Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bir şair ömründə neçə və necə ilklər olur, sonlar olur…

Tarix: 22-01-2025 19:12     Baxış: 347 A- / A+
“Dərin xəyala dalsan, mən sükutun olaram”…


Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 100-cü ildönümü ötən ilin son ayında tamam oldu (Nəbi Ələkbər oğlu Babayev; 10.12.1924, Xırdalan – 15.01.2007, Bakı). Xalqımızın dəyərli söz ustadı, XX yüzil Azərbaycan poeziyasının parlaq simalarından olan Nəbi Xəzrinin  əlamətdar yubiley tədbiri, ilin ilk ayının 29-da Heydər Əliyev Sarayında keçiriləcək. Bu əlamətdar yubiley, onun zəngin poetik dünyasını yenidən xatırlamaq və anlamaq üçün bir fürsətdir.
Bir şair ömründə neçə və necə ilklər olur, sonlar olur… Bəli, bir şairin ömrü, yalnız yaşadığı illərin sayı ilə deyil, o illərin içində nə qədər ilkə, nə qədər sonsuzluğa toxunduğu ilə ölçülür.
Nəbi Xəzri yalnız öz yaradıcılığı ilə deyil, həm də şəxsiyyətinin zərifliyi ilə və çağının nəbzini tuta bilən sənətkar olaraq yaddaşlarda yaşayır.
Nəbi Xəzrini anlamaq üçün onun öz dönəmindəki poeziya gələnəklərinə, zirvə hadisələrə diqqət yetirmək vacibdir. O, Səməd Vurğunun poetik irsinin davamçısı olaraq yalnız ustadlardan öyrənməklə yetinmədi, öz poetik aləmini də yaratdı. Şair, klassik gələnəklərlə çağdaş dövrün təzadları arasında körpü quraraq, Azərbaycan ədəbiyyatına özünəxas yeni nəfəs gətirdi.
Nəbi Xəzrinin poeziyası həm lirik duyğularla, həm də ictimai fəlsəfənin dərinliyi ilə doludur. Onun şeirlərində insan ruhunun zərifliyi ilə toplumun sərt həqiqətləri bir nöqtədə qovuşur. 

“Dəniz, göy, məhəbbət” şeirində oxuyuruq:
- Dənizi hədiyyə verirəm sənə...
   Mən dedim, sən baxdın, sən gülümsədin.
   Göylərin şəfəqi düşdü üzünə.
 - Mən isə... göyləri verirəm, - dedin...
   Ayrıldıq qəribə hədiyyələrlə,
   Göylər eşqim kimi mənə əzizdir.
   Ayrıldıq dənizlə, ağ ləpələrlə,
   Necə aparasan? Dəniz dənizdir…

Bu misralarda şairin yalnız təbiətə olan sevgisini deyil, həm də insanın təbiətlə ruhani bir vəhdətdə olduğu və sonsuzluğa can atması sənətkarcasına təsvir olunur. Təxəllüsü də təbiətdən gələn şairin bu şeirindəki fəlsəfi qat, onu yalnız lirik şair kimi deyil, eyni zamanda dərin düşüncəli sənətkar kimi xarakterizə edir. Şairin təbiətə ülvi bağlılığı bir şeirə sığmır, təbii, onun onlarla şeirində eyni məhəbbəti, diqqəti, şövkəti görürük.
Qarlı zirvələrdən çəmənlərə, dənizlərin dərinliklərindən sahillərə qədər hər şey onun poetik aləmində riqqətli bir sevgi ilə canlanır. Onun təbiətə bağlanışı yalnız misralarda yox, bütün yaradıcılığında bir əbədi nəfəs kimi duyulur:

Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xəyala dalsan,
Mən sükutun olaram.
Çəmən olsan əgər sən,
Sərin yağış çilərəm.
Əgər dənizə dönsən
Sahilə çevrilərəm…

Şairin söz ustalığının bir örnəyi də onun vətənə olan bağlılığında təcalla edir. “Azərbaycanım” şeirində o, doğma torpağı ilahi bir duyğu ilə, dərin ülviyyətlə təsvir edir:

“Əgər ki, yıxılsam, çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə, Göygölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə
Sənsən gümanım.
Canım-gözüm mənim
Azərbaycanım”!

Burada yalnız coğrafi gözəllik deyil, həm də bu torpağa mənəvi borc və sonsuz bağlılıq ifadə edilir. Onun poetik baxışları vətəni sevən hər bir azərbaycanlının ürəyində əks-səda tapır.
Nəbi Xəzrinin sözlərindəki incə lirika, dərin fəlsəfə və mənəvi aydınlıq Azərbaycan poeziyasının gələnəklərini zənginləşdirərək gələcək nəsillərə ötürüldü…
O, şeirə kainat kimi baxır, hər ulduzunda fərqli bir sirr, Günəşdə fərqli bir həqiqət görürdü. - Şairin çağırışlarını onun öz sözləri ilə bitirmək istəyirəm:

Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları, Günəşləri var.
Şeir mənim üçün sirli həyatdır,
Onun öz sevinci, öz kədəri var…

Bu misralar onun üfüqötəsi baxışlarının təntənəsi olub, sənətkar dünyasının nə qədər əzəmətli olduğunu göstərir. Nəbi Xəzri öz şair ömrünü yalnız sözlərlə yox, həm də poeziyanın ruhuna dərin inamla yaşadı.
Ruhuna sayğılar!

Əkbər QOŞALI

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar