Xəbər lenti
“Ermənilərlə evlilik o zaman qəzəb doğurmayacaq ki...”
Mehriban Vəzir: “Bu münasibətlər tezliklə normala dönməyəcək, nə qədər ki, rusun “barmağı” var”
Qızını erməniyə ərə verən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov son günlərdə yenidən gündəmə gəlib. Təşkil etdiyi “Nar bayramı”nda azərbaycanlılara qarşı törətdiyi rəzalət ölkəmizdə növbəti dəfə hiddət doğurub.
Baş verən son hadisə bir çox məsələləri yenidən aktuallaşdırıb. Xaricdə yaşayan bəzi azərbaycanlıların ermənilərlə yaxınlığının, onlarla ailə həyatı qurmalarının nə vaxt bu qədər qəzəblə qarşılanmayacağı, nifrət doğurmayacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Əksəriyyət hesab edir ki, işğal altındakı torpaqlarımız azad edilməyənə qədər bu hal nəinki davam edəcək, əksinə, daha da güclənəcək.
Yazıçı-publisist Mehriban Vəzir bu problemin çox qədim olduğunu söylədi: “Gözünüzün qarşısına “Romeo və Cülyetta” əsərini gətirin, iki düşmən qəbilə və gənclərin birinə aşiq olması. İlk növbədə onu deyim ki, məhəbbət elə bir şeydir ki, onun qarşısını almaq, onun qarşısında durmaq çətin bir məsələdir. Gənclər böyüklər üçün ağılasığmaz hərəkətlərə yol verə bilirlər. Açığı, mənim üçün bu mövzudan danışmaq çox çətindir. O insanları başa düşməyə çalışıram ki, bu məsələyə çox aqressiv yanaşırlar. Qohum və ya aşiq olan gəncləri də başa düşməyə çalışıram ki, dünya onların vecinə deyil, gözləri özlərindən başqa heç kimi görmür, milli məsələlər, problemlər onları narahat etmir. Mən heç bir tərəfi mühakimə etmək haqqına malik deyiləm. Düşünürəm ki, heç kimi mühakimə etmək olmaz, qınamaq da düzgün deyil. Amma ictimai qınaqla təbii ki hesablaşmalısan. Bunun başqa yolu yoxdur. İstənilən halda hər iki tərəfə anlayışla yanaşıram. Düşünürəm ki, belə hallar dünya durduqca olacaq. Ortada “Romeo və Cülyetta”, “Leyli və Məcnun” kimi məsələlər var. Düşmən qəbilələrin, xalqların gənclərinin bir-birilə evlənmə halları daim olub, bundan sonra da olacaq. Həmçinin, bunu qınayanlar da hər zaman olacaq”.
M.Vəzir beş il öncə Azərbaycan cəmiyyətinə bomba kimi düşən yazıçı Əkrəm Əylisinin “Daş yuxular” romanı və bu ilin mayında kinodramaturq Rüstəm İbrahimbəyovun üzə çıxan “Qafqaz üçlüyü” filminə də toxundu: “Belə hadisələr tarixdə az olmayıb. Məsələn, adını xatırlamıram, Almaniyanın ünlü aktrisası Amerika tankları üstündə Almaniyaya girəndə bir günün, bir saatın içərisində alman xalqı ona nifrət etdi. Halbuki Hitler Almaniyanı nə günə qoymuşdu. Əkrəm Əylisinin məsələsi bir qədər fərqlidir. Əgər o həqiqəti yazmış olsaydı, Rusiyanın fitvası ilə xalqların bir-birinə qarşı etdiklərini obyektiv yazsaydı, düşünürəm ki, ona qarşı qınaq çox az olardı. Amma Əkrəm Əylisli məsələyə obyektiv yanaşmadı, erməniləri müdafiə etdi. Bu da çox ağrılı idi.
Cəmiyyətin onu bitirməsi normaldır. Ən azından o ortaya ədalətli mövqe qoymayıb. Ədalətli mövqe qoy və de ki, bizlər onu etdi, onlar da onu. O zaman beş nəfər əleyhinə danışacaqsa, beş nəfər də müdafiə edəcək. Rüstəm İbrahimbəyovu da bu sıraya daxil etmək olar. Əkrəmin qınağı daha ağırdır. Çünki Azərbaycan cəmiyyəti ona daha çox özününkü kimi baxırdı. Amma İbrahimbəyov qardaşları (Maqsud və Rüstəm) bu cəmiyyətə yad kimidirlər. Azərbaycan insanı onlara doğma kimi baxmır. Amma Əkrəm Əylisli sevilən, gözəl qələmi olan ustad bir yazıçıdır. Sadəcə, onun şəxsiyyətində qeyri-obyektivlik var. Bu bəlkə də onun sovet adamı olmağından irəli gəlir, düzgün təhsil, tərbiyə almamasının da burada təsiri ola bilər. Sovet dönəmində yaşayan insanlarda ciddi problem, boşluq var. Bu da onların öz günahları deyil. Sovet rejiminin verdiyi tərbiyə, təhsil onların milli şüurunda bir çat əmələ gətirib”.
Yazıçı-publisist bu cür halların nə zaman aradan qalxa biləcəyindən də söz açdı: “Azərbaycan xalqının, Qafqaz türkünün haqqı tapdalanıb. İki yüz ildir Rusiya Qafqaz türkünün maddi və mənəvi nə varsa, hamısını parça-parça edib, insanların şüuruna mənfi yöndə təsirlər göstərib. Bütün bunların aradan qalxması uzun bir proses istəyir, ədalətli düzənə böyük ehtiyac var. Ən çox Azərbaycan torpaqlarının geri qaytarılması burada çox vacibdir. Bütün bunlar aradan qalxandan sonra bu istiqamətdə ciddi dəyişikliklər baş verə bilər. Rusiyanın siyasəti ermənilərlə türklərin düşmənçiliyini dərinləşdirmək idi. Sovet dövrünə qədər belə bir siyasət yürüdülürdü ki, ermənilərlə türklər, xüsusilə, azərbaycanlılar bir-birini qırsınlar, bir-birinə düşmən münasibətində olsunlar. Sovet dövründə beynəlmiləl deyilən bir siyasət ortaya qoyuldu. O zaman insanların şüurundan təkcə bu düşmənçiliyi deyil, Cümhuriyyəti belə silib atmışdılar. Postsovet dövründə isə məsələ qarışıqdır. Proseslərin hara doğru getdiyi hələ bilinmir. Kremldən asılı olmayan milli siyasətin yürüdülməsinə hazırda böyük bir ehtiyac var.
Bundan sonra məsələni yavaş-yavaş həll etmək olar ki, bu düşmənçiliklər aradan qalxsın, erməni tərəf də hər şeyi anlasın. Məsələn, 1918-ci ildə erməni tərəf anlamışdı ki, bütün bu nifaqı salan rusdur. O zaman Nuru Paşa Qarabağa girəndə ermənilər əllərində düz-çörəklə keşişləri ilə birlikdə gəlib düz çöküb yalvardılar ki, ruslar bizi öyrədib silah verdilər, bizləri bağışlayın. Məsələ normal olarsa, münasibətlər də normal olar. Amma nə qədər ki, Rusiyanın təsir imkanları güclüdür, hakimiyyətlərin içərisində təsirləri var, bu münasibətlər normala dönməyəcək. Çünki Rusiyanın bütün qələbəsi, marağı buradakı konflikt üzərindədir”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar