qədər şəxsən görməmişəm. Qələminə hər zaman dəyər verdiyim o xanım indi məndən müsahibə alır. Əsl azərbaycanlı qadınlara xas olan bir geyimdə, ədəb-ərkanlı, öz şəxsiyyətinə, intellektual səviyyəsinə dəyər verən gənc bir jurnalist kimi sizə hörmətim birə-min artdı...”

Yazımızın qəhrəmanı “Yadımdadır!” deyib, yenə də kədərlə baxışlarını uzaqlara dikdi, gözləri yol çəkdi. Məhz onda Sahib müəllimin nə qədər həyat eşqi ilə aşıb-daşan ürək sahibi olduğunu anladıq.

Bunun səbəbini özündən soruşmağa cəsarət edə bilmədik, ancaq “Təki yaddaşımda elə qalaydın” adlı şeirini dinlədikdən sonra oğlu Hacıbabadan bəzi şeyləri öyrənə bildik. Hacıbaba atasının yüksək mənəviyyatlılığını belə xarakterizə etdi: “Sahib müəllim çox qürurlu insandı, böyük kədərini içində çəkər, heç vaxt büruzə verməz, üzə vurmaz. Bu gözlənilməz hadisə hamımıza möhkəm təsir etsə də, bizdən daha çox atamı üzdü. Bir dəfə televiziyada gənc qadının yıxılaraq onurğasını zədələməsi, yatağa düşməsi barədə süjet verirdilər. Bu səbəbdən həyat yoldaşının Rusiyanın hansısa vilayətinə getməsi haqqında süjeti izləyən anam atama belə bir sual verdi: “Eynən o qadın kimi yatağa məhkum olsam, sən mənə baxardın?” Atam gülümsəyərək anama cavab verdi: “Demək, sən məni hələ yaxşı tanımırsan... Baxaram!” – deyə əlavə etdi. Heç bir həftə keçmədi, anam özü yatağa məhkum oldu...”

Məhz bu ağır xasiyyətinə görədir ki, Sahib müəllimin xanım-xatın ömür-gün yoldaşının 8 il əvvəl müvazinətini itirərək ciddi onurğa zədəsi alması, ömürlük yatağa məhkum olması xəbərini hələ çoxları bilmir.

Donmuşuq cavabsız bir sual kimi,
Sınaq qarşısında qaldıq lal kimi.
Həyatın acısın daddıq bal kimi,
Təki yaddaşımda elə qalaydın.

Xoşbəxt günlərimiz getdi, bilmədim,
Qəfildən günəşim itdi, bilmədim.
Səfərim yarıda bitdi, bilmədim,
Təki yaddaşımda elə qalaydın.


Demək, Sahib müəllimin ömür-gün yoldaşı Mədinə xanımın da qisməti belə yazılıbmış. Bakı Dövlət Universitetinin geoloji coğrafiya ixtisası üzrə ali təhsil almış Mədinə xanım milli-mənəvi, etik-əxlaqi dəyərlərimizi daim övladlarına, qohum-əqrəbaya təbliğ edən, öyrədən ziyalı kimi çox ailəyə nümunə çəkilən əsl Azərbaycan xanımı olaraq el-obada rəğbət qazanıb.

Ölüm... Adı qədər gətirdiyi faciə də dəhşətlidir. Bu, ən əziz adamınla belə bir də görüşməyə bircə damla ümid saxlamayan bir olaydır. Əzizləri, sevənləri bir-birinə ömürlük həsrət qoyan bir hadisədir. Bu elə bir ağrıdır ki, insan qəlbini bəzən ömürlük şikəst edir. Saçlara vaxtından əvvəl qar ələyir.

Ölum... Bir gün bu arzuolunmaz qonaq Məmmədovlar ailəsinin də qapısını döydü. Və öz gənc qurbanı ilə tək Məmmədovlar ailəsinin deyil, onları tanıyanların, sevənlərin ürəyinə sağalmaz yara vurdu. Əvvəl atası Pirnəzərin, sonra qardaşı Sabirin vaxtsız ölümü Sahib müəllimin dağvüqarlı anasının gözlərinə ömürlük kədər kölgəsi saldı. Anası evinin hər nöqtəsində gənc yaşında dünyasını dəyişən oğlunun izini axtarır. Ana ürəyinə oğul dərdi, övlad kədəri ağır bir zərbə vurdu, oğlu onu vaxtsız tərk etdi. Onun ölümünə inanmayan dost-tanışlara ilk dəfə “vəfasız çıxdı” Sabir. Ötən il isə oğul dərdinə dözməyən anasını əbədi itirmiş Sahib müəllimi qəm içində görmək məni çox kədərləndirdi.

“Dünyaya göz açandan və ağlı kəsəndən ata üzünə, məktəbə, təhsilə həsrət qalan, kiçik yaşlarından əməyə cəlb olunan, həyatında yaşadığı acı anlarını, misli görünməyən zəhmətini, qayğılı halal ömrünü, nəhayət məzlumlara mərhəmətini, ulu Yaradana sonsuz sevgisini, doğma diyara məhəbbətini nəzərə alıb, doğmaları tərəfindən hər zaman xatirəsi sayğıyla yad edilən anam, məkanın cənnət olsun anam”, – deyir Sahib müəllim.

Mərhum anası Təhminə xanımın əziz xatirəsinə ithaf etdiyi “Buz kimi yanağı yandırdı məni”şeirində deyilir:

Məni bu yollarda gəzdirən anam
Çiynimdə dünyadan köçüb gedirdi,
Doğma mənzilindən o,aram-aram.
Sonuncu mənzilə uçub gedirdi.


Belə bir deyim var: Yaradan ancaq sevdiyi bəndələrinə yükü verər. Sahib müəllimi digər vəzifə, var-dövlət sahibi olan insanlardan fərqləndirən iki səbəb var: o, ömrünü vəzifə başında keçirsə də, maddi imkanı yaxşı olsa da, heç vaxt bu imkanlarına görə öyünməyib. Hər zaman gözü-könlü tox olub. Atalarımız doğru deyib: ağac bar gətirdikcə budağını aşağı əyər.

Digər fərqli keyfiyyəti isə doğmalarını itirsə də, hər zaman qarlı dağlar kimi başını dik tutub, heç vaxt “ağlamayıb”, gülümsəməyi bacarmasıdır. Onun kədərini, qəm-qüssəsini, içində gizlətdiyi ağrı-acını yalnız yüksək duyğulu şeirlərindən tutmaq olur.

O, hər zaman təkəbbürdən uzaq olmağa çalışır. Bu xüsusiyyət yaradıcılığına da təsir göstərib. Şeirlərində sanki vicdanı ilə üz-üzə dayanaraq hər gün özünə hesabat verir. O özünü tənqid etməyi bacarır, nikbinliyi ilə Allaha şükr edir. Bununla da özünün müsbət keyfiyyətlərini sanki bir örnək kimi gənc nəslə təbliğ etməyə çalışır.

“Şükr edirəm mən Allaha” şeirində yazdığı kimi:

Mən Sahibə sınaq bəsdir,
Qeybət, deyim, qınaq bəsdir.
Nə bəxş etsən, mənə bəsdir,
Şükr edirəm mən Allaha.


Sözsüz, qarşıda Sahib müəllimi daha böyük uğurlar, hətta qayğılar gözləyir, çünki o, təmiz adı, müsbət əməlləri ilə insanları ardınca aparmağı bacarır. Göründüyü kimi, el-obanın sayılıb-seçilən ziyalısı, tanınmış şəxsiyyəti hesab olunan bu insan özündə o qədər

gözəl və nəcib keyfiyyətləri birləşdirir ki, onları nəinki bir məqalə yazısına, hətta bir kitaba belə sığışdırmaq mümkün deyil.

Biz isə, öz növbəmizdə, bu kiçik yazımızda Azərbaycanımızın dəyərli şəxsiyyətlərindən birini gənclərimizə təkrarən tanıtmağa çalışdıq.


Müdrik insan, dəyərli ziyalı: Sahib MƏMMƏDOV

Cəmilə ÇİÇƏK (İsbəndiyarova),
araşdırmaçı jurnalist,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar