Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mircəfər Bağırovun da köməklik etmədiyi 16 yaşlı könülsüz əsgər - tək ananın tək balası Şahnisə -ŞƏKİLLƏR

Tarix: 09-05-2020 18:12     Baxış: 4459 A- / A+
Alman faşizmi üzərində Qələbənin 75 illiyi
Mircəfər Bağırovun da köməklik etmədiyi 16 yaşlı könülsüz əsgər - tək ananın tək balası Şahnisə

Ağır müharibə illərində arxa cəbhədə əsgər kimi çalışmış Şahnisə Rəhimova 75 ildir ki özünün əsgəri imtiyazlarından istifadə edə bilmir

İndi 93 yaşını haqlayan Şahnisə nənə atasını heç cür xatırlaya bilmir - 6 yaşı olanda atadan yetim qalıb. Tək ananın tək qızı olub. Ağlı kəsəndən əziz-doğma bildiyi yalnız anası, bir də dayısı Məşədi Şəkər və özündən 2-3 yaş böyük olan dayısı oğlanları olub. Gözdən uzaq, könüldən iraq olan Pirəküşkül kəndinə heç yeni qurulan Sovet hökuməti də lazımi diqqət yetirmədiyindən heç yerdə işləməyən anası Məryəm xala həyatının bəxşişi, arxa-dayağı bildiyi əri Heybəti xəstəlik üzündən çox vaxtsız itirdikdən sonra yeganə balası, əziz qızı Şahnisəylə özünü həyət-baca, toyuq-cücə hesabına güclə dolandırırdı. Yaxşı ki anasının bacı qədri bilən qardaşı - Şahnisənin sevimli dayısı Məşədi Şəkər vardı. Yoxsa... Allah bilir, o tək-tənha ana-balanın taleyi necə olardı... İllər ötdükdən sonra da Şahnisə xala dayısını əziz tutaraq, minnətdarlıqla xatırlayır.
Mircəfər Bağırovun da köməklik etmədiyi 16 yaşlı könülsüz əsgər - tək ananın tək balası Şahnisə

Ata-anası onu xoşbəxt görmək istəyərək, yaxşı həyat, ömür diləyi ilə gözəl bir ad qoymuşdular - Şahnisə! Yəni şah gözəli, sah xanımı! Heç şübhəsiz ki, özlərinin ilk övladlarının şahzadə kimi olmasa da, heç olmasa adi bir insan kimi xoşbəxt yaşamasını arzulayıblarmış. Yoxsa elə Fatmanisə, Pərinisə də qoya bilərdilər...

Uşaq olduğundan dünyanın yalnız böyüdüyü Pirəküşkül kəndindənmi ibarət olduğunu, yoxsa daha böyük, həm də dava-dalaşlı, qalmaqallı olduğunu dərk etməyən Şahnisə anasının nəvazişi və dayısının qayğısı ilə böyüyürdü. Məktəbə də o qayğı, nəvazişlə gedib-gələrək, 7-ci sinfi də uğurla bitirmişdi. Çöl-bayır görməyən, dünyadan heç bir başqa təmənnası, iddiası olmayan bir qızın özünü xoşbəxt sanması üçün bu, bəlkə də kifayət idi. Ona hiss elətdirilməyən atasızlığı olmasaydı, o, anası, dayısı və əziz dayıoğlanları ilə öz aləmində dünyanın ən xoşbəxti idi.

Lakin... 1941-ci il müharibəsi başlayanda - Şahnisənin 14 yaşı olanda onun xoşbəxtliyinin yarısı əlindən alındı - doğma qardaşları bildiyi iki dayısı oğlunu bir-birinin ardınca müharibəyə apardılar. O günlər göz yaşlarını saxlaya bilməyərək, bütün günü ağlayan Şahnisəni heç cür ovundurmaq olmurdu. Əvvəlcə yalnız müharibəyə aparılan, ayrı düşdüyü dayısı oğlanlarına görə ağlayırdısa, sonralar bacısını və bacısı qızını yoluxmağa gələn dayısını boynubükük, qəmli görəndə də göz yaşını saxlaya bilmirdi...

Bir gün isə Şahnisə qəfildən, heç gözləmədiyi halda həm dünyalarca sevdiyi anasından, həm də sevimli dayısından tamamilə uzaq düşdü... Anası ilə axşam təzəcə yatmışdılar ki, qapı döyüldü və kənddə əclaflığı, qudurğanlığı ilə hamının zəhləsinin getdiyi kənd soveti sədri və onunla gələn hərbi geyimli adamlar Məryəm xalaya çox soyuqqanlı, sərt şəkildə bildirdilər ki, Şahnisənin dalınca gəliblər, ölkədə müharibə gedir, ona görə də onu arxa cəbhəyə əsgər kimi aparacaqlar. Bu gözlənilməzlikdən ana-bala bir-birinə sarılıb, hönkür-hönkür ağlasalar da, Məryəm xala göz yaşı içində qışqıraraq, onlara yalvarsa da ki, "uşağın hələ heç 16 yaşı da tamam olmayıb, bir anayıq, bir bala, mən də ki xəstə, heç kəsimiz yoxdur" desə də, zalım kənd soveti sədri zərrəcə də insafa gəlmədi. Heç vaxt evlərindən uzaq düşməmiş Şahnisəni zorla evdən çıxardıb, maşına doğru apardılar. Ananın bala arxasınca uzanan titrək əlləri, ağlayıb fəryad etməsi, Şahnisənin ana həsrəti ilə dönüb arxaya baxaraq hıçqırıqla göz yaşı axıtması o daş ürəkli qansızlara heç bir təsir etmədi. "Gecə canavarları" vaxtsız gəlib, tez də çıxıb getdiklərindən, Məşədi Şəkərin məsələdən xəbəri olmamışdı...

Doğma kəndindən heç yana çıxmayan, heç vaxt çöl-bayır görməyən, birdən-birə yad adamlar arasına düşən Şahnisə bütün yol boyu "Ana, dayı..." deyib, hıçqıraraq ağlamış, hətta arada az qala ürəyi getmişdi... Onu zorla özünə gətirmişdilər - nəvazişlə yox, üstünə qışqıra-qışqıra. Niyə məhz onu, özü də 16 yaşlı qızı "əsgər" aparırdılar? Onlara əsgər qızlar lazım idisə, niyə o qansız, şərəfsiz sovet sədrinin Şahnisədən 2-3 yaş böyük olan qızlarını aparmırdılar bəs?
Mircəfər Bağırovun da köməklik etmədiyi 16 yaşlı könülsüz əsgər - tək ananın tək balası Şahnisə

Şahnisə ürəyində özünə bu cür suallar verərək, anlayırdı ki, kəndin "hampası" onu atasız, yiyəsiz-sahibsiz görüb, bu alçaqlığa əl atmışdı. Başa düşdü ki, onların evinə ona görə gecə basqın etmişdilər ki, dayısı Məşədi Şəkər duyuq düşməsin və tənha bacısı qızının tək, yeganə qızının "əsgərliyə" aparılmasına mane olmasın.

...Onu elə gecə ikən Biləcəriyə apardılar. Bir stəkan su içməyə də imkan verməyib, göz yaşları qurumamış yenidən... ağlamağa məcbur etdilər. Müharibənin sərt qanunlarından başqa hərbçilərin də amansız, imansız vərdişləri varmış. Ağlayıb, etiraz etməsinə zərrəcə də məhəl qoymayaraq, uşaqlıqdan çox sevib-əzizlədiyi uzun, qoşa qara hörüklərini zorla kəsib, bir kənara atdılar. Kəsilmiş saçlarını əlinə alıb, qucaqlayaraq, bağrına basmaq istəsə də, daş qəlbli hərbçilər buna yol vermədilər. Qızcığaz bütün gecəni səhərə kimi ağlaya-ağlaya qalmışdı.

Səhər tezdən ona hərbi paltar geyindirib, saçı kəsilmiş başına əsgər papağı qoyaraq, o vaxtkı Sumqayıt stansiyası yaxınlığındakı poliqonda (orda hələ heç bir yaşayış yox idi) yerləşən hərbi hissəyə apardılar. Ağlamaqdan gözü qızarmış Şahnisənin əlinə səhər yeməyindən sonra kürək ("lopatka") verib özündən yaşca böyük digər "əsgər qızlar"la birgə yeni salınmaqda olan su kanalında yer qazmağa, torpaq atmağa cəlb etdilər. Heç vaxt ağır kişi işində çalışmadığından nahar fasiləsinə yaxın ovcunun içi qançır olmuşdu. Onların işinə rəhbərlik edən zabit rus qızı - kiçik leytenant Frosya Ponomaryova Şahnisəgilin kənd soveti sədrindən fərqli olaraq qayğıkeşlik göstərib, yaşca hamıdan kiçik olan bu "gənc əsgər"in nahardan sonra kanal qazıntısında yox, yeməkxanada kartof-soğan təmizlənməsində işləməsinə nail oldu. (Şahnisə nənə bu gün də Frosyanı qayğıkeş bir rus qızı kimi böyük minnətdarlıqla xatırlayır). Məhz o zabit rus qızı və Coratdan olan Zinyət Mirzəyeva, eyni zamanda digər əsgər qızlar (onların arasında azərbaycanlılarla yanaşı ləzgilər, ruslar, yəhudilər, ukraynalılar da vardı) yaşca özlərindən kiçik olan Şahnisəyə həmişə diqqətlə, qayğı ilə yanaşırdılar. Hətta Frosyanın köməkliyi ilə o, bir müddət nisbətən asan işə keçirimişdi -telefon zənglərinə cavab verir, gələn xəbərləri, məlumatları komandanlığa çatdırırdı (az bir müddətdə rus dilini də babat öyrənə bilmişdi). Və o, tədricən arxa cəbhə həyatına alışsa da, anasından, doğma kəndindən ayrı düşməyinə, saçlarının yoxluğuna heç cür alışa bilmirdi.

Şahnisəgil hər gün hərbi təlimlər keçmək, silahdan atmağı öyrənməklə yanaşı hərbi hissənin, həmçinin Sumqayıt stansiyasının yaxınlığında, Bakıda və onun kəndlərində müxtəlif işlərdə, su kanalının çəkilməsində çalışır, hətta o vaxtlar Sumqayıtın tikilməkdə olan ilk kimya zavodunun köməkçi işlərində çalışırdılar. O, artıq başa düşmüşdü ki, gənc oğlanlar, kişilər döyüşlərə yollandığından, arxa cəbhədə qızların-qadınların əməyinə, köməyinə ehtiyac var.

Şahnisə döyüşə yollanmış dayısı oğlanları üçün də darıxsa da, qəlbən ondan rahatlıq tapırdı ki, onlar bəziləri kimi qorxaqlıqla gizlənməyiblər, ön cəbhədə düşmənə qarşı mərdliklə vuruşurlar. Bununla belə onların taleyi üçün narahatlıq keçirirdi - axı, düşmənlə üz-üzə döyüşdə hər şey ola bilər. Ona görə də tez-tez dayısı oğlanları üçün dua oxuyar, onların sağ-salamat kəndə, evə qayıtmalarını arzu edirdi.

Kənddə tək-tənha qalmış xəstə anasını isə bircə an da belə unutmayan, ona görə hədsiz nigarançılıq keçirən Şahnisənin günlər ötdükcə səbri daha da tükənir, narahatlığı artır və o, nisgilli taleyinə görə bəxtini qınayır, fani dünyanı, onun zalımlarını dönə-dönə lənətləyirdi.

Bir gün xəbər gəldi ki, Azərbaycanın o vaxtkı "xozeyini" Mircəfər Bağırov gənc əsgər Şahnisə Həsənovanı yanına çağırıb

Nə Şahnisə özü, nə də komandirləri nə baş verdiyini, qızğın döyüşlərin davam etdiyi ağır, gərgin bir dövrdə respublika rəhbərinin adi bir əsgər qızı yanına nə üçün çağırdığını başa düşməyərək, onu Bakıya, Mərkəzi Komitəyə apardılar. Səbəbi anlaşılmayan həmin səfərdə onu yenə komandirləri - baş leytenant Syomin və kiçik leytenant Ponomaryova müşayiət edirdilər. M.Bağırovun "iqamətgahında" hərbi geyimli xüsusi nəzarətçilər Şahnisəni başdan ayağa yoxlayaraq, "xozeyinin" kabinetinə apardılar. Xalq arasında çox sərt, qəddar adam kimi tanınan Mircəfər Bağırovun onu ayağa qalxaraq, mehribanlıqla qarşılaması gənc əsgər qızı heyrətlənirdi və həm də istər-istəməz sevindirdi. Təbii ki, söhbətə Bağırov özü başladı. Və məlum oldu ki, əziz balasının ayrılığına dözməyən, yeganə qızı başqasının yerinə "əsgər aparılandan" sonra ağrı-acıları daha da artan, yataq xəstəsi olan anası Məryəm xala əli qələm tutan, az-çox yazmağı bacaran bir kənd adamının vasitəsilə respublika rəhbərinə bir-neçə dəfə ərizə və məktub göndərmiş, tək-tənha yaşadığını, xəstə olduğunu bildirmiş, yeganə övladının ordudan tərxis olunmasını xahiş etmişdi, lakin uzun müddət heç bir cavab almamış, yalnız 1944-cü ilin oktyabrında ona bildirilmişdi ki, məktub respublikanın başçısına çatdırılıb.

Yəqin ki, "xozeyin" Məryəm xalanın məktubundan, daha çox da tək ananın 16 yaşlı qızının "rezerv əsgər" kimi aparılmasından təsirlənərək, onunla şəxsən görüşmək istəmişdi. M.Bağırov əvvəlcə Şahnisəyə ölkənin ağır vəziyyətində bir övlad kimi xalqa, Vətənə layiqincə xidmət etdiyinə görə təşəkkür etmiş və bildirmişdi ki, artıq Hitler ordusu Ukrayna və Belorusiyadan çıxarılır və onlar tam geri oturdulmaqdadırlar.

- Qızım, bilirəm, səni haqsız olaraq 16 yaşında arxa cəbhədə xidmətə aparıblar. O alçaqlar kimdirsə, bil ki, cəzalarını alacaqlar. Vaxtında bilsəydim, qoymazdım səni o yaşda anandan ayırsınlar. Ancaq daha keçib, özün də bilirsən ki, müharibənin qurtarmasına, qələbəmizə çox az qalır, bir az da döz, hər şey yaxşı olacaq, - deyərək, Şahnisəyə ümid, təsəlli verməyə çalışmışdı. - Allah qoysa, tezliklə evə qayıdarsan. Hələlik isə ananı yoluxmaq üçün sənə 3 günlük icazə verirəm. Qoy anan səni görsün, bir az ürəyi yerinə gəlsin, toxtasın, sonra yenə qayıt hərbi hissənizə. Sən indiki vaxtda vətənə çox lazımsan.

Mircəfər Bağırov nəzarətçiləri yanına çağırıb, kənd soveti sədri ilə "maraqlanmağı" (onlar "bu işi" yaxşı bacarırdılar) və Şahnisəni öz kəndlərinə - Pirəküşkülə yola salmağı tapşırmış və gənc əsgər qızla mehribanlıqla görüşüb, xudahafizləşmişdi.

Maşın onların kənddəki çiy kərpicdən tikilmiş evlərinə yaxınlaşanda Şahnisə kövrəldi, onu möhkəm ağlamaq tutdu. Kənddə az-az eşidilən maşın səsinə evdən yavaş addımlarla çıxan anasını görüncə tələsik ona doğru qaçdı, sevinclə bağrına basıb, üz-gözündən öpərək, doyunca ağladı. Xeyli vaxt idi ki bir-birindən ayrı düşmüş ana və qızının həyəcanlı görüşündən təsirlənən nəzarətçi və sürücü sakitcə maşından iki iri bağlama düşürüb, evin kandarına qoydular və bildirdilər ki, bağlamanın birində ərzaq, digərində isə pal-paltardır - "yoldaş Bağırov" göndərib ("özlərinə gələndən" xeyli sonra bağlamaları açanda nə görsələr yaxşı idi - orda nələr yox idi ki!.. Yağdan-pendirdən, qənddən-çaydan tutmuş hər şeyə kimi. Hər halda Məryəm xalaya bir-iki aya bəs edərdi).

Onlar getdikdən sonra da ana-bala bir-birini duz kimi yalayır, ayrıla bilmirdilər. Xəstə olsa da, Məryəm xalanın uçmağa qanadı yox idi. Həm də arxayın oldu ki, bir daha görəcəyinə ümidi qalmadığı Sahnisə indi "böyük qız" olub və elə də uzaqda, müharibə gedən yerlərdə deyil, nə vaxtsa adını eşitdiyi Sumqayıt stansiyası tərəfdədir. Həmin günlər Şahnisə səhər-axşam anasının qulluğunda duraraq, çox istəyirdi ki, vaxt uzansın, dünyalarca sevdiyi anasını daha çox görsün, daha çox əzizləyib-öpsün, qayğısına qalsın. Lakin icazə vaxtı başa çatanda yenidən onun dalınca gəldilər. Ancaq bu dəfə Məryəm xala qızını bir qədər arxayınlıqla, səbr, dözüm göstərərək və arxasınca su ataraq yola saldı -

artıq bilirdi ki, balası orda kimsəsiz-yiyəsiz deyil. Və hətta qızının dalınca gələn kiçik leytenant, haqqında Şahnisənin xoş sözlərlə danışdığı rus rəfiqəsi Frosyanı da bağrına basıb öpmüş, ona öz bildiyi kimi - Azərbaycan dilində xeyir-dua arzulamış, qızından muğayat olmağı tapşırmışdı.

İllərlə gözlənilən böyük Qələbə!...


Uzun ayrılıqdan sonra anasını görüb, toxdadıqdan sonra Frosya ilə hərbi hissəyə qayıdan Şahnisə öz batalyonundakı qızlarla mehribanlıqla görüşdü - çətin günlərin dostu kimi... Deyəsən, əsgər yoldaşları da 3 gün ərzində onun üçün yaman darıxmışdılar.

Ertəsi günü səhər hər şey yenə əvvəlki qaydada başladı - saat 6-da "podyom", səhər idmanı və yeməkdən sonra kimya zavodunda torpaq-tikinti işləri, nahardan sonra hərbi təlimlər, yeməkxanada kartof-soğanın, ya da balığın (indi delikates hesab edilən hər cür balıq o vaxtlar "əl çatan", dil-ağız çatan idi) təmizlənməsi, axşam yeməyi və son aylarda bütün SSRİ-də populyarlıq qazanmış "Katyuşa" mahnısının xorla oxunuşu ilə axşam gəzintisi və daha sonra... arzulanan vaxt - ayaq üstə keçən günün yorğunluğundan kazarmadakı bərk yatağa daş kimi düşərək, uzanıb yatmaq...

Bir gün isə - 1945-ci ilin 8 may günündə bir hay-haray qopdu, səmaya dalbadal atəşlər açıldı ki, gəl görəsən!.. 4 ilə yaxın davam edən, milyonlarla adamın qanınının axıdıldığı müharibəyə son qoyulmuşdu - alman faşizmi üzərində böyük tarixi qələbə qazanılmışdı. O gün bütün SSRİ-də olduğu kimi onların hərbi hissəsində də toy-bayram idi. Şahnisə də sevincindən nə edəcəyini bilmirdi - yaxın rəfiqələri Zinyət və Frosyanı qucaqlayıb-öpür, əsgər yoldaşları olan digər qızlarla sevinib gülürdü. Bayramsayağı keçən axşam yeməyindən sonra isə gecədən xeyli keçənədək şadyanalıq edir, mahnı oxuyur, yallı gedirdilər - sevinc-fərəh saçan gözlərinin yuxusu tamam qaçmışdı...

SSRİ Ali Sovetinin elə həmin 8 may günü verilən fərmanı ilə sabahısı gün - 9 may Qələbə günü, bayram günü elan edilmişdi. Məhz o gün digər "döyüşçü" qızlarla yanaşı arxa cəbhədə nümunəvi xidmətinə görə Şahnisəyə də bütün batalyon qarşısında tərifnamə və Fəxri fərman verilmişdi. Hərbi hissədə bəlkə də ondan çox sevinən yox idi. Gözünün önünə daim ilk növbədə anası ilə yenidən, həmişəlik qovuşacağı anlar gəlirdi. Bütün fikri kəndlərində, anasının, dayısının yanında idi.

Bir-neçə gün sonra batalyonun qızları və yaşlı, qoca kişilər də Şahnisəni "Ura!", "Qələbə!" sözləri ilə xudahafizləşərək (bu, həm də onların - iki çətin müharibə ilini bir yerdə, ağır zəhmətlə keçirmiş "döyüşçülərin" son görüşü, son ayrılıqları idi...), ardınca qüssə qarışıq sevinclə əl yelləyərək yola saldılar.

Yoluna düşməkdə olan həyat

Şahnisənin doğma kəndə - Pirəküşkülə, evlərinə qayıtması təkcə onun yolunu səbrsizliklə gözləyən anası və dayısı üçün deyil, qonum-qonşu üçün də böyük sevincə, toy-bayrama dönmüşdü. Bütün kənd Məryəm xalaya gözaydınlığına gəlirdi. Axı, Şahnisə kəndin yeganə qızı idi ki, "əsgər" aparılmışdı (nə olsun ki, ön cəbhə deyildi, hər halda ehtiyat, rezerv cəbhə idi, hər zaman döyüş xəttinə yaxın da ola bilər, lazım gəlsə, yoldaşları ilə birgə əldə silah döyüşə də girə bilərdilər). Şahnisənin bir nigarançılığına da son qoyuldu. Öyrəndi ki, dayısı oğlanları Polşa ərazisindəki son döyüşlərdə ağır yaralansalar da, salamat qalıblar və Gürcüstandakı qospitallardan birində müalicəyə göndəriliblərmiş. Bir-neçə gün əvvəl bundan xəbər tutan dayısı Məşədi Şəkər kişi Tbilisiyə gedərək, onları doğma kəndə gətirib (onlardan biri çox ağır yaralandığından çox keçmədən həyatdan köçmüdü).

Kənd öz məcrasına, əvvəlki sakit həyatına qayıdırdı. Şahnisə fermada sağıcı kimi işə düzəldi və üç il sonra - 1948-ci ildə kəndin sayılb-seçilən oğlanlarından olan Xudaverdi Rəhimovla ailə qurdu. Ancaq amansız tale elə gətirdi ki, ilk övladları olan bir oğlu və bir qızı xəstəlik və həkimlərin səhlənkarlığı üzündən kiçik yaşlarında həyatdan köçdülər. Və

sonradan Allahın qismətindən onların 5 oğlu və bir qızları dünyaya gəldi. Şahnisə də, əri də 15 ilə qədər kolxozda işlədikdən sonra münasib bir iş olmadığından 1959-cu ildə bir vaxtlar arxa cəbhə əsgəri olduğu Sumqayıta gəlib, özləri üçün Çoratda ev-eşik qurdular. Burda müxtəlif işlərdə çalışdıar. Lakin tale yenə də üzünə çox gülmədi - 1962-ci ildə sevimli anasını, 1969-cu ildə isə uşaqlarının atasını itirdi. Ancaq çox yaxşı ki, Şuraabada gəlin köçmüş qızı Arzudan başqa oğullarının beşi də hələ ilk gəncliyindən ayrılığın acısını çəkmiş analarından uzaq düşmək istəməyərək, elə Coratda yaşamağa üstünlük veriblər.

Arxa cəbhədə çalışdı, ancaq əməyini, haqqını da "arxada" qoydular...

İlk gəncliyindən taleyinə arxa cəbhədə çalışmaq düşsə də və yoldaşlarının çoxu sonralar müvafiq sənədlər əldə edərək, müəyyən imtiyazlara nail olsalar da, indi çoxlu nəvə-nəticə, hətta kötücə nənəsi olan Şahnisə nənə çəkdiyi əzab-əziyyətlərinin müqabilində dövlətdən nə bir təltif, nə bir yubiley medalı, nə də hansısa bir yardım ala bilib. Müharibə başa çatdıqdan çox sonra Sumqayıt və respublika hərbi komissarlıqlarına müraciət etsə də, heç bir nəticəsi olmayıb. Cavabları bu olub ki, sizin hərbi hissənin komandanlığı Leninqradda yerləşir, ora müraciət etmək lazımdır (əslində bunu özləri etməliydilər. Bəs hərbi komissarlıq nədən ötrüdür - ancaq camaatın uşaqlarını tutub əsgər aparmaq üçün?). Leninqrada kimin əli çatardı ki? Düzdür, bir dəfə kənd sovetindən ona kömək üçün sənədlərini toplayıb, götürdülər. Ancaq nə kömək edə bildilər, nə də sənədləri geri qaytardılar. Odur-budur, veteran Şahnisə nənə qalıb hərbi sənədsiz-filansız, təltifsiz. Yaxşı ki, Corat kənd Sovetinin keçmiş sədri, gözəl insan olan rəhmətlik İsgəndər Qasımovun təşəbbüsünün davamı olaraq Sumqayıt şəhərinin Corat qəsəbəsi üzrə İcra nümayəndəliyi və kənd Bələdiyyəsi onun yubileylərində, bayram günlərində bu arxa cəbhə veteranını ehtiramla yada salıb, evinə gəlir, gül-çiçəklə təbrik edir, ərzaq və pul yardımı ilə ona kömək olur, onu bu ahıl yaşında qəlbən sevindirirlər.
Mircəfər Bağırovun da köməklik etmədiyi 16 yaşlı könülsüz əsgər - tək ananın tək balası Şahnisə

Ancaq hərbi komissarlıqların ona biganəliyi, onun əsgər, veteran haqqına nail olmaq istəməmələri Şahnisə nənəni çox narahat edir. Axı, o, müharibə illərində tək ananın tək qızı olaraq bir çox yaşıdları kimi evində-eşiyində, isti ocaq başında oturmayıb, 16 yaşı olar-olmaz qışın soyuğunda, yayın qızmarında arxa cəbhədə çalışıb, min-bir əzab-əziyyət çəkib.

Bəlkə, əlaqədar təşkilatlar, ilk növbədə isə Sumqayıtın Veteranlar və Ağsaqqallar Şurası irəli durub, bu ahıl vaxtında - 93 yaşında ona kömək duralar, haqqının bərpasına nail olalar? Nə qədər ki gec deyil...

P.S. Şahnisə nənənin arxa cəbhə həyatından yalnlz Coratdan olan rəfiqəsi Zinyət Mirzəyeva ilə əsgər paltarında, ulduzlu papaqda çəkdirdikləri birgə şəkli yadigar qalıb. Necə olub o şəkli çəkdiriblər, yadına gəlmir...

Rəhman ORXAN.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar