Xəbər lenti
Kamran Əsədov: “Azərbaycanın yeni ali təhsil müəssisələrinə ehtiyacı var”
Bu gün bir çox sahələrdə Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir.
Məlumdur ki, hazırda işğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulub. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin də təməli qoyulub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi olub. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməlidir.
Maraqlıdır, təhsilin keyfiyyətinin qaldırılması, Türkiyə-Azərbaycan gənclərinin daha sıx münasibətlərinin olması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı cebhe.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, qardaş Türkiyənin ali təhsil müəssisələri dünya reytinqində ilk minlikdə olan universitetlərdir:
“Yəni Türkiyədə bir neçə universitet var ki, bu və ya digər göstəricilərinə görə dünyada ciddi qəbul edilmiş universitetlərdəndir. Məsələn, Boğaziçi və Koç kimi universitetlər var ki, onları bitirmiş şəxslər, hətta İngiltərədə, Amerikada hər hansı imtahan vermədən işə girə bilərlər. Bu da həmin universitetlərdə tədrisin necə keyfiyyətli olduğunu göstərir. Hesab edirəm ki, Azərbaycanın da yeni ali təhsil müəssisələrinə ehtiyacı var. Təəssüf ki, Azərbaycanda hazırda dövlət, özəl və xüsusi xidmət universitetləri ilə birlikdə 50-dən çox ali təhsil müəssisəmiz var. Lakin biz beynəlxalq reytinqdə o qədər də ciddi qəbul edilən universitet imici formalaşdırmamışıq. Bunun əsas səbəbi ali təhsil müəssisələrimizin keyfiyyətli kadr hazırlamaması ilə yanaşı maddi-texniki bazasının zəif olması, eyni zamanda laboratoriya, yataqxana kimi resusların olmamasıdır. Bunlar birmənalı şəkildə prosesə təsir göstərir”.
Ekspert qeyd edib ki, işğaldan azad edilmiş tarixi torpaqlarımızda yaradılacaq universitetlər indiyə kimi ali təhsil sistemində olan boşluqları aradan qaldırmağa imkan verəcək:
“Hazırda Bakı şəhərində məkan, yer problemi var. Tələbə şəhərciyinin, eyni zamanda universitet kampusunun yaradılması o qədər də real deyil. Digər tərəfdən isə bunun üçün böyük vəsaitlər lazımdır. Lakin işğaldan azad edilmiş ərazilərin bərpası üçün Türkiyə nümunəsində universitet kampusları da olacaq. Çünki Türkiyənin 260-a yaxın universiteti var və demək olar ki, onların hər birinin kampusu var. Türkiyə universitetləri bizdəki kimi yalnız binadan ibarət deyil. Türkiyə universitetlərinin laboratoriyaları, yataqxanaları, təhsil alan tələbələrin yaşaması üçün bütün şərait var. Türkiyənin birbaşa, yaxından iştirakı ilə yaradılacaq universitetlər Azərbaycan təhsil sisteminin dünyaya inteqrasiyasına gətirib çıxaracaq. Azərbaycanın ali təhsil sistemi dünyada ciddi qəbul ediləcək.
Hesab edirəm ki, biz bundan sonra rəqəmsal, eyni zamanda “ağıllı universitet” layihələrinə keçməliyik, hansı ki, bu artıq Türkiyədə var. Eyni zamanda biz işğladan azad edilmiş ərazilərdə daha çox tədqiqat universitetlərini yaratmalıyıq. Düşünürəm ki, işğaldan azad edilmiş tarixi torpaqlarımızda universitet yaratmaq xatirinə universitet açmamalıyıq. Keyfiyyət əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən Türkiyənin yaxından iştirakı ilə yaradılacaq universitetlər daha çox gələcəyin ixtisaslı kadrların yetişdirilməsinə kömək olacaqdır. Eyni zamanda buraya xarici tələbələrin cəlb edilməsi üçün də imkanlar yaradılmalıdır.
Ümumiyyətlə, Türkiyə-Azərbaycan iş birliyinə böyük ümidlərim var. İnanıram ki, istər Azərbaycan ali təhsil sisteminin təkmilləşdirilməsində, istərsə də maddi-texniki bazasının təkmilləşdirilməsində Türkiyə nümunəsində Azərbaycan universitetləri dünya reytinqində irəliləyə biləcəklər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar