Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Nazilə Gültac:"Yağan qarı, ötən qışı unutdum, bəstələdim təzədən yaz nəğməmi..." -ŞEİRLƏR

Tarix: 01-01-2020 18:31     Baxış: 4333 A- / A+
Nazilə Gültac:"Yağan qarı, ötən qışı unutdum, bəstələdim təzədən yaz nəğməmi..."

Ruhunu sözə söykəmiş, varlığını sözlə yaşadan bir qadın var... həzin nəğmə kimi məlahətli səsi, sevgi dolu işıqlı baxışları, mehriban, nəzakətli davranışı da bəs edərdi ki, həsrətini ovudasan, qəlbinə ümid əkəsən. Bu gözəlliklərə bir də müqəddəs peşə sahibi olması rəng qatır. Əlləri şəfalı həkim, şair Nazilə Gültacın doğum günüdü bu gün.

Manevr.az bu münasibətlə şairi təbrik edir, ona can sağlığı, gözəl günlər və yaradıcılıq uğurları arzulayır.

NƏĞMƏ

Döndüm sənli ilin "yazına" yenə,
qəlbimi üşütdü səndən qalanlar,
Toxundu əllərim sazın siminə,
yandırdı ruhumu doğma havalar .

Bir gözüm ağladı, bir gözüm güldü,
baxdım sevgi yetmir, xoşbəxt olmağa,
Duyğular könlümdə küsdü, incidi,
Bəhanə tapmadım mən ovutmağa.

Lap uzağa, uzaqlara üz tutdum,
pıçıldadım üfüqlərə nəğməmi.
Yağan qarı, ötən qışı unutdum,
Bəstələdim təzədən yaz nəğməmi.

QADIN

Nə çox baxırsan uzaqlara.
Gözlərin də yaşla dolub, deyəsən.
Arzularına bələnmisən.
Xəyalların aparır səni hara?
Sən igidlər qızısan,
mərdlər bacısısan,
oğullar anasısan, qadın.
Sevgini tapmasan da,
sevgidən yarımasan da,
Hər zaman sevgi səni qarabaqara izləyir,
Bəlkə də yol ayrıcında səni gözləyir.
Səndən uzaq düşəli, onun da üzü gülmədi.
Sənin yerin ürəyin dərinliyində,
Sən özün bir dəryasan, qadın.
Əllərini hərdən üzünə çək,
sevincini içinə,
kədərin diksinsin.
Gözlərini göylərdən çək,
buludlar dincəlsin .
Ləçəklərin həmişə şehlidi,
Sən dumanlar içində,
yağmurlar altında
bir çiçəksən, qadın.

YOLLAR MƏNİ TANIMADI

Getdiyim yollardan döndüm,
uçduğum göylərdən endim,
mən yolları tanısam da ,
yollar məni tanımadı.

Qələm alıb dastan yazdım,
sazlar məni tanımadı.
Güllər, çiçəklər tanıdı,
yollar məni tanımadı.

Yolların yaddaşı yoxmuş,
Yolların insafı yoxmuş.
Yolların vəfası yoxmuş,
Yollar məni tanımadı.

Sevincim yağmura düşüb,
ümidlərim islanıbdı.
Ürəyim çəndi, dumandı,
Yollar məni tanımadı.

Çalardım könül sazımı,
Deyərdim könül sözümü,
Barı sənin ürəyində
mən tapaydım öz izimi.
Bəlkə onda, bəlkə onda
yollar məni tanıyardı.

HARAY

Dağlar boydadı dərdim,
aşa bilmirəm.
Dərdim çox dərindi,
daşa bilmirəm.
Yığım yollarını gözümə bəlkə.

Çox-çox uzağam özümə.
Getdiyin yol kəsib yolumu
Gələ bilmirəm özümə.

Yağır payız yağışı,
İslanıb üst başım.
Qarışıb yağışa
gözümün yaşı.
Harayım zildən yuxarı,
Hayın bəmdən aşağı.
Çəkim yollarından gözümü bəlkə.

GƏL

Ay bu qədər sözü-sovu,
Sinəmə sığdıranım gəl.
Göy üzü günəşli ikən,
Yağışlar yağdıranım, gəl.

Ömrə günü düzmüşəm mən,
Səbrim qədər dözmüşəm mən.
Tənhalıqdan bezmişəm mən,
Mənə qan ağladanım , gəl.

Zalım, çoxdur qəddar, yaman,
Yenə dağlar başı duman,
Ürəymə damıb güman,
Selləri çağladanım, gəl.

Gültacın halı pərişan,
Tale alıb onu nişan,
Uzaqda, gendə dolaşan,
Yolları bağlananım, gəl.

DƏLİ KÜLƏK

Dəli külək xışmalayır,
Küçələri hey daşlayır,
Gah bu yana, gah o yana.
Bu gün küləklər kimiyəm.

Şeh düzülən ləçəyində
kəpənəklər güzgülənir.
Bir işığa,
bir şəfqətə təşnədir.
Bu gün mən güllər kimiyəm.

Yarpaqlar sulara çətir,
Kölgəsi suda gizlənir,
Axıb gündoğana gedir,
Bu gün mən sular kimiyəm.

Dərələrə zülm eyləyib
duman dağlarda toxtayır.
Dağlar üşüməsin deyə,
düymə-düymə yağışlar
dumanın yaxasını bağlayır.
Bu gün yağışlar kimiyəm.

QƏRİBƏM, AY ANA

Bəxtim gedib çox uzağa,
Qapı açıb ayrılığa,
Ahım çatmır daha dağa,
Qəribəm, ay ana, qəribəm.

Könlüm bilmir yuva nədir,
Ruhum dəli, divanədir,
Qərib kəfən gor istəmir,
Qəribəm, ay ana, qəribəm.

Bu dünyanın qibləsi bir,
Bu dünyanın çox daşı pir.
Olumu, ölümü də bir,
Qəribəm, ay ana, qəribəm.

Həyat burda seçimdədir,
Köç edənlər köçündədir,
“Qürbət mənim içimdədir”.
Qəribəm, ay ana, qəribəm.

SUYA YAZILAN SEVDA

Şerim suya yazılıb:
Könlümdən başlayıb
axır üzü çaylara.
Çiçəklərin üzündə
kövrəlir damla –damla.

Şerim sabaha yazılıb:
Ürəyim üfüqündə.
Çıpınır sinəsində
bəxtimin saatları.
Döşənir ayağına
gecənin ulduzları.

Şerim sevdaya yazılıb:
Bələnib ay işığına.
Bu sevda nə sənə,
nə mənə.
Bu sevda suya yazılıb.

***
Hərdən qoxusu gəlir burnuma
xoşbəxtliyin.
Yağmurdan sonra açan çiçək tək,
İşığı qonur gözlərimə,
tufandan sıyrılan şimşək tək.
Zamanın xəlbirindən süzülən,
qəlbimin aynasında güzgülənən
şirin təbəssüm kimi.
Sadəcə qoxusunu görürəm.
Özü bir xəyal kimi....

İNANDIM AYRILIĞA

Boylandım sola, sağa,
Başı dümanlı dağa,
Döndüm sarı yarpağa,
İnandım ayrılığa.

Göz yaşımda gülüşdü,
Yanağımdan sürüşdü,
Durna teli tək düşdü,
İnandım ayrılığa.

Sevgi özü də güldü,
Ləçək- ləçək töküldü,
Sonda bir ovuc küldü,
İnandım ayrılığa.

Nazilə Gültac
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar