Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu
Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib.Manevr.az xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqust ayından bəri on minlərlə insanda tənəffüs yolları xəstəliklərinə səbəb olub. Sıx tüstü İndoneziya ilə yanaşı, Malayziya və Sinqapurda da havanın keyfiyyətini pisləşdirib.
“IQAir”in məlumatına əsasən, Sinqapurda bu gün hava keyfiyyəti indeksi 216 olaraq ölçülüb. Bu göstərici havanın çox qeyri-sağlam olduğunu göstərir.
Sinqapur Milli Ətraf Mühit Agentliyi dumanlı havanın bölgədəki son quraqlıq və İndoneziyanın bəzi ərazilərində baş verən yanğınlarla əlaqəli olduğunu açıqlayıb. Rəsmilər əhaliyə mütəmadi xəbərdarlıqlar edərək bol su içməyi və açıq havada keçirilən fəaliyyətləri azaltmağı tövsiyə ediblər.
Məktəblərə açıq havada uzunmüddətli tədbirləri azaltmaq tapşırılıb. Bəzi təhsil müəssisələrinə isə sinif otaqlarında istifadə üçün hava təmizləyici cihazlar verilib.
İndoneziyadakı yanğınlardan təsirlənən Malayziyanın paytaxtı Kuala-Lumpur dünyanın havası ən çirkli şəhərləri siyahısında ikinci yerdə qərarlaşıb.
Hava çirkliliyinin səviyyəsini göstərən hava keyfiyyəti indeksi aşağıdakı kimi təsnif edilir:
* 0–50: yaxşı
* 51–100: orta
* 101–150: həssas qruplar üçün qeyri-sağlam
* 151–200: qeyri-sağlam
* 201–300: çox qeyri-sağlam
* 301–500: təhlükəli
Malayziyanın bir çox ştatında məktəblər bağlanıb
Malayziyanın Cohor ştatında da hava keyfiyyəti çox qeyri-sağlam səviyyəyə çatıb. Ştatdakı bütün məktəblər iki gün müddətinə bağlanıb.
Ölkənin Malakka, Negeri-Sembilan və paytaxt Kuala-Lumpurun yerləşdiyi Selanqor ştatı da daxil olmaqla bir sıra digər ərazilərində də havanın keyfiyyətinin pisləşməsi səbəbindən dərslərin dayandırılması barədə qərar qəbul edilib.
Rəsmilər hava çirkliliyi indeksinin 180-i keçəcəyi təqdirdə digər məktəblərin də bağlanmasını tapşırıblar.
Malayziyanın təhsil naziri Fadhlina Sidek bildirib:
“Bütün ştatların təhsil idarələrindən və rayon təhsil rəhbərliklərindən dumanlı hava şəraitini izləməyə davam etmələrini və vəziyyət tələb edərsə, dərhal tədbir görmələrini istəmişəm”.
Malayziyanın baş naziri Ənvər İbrahim isə hava çirkliliyinə qarşı regional səyləri əlaqələndirmək məqsədilə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin nazirlərini görüş keçirməyə çağırıb.
İndoneziyanın Səhiyyə Nazirliyi iyul-sentyabr ayları arasında yanğınlarla əlaqəli təxminən 175 min tənəffüs yolu infeksiyası halının qeydə alındığını açıqlayıb.
Mütəxəssislər bu il müşahidə olunan güclü El-Nino iqlim hadisəsinin quraqlığı daha da şiddətləndirdiyini bildiriblər.qaynarinfo

































