Sizin Reklam Burada
Xəbər lenti
11-08-2025
10-08-2025
BÜTÜN XƏBƏRLƏR

Saf hisslərin son qalası

Tarix: 11-08-2025 21:09     Baxış: 368 A- / A+
Şövkət Zərin Horovlu

Dünya sadə göründüyü zamanlarda Azərbaycan ədəbiyyatını çox mütaliə edirdim. Münasibətlər ülvi hisslərin işığında boy atır, obrazlar sədaqətin, təmizlik və fədakarlığın dəyərini öyrədirdi. Zaman keçdikcə, köhnə kitab qoxusu kimi, o hisslər də unuduldu.  
Sanki kitablar da saf məhəbbətə inamını itirib və yaddaşında saxlamaq istəmir. O təmiz hisslər ya gözə dəymir, ya da həyatın amansızlığı içində itib gedir. Necə ki, çağdaş Azərbaycan nəsrində təmiz məhəbbət ya arxa planda qalır, ya da həyatın sərt reallıqları içində itib-batır.
Bu günlərdə oxuduğum bir kitab o hissləri yenidən xatırlatdı. Üstündən illər keçsə də köhnəlməyən, ilk günkü kimi qalan sevgi… Zəngin yaradıcılıq yolu keçmiş dəyərli yazıçı Şövkət Zərin Horovlunun “Əbədiyyətə qədər” romanı nə müasir ədəbiyyatın soyuq realizminə boyun əyir, nə də gündəlik həyat çəkişmələrinə uduzur. Əksinə, bu roman bizi sevginin ilahi varlığına inandırır. 
Romanda iki insanın bir-birinə olan sevgisi həm də Vətən sevgisi ilə yoğrulub. Onların bir-birinə olan hissləri Vətənə olan məhəbbətdə daha qabarıq görünür və bir birini tamamlayaraq daha ali bir anlam qazanır.
Bu sevgi siyasi və sosial qarışıqlıqların içində yaşanır. Amma nə baş verir- versin, o sevgilər öz əvvəlki saflığını qoruyur. Müəllif saf, ülvi hissləri bu günün dünyasında yaşatmağı bacarır və göstərir ki, insanın ən dəyərli sərvəti saf hissləridir.  
Əsər göstərir ki, insan həyatında ən böyük boşluq sevgisizlikdir. Əsl xoşbəxtlik nə vəzifə, nə pul, nə də cəmiyyətin gözündə nüfuzla ölçülür. Həqiqi xoşbəxtlik sevgi, mənəvi rahatlıq və vicdana söykənir. 
Əsərin qəhrəmanı Nihad bütün çətinliklərə, müharibənin açdığı yaralara baxmayaraq, Mehinə olan hisslərini qoruyur. Zaman keçir, o sevgi isə elə ilk günkü kimi qalır. Bu səbəbdən Mehinin obrazı bəzən real bir insandan çox, xəyal kimi görünür. 
“Əbədiyyətə qədər” sadəcə bir sevgi hekayəti deyil. Bu, insanın öz vicdanı qarşısında verdiyi bir hesabatdır. Sevgi çox vaxt sadəcə şəxsi hiss kimi qavranılır. Amma o, həm də zamanın, yaddaşın və kimliyimizin ifadəsidir. Sevgi insanın həm də şəxsiyyətini üzə çıxarır. Sevgisində dürüst, bütöv olan insan, şəxsiyyət kimi də dəyərlidir. Müəllif göstərir ki, saf məhəbbət yalnız iki ürək arasında deyil, həm də insanla özü ilə vicdanı arasında olan hisslərdir.
Hadisələr müstəqilliyin ilk illərində, Qarabağ müharibəsi və siyasi qarışıqlıq fonunda baş verir. Bu məqam qəhrəmanın kimliyini daha qabarıq göstərir. Müəllif demək istəyir ki, insanın kimliyi, maddi imkanı, mövqeyi nə olursa olsun, sevgi və vicdan qarşısında hamı bərabərdir. Nazir oğlu Nihad könüllü cəbhəyə yollanır, bununla da stereotipləri qırır. Ətrafdakıların təəccüblü yanaşmaları ("Bu zəmanənin adamı deyil, elə bil ayrı planetdən gəlib") onun necə cəsarətli addım atdığını göstərir və fərqliliyini ortaya qoyur. Roman bizə xatırladır ki, vətən sevgisi həm də insan sevgisi deməkdir. 
Əsərin adı “Əbədiyyətə qədər” həm sevgiyə, həm də torpağa sədaqət andıdır. Hər şey dəyişə bilər- şəhərlər, insanlar, çağlar. Amma bəzi hisslər var ki, zaman onları silə bilmir, yaddaşın ən dərin yerində qalır. 
İndi insanların dünyaya baxışı dəyişib; həyatın çətinlikləri və sonsuz informasiya dənizində insan ruhu öz saflığını qorumaqda çətinlik çəkir. Ona görə də saf sevgiyə olan inama hər zamankından daha çox ehtiyacımız var. Sevgiyə inam insanın qəlbini təmizləyir, ona həyatın mənasını, ümidini və insanlıq dəyərini yenidən xatırladır.
“Əbədiyyətə qədər” bu hisslərin son qalalarından biridir. Bəlkə də biz belə əsərləri oxumaqla içimizdəki təmiz hisslərin hələ də tam itirilmədiyinə inanırıq. Uzun illərdən bəri söz sənətinə işıq salan yazıçı Şövkət Zərin Horovlu isə müasir ədəbiyyatda “təmiz hisslərin qoruyucusu" kimi yadda qalır. Onun əsərlərində sevgi, insanlıq, Vətən mövzuları həmişə ön plandadır. Ən əsası isə, yazıçı bizə unudulmaqda olan bir həqiqəti xatırladır: hisslərin ən gözəli və ən uzunömürlüsü saf olandır. 

Günel Natiq
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar