Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Turan necə İran oldu...

Tarix: 21-11-2022 18:14     Baxış: 31 493 A- / A+

Çingiz Qaraşarlı,
filologiya elmləri doktoru, professor




Ənənəvi tarixşünaslığa görə, türklər Altay mənşəli olub, Qafqaza, Ön və Kiçik Asiyaya yalnız yeni era daxilində köç etmişlər. Xüsusilə sovet dönəmində dərin kök salmış bu saxta nəzəriyyə əslində siyasi yönümlü olub, Qafqazdan tutmuş Kiçik Asiyayadək, Ön Asiyadan Avropayadək geniş ərazilərdə türklərin yaratdıqları mədəniyyətləri gizlətmək məqsədini güdmüşdür.
Lakin türklərin Altayda doğulduğuna dair bu saxta ideyanı inkar edən çox mühüm bir dil faktoru vardır: XIV əsrdə H.Pederson tərəfindən əsası qoyulmuş nostratika nəzəriyyəsinə görə, Avropa, Asiya və Afrikada danışılan hind-Avropa, Ural-Altay, sami-hami, dravid, Qafqaz-kartvel dil ailələri uzaq qohumluğa, eyni köklərə malikdir. Hətta dilçi olmayanlar belə fərqli dil ailələrində şəxs əvəzliklərinin eyni mənşəli olduğunu görməyə bilməzlər: türk dillərində mən/men//min, gürcü me «mən», rus mne, menya, fransız mon «mənim», mordva mon «mən» və s. O da yaxşı məlumdur ki, mədəni, siyasi, texniki terminlərdən fərqli olaraq, dilin baza leksikasına aid şəxs əvəzlikləri, fel kökləri və s. bir dildən başqa bir dilə alınmır və həmin dil ailələrinin genetik qohumluğunu sübut edir. Nostratik dilçiliyin fərqli dil ailələrində, o cümlədən də türk dillərində aşkar etdiyi minlərlə ortaq söz və şəkilçilər türklərin Altayda doğulmasına dair nəzəriyyənin yanlışlığını göstərir: -sami – hami dak «yaxın», monqol daqa «yaxın», türk yak(ın) «yaxın» (d –y); -sami – hami bora «boz», türk bor/boz («boz»), hind-Avropa bera («boz»); -türk bürü «bürümək», gürcü bur «bürümək», dravid puru «bürümək»; -sami – hami kalu «yandırmaq», dravid kalu «yanmaq» Azərb. qalamaq «yandırmaq»; -sami – hami wal «böyük», hind-Avropa vel «böyük», dravid val «böyük», türk ulu «böyük»; -sami – hami tph/tbh «vurmaq», hind-Avropa thef/tep «vurmaq», ural tappa «vurmaq», türk təp/tep «vurmaq»; - qədim türk yaru «parlamaq», rus. yarkiy «parlaq», zarya «şəfəq» (z – y), dravid eri «işıq saçmaq». Türklər hindavropalılarla, fin-uqor, Qafqaz-kartvel xalqları ilə çox sayda ümumi söz köklərini bölüşürsə, onlar necə Altay mənşəli ola bilərlər? Bu sualın gerçək cavabını nostratik dilçilik nəzəriyyəsində tapırıq. Dil faktlarına əsaslanan bu nəzəriyyəyə görə, türklər də daxil olmaqla bütün bu xalqların ulu vətəni Ön Asiyada, Dəclə-Fərat çayları arasında olmuş və e.ə. XII minillikdən başlayaraq, onlar tədricən fərqli qitələrə yayılmışlar. İngilis alimləri İ.Lloyd və Q.Çayld turanlıların on-on iki min il öncə Dəclə- Fərat çayları arasında yaşadıqlarını və burada dünya sivilizasiyalarının yaranmasında böyük rol oynadıqlarını yazırlar N.Y.Marr da türklərin vətəninin Orta Asiya olması barədə fikirləri qeyri- elmi hesab etmişdir. Türklərin Ön Asiyadan şərqə birbaşa ilkin hərəkəti təxminən mezolitə (XII- VIII minilliklər) aiddir (Q.Kazımov). E.ə.XII minillikdə samilərdən, hindavropalılardan və başqalarından təcrid olunan turanlıların bir qismi qərbdə balkanlara, şərqdə Çin və yapon sərhədlərinədək irəliləmiş, onların bir qismi isə ulu vətəndə – Ön Asiyada qalmış (Q.Kazımov) və bu ərazidə baş vermiş tarixi hadisələrdə iştirak etmişdilər. Məsələn, e.ə. 2200-ci illərdə yazılmış Sarqonun daş kitabələrində turkilərin adı çəkilir, onların adı Akkad kralı Naram – Sinə qarşı savaş aparan xalqların ittifaqında çəkilir (S.Bayram). Güney Azərbaycan ərazisində e.ə. III-II minilliklərdə Turukki, Aratta, Kuti və başqa dövlətləri quranlar ulu vətəndə – Ön Asiyada qalmış türklərin nəsilləri idilər. Bu dövlətlərin onomastikasındakı türk adları, eləcə də onların dilindən regionun digər qədim dillərinə daxil olmuş türkizmlər türklərin Ön Asiyanın erkən sakinlərindən olduqlarına əyani sübutdur. Beş min il öncə Ön Asiyada danışılmış şumer dilindəki çox sayda türkizmlər görkəmli tədqiqatçıların (T.Hacıyev, A.Məmmədov, O.Suleymenov, İ.Dyakonov) diqqətini cəlb etmişdir: eşti «eşitmək», ev «ev», qulşe «gülüş», deş «deşik», uş-us «ağıl», izi «isti», kaş «qaçmaq», aştar «açar», bar «bardaq», de «demək» be «bəy», qum «qum», dingir – tenqri «tanrı», udun «odun» və b. (B.Tuncay). E.ə. XXIV-XII əsrlərdə Dəclə-Fərat çayları arasında yaşamış akkadların dilində türkizmlər olduqca çoxdur: tinqri «tanrı», qoru «qorumaq», orman «orman», «meşə», boyun «boyun», talaş «dalaşmaq», eriş «erişmək», «çatmaq», qonum-qonşu «qonşu», «qohum», kızıl «qızıl», «qırmızı», qoşa «qoşa», qudur «qudurmaq», yağı «düşmən», bars «bars», yaru «parlamaq», tedirgin «rahatsız», artğu «artıq» və b. (E.Alili) Güney Azərbaycanın qədim dövlətləri ilə qonşuluqda yaşamış elamlıların dilində ikə «qardaş» (türk ike «böyük qardaş), kuti «güdmək», kik «göy», «qök», şak «uşaq» və b., urartların dilində isə ate «ata», töran – qədim türk töri «qayda», «qanun», surə «silah» - türk sur «cida», ərşə «cavan» - azərbaycanca ərsə «cavan», e «ev» və b. türkizmlər vardı (Q.Kazımov). Ön Asiyanın ölü dillərindəki türkizmlərin şumer, akkad, elam və urartların dillərinə eyni zaman kəsiyində qonşuluqda yaşamış turanlıların dilindən alındığı göstərilir və bu isə türklərin hazırda İran adlanan ölkənin ərazisinə son çağlarda gələrək, yerli «irandilli» əhalini türkləşdirməsinə dair cəfəngiyyatların ziddinədir. Güney Azərbaycan ərazisində e.ə. III-II minilliklərdə mövcud olmuş Aratta, Kuti, Turukki və sonrakı çağlara aid Manna və Midiyanın türk onomastikası bunun daha bir əyani sübutudur. Dağlıq ölkə olan Arattanın adı şummer-akkad lüğətində qeyd olunan arattu («dağ») və qədim türkcədəki art («dağ», «dağlıq») sözü ilə eyni mənşəlidir. E.ə. VIII əsrdə Urartu qaynaqları Aratta ərazisini Alatey adlandırmış və ona «dağ» mənasını vermişdi. Turanlıların Orta Asiyaya köç edən hissəsi bu adı Alatay/Altay şəklində özlərinin yeni yurdlarından birinə – Altaya aparmışlar (Azərbaycan tarixi, 2011). Güney Azərbaycan ərazilərində e.ə. III-I minilliklərə aid mənbələrdə kuti/quti adlı tayfadan danışılır. B.Landsberger kutilərin türk mənşəli olduğunu, kuti adının quz/oquz etnoniminin fonetik variantı olduğunu qəbul edir. Kutilərin onomastikası onların türk olduğunu göstərən mühüm dəlillərdir: Kuti hökmdarları Yarlaq, Kurum, Elulumeş qədim türk yazılarındakı Yarlakar, bulqarların xanı Kurum, qədim türklərə aid Elalmış, İlalmış adları ilə müqayisə olunur (F.Ağasıoğlu). Kutilərə aid Elulumeş şəxs adı el («ölkə») ismi və ulula («ucalt», «yüksəlt») felindən ibarət olub, «ölkəni ucalt» anlamındadır. Adın hər iki hissəsi türklərdə ayrıca şəxs adı kimi işlənmişdir: El («el»), Ulula («ucalt», «yüksəlt»). Kutilərə məxsus Kurum şəxs adı eynilə türklərdə də işlənir: Kurum («düzən»). Yarla, Yarlaqab, Yarlaqanda quti şəxs adları türklərə məxsus Yarluq («iradə», «buyuruq»), Yarlıq («fərman»), Yarlıqar («rəhm edən», «bağışlayan») şəxs adları ilə eyni mənşəlidir. Kutilərin yaşadığı ərazidə mövcud olmuş Tukris ölkəsinin hökmdarı Arisenin adı türk mənşəli sayılır (ar/ər «igid» - sin «adam», «kişi»). Bu fikrin doğruluğunu sübut etmək üçün uzağa getməyə ehtiyac yoxdur. Türklərdə eyni mənada Ersin, Ersen («igid) şəxs adları hələ də işlənməkdədir. E.ə. 1700-cü illərdən Babili idarə edən kassilərin hakimiyyəti Diyala çayı boyunca indi İran adlanan ölkənin qərb hissəsini, Kərkükü və b. əraziləri əhatə edirdi. Babilin qədim adı olan Tintiriki (qədim türkcə «həyat ağacı») ölkənin o çağlardakı etnik-siyasi həyatında türklərin böyük rolundan qaynaqlanırdı. Həyat ağacı Babilin ortasında mövcud olan simvolik ağac ilə bağlı idi (Türk tarihinin ana hatları). Kassilərin aşkar türkcə olan şəxs adları onların türk olduqlarını göstərir: Kadaş, kassı çarı – türklərə aid Kadaş («dost», «yaxın») şəxs adı; Kadaşman, kassı kral adı. Kadaş sözündən və türkcə keyfiyyət bildirən      - man şəkilçisindən ibarətdir. Qədim tatar – başqırd şəxs adları arasındakı Kodaş, Kodaşman eyni şəxs adlarıdır. Kadaşman Turgu kassi kral adının ilk hissəsi (Kadaşman) kimi, Turqu hissəsi də türklərdə şəxs adıdır: Turku «atəşli», «həyəcanlı». Kara-Xardaş kassi kral adı türkcədəki kara («qara») və qardaş sözlərindəndir və hər iki söz türklərdə ayrıca şəxs adları kimi indi də işlənməkdədir: Qara/Kara, Kardaş. Kartaş şəxs adını qədimdə iskitlər də işlətmişlər. Kandaş kassi kral adı qədim türkcədəki kandaş («atadan bir qardaş») sözündəndir: kanq «ata» və daş «həmrəy», «bir atadan olanlar». Kariantaş kassi kral adı isə türk dillərindəki Karındaş («qardaş») şəxs adının eynidir. Karzi – yabku kassi adının ikinci hissəsi (yabku) türklərə aid yabğu («tayfa başçısı», «hökmdar») sözüdür. E.ə. II minillikdə kassilər bu türk adlarını daşıyarkən, arilər (hazırkı farsların ataları) hələ bu əraziləri işğal etməmişdilər. Çağdaş Güney Azərbaycanın bütün ərazisində turanlılar, o cümlədən də turukkilər hakim idilər. Urmiya gölü hövzəsində e.ə. III-II minilliklərdə qeydə alınmış turukkilər «türk» etnoniminin erkən formasını daşıyırdılar. E.ə. 2200-cü illərdə yazılmış Sarqonun daş kitabələrində turkilərin adı çəkilir, onların adı Akkad kralı Naram-Sinə qarşı savaş aparan xalqların ittifaqında çəkilir. Mənbədə turkilərin Tiquna diyarında yaşadıqları, başçıları Lidaya ilə birlikdə döyüşlərdə iştirak etdikləri bildirilir [S.Bayram]. «Bibliya» və «Tövrata» əsasən İkiçayarası dağlarında yaşamış Yafət mənşəli turukkular məhz eyni xalqdır, yəni turukkilərdir. Turkilərin başçısı Lidaya isə türklərə aid İlday şəxs adının təhrif olunmuş forması ola bilər. Adın önündəki il hecasının li-yə çevrilməsi kimi fonetik hadisəyə iskit çalı İliq adının qədim yunancada Liq şəklində deyilməsi də nümunədir. Turukki/turki adlı xalqın türklər olduğunu sübut etmək üçün qədim hind mənbələrinə müraciət etmək yetər: türklər prakrit dilində turukka, sanskrit dilində turuşka adlanırdı. Xotan mənbələrində ttruki, Tibet mənbələrində isə druq/druqu etnonimləri türkləri bildirirdi: Assur mənbələrində turukkilərlə yanaşı, eyni regionda mövcud olmuş kumen/kuman, qaşqay, tirqiş (türkeş), sak, kanqar, subar, kimmer və s. türk soy və boylarının adının çəkilməsi turukkilərin türklüyünü göstərən təkzibolunmaz sübutdur (B.Tuncay). Kutilərin qərb qonşuluğunda yuxarı Zap çayı sahilində e.ə. XIII-XII əsrlərdə yaşamış kuman/kumenlər qıpçaq mənşəli idilər. Tanınmış qıpçaq tayfasını bildirən bu etnonimin ku («sarımtıl», «ağımtıl») sözü və keyfiyyət bildirən -man/-men şəkilçisindən yarandığı məlumdur. Aratta, Kuti, Turukki dövlətlərinin qədim çağlarda mövcud olduğu ərazilərdə e.ə. I minilliyin əvvəlində Manna dövləti yaranmışdır. Mannalıların aşkar olaraq türkcə səslənən adları olduqca çoxdur: Alateye «aladağ», Gizilbuda (qızıl-bud, türkcə «qızıl/qırmızı təpə»), Hundur («hündür», «hündür yer»), Durdukka (dur-duk «duracaq»), Gilzən, Urmiyə gölünün qərb sahili (göl-ezən («çay»), Kalah («qala»), Ereşteyena («Araz döyən») və s. (Q.Kazımov). Qərbi Azərbaycan ərazisində Arazdöyən yer adının olduğu məlumdur. Harhar toponiminin türk xalqlarına aid Xarxar/Herher/Karkar/Qarqar etnonimi olduğu şübhə yoxdur. Manna şəxs adlarının da türk qarşılıqları vardır: Aza/Asa, Gilzan hakiminin adı – qədim türklərdə Aza (Aza Tutuk) şəxs adı; Ata, Arzisu vilayətinin hökmdarı – Ata, türklərə aid şəxs adı; Erisin – Manna çarının adı, eləcə də Turkiş ölkəsinin çarı Arisen – türklərə aid Ersen/Ersin («igid») kişi adı. Ullusun Manna hökmdar adı türkcədəki ulu/uluğ («uca», «yüksək») və sun (sen/sin «kişi») sözlərindəndir. Telusin Manna hökmdar adı isə telu («igid») sözü və qeyd olunan sin sözündəndir. Türklərdə ayrıca eyni mənalı Teli/Deli şəxs adları işlənir. Dini həyatında şamanların (qam) böyük rol oynadığı Madayda işğalçı farslara qarşı vuruşan hökmdar Qaumata/Qamata («qamların atası») Herodot tərəfindən mağ kimi təsvir olunur (Q.Kazımov). Türklərdə Qamata şəxs adının Atakam variantı işlənmişdir. Maday toponimlərinin türk mənşəli olması tədqiqatçıların diqqətini cəlb etmişdir: Uştaşay (üç taş»), Taştami («daş dam»), Künduran («gün duran», Kintau («qala dağ», qədim türk kin (qala»), Tutaşti («düşərgə altı», qədim türk tut «düşərgə» - ast «alt»), şəxs adı Akkuşi («ak kuş») və b. Güney Azərbaycanın qədim xalqlarının, o cümlədən də madayların (midiyalıların) türk mənşəli olması Yafətin oğullarına dair əfsanələr işığında da aydın görünür. «Bibliya»da, «Tövrat»da, eləcə də M.Kalankatlının «Alban tarixi»ndə Yafətin oğulları arasında Qomer, Tiras, Toqorma, Aşkenas və b. ilə yanaşı Maday da, turukkular da yer alır. Ən önəmlisi isə budur ki, antik və orta əsr Avropa müəllifləri də bu xalqları türklərlə bağlayırlar. Qazaxların etnogenezində madayların iştirakı, antik müəlliflər Plini və Yuli Solinin sarmatları midiyalıların (madayların) törəmələri saymaları, Dionisi Pereqetinsə sarmatları hunlarla bağlaması (B.Tuncay) dolayı yolla maday-türk etnik birliyi ideyasını doğurur. Digər tərəfdən, madaylar ilə yanaşı sarmatların da qazax xalqının etnogenezində iştirakı, eləcə də Atropatenanın paytaxtının Kazaka adlanması maday, sarmat və qazaxların türk tayfaları olub, onların Güney Azərbaycanın keçmişi ilə bağlılığını ortaya qoyur. Göründüyü kimi, Güney Azərbaycanın qədim xalqlarının, o cümlədən də madayların türk onomastikası heç də təsadüfi deyildir. Maday kimi, əfsanələrdə Yafətlə bağlanan və Güney Azərbaycanın keçmişi ilə bağlı olan iskit, sak və kimmerlərin də türk mənşəli olmalarını qədim Avropa müəllifləri yazırlar. İskit, sak və sarmatları irandilli saymış sovet və fars tədqiqatçıları onların qəbirlərindəki əşyalar üzərində nə üçün türk-run yazılarının, türk tamğalarının aşkar olunduğunu izah edə bilmirlər (B.Tuncay). Yafətə aid olunan, Assur mənbələrində işquz/aşquz adlanan iskitlər bir çox qədim Avropa mənbələrində birbaşa türklərlə bağlanır: İtaliyalı müəllif Alberto Kamnenzon (1523), Venetsiya səfiri Mark Toskarino (XVI əsr), Mixalon Litvin (1550), ingilis krallığının nümayəndəsi Cils Fleçer və başqaları iskitlərin hazırkı tatarlar olduğunu açıqca qeyd edirlər. Fransız kapitan Jak Marjeret 1607-ci ildə «hazırda tatar adlanan iskitlərin əvvəllər Rusiyanın hökmdarları olduğunu», Kiyev sinosisinin 1674-cü nəşrində savromat və yaxud sarmatların Yafət nəsilli olub, hazırda həm iskit, həm də tatar adlandıqlarını bildirir (Y.N.Drozdov). Bir vaxt Attilanın qərargahında olmuş Prisk hun türklərini «çar iskitləri» adlandırırdı. I əsr müəlliləri Pomponi Mela və Plini iskitləri türkdilli hesab etmiş, V əsr müəllifi Roziman iskitləri hunlar adlandırmış, XI əsr gürcü müəllifi L.Mroveli isə «Gürcü çarlarının tarixi» əsərində iskitləri xəzər türkləri kimi təqdim etmişdir (B.Tuncay). Elə «Avesta»da iskitlərin bir qolu olmuş saklar tur, onların vətəni Turan adlanır. Sak etnonimini tuva, qazax, özbək, türkmən, xakas və başqa türk xalqlarının etnonimiyasında görürük. Güney Azərbaycan ərazisində isə həm sak, həm də turan köklü çox saylı yer adları vardır. İskitlərin türk mənşəli olduğuna maddi dəlillər kimi onların tarixən yaşadıqları digər ərazilərin onomastikasına da nəzər salmağa ehtiyac vardır. Misal üçün, iskitlərin Azov dənizinə verdikləri Karbalık adının «bol balıq» mənasında olduğu bildirilir və bu ad türkcədəki kar («bol») və balık («balıq») sözlərindən ibarətdir. Pliniyə görə, iskitlər Qafqazı öz dillərində Kraukasis («qardan ağ») adlandırır, Yuli Solin isə onların Qafqazı Kraukaz adlandırdıqlarını yazır. Qeyd olunan adlar qaraçay-balkarcadakı karau («qar örtüyü») və türk dillərindəki kas/kaş («dağ») sözündəndir (İ.Mizi-ulu). Antik müəllif Kurtsi Ruf Tanaid çayı ətrafında yaşayan iskit çarının Kartathi adlı qardaşından bəhs edir. Yunancada «ş» işarəsi olmadığından iskitcədəki kartaş sözü təhrif olunmuşdur. Yafət ilə bağlanan Qomer (kimmerlər) də birbaşa türklərlə bağlıdır. Misal üçün, Kesariyalı Prokopi Şimali qara dəniz sahillərində yaşamış hun mənşəli utiqurların qədimdə kimmerlər adlandığını yazır. Qədim türk genealoji əfsanələrində də kimmerlərin türklərlə bağlılığı aydın görünür. Belə mənbələrin birində bulqarların Kimari mənşəli olduqları, digərində Kimarın Bulqar və Burtas adlı oğulları olduqları göstərilir, bir tatar şəcərəsində isə Kimar və Alp adlı əfsanəvi qardaşlardan bəhs olunur. Burada Kimar kimmer adlı xalqı təmsil etdiyi kimi, Alpın da konkret bir xalqı bildirməsi şübhə doğurmur. Alp surəti albanları bildirmirmi? Bu sualın cavabı «Alban tarixi»ndə aydınlaşır. Qədim alban müəllifi M.Kalankatlı öz xalqını Yafətin oğlu Qamer (kimmer) ilə bağlayır. Qamerin ilk Albaniya hökmdarı olduğunu yazır. Qazax, özbək, türkmən və digər türk xalqlarının da etnogenezində iştirak etmiş albanlar VI əsr müəllifi İordan tərəfindən Skitiyanın qədim sakinləri kimi hun və sirlərlə yanaşı təsvir olunur. Göründüyü kimi genealoji əfsanələrdə Yafət mənşəli sayılan kimmer, iskit, maday və albanlar qədim çağlarda iç-içə yaşamış qədim türk tayfaları olmuş, antik mənbələrdə də bu şəkildə əks olunmuşlar. Güney Azərbaycanın keçmişi ilə də bağlı olan kimmer, sak, iskit və digərlərinin ari və yaxud farslarla bağı haqqında qaynaqlarda heç nə deyilmir və onların onomastikasında fars elementləri yoxdur. Madayların (midiyalıların) irandillilərlə bağlı olmadığına işıq salan daha bir faktor vardır: Yunanıstanın ellinlərdən əvvəlki sakinləri olmuş axeylərin Mideya, Kas, Kos adlı şəhərləri olmuşdur. Axeylərin mənşəyinə nəzər salmazdan öncə Güney Azərbaycanın keçmişinə aid oxşar adlara nəzər salaq. Axeylərə aid Kos yer adı Güney Azərbaycanın keçmişinə aid kosse/ukus/kus etnoniminə uyğundur. Hazırda Xuzistan adlanan vilayətin oğuzlar ölkəsi (Kuzistan) olduğunu yazan yunan tarixçiləri Zaqroş dağlarında yaşamış kosse və uksie adlı xalqın oğuzlar olduğunu yazırlar. Strabona görə, Susyanın (sus sami dillərində qus (oğuz) etnoniminin variantı) şərqində yüksələn, onu Farsistandan ayıran dağlıq ölkəyə Uksie deyirlər və bu ərazidə uksilər yaşayırlar. Daha şimalda Kossa ölkəsi vardır (Türk Tarihinin Ana Hatları). J.Demorqana görə, o çağlarda bütün Susyan ovasında və cənubi-qərb dağlarında Turan dili danışılırdı (TTAH). Bir çox Qərb tarixçiləri Susyanda danışılan anzan dilinin bir Turan ləhcəsi olduğunu, kosoylarla anzanlıların eyni xalq olduqlarını yazırlar. İlk İran şahı sayılan Kir özünün Anzan şəhərində yaşayan bir xanədana mənsub olduğunu bildirir. «İran» toponimi yalnız I Daranın dövründə meydana çıxmışdır (TTAH). Yunanıstanın erkən sakinləri axeylərə aid Kas yer adı isə Güney Azərbaycanın keçmişinə aid kassi etnonimi ilə, eləcə də kas tərkibli türk etnonimləri (kaş, kara-kas, sarı-kas) ilə səsləşir. Xüsusilə Midiya-Mideya onomastik paraleli Güney Azərbaycana aid madaylarla axeylərin etnik bağını göstərə bilərmi? “Tövrat”da Yafət mənşəli sayılan ionların əslində axeylərin bir qolu olması və axeylərin mənşəyi ilə bağlı isə bir sıra Avropa alimlərinin  araşdırmaları axey-türk bağından xəbər verir. E.ə. XII əsrdə Yunanıstanı işğal etmiş ellinlərdən öncə bu ölkədə yaşamış axeylər həmin tədqiqatçıların yazdıqlarına əsasən, ölülərini kurqan tipli qəbirlərdə dəfn edən, at arabalarına malik olan, qılınc və oxla silahlanan bir xalq idi. Alman E.Valle, amerikalı M.Ginbutas və D.Entoni, qazax O.İsmaqulova və başqa alimlər kurqan tipli qəbirləri Balkanlarda, Aralıq dənizi hövzəsində, Kiçik Asiyada, Çində və b. ərazilərdə yaşamış iskit-türk xalqının «vizit kartı» sayırlar. Yunan antropoloqu L.Angel Miken (axey) kəllə sümüklərinin iskitlərə aid olduğunu, alman alimi, S.Penner, slovak arxeoloqları Y.Lixardus və İ.Vladara Miken və Turan mədəniyyətləri arasında kəskin eyniliklərin olduğunu yazırlar. Alman alimi Şlimanın qənaətinə görə, kurqan mədəniyyətini Yunanıstana və Kiçik Asiyaya gətirmiş axeylər nə hindavropalı, nə də samilər idilər. Onlar Cənubi Rusiya çöllərindən, Dunay çayı hövzəsindən çox qədim çağlarda gəlmiş türklər idilər. Alimlərin yazdıqlarını mifologiya da sübut edir. Yunan surəti kimi tanınan Axilles haqqında antik mənbədə deyilir: «İskit Axil Azov sahilindəki vətənindən qovulmuşdu». «Yunan» dediyimiz qreklərə aidiyyəti olmayan Axil şəxs adı iskitlərin nəsilləri qaraçay-balkarlara məxsus Axil, Azərbaycan nağıllarındakı Əkil  deyildirmi? Antik mənbələrdə iskit Anaxarsisin kəşflərindən, Herakl və Axilin müəllimi olmuş «İskit Xiron»un ilk səma qlobusunu kəşf etməsindən, Pifaqorun dostu olmuş «iskit Abar»ın taun epidemiyasına qarşı əlac əldə etməsindən, Makedoniyalı İsgəndərin Axili, yəni Axillesi ana tərəfdən öz qohumu hesab etməsindən danışılır. N.Gəncəvi isə dünyaya qrek (ellin) qəhrəmanı kimi sırınmış İskəndəri «Rum ölkəsinin türkü» kimi təqdim edir ki, bu da Yunanıstanın pelasq-axey tarixinin türk mahiyyətinə işıq salan daha bir işarədir. Qədim «yunan» mifologiyasında da qrekcə izahı olmayan qədim türk adlarını görürük: Erextey, Ergin, Azey, Egey, Qerey, Danay, Talay və yüzlərcə digər «yunan» surətlərinin adları qədim və çağdaş türklərə məxsusdur: Erketey, Ergin, Azey, Egey, Gerey, Danay, Talay. Qədim Yunanıstan ərazisində axan Selenqa çayı hazırda Sibirdəki Selenqa çayı deyildirmi? Pelasq-axey mənşəli ionların Homer ozan surəti ilə qazaxlara aid Ğumar (Baba Gümar) ozan surəti eyni kökdən qaynaqlanır. Bu əlaqəni qazax tədqiqatçı Ə.Konıratbayev belə izah edir: e.ə. VII əsrdə Asiyaya gəlib, sak ədəbiyyatı ilə tanış olan yunanlar Gümar surətini öz vətənləri Yunanıstana aparmış və yunan ədəbiyyatında Homer surəti meydana çıxmışdır. Əslində isə bizim yunan adı altında tanıdığımız ellinlər Homer (Gümar) surətini Yunanıstanın pelasq-sak-iskit mənşəli erkən sakinlərindən almışdılar. Pelasq mənşəli ionlar Yafət mənşəli Yuvanın nəsli sayıldığı kimi, qazaxlar da Yafət mənşəli iskit-sakların nəsilləri idilər. E.ə. XII əsrdə Yunanıstanı, eləcə də İoniyanı işğal etmiş ellinlər regionun özlərindən öncəki tarixini, mifologiyasını öz dillərinə tərcümə edərək, bunu bəşəriyyətə yunan (ellin) mifologiyası kimi təqdim etmişlər. Əslində əksər «yunan» qəhrəmanlarının adlarının yunanca izahı yoxdur və bu adlar naməlum mənşəli sayılırlar. Məsələn, yunanca etimologiyası olmayan Tantal mifik adının həm qazax mifologiyasında qarşılığı (Tantal), həm də etimoloji izahı vardır: tan/dan «şöhrət və bənzərlik bildirən -tal şəkilçisi («şanlı», «şöhrətli»). Pelasq və axeylərlə eyni soykökdən olan troyalıların çarı Priam ilə qazax eposundakı Turan sərkərdəsi Priam da, troyalıların ilk çarı Tevkrin qızı Batiya ilə qazax dilindəki Batiya da, troyalı Dardan ilə qırğızlara aid Dardanq («özünü böyük sanan») və onlarca digərləri eyni adı bölüşürlər (Ç.Qaraşarlı «Avropa tarixinin türkdilli dövrü). Axey və troyalıların ümumi əcdadı tevkrlər e.ə. IV minillikdə Dəşti-qıpçaqdan Yunanıstana gəlmiş oğuz mənşəli tökerlər olub (TTAH), bir zaman Troyanın mövcud olduğu Anadolu ərazisində hazırda da yaşamaqdadırlar. Göründüyü kimi, Yafət mənşəli sayılan iskit/işquzlar ilə Yafət mənşəli yuvanlar (ion-axeylər) qədim türk mədəniyyətini bölüşmüşlər. Bu səbəbdən də qazax və güney azərbaycanlıların etnogenezindəki madayların (midiyalılar) Mideya şəklində axeylərin də onomastikasında əks olunması axey-türk bağı ilə, Yafət mənşəli madayların Qazaxıstandan Güney Azərbaycana və iskit mənşəli axeylərin məskunlaşdığı qədim Yunanıstanadək ərazilərdə türklərin etnogenezində iştirakını göstərir. “Tövrat”da turukkilərin də Yafət mənşəli sayıldığını nəzərə alsaq, hazırda İran adlanan ərazinin ən qədim çağlardan türklərlə bağlı olduğu aydın görünür. Göründüyü kimi, Güney Azərbaycanın qədim dövlətlərinin türk onomastikası heç də təsadüfi deyilmiş. Nəticə budur ki, türklər ən qədim çağlardan Güney Azərbaycanın və qonşu ərazillərin sakinləri olmuş, yalnız e.ə. I minillikdə bu ərazilərə ayaq açmış irandillilər türklərin bir qismini assimilyasiyaya uğratsalar da, sayca özlərindən qat-qat çox olan bu xalqı farslaşdıra bilməmişlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar