Xəbər lenti
Nazilə Gültacın "Arıqlama resepti"
Nazilə GültacBu gün ağ xalatlıların günüdür. Sağlamlığımızın keşiyində duran bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edirik.
Şair-yazıçı dostumuz Nazilə Gültac həm insanlara şəfa verən həkim, həm də düşüncələrini sözə çevirən qələm adamıdır. Bu münasibətlə onu ürəkdən təbrik edir, Nazilə xanımın "Arıqlama resepti" adlı hekayəsini Manevr.az-ın oxucularına təqdim edirik.
ARIQLAMA RESEPTİ
(Hekayə)
Sevincin baxışları divardakı saatdan asılıb qalmışdı, Adil çoxdan evə gəlməliydi. Evləndikləri gündən bəri keçən on il ərziində o, hər axşam işdən çıxan kimi evə tələsər, qapıdan girər- girməz üst başını dəyişər, əllərini yuyub mətbəxə keçərdi. Dadlı- ləzzətli yeməklər hazırlyan Sevincin üzündən öpər, sonra əyləşib onun nazlana- nazlana süfrə açmasına tamaşa edərdi. Deyə- gülə birlikdə şam edərdilər.
Son günlər Adil evə gec gəlməyə başlamışdı. İdarədə işlərin çoxluğundan şikayət edir, yorğun olduğunu söyləyirdi. Axşam yeməyini bəzən heç yemir, “iştahım yoxdur”? - deyərək, sadəcə bir stəkan çay içməklə kifayətlənirdi. Sonra da gedib gecə yarısınadək divanda uzanır, televizora baxırdı.
Yataq otağına yalnız Sevinc yuxuya getdkdən sonra gəlirdi. Səssizcə yatağın bir küncünə çəkilib uzanırdı. Günbəgün özləri də fərqinə varmadan, aralarında bir buz dağı ucalırdı. Adilin davranışlarındakı qəribəliyi hiss edən Sevinc isə çox vaxt özünü yatmış kimi göstərirdi.
Zavallı qadın onun bu cür dəyişməsini kökəlməsi ilə əlaqələndirirdi. “ Düz edir Adil, gərək bu qədər kökəlməyəydim...” – deyə özünü danlayırdı.
Həqiqətən də, son vaxtlar xeyli kökəlmişdi. Piy bağlamış, sallanmış qarnına , ətli buxağına görə ərindən utanırdı. Hətta Adilin ona qarşı məsafəli davranmasına daxilən sevinirdi də. Öz aləmində arıqlamaq, əvvəlki görünüşünə qayıtmaq üçün vaxt qazandığını düşünürdü. Fikirləşirdi ki, onun gözünün önündə çox dolaşmasın, arıqlayandan sonra isə qəfil dəyişimi ilə Adili heyrətləndirsin.
Bədən ölçüsünün nə qədər dəyişdiyini keçən il bəyənib aldığı bənövşəyi donu geymək istəyəndə hiss etmişdi. Nə qədər cəhd etsə də, donun fermuarını yuxarı çəkə bilməmişdi. Donu əlində tutub xeyli keçən il çəkdirdiyi şəkillərinə baxmışdı. Şəkillərdəki qadınla güzgüdəki qadın arasında elə böyük fərq vardı ki...
Artıq dolabındakı paltarların heç biri əyninə olmurdu. Hər gün güzgünün qarşısında uzun – uzadı özünə baxır, güzgüdəki qadını tanımaqda çətinlik çəkir, qanı qaralırdı. İncə, zərif Sevinc sanki keçmişdə qalmışdı. Özünü danlamağa başladı:
- Yox, belə davam edə bilməz. Çörəkdən də, şirniyyatdan da əl çəkməlisən. Pəhrizə başlamalısan. Yoxsa bunun əziyyətini təkcə görünüşün yox, sağlamlığın da çəkəcək. Həqiqətən də son günlər hərəkətləri ağırlaşmışdı.
Sevinc arayıb – axtarıb yaxşı bir dietoloq tapdı. Gedib qəbuluna yazıldı, onun nəzarəti altında arıqlama proqramına başladı. Bununla da kifayətlənməyib internetdə pəhriz haqqında məlumatlar oxuyub özünə xüsusi bir menyu hazırladı.
“ Nə deyirsən de, qadın zərif olmalıdır. Yanlış yerə qadını gülə- çiçəyə bənzətməyiblər”, - deyə öz- özünə düşünən Sevinc hər səhər yerindən qalxanda iki stəkan ilıq su içib idman eləməyə başladı, yarım saat sonra tərəvəz salatı, ya da meyvə yedi. Günorta az yağlı parda bişmiş, axşamlar yüngül salat və soyutma yeməklər yeyib, hər gün ən azı 6-7 min addım atdı. İlk günlər ona çox çətin gəldi. İllərlə formalaşmış vərdişləri birdən- birə dəyişmək asan deyildi.
Hər həftə tərəziyə çıxanda az arıqladığını görürdü. Əvvəllər olsaydı, məyus olub proqramı yarımçıq qoyardı.Amma bu dəfə vəziyyət fərqli idi. Dietoloqun dediyi bir cümlə tez- tez yadına düşürdü:
- Məqsəd tez arıqlamaq yox, özünü yenidən tapmaqdır.
Bir aydan sonra çəkisi azalmağa başladı, beləcə iki aya 6 kilo arıqladı. Çox sevinirdi, güzgüdəki qadın dəyişməyə başlamışdı. Üz cizgiləri daha aydın görünürdü, qıvraqlaşmışdı, addımları da yüngülləşmişdi. Getdikcə oynaq ağrıları da azalırdı. O, artıq çəkisinin deyil, qəlbində toplanan yalnızlığın da yükünü daşıdığının fərqində deyilmiş. Getdikcə həyat ona uzun və işıqlı bir yol kimi görünürdü. Amma o hələ bilmirdi ki, həmin yolun qarşısında onu gözlənilməz bir görüş gözləyir....
Adil yenə də axşamlar işdən gələn kimi ya televizoru açır, ya da internetə bağlanır, saatlarla oradan ayrılmırdı. Başını qaldırıb Sevincin üzünə belə düz- əməlli baxmırdı. Aralarındakı dialoq bundan ibarət olurdu:
- Emil dərsdən gəldimi?
- Sabaha nə bişirim?
- Elektik pulunu ödəmisən? və.s
Vəssalam.
Sevinc də süfrəni yığışdıran kimi, öz otağına çəkilir, “You Tube”dan arıqlamağın sirlərini öyrənirdi. “Yəqin, əvvəlki Sevinci görmədiyi üçün üzümə baxmır, qəlbimi qırmaq istəmir,” - deyə özünə təsəlli verirdi.
Doğrudur, evliliklərinin ilk illərində bir müddət yola getməmişdilər. Onun dediyi buna, bunun dediyi ona xoş gəlməmişdi. Halbuki bir- birini bəyənib evlənmişdilər. Ailədaxili münasibətlərdən, xarakter fərqlərindən irəli gələn bəzi çatışmazlıqlar bəzən hisslərə kölgə salır, narazılıqlar yaradırdı. Lakin zaman keçdikcə bir- birinə alışmış, xırda inciklikləri geridə qoymuşdular.
Arıqladıqca, hər şeyin yenidən düzələcəyinə inanırdı. Adilin ona əvvəlki kimi baxacağına, əlini çiyninə qoyub gülümsəyəcəyinə ümid edirdi. Ümid insanı yaşadan ən qəribə hissdir. Bəzən sözə, bəzən bir baxışa , bəzən də hələ baş verməmiş bir sabaha bağlayır adamı. Sevinc həmin sabahın ümidi ilə çırpınırdı.
İllər keçdikcə Adil Sevincə daha da doğmalaşmışdı. Sevinc həmişə qismətinə, bəxtinə şükür edirdi ki, qarşısına Adil kimi qayğıkeş insan çıxmışdı.
Bir axşam Adil divanda yuxuladı. Səhər oyananda onu hələ də divanda uzanmış görən Sevinc bərk narahat oldu. Elə bildi ki, Adil xəstələnib. Yaxınlaşıb səssizcə ərini seyr etməyə başladı. Bir müddət onun çatılmış qaşlarına, dən düşmüş saçlarına baxdı. Sonra yavaşca saçlarını sığalladı, dodaqlarını üzünə yaxınlaşdırdı.
Adil bu təmasdan yuxudan diksinərək oyandı. Sevinc isə suç üstə yaxalanmış kimi utandı, titrək səslə soruşdu:
- Adil, niyə divanda yatmısan?
Adil gözlərini açıb soyuq nəzərlərlə onu başdan ayağa süzdü, dodağının altında mızıldandı. Qalxıb hamama keçdi. Bu ikinci axşam da təkrarlandı. Sevinci fikir götürmüşdü. Soyuq baxışlar Sevincin qəlbini üşütmüşdü. Adilin baxışları əvvəlki baxışlar deyildi. Harada qalmışdı o mehriban, xoş baxışlar?
Üçüncü axşam da Adil yataq otağına keçmədi. Televizorun qarşısında uzanıb qaldı. Sevinc yataqda o tərəf bu tərəfə çevrilir, gözünə yuxu getmirdi. Nəhayət, dözə bilmədi. Səhər yeməyi hazırlayarkən, ehtiyatla soruşdu:
- Adil, bir neçə gündür özünü qəribə aparırsan. Bir problem var?
- Adil çayından bir qurtum alıb üzünə baxmadan dilləndi:
- Yox.
- Bəlkə, məndən incidiyin bir şey var?
- Yox…
Bir axşam Adil dilləndi:
- Mənim yerimi o biri otaqda sal.
Sevincin bət- bənizi avazıdı. Təəccüblə Adilin üzünə baxdı. Adil baxışlarını ondan qaçırıb, telefonda nəsə qurdalanırdı. Sevinc heç nə soruşmadan gedib o biri otaqda ona yataq açdı. İlk dəfəydi ki, ürəyində qorxunun baş qaldırdığını hiss edirdi. Hələ heç nə deyilməmışdi. Amma ürək nəyinsə dəyişdiyini çoxdan anlamışdı.
Düşündü ki, məsələ onun köklüyündədir. Bir ay ərzində az arıqlamışdı. Nəyin bahasına olursa- olsun, dəyişməli, əvvəlki Sevinc olmalı idi.
Beləcə, üç ay keçdi. Nə qədər Adilin yanında fırlansa da, o, Sevincin arıqlayıb, gözəlləşməsinin fərqinə varmırdı. Axır ki, bir gün dözməyib dedi:
- Adil, məndəki dəyişikliyi hiss etmirsənmi? Gör necə arıqlamışam.
O başını qaldırıb təəccüblə onu başdan – ayağa süzdü:
- Xəstələnmisənmi? Nəyin var? Niyə bu qədər arıqlamısan?
Sevinc bir neçə saniyə ona baxdı. Eşitdiklərinin doğru olduğuna inanmadı.
- Nə dedin? Mən sənin xoşuna gəlim deyə, üç aydır pəhriz saxlayıram, idmana gedirəm. Sən isə sanki məni görmürsən, necə də laqeydləşmisən...
- Niyə arıqlayırdın ki? Mən bunu səndən istəməmişdim.
Bunu elə sakit, elə etinasız dedi ki, Sevincin bədəni hirsindən əsdi. Nə deyəcəyini bilmədi.
Adil isə çayını belə içmədən evdən çıxdı.
Yer- göy Sevincin başına fırlandı. Demək ki, bu 3 aylıq əziyyət, zəhmət, fədakarlıq onun üçün heç nə ifadə etmirmiş. Xeyli ağladı. Sonra özünü toplamağa çalışdı. Fikirləşdi, götür – qoy etdi, amma bir nəticəyə gələ bilmədi.
Emil isə bütün bunlardan xəbərsiz idi. Hər gün dərsə gedir, axşamlar da öz otağına çəkilirdi.
Həmin söhbətdən sonra bir ay keçdi. Evdə küsülü gəzirdilər. Bir vaxtlar saatlarla söhbət edən iki insan indi eyni evdə yaşayan yad adamlara bənzəyidi.
Hər yeni paltar alanda, hər kilo itirəndə Adilin diqqətini çəkəcəyini düşünüb sevinən Sevinc getdikcə başa düşdü ki, problem onun görünüşündə deyilmiş. Bir axşam güzgünün qarşısında saçlarını darayarkən özünə diqqətlə baxdı. Sanki bu dəyişiklikləri Adil üçün deyil, özü üçün etmişdi. Artıq bu soyuqluğun səbəbini özündə deyil, ərində axtarmağa başladı. Bəlkə, məsələ onun necə görünməsində deyildi? Sevinc telefonunu götürüb Adilə yazmaq istədi. Bir neçə söz yazdı, sonra sildi. Telefonu masanın üstünə qoyub uzun müddət pəncərədən çölə baxdı...
Bir bazar günü Sevinc şəhər kənarında açılmış yarmarkaya getdi. Xeyli bazarlıq etdi. İki kilo mal əti də də aldı. Bilirdi ki, Adil yarpaq dolmasını çox sevir.
Özlüyündə küsülülüyə son qoymaq qərarına gəlmişdi. Taksi dayanacağına tərəf gedirdi ki, ayaqları yerə mıxlandı. Adil dolubədənli bir qadınla qol- qola ona tərəf gəlirdi. Sevincin başında sanki şimşək çaxdı: “ Demək ki, mən kökəlmişəm deyib, fitnes salonlarına qaçarkən, o başqasının yanında gəzib- dolanırmış...”
Adillə üz- üzə gəldilər. Onu görən Adilin bət- bənizi ağardı. Diksindi. Tələsik qadının qolundan əlini çəkdi. Amma dayanmadı. Qadının qulağına nəsə pıçıldadı və sürətlə ötüb keçdilər.
Həyəcan və sarsıntıdan onun əlləri boşaldı. Aldığı bazarlıq yerə dağıldı, əyilib heç nəyi götürmədi. Evə necə gəlib çatdığını xatırlamayan Sevinc kökündən qopub yıxılmış ağac kimi döşəməyə çökdü. Saatların necə keçdiyini bilmədi. Yaxşı ki, Emil evdə yox idi. .
O gündən Adil evə gəlmədi. İndi hər şey aydın idi. Demək , o, qəlbində çoxdan ayrılmışdı. Yatağını ayıranda bunu anlamalıydı.
“Nəyi çatmırdı?” sualı çəkic kimi beynini döyəcləyirdi. Axı, həmişə qayğısına qalmışdı. Nazını çəkmişdi. Yaxşı günündə də, pis günün də də yanında olmuşdu.
Bir neçə gün sonra Adil yalnız bir cümlə dedi:
-Ayrılsaq yaxşıdır.
Sevinc sualına cavab ala bilmədi.
Sevgi, nifrət, iztirab, aldanış, inam və yanılmaq bir – birinə qarışmışdı. Bəziləri həyatına yenicə daxil olmuş, bəziləri isə ürəyindən köçüb getmişdi.
Günlərlə televizorun səsini açmadı. Axşamlar Emilin qapısının yanına qədər gedir, dayanır, sonra geri qayıdır, öz- özünə var- gəl edirdi. Ev əvvəlki ev idi, içindəki səslər yoxa çıxmışdı.
O sevginin təkcə hiss olmadığını düşünürdü. Sevgi həm də məsuliyyət, sədaqət və öhdəlik idi. Adil isə həmin öhdəliyin ağırlığından qaçmağı seçmişdi. Sevinc sonralar daha pəhriz saxlamadı. Amma heç vaxt kökəlmədi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































