Xəbər lenti
Rəsmi̇yyə Sabir: "Elmdəki yorğunluğumu poeziya aradan qaldırır" - MÜSAHİBƏ

— Elm və poeziya aləmində hər iki sahəni bir arada yaşatmaq sizin ruhunuza hansı yeni qatlar gətirir? Gündəlik həyatınızda yaradıcı və elmi fəaliyyəti necə balanslaşdırırsınız?
— Mən hər zaman deyirəm ki, mən şair doğulmuşam, iqtisadçı olmuşam. İkisini bir arada yaşatmağın çətinliyi ilə bağlı mənə tez-tez suallar verirlər.
Düzü, poeziya və elmi bir arada yaşatmaq həm çətindir, həm də asan. Bildiyiniz kimi elm çətin sahədir. Yuxusuz gecələr, gərgin zəhmət tələb edir.
Ona görə asandır ki, elmdəki yorğunluğumu poeziya aradan qaldırır.
Çətindir ona görə ki, şeiri yazmaqla iş bitmir. Bu şeirlərin ölkə daxilində və xaricdə çap olunması, kitabların nəşri, beynəlxalq arenada ölkəni təmsil etmək və s. kimi məsələlər də var. Amma çalışıram ki, hər iki işin öhdəsindən layiqincə gəlim. Çünkü hər iki sahəni sevirəm və onlar mənim həyat tərzimdir.
Hər iki sahəni balanslaşdırmağa çalışıram və deyilənlərə görə (təvazökarlıqdan uzaq olsa da) hər ikisinin öhdəsindən uğurla gəlirəm.
Elm də, poeziya da insanı zənginləşdirir. Hər ikisi yaradıcılıqdır. Birindən yorulanda o birisi köməyimə çatır.
— Şeirlərinizdə qadın baxışı və incə duyğular var. Bu incəlikləri qorumaq üçün hansı daxili ritmləri və praktikaları izləyirsiniz?
— Bizim poeziyamız bizim iç dünyamızdır.
Doğrudur, yazar təkcə öz taleyini yazmır, eyni zamanda ətrafında, cəmiyyətdə baş verənləri iç dünyasından keçirərək poeziyaya çevirir.
Qadın olmaq, həm də duyğusal olmaq deməkdir.
Şairlik isə ikiqat duyğusallıqdır. Odur ki, bu duyğusallıq yaradıcılığımıza da hopur.
Adi insanları təsirləndirməyən şeylər biz yazarları kövrəldə bilər. Bir şeirimdə yazmışdım ki:
Ağlaraq varaqda sözün dərdinə,
Yanaram ocaqda közün dərdinə,
Bilinməz şairin axı, dərdi nə,
Mən xoşbəxt olmaqçün doğulmamışam.
Yəni, biz şairlər ocaqdakı közün dərdinə də, varaqdakı sözün dərdinə də yanan insanlarıq. Çalışıram ki, dünyanın pislikləri qəlbimdə iz salmasın. “Mənim həyatım” adlı şeirimdə deyirəm ki:
Dəyişdi ömrün fəsilləri…
Dəyişdi dünya…
Dəyişdi zaman…
Dəyişdi insanlar…
Ancaq
dəyişmədi
dünyaya,
zamana,
insana baxışım.
Mən bu ömrü
belə yaşadım, dostum.
Fikrimcə, ömür gözəl şeylərə sərf olunmalıdır. Hər zaman deyirəm ki, həyat mənfi şeylərə, paxıllığa, həsədə, nifrətə sərf olunacaq qədər uzun deyil.
Bir sözlə, daxilimdəki gözəlliklə bu incə ruhu qoruyub saxlaya bilirəm.
— Sosial məsuliyyət hissi sizi yaradıcılığa və elmi araşdırmalara necə ilhamlandırır?
— Söz yaratmağın özü də məsuliyyətdir. Mən hər zaman yaradıcılığımda bu məsuliyyəti hiss etmişəm.
O ki qaldı sosial məsuliyyətə, təbii ki, biz şair olmazdan əvvəl həm də vətəndaşıq.
Mənim üçün vətəndaş olmaq şairlikdən, alimlikdən öncə gəlir. Bu məsuliyyət mənim şeirlərimə də hopub.
Hər kitabımda Vətənlə bağlı ayrıca şeirlərim var.
Qarabağ işğalda olanda Vətən həsrətli şeirlər yazırdım, müharibə zamanı isə əsgərlərimizi ruhlandıran, zəfər ətirli şeirlər yazdım. Şuşa alınan gün “Vətən, gözün aydın” adlı şeirim çap olundu. Mən, Suriyadan qaçarkan dənizdə boğulan uşağa da şeir yazmışam.
Mən, Türkiyədə zəlzələ zamanı həlak olan insanlara da şeir həsr etmişəm.
Saharadan cənubdakı uşaqların aclığından bəhs edən şeirlərim də var. Şair zamanının güzgüsü olmalıdır. O ki, qaldı elmi araşdırmalarıma, bəlkə də bu sosial məsuliyyət hissindəndir ki, mən sosial-iqtisadi məsələlərin tədqiqatçısıyam.
Tədqiqatlarımda əhalinin gəlirlərinin artırılması, sosial müfafiənin gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması, sosial ədalətin təmin olunması, gəlir bərabərsizliyinin azaldılması kimi məsələlər üstünlük təşkil edir. Bir şeyi də qeyd edim ki, mən zövq aldığım işlə məşğul olan insanlardanam.
Nəylə məşğul olurumsa, onu sevə-sevə edirəm.
— Səyahət etdiyiniz ölkələrdə insanlarla və mədəniyyətlərlə qarşılıqlı təcrübələr sizin əsərlərinizə hansı yeni rəngləri qatıb?
— Hər bir səyahət insana nələrisə qazandırır, zənginləşdirir. Şair ətrafdan aldığı impulsların təsiri və öz daxili dünyasının səsiylə danışır.
Mən çoxsaylı ədəbiyyat tədbirlərində olmuşam, bir sıra ölkələrdə şeir festivallarında iştirak etmişəm, müxtəlif yaradıcı insanlarla, onların mədəniyyətləri ilə tanış olmuşam. Təbii ki, bu tanışlıqlar, müxtəlif mədəniyyətlərdən əxz etdiklərim yaradıcılığımda hər hansısa formada özünü göstərir. Lakin mənim yaradıcılığım daha çox millidir, ondan türkçülük ətri gəlir. Türkçülük mənim həyat fəlsəfəmdir.
— Gənc qadın alim və şairlər üçün ruhani və praktik tövsiyəniz nədir?
— Gənc qadın alimlərə tövsiyəm odur ki, bu yoldan heç yorulmasınlar. Elmi həyat tərzi edənlərdən olsunlar. Sevmədikləri halda elmlə məşğul olmasınlar.
Çünkü elm çətin və şərəfli yoldur. Gənc qadın şairlərə isə tövsiyəm odur ki, çoxlu mütaliə etsinlər.
Öz əsərlərini yerli və beynəlxalq platformalarda nəşr etdirsinlər. Ölkəmizi xaricdə layiqincə təmsil etsinlər.
— Milli-mənəvi dəyərlərimizi qorumaq və dünyaya çatdırmaq üçün yazı və tərcümə işlərinizdə hansı prinsipləri əsas götürürsünüz?
— Milli-mənəvi dəyərləri yaşatmaq kimliyindən asılı olmayaraq hər bir vətəndaşın borcudur.
Mən milli-mənəvi dəyərləri təkcə yaradıcılığımda deyil, həm də gündəlik həyatımda da yaşadıram. Dünya Gənc Türk Yazarlar Birliyinin bir layihəsi olan “Unudulmaqda olan milli-mənəvi dəyərlərimiz” adlı kitabın tərtibçisi də mən olmuşam.
Yaradıcılığımda isə ənənələrə bağlı biriyəm.
O ki, qaldı tərcümələrə. Tərcümədə keyfiyyət prinsipini əsas götürürəm.
İstər Azərbaycan ədəbiyyatını dünyaya tanıtdırarkən, istərsə də dünya (xüsusilə də Türk dünyası) ədəbiyyatından tərcümələr edərkən keyfiyyətli əsərlərə, əsl ədəbiyyat nümunələrinə üstünlük verirəm.
— Həyat fəlsəfənizdə xoşbəxtlik və balansı qorumağın xüsusi yolları varmı?
— Mənim üçün həyatda əbədi xoşbəxtlik anlayışı yoxdur.
Ancaq sənətdə özümü əbədi xoşbəxt sayıram. Türk dünyasnın məşhur yazarı, Azərbaycanın xalq şairi Sabir Rüxtəmxanlı mənim 2002-ci ildə nəşr olunan ilk kitabıma “Ədəbi xoşbəxtlik vəsiqəsi” adlı gözəl bir ön söz yazmışdı. Həyatda isə əbədi xoşbəxt olmaq çox çətindir, mən deyərdim ki, mümkünsüzdür. Çünkü bizim xoşbəxtliyimiz yalnız özümüzlə bağlı deyil. Zaman-zaman itirdiklərimiz olur. Bu müsahibəni verən günü mənim anamı itirməyimin 20-ci ilidir.
Mən necə əbədi xoşbəxt ola bilərəm?
Xoşbəxt olduğumuz bəzi anlarımız, saatlarımız, günlərimiz var.
Şairə ani xoşbəxt olmaq üçün çox şey lazım deyil.
Bir iltifat, deyilmiş bir xoş söz belə bizi ani olaraq xoşbəxt etməyə yetər.
Mənə elə gəlir ki, insana müəyyən yaşdan sonra rahatlıq daha vacib olur.
Ümumiyyətlə, daxilimdəki insanlıq sevgisi məni rahatladır.
— İnsan psixologiyası və emosiyaları əsərlərinizə necə təsir edir və onları necə izləyirsiniz?
— Tənqidçilərə görə, mənim şeirlərim dərin psixologizmlə seçilir.
Ümumiyyətlə, poeziya insan hisslərinin ən dərin qatlarına enməyi bacarmalıdır.
Poeziya insan psixologiyasının, emosiyalarının tərənnümüdür. İnsan psixologiyası və emosiyaları, əslində, yazarların yaradıcılığının “gizli drayveri”dir. Onlar həm mövzunun seçilməsinə, həm də üslubun formalaşmasına birbaşa təsir göstərir.
Bizim əsərlərimiz gündəlik həyatda insanların baxışlarını, danışıq tonunu, susqunluğunu, hətta kiçik destlərini izləməklə, başqalarının ağrısını və sevincini özününkü kimi hiss etməklə yaranır.
Yaşadığımız sevinc, itki, qorxu, ümid kimi hisslər yazıda yalnız təsvir kimi deyil, iç dünyamızın səsi, rəngi kimi əks olunur. Yaradıcılıq bəzən birbaşa deyil, simvol və metaforalardan istifadə etməklə, emosiyaları birbaşa təsvir etmək əvəzinə, onu təbiət təsvirləri, rənglər, səslər vasitəsilə çatdırır. Bəzən bir personajın nə deməsi deyil, nəyi deməməsi onun psixoloji halını daha yaxşı göstərir. Ümumiyyətlə isə, yaradıcılıqda əsas odur ki, sən nə qədər səmimisən? Səmimi oldunsa oxucu sənin yaradıcılığını qəbul edəcək, sənin yaratdığın əsərlərdə özünü tapa biləcək və sənin yaradıcılığını sevəcək.
— Elm və poeziyada tənqidi baxışla sevgi və rəğbət hissi arasında necə balans yaradırsınız?

Mən hər zaman deyirəm ki, cəmiyyətdəki mənfilikləri görüb tənqid etmək sevgidən irəli gəlir. Mirzə Cəlil və Mirzə Ələkbər Sabir öz xalqını ən çox sevən ədiblər olublar.
Lakin cəmiyyətdəki naqislikləri ən çox da onlar tənqid ediblər. Səbəbi öz millətində heç bir qüsur görməmək istəyi olub.
Mən də bu cür düşünənlərdənəm. Öz millətimi hər şeydən çox sevirəm və cəmiyyətimizdəki qüsurların aradan qaldırılmasını istəyirəm.
Odur ki, istər ədəbi, istərsə də elmi yaradıcılığımda tənqidə çox rast gələ bilərsiniz.
Çünkü daha yaxşı cəmiyyət arzusundayam.
— Gündəlik həyatınızda hansı kiçik ritual və ya adət yaradıcılıq və elmi fəaliyyət sizə enerji verir?
— Gündəlik həyatımda enerjini qızımdan alıram.
Hər sabah ilk olaraq qızımın gözlərinə baxıram.
Onun gözlərinə baxanda bütün çətinlikləri unuduram.
Qızım mənim yaşam səbəbim, həyat enerjimdir. “Bəzən həyat” mənim yaşantılarımı anladan ən gözəl şeirlərimdəndir.
Onun sonluğu belə bitir:
Bəzən həyat
üzərimə yeriyir.
Məni yandırıb-yaxır.
Narahat səbrim darıxır.
Nə yaxşı ki
dünyanın hər yerindən
Qızımın gözləri baxır...
Məncə bu sonluq hər şeyi aydın şəkildə ifadə edir.
Tanrı bütün balaları qorusun.
— Qlobal mədəniyyətlərarası dialoqda Azərbaycan ədəbiyyatının səsi necə qorunmalı və tanıdılmalıdır?
— Azərbaycan ədəbiyyatının səsini qlobal mədəniyyətlərarası dialoqda qorumaq və tanıtmaq üçün həm mədəni özünüdərk, həm də peşəkar təqdimat lazımdır.
Bu iş təkcə yazıçıların və şairlərin deyil, həm də tərcüməçilərin, nəşriyyatların, mədəniyyət qurumlarının və diasporun birgə məsuliyyətidir.
Mövzularımızda milli yaddaşı, folkloru, tarixi təcrübəni qorumalıyıq. Tərcümələrdə Azərbaycan dilinin poetik təfəkkürünü hiss etdirməliyik. Peşəkar tərcümələr olmalıdır. Beynəlxalq ədəbiyyat festivallarında iştirak zəruridir. Rəqəmsal ədəbiyyat platformalarında Azərbaycan müəlliflərinin əsərləri yer almalıdır. Xarici universitetlərin türkoloji, qafqazşünaslıq və ədəbiyyat dərslərində müasir Azərbaycan ədəbiyyatı nümunələri tədris olunmalıdır. Mədəniyyət attaşeləri, diaspor təşkilatları vasitəsilə ədəbiyyatımızı tanıdan layihələr (oxu gecələri, mühazirələr, sərgilər və s.) həyata keçirilməlidir. Müasir gənc auditoriya üçün şeirlər video-performans, podkast və animasiya formatında yayılmalıdır.
— Yaradıcı və elmi fəaliyyət sizin şəxsi həyatınıza, ailənizə və daxili ritmlərinizə hansı təsirləri göstərib?
— Yaradıcılıq, elmi fəaliyyət insana nələrisə verir, nələrisə alır. Xüsusilə elmi fəaliyyətə daha çox vaxt sərf edirəm. Axı elm dinamik bir prosesdir. Hər gün onunla məşğul olmasan, az zamanda geriləyəcəyini görəcəksən. Bəzən qızıma ayıracağım vaxtdan elmə ayırmalı oluram. Etiraf edim ki, bu məni incidir. Ancaq qızıma da başa salıram ki, sənin anan nail olduqlarını öz zəhməti sayəsində əldə edib. O, da artıq məni anlayacaq yaşdadır. Mən bütün həyatı boyu vicdanlı, dürüst olmağa üstünlük verdim. Yetişdirdiyim tələbələrimə, davamçılarıma da bunu öyrətməyə çalışdım.
Düşünürəm ki, şərəfli ömür yaşamışam.

Söhbətləşdi:
Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar