Xəbər lenti
Sən getdiyin gün dünyam susdu

Mənim üçün isə 12 avqust həyatı iki yerə bölən, gülüşümü yarımçıq qoyan, ümidlərimi yaralayan gündür.
O gün 2016-cı ilin isti yay günü mənim üçün qışın ən sərt boranı başladı. Göy üzü günəşli idi, amma içimdə qara buludlar çaxırdı.
Xəbər gələndə… elə bildim ki, dünya səsimi eşitdi. Ayaqlarım yerə dəymədi, nəfəsim boğazımda düyünləndi. Atam… mənim dayağım, gücüm, dostum, sirdaşım – artıq yox idi.
İllər keçib… doqquz il.
Deyirlər, zaman yaraları sağaldır.
Amma mən bilirəm ki, ata itkisi sağalmayan yeganə yaradır. O yara elə dərin olur ki, həyat boyu qəlbinin ən içində qan sızdırır.
Sən gülümsəyirsən, amma o gülüşün altında bir kədər yatır. Sən danışırsan, amma sözlərinin kökündə susqun bir boşluq var.
Atamın yoxluğu mənə çox şeyi öyrətdi
İnsan hər dərdi unuda bilər, amma atasızlığın dərdini deyil. O yoxluq səni hər gün böyüdən, amma içindəki uşağı yetim qoyan bir hissdir.
Bir də anladım ki, dünyada “təhlükəsizlik” deyilən şey – uşaq vaxtı atanın yanında hiss etdiyin o möhkəm, isti kölgədir. O kölgə gedəndə, dünya sənin üçün həmişə bir az təhlükəli olur…
O gün 12 avqust mənim üçün bir tarixdən çox, bir məzar daşıdır. Hər il bu gün gələndə qəlbimdə qara bayraq sancılır.
Sanki təbiət də mənim dərdimi hiss edir – gün işığı solğun olur, külək sanki pıçıldayır: “Səni anlayıram…”
Və mən bu yazının içində – atamın ruhuna ithaf etdiyim elegiyanı yerləşdirirəm. Bu elegiya mənim ürəyimin səsi, 9 illik həsrətimin sözlərə çevrilmiş halıdır.
12 Avqustun sükutu
Sən gedəli…
Dünya dəyişib, ata…
Sanki günəşin nəfəsi kəsilib,
Küləklər də səssiz ağlayır.
Bu tarix, mənim üçün təqvim deyil,
Qanayan bir yaradır 12 avqust.
Saatlar bu gündə dayanıb,
İllər keçsə də,
Gözüm hələ də o son baxışındadır.
O gün səni apardılar…
Amma səni deyil,
Uşaqlığımın bütün işığını aparmışdılar.
O gündən bəri,
Evimizin divarları yetim,
Qapımızın astanası kimsəsizdir.
Sənin səsin qulağımda əbədi bir həsrət,
Əl izlərin həyətin daşlarında
Toz kimi qalıb.
Gözlərim sənə qovuşmayan yolların
Qurumuş yağışıdır.
Ata…
Sən gedəndən bəri mən böyümədim,
Sadəcə yaşlandım.
Sənin yoxluğun
Ürəyimdə hər gün təzədən basdırılan
Bir məzar kimidir.
Bilirəm, o dünyada işıqlar var,
Amma burda – sənin yoxluğunda
Qaranlıq hər səhər pəncərəmdən içəri girir.
Bir gün mən də yolunu tutacağam…
Amma o vaxta qədər
12 avqust mənim ən qara günüm olacaq.
Ruhun şad olsun, ata…
Səni itirdiyim gün
Məni də yarımçıq qoydu.
Doqquz il…
Bəlkə də başqaları üçün bu, çoxdan keçmiş bir tarixdir. Amma mənim üçün elə dünən kimidir. Bəzən küçədə atası ilə gəzən bir uşaq görürəm
Baxışlarım donur, ürəyim sızlayır. Bəzən bir mahnı eşidirəm sanki atamın səsi gəlir. Bəzən yuxuma gəlir elə gülümsəyir ki, o an bütün kədərim əriyir.
Amma yuxudan ayılanda… yenə o boşluğun dərinliyi məni udur.
Atam…
Mən sənin yoxluğuna öyrəşə bilmədim. Bəlkə də öyrəşmək istəmədim. Çünki bilirdim sənin yerini heç kim doldura bilməz. Mən sənin adını yaşatmaqla, sənin öyrətdiyin dəyərlərlə yaşayıram. Sən bu dünyada olmasan da, qəlbimdə hər gün mənimləsən.
Ruhun nur içində uyusun, əziz atam…
12 avqust mənim qara günüm olsa da,
Sən mənim qürurumsan, şərəfimsən, həyatımda ən qiymətli insansan.

Vüsal Ağa
şair, publisist
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar