Xəbər lenti
Ürəyə gedən yol
Metronun vaqonuna yenicə daxil olmuşdum ki, məni görüb, içdən gələn ərkyana bir ədayla əlimdən tutaraq dartıb yanında oturtdu. Həmişəki kimi qaşlarını dartıb, iri gözlərini tam açıb, bir az da gülümsəyərək, elə həminki gur səslə hal-əhval tutdu. Olanlardan, olacaqlardan danışdıq. Düşəcəyim dayanacağa nə vaxt çatdığımı bilmədim. Düşməliydim. İşə tələsirdim. Elə o da. Elə bil içimdən nəsə qırılıb qaldı. Onun “Görüşərik” sözü indi də yadımdadı. O vaxtlar o sözü tez-tez işlədərdi...
Aradan xeyli zaman keçdi. Hərdən rastlaşırdıq.
Sonra...
Sonra hər şey dəyişdi.
... Qaşlarını dartıb, iri gözlərini açıb, yenə yanında oturtdu məni. Kafedə. Parkda. Dəniz kənarında. Eyni ağacın kötüyü üstə. Eyni oturacaqda. Eyni yeməyi yedik. Eyni çaydan içdik. Eyni havanı udduq. Eyni sözü dedik. Sözləri hecalara böldük. Elə həyatı da. Rahatlığı da. Dənizin üstündə addımlamağı da...
Sahil qumları ayaq izlərimizi qoşalaşdırdı. Ləpələr eyni vaxtda islatdı ayaqlarımızı. Ayın işığında dənizin pıçıltısına qulaq asdıq. Dinlədik dənizi. Sevdiyimiz dənizlə bölüşdük olanlarımızı. İkimiz də dənizin payızını, qışını, nəğməsini sevdik.
Sevdiklərimiz də eyni oldu, sevəcəklərimiz də.
Yanan içimizi sakitləşdirmək üçün yağan yağış bizi eyni çətir altına aldı...
Yağış çətirdə Şopenin nöktürnlərini çaldı bizə. Buna dözməyən - qısqanan külək də öz payını əsirgəmədi. Çətirimizi əlimizdən alıb, bizi biri-birimizə sıxdı. Daha da yaxınlaşdırdı. Gecələr oyaq olanların hamısı bu hala öz payını verməyə başladı.
Xatirələr, xəyallar, həqiqətlər qoynunda günlər aylara döndü. Aylar illərə.
Artıq ayaqlar bizi o yerlərə qeyri-ixtiyari olaraq aparır.
Hər dəfə metroya minəndə yadıma onun məni ilk dəfə necə dartıb yanında oturtmağı düşür.
İndi artıq desə də, deməsə də gəlib yanında otururam. Başqa oturacaq yerim yox. Yanındayam. Yanımdadı. Yan-yanayıq. Böyür-böyürəyik.
Məndədi. Qəlbimdədi. Birik. Bir yerdəyik...
Yağışda çətirimizi külək almış kimiyik...
Sevgi nəğməsi
Sənin çətirini alan küləyin
öpüşü qonacaq yanaqlarına,
enəcək, enəcək bir az aşağı -
o solan, göyərən dodaqlarına.
Bu yerin, bu göyün heç bilmədiyi,
ayın duymadığı, eşitmədiyi,
bir sevgi nəğməsi oxuyacağam
qara buludların qulaqlarına.
Daha bu əllərim çətirdi sənə,
o mil-mil barmağım pərdələnibdi,
mənim baxışlarım şimşəkdən iti,
bulud pərən-pərən səpələnibdi.
Çırpdım küləkləri boz qayalara,
söndür, söndür məni, alışacağam,
mənim coşan sinəm yelkən kimidi,
dəniz dodağından yapışacağam.
Rəfail Tağızadə
27.06.2017
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar