Xəbər lenti
Nazilə Gültacın "AİLƏ DƏ VƏTƏNDİR" povesti...
Nazilə Gültac
(İkinci hissə)
QİYMƏT
Peşə məktəbinə tank girib!!! Bu xəbər bir anda pəpə yeyəndən məmə deyənəcən hamını yığdı məktəbin həyətinə! Həyətdəki tankın lüləsi düz ikimərtəbəli məktəbə tuşlanmış, yan-yörədəki evlərdən gələn qışqırıq səsləri aləmi başına götürmüşdü. Üzünü-gözünü şülüm eləmiş bir qarı pəncərədən haray salmışdı:
- Ay qız, ermənilər!!! Ermənilər gəldi ey!!!
Yazıq tələbələr gördüklərindən təlaşa düşmüşdülər: yuxarı mərtəbədəkilər dəhlizə axışdı; aşağıdakılar arxa pəncərədən özlərini bayıra atdı; müəllimlər tələbələrin dalınca çıxdı. Birdən tankın lükü qalxdı və bir əsgər başını bayıra çıxardı. İkinci mərtəbədəki kabinetinin pəncərəsindən baxan peşə məktəbinin direktoru İsrafil müəllim əsgəri dərhal tanıdı.
Bu Mirinin oğlu, hamının “Yuska” çağırdığı Yusifiydi!
Günlərin bir günü heç kimə bir söz demədən könüllülərə qoşulub cəbhəyə gedəndə Yusif peşə məktəbinin son sinfində oxuyurdu. İndi üstündən aylar keçmiş, bir neçə gün qabaq əsgər yoldaşlarından biri Yusifə, -“İsrafil müəllim sənə “iki” yazıb, qalmısan sinifdə.”- xəbərini çatdırmışdı. Ona da bu sözü Yusiflə eyni sinifdə oxuyan qardaşı demişdi. Yolu kəndlərinin yanından keçən Yusif də qiymətini yazdırmaq üçün eləməyib tənbəllik tankı sürmüşdü düz peşə məktəbinə!
Məktəbin həyətindəki uşaqlardan biri tez xəbərə qaçdı ki, Miri əmi, nə durmusan, tez ol gəl, Yuska məktəbi dağıdır! Tankın lüləsini məktəbin qapısına tuşlayan Yusif bu vaxt var gücüylə qışqırıb, İsrafil müəllimi haylayırdı:
- Ayə, a müəllim, çıx bayıra, çıx deyirəm sənə, eşitmirsən bəyəm?! Niyə belə eləmisən?! Mənim qiymətimi niyə vermirsən?! Bizim qiymətimizi nə cəbhədə verən var, nə də burda!
` İsrafil müəllim yayxanıb oturduğu qara, meşin kreslosundan əsəbi halda qalxmaq istəsə də, sinəsindən tutan qəfil sancı onu təkrar aşağı çökməyə məcbur elədi. Əlləri əsə-əsə döş cibindən nitroqliserin çıxarıb, dilinin altına qoydu: - “Bu başdanxarabın bir ağsaqqalı, qarasaqqalı, böyüyü-kiçiyi yoxdumu?” - deyindi.
Bu vaxt özünü məktəbin həyətinə qaranəfəs yetirən Miri oğlunu tankın üstündə görüb, sevincindən qıyya çəkmədimi! Kişi təkrar-təkrar tankın üstünə, oğlunun yanına çıxmağa can atır, amma bacarmır, hər dəfəsində sürüşüb düşürdü aşağı:
- Ayə, a Yuska, bunu hardan öyrənmisən? Bu neçə ayda hardaydın? Səni axtaymaqdan əldən-dildən düşdük! Bu da traktor kimidi ki!
Axırı Yusif özü düşdü aşağı və ata-bala neçə ilin həsrətlisi kimi qucaqlaşıb görüşdülər. Kövrəlmiş Mirinin gözləri doldu, atasına baxıb Yusif də doluxsundu.
İsrafil müəllim polis çağırmaq istəsə də, Mirini görüb, fikrindən daşındı, uşaqlardan birini onun yanına göndərdi ki, get, de, direktor sizi çağırır.
Bunu eşidən Yusif bərk coşdu:
- Mən gəlmirəm! Dədə, bax, deyirəm sənə, get o İsrafil müəllimə de ki, mənim qiymətimi yazsın, yoxsa, axırı pis qurtarar!
Miri, - yaxşı, yaxşı, - deyə oğlunu birtəhər sakitləşdirəndən sonra tələsik özünü direktorun kabinetinə saldı, direktoru hirsli görüb, başladı dil-fel tökməyə:
-Məllim, qadan alım, uşaqdı, beyni qandı. Vətənin keşiyindəymiş.
-Ay Miri, oğlun neçə aydı ki, səssiz-səmirsiz itib. Cəbhədə olduğunu nə biləydim? İndi qoy getsin əsgərliyini çəksin. Qayıdıb gələr, cəbhədə olduğunu nəzərə alıb, qiymətini verərəm. Get, oğluna elə belə də de. Qoy, tankını da götürüb elə indicə getsin burdan! Bu dəqiqə hərbi komissarlıqdan, polis idarəsindən tökülüşüb gələcəklər.
Miri ayaqları bir-birinə dolaşa-dolaşa özünü bayıra atıb, bu dəfə direktorun ismarışını oğluna çatdırdı. Yusif ağzı köpüklənə-köpüklənə qışqırdı:
-Dədə, mənim başımı aldadır o! Get ona de ki, qiymətimi almayınca heç yerə gedən deyiləm!
Əlqərəz, yazıq Miri qalmışdı məktəblə tankın arasında. Bir neçə dəfə get-gəldən sonra direktor axırı kreslosundan birtəhər durub, gəldi taybatay açılmıış pəncərənin qabağına, hər əlini pəncərənin bir tayına söykək verib, xırıltılı səslə bəyan elədi:
-Ay Yusif, sənə söz verirəm, qiymətini özüm yazacam, amma tankını da götür bu dəqiqə get burdan!
Yusif özündənrazı halda tankı işə salıb, Mirini də dırmaşdırıb komandir qülləsinə, məktəbin həyətindən çıxdı. Tank nərildəyə-nərildəyə rayonun arasıyla irəlilədikcə, Miri komandir qülləsində şəstlə dayanıb, yoldan keçən, qapının ağzında duranları yuxarıdan aşağı süzür, “oğlumu görürsünüzmü!” - deyə ürəyində öyünürdü. Miri komandir qülləsindən oğluna sanki komanda verir, qışqırırdı ki, ay oğul, nə zaman qayıdacan evə?! Biy bizə deyəydin də gedəndə. Ananla mən yaman axtardıq səni. Biləndəki sağ-salamatsan, ürəyimiz yerinə gəldi. Yusif də geri baxmadan ötkəm-ötkəm qışqırırdı ki, dədə, görmürsən, azğın ermənilər burnumuzun dibindədir?! Qarabağda hücuma keçiblər! Özümə söz vermişəm, ta müharibə qurtaranacan, onları yerində oturdanacan tankımdan düşməyəcəm! Düşmən ana-bacılarımızı, qız-gəlinlərimizi əsir götürüb, torpaqlarımıza yiyələnib! Mən evdə necə rahat otura bilərəm?
Miri oğlunun hərbi geyiminə, gündən qaralmış boyun-boğazına, gümrah sir-sifətinə, mərdanə baxışına ifitxarla baxır, qürurdan ürəyi sinəsinə sığmır, nə deyəcəyini bilmirdi. Bircə onu dedi ki, ananla görüşəcənmi? Onu yolda düşürən Yusif, - anama de ki, məndən nigaran olmasın, düşməni tezliklə məhv edib qayıdacam - deyə tankı nərildədərək uzaqlaşdı. Miri onda hələ bilmirdi ki, bu, adi gediş deyil. Və bilmirdi ki, olacaqlar olacaq, oğlunun gündən qaralmış üzü, pırpız saçları, kişiyana, ötkəm səsi, tankın gurultusu ağrılı bir xatirəyə çevrilib, yaddaşında ömürlük qalacaq...
Oğlunun arxasınca xeyli baxıb kövrələn Mirinin ürəyindən keçdi ki, bəlkə, o da getsin komissarlığa, ərizə yazsın, könüllü cəbhəyə getsin, cəbhədə xarab olan texnikanı təmir eləməkdə əsgərlərə kömək olsun...
Günlərin birində vəziyyəti qəfil ağırlaşan İsrafil müəllimi xəstəxanaya götürdülər. Bir neçə gün reanimasiyada canı ilə əlləşən kişinin ürəyi ikinci infarkta dözmədi, axşama doğru keçindi, Yusifə qiymətlə bağlı ver- diyi sözü də özüylə apardı.
***
Nənəsinin yanında ərköyün, dəcəl böyümüşdü Yusif. Məktəbə çox az hallarda, həftədə bir- iki dəfə gəlirdi. Bir də gəlməyindən nə fayda? Gəlib aləmi qatırdı bir-birinə. Yazıq ingilis dili müəlliminə göz verib işıq vermir, dərs zamanı cürbəcür əcayib səslər çıxarır, ingilis sözlərinin qolunu- qabırğasını sındıra- sındıra höccələyirdi. Müəllim əlacsız qalıb, onu sinifdən çıxaranda da cibində gəzdirdiyi qaz ayağını pəncərəyə tutub, vətərini çəkir, qaz ayağı yay kimi yığılıb açılır, qəhqəhə səsi sinfi başına götürürdü. Müəllim hirslənir, nə baş verdiyini bilmək üçün pəncərəyə sarı baxır, Yusif tez aşağı əyilib, pəncərənin altında gizlənirdi ki, müəllim görməsin onu.
Yuska, bax, belə Yuska idi!
Amma nə qədər ərköyün, dəcəl olsa da, ürəyitəmiz, dostcanlıydı Yusif. Heç kimin xətrinə dəyməz, nənəsinin ondan ötrü qoyduğu yeməkləri sinif yoldaşlarıyla bölüşərdi.
Qonşularında bir qız vardı, çox kasıbıydılar. Anası ona bir səndəl almışdı. Qız təzə səndəllərinə baxıb sevinirdi. Bir gün uşaqlar yaxınlıqdakı arxda çimməyə getmişdilər. Necə oldusa, qızın ayağındakı səndəlin bir tayını su apardı. Qız bərkdən hönkürərək ağlamağa, bundan bir kar aşmayanda dəli kimi özünü arxa vurub, səndəlini axtarmağa başladı. O biri uşaqlar da ona baxıb, səndəl axtarışına çıxsalar da, bir şey tapılmadığını görüb, yavaş-yavaş dağılışdılar evlərinə. Qız isə inad göstərir, evlərinə ayağıyalın qayıtmaq istəmir, səndəlini axtarırdı.
Uşaqlardan təkcə Yusif onu tək qoymadı, özünü vurdu arxa, o yana üzdü, bu yana üzdü, axır ki, xeyli aralıdan səndəli tapıb, verdi qıza. Sevindiyindən ağlayan qızın onu necə qucaqlamasını Yusif heç vaxt unutmadı. İlk dəfəydi ki, onu qız qucaqlayırdı.
Bir gün dərsin ortasında Yusif qapını açıb, sinfə girmək istəyəndə məktəbə təzə gələn riyaziyyat müəllimi soruşdu ki, a bala, sən kimsən, nə axtarırsan burda? Sinif bir-birinə dəydi, uşaqlar uğunub getdilər. Sinif nümayəndəsi tez ayağa qalxıb dilləndi:
-Müəllim, bu, Yusifdir, bizim sinifdə oxuyur.
Müəllim kilkəbaş, üst-başı toz-torpaqlı oğlanı sinfə buraxmadı:
-Bir həftədir dərs başlayıb, sən hələ indi gəlib çıxırsan? Dərsə buraxılmırsan, get, sabah valideynini gətir. – dedi.
Yusif hirslə qapını çırpıb çıxdı. Müəllim sinif nümayəndəsinə dedi ki, xəbər elə, qoy onun valideyni sabah məktəbə gəlsin.
Səhərisi gün dərs yenicə başlamışdı. Qapının döyüldüyün eşidən müəllim, - gəlin ,- dedi. Şalın biri başında, o biri belində, keçə çəkmələr ayaqlarında, iri, sarı kəhraba boyunbağı boğazında bəstəboylu, dolu bədənli, yaşlı bir qadın girdi içəri. Sinfə pıqqapıq düşdü. Sinif nümayəndəsi tez ayağa qalxıb məlumat verdi:
- Müəllim, bu, Yusifin nənəsidi.
Arvadı başdan-ayağa süzən müəllim dilləndi:
-Bağışla, ay nənə, sənə əziyyət verdim, xoş gəlmisən. Nəvən Yusif niyə dərsə gəlmir, dərs oxumur, tüfeyli həyat keçirir?.
Arvad birdən dilləndi:
- Məllim, niyə heylə deyirsən? Yazıq balam gecələr yuxu üzünə həsrətdir. İkimizin də başımız haqqı, nə vaxt baxıram, kitab əlindən düşmür. Amma nolsun, məllimlərin gözü götürmür onu, gələn-gələn gözümçıxdıya salır. Pulu verirəm, elə tez sayır ki! Oxumursa, belə hesabı harda öyrənib? Hər səhər yedirib-içirdib, geyindirib-kecindirib, öz əlimlə dərsə yola salıram.
Riyaziyyat müəllimi sakit tərzdə dilləndi:
- Məncə, Yusif səni aldadır, ay nənə. Amma belə getsə, o həyatda heç bir sənət sahibi ola bilməyəcək.
Arvad qəfildən özündən çıxdı:
-Bıy, ay bala, niyə olmur ki? Olanların harası ondan artıqdır? Yəni o qədər ölü oldu, sənin kimi bir məllim də olmuyajax?
Uşaqlar qəşş elədilər, qıpqırmızı qızaran müəllim deməyə söz tapmadı. Arvad yanlarını yırğalaya-yırğalaya geri çevrilib, sərt hərəkətlə sinifdən çıxdı.
Səkkizinci sinfi güc- bəla bitirən Yusifi və onun kimi bir neçə nadinc şagirdi texniki peşə məktəbinə göndərdilər. Dəcəllərdən yaxasını qurtaran məktəb axır ki, rahat nəfəs aldı. Yusif peşə məktəbində traktorçuluğu öyrənirdi. Burda oxuduğu iki iliydi ki, günlərin birində məktəbi buraxıb, qoşuldu könüllülərə, getdi cəbhəyə. Onda xalqımızın ermənilər tərəfindən öz dədə-baba yurdlarından didərgin salındığı günləriydi. Ermənilər dinc sakinləri öldürür, əhaliyə vəhşilik dövrü adətlərini yada salan ağlasığmaz işgəncələr verir, divan tuturdular. Bir neçə rayon artıq boşaldılmış, minlərlə adam itkin düşmüş, qətlə yetirilmişdi. Qarabağda qanlı döyüşlər gedirdi.
***
Şüşələrinə qara pərdə çəkilmiş maşın yavaş-yavaş Qaratelin yaşadığı evə yaxınlaşırdı. Miri hadisəni dünəndən bilirdi. Onu hərbi Komissarlığa çağırıb, oğlunun şəhid
olduğunu bildirmişdilər. Eşitdiyi xəbərdən bəti- bənizi avazıyıb, özünü itirən kişi çox sarsılmış, birtəhər özünü ələ alıb, Kamilin yanına tələsmiş, başını onun çiyninə qoyub hönkürmüşdü. Eşitdiyi xəbərdən Kamilin də əhvalı pozulmuş, Miriyə təsəlli verməyə söz tapmamışdı. Kənd uşaqlarıyla birgə yol kənarında böyürtkən satan qıvrımsaç, mehriban baxışlı Yusifin xəyalı bir anlığa gözləri önündən gəlib keçmişdi. Ürəyini boşaldıb, toxtayan Miri Kamildən xahiş etmişdi ki, Yusifin nənəsi Zəhranı səhər tezdən gedib gətirsin.
Hərbi komissar başda olmaqla komissarlığın işçiləri, rayonun nüfuzlu adamları, Yusifin uşaqlıq dostları, sinif yoldaşları, oxuduğu orta məktəb və peşə məktəbinin müəllimləri, bir sözlə, tanıyan, tanımayan, eşidən-bilən uşaqlı-böyüklü maşının dalınca axışırdılar. Yusifin şəhid olmasından üç nəfərin xəbəri yoxuydu – nənəsi Zəhra, anası Qaratel və bacısı Təranənin...
Maşın qapıya çatıb ağır-ağır dayandı. Səsə-küyə darvazaya çıxan Qaratel dördgöz olmuş, çaşbaş qalmışdı. Onun böyüyüb hədəqəsindən çıxmış gözləri intizar qarışıq, həyəcan dolu bir suala dönmüşdü: “Nə baş verib?! Nolub, axı?!!” Əsgərlərin çiynində maşından endirilən, üçrəngli bayrağa bürünmüş tabutu və Mirinin yaşla dolu gözlərini görəndə ana hər şeyi bir andaca anladı! Anlamasıyla da ürəkləri dağlayan bir fəryad yayından ox kimi çıxdı:
-Yusiiif!!!
Kişili-qadınlı qonşular özündən gedib yerə yıxılan ananı bir təhər qaldırıb, üstünə nimdaş palaz sərilmiş taxta uzatdılar. Pakizə və bir neçə qonşu arvad üzünə su vurub, onu özünə gətirdilər. Huşu özünə gələn ana dərhal tabuta doğru can atdı. Arvadlar onun səndələdiyini görüb, hər iki tərəfdən qoluna girdilər. Şəhid anası tabuta sarılıb, tabutu başdan ayağa, ayaqdan başa duz kimi yaladı. Və qəfil başını qaldırıb
-Caaan bala! Anan ölsüüün!!! - deyə dəli bir fəryad qopardı. Bayaqdan susan qadınlar bunu gözləirmiş kimi səs-səsə ağlaşdılar və elə ağladılar ki, səsləri qəsəbənin bəlkə də nə uzaq evlərinəcən gedib çatdı.
Qaratelin gözü bir elə adamın içində dərddən daha da büzüşmüş, sir-sifəti daha da qaralmış Mirini aldı:
- Miri, hanı Yusif?! Hanı mənim balam?! Ver mənim balamı! Ver Yusifimi!
Elə bu vaxt təlaşla darvazadan içəri girən, bir ortalığa qoyulan tabutu, bir də yanıqlı-yanıqlı ağlayan Qarateli görüb, nə baş verdiyini anlayan Zəhra arvad qiyyə çəkərək özünü tabutun üstünə atdı, başından kələğayısını açıb, tabutun üstünə sərdi:
-Can, ay Yusif, şəhid balam!!!”- deyib alnını tabuta söykədi: - Məni bu yaşımda tək qoyub gedən balam! İndi başım ağrıyanda başımı kim ovuşduracaq, həmdərdim kim olacaq? Bu yaşlı canım, yaralı canına qurban, ay Yusif! Gözünüzün yaşına qurban olum, ay bacılar, ay analar, mən yandım siz də yanmayın. Toyunu görmədiyim balam vay! Boyunu doyunca sevmədiyim şəhidim laylay! Gözümdən uzaq düşən igidim haray!...
Bu vaxt Qaratel gözlənilmədən tabutun üstündəki bayrağı öpdü və başını qaldırıb bayaqdan fəryad qoparan o deyilmiş kimi sakit, hüznlü səslə dedi:
- Ağlama, ana! Yusifi sən vətən üçün böyütdün! Haqqını halal elə! Yusif ölməyib, şəhid olub! - dedi və bu sözlər bütün eşidənlərin damarlarında axan qanı dondurdu sanki!
Pakizə, - Allah, erməninin evini yıxsın! Balalarımızı əlimizdən alan erməninin! – deyə ağlar səslə hönkürdü.
Şəhidin cənazəsi üstündə çıxış etmək istəyən hərbi komissarlığın sədri nə edəcəyini bilməyib susurdu. O, gözləməyin mənasız olduğunu görüb, axır ki, sözə başladı. Yusifin Qarabağda igidliklə döyüşməsindən, düşmənin neçə-neçə tankı, topu, canlı qüvvəsini məhv etməsindən, mühasirədə olan dostlarını xilas edərkən qəhrəmancasına şəhid olmasından danışan komissarın səsi həyətdəkilərin başı üsündə şimşək kimi çaxdı:
-Şəhidlərimizin qanı yerdə qalmayacaq! Tezliklə Qarabağı düşmən tapdağından azad edəcəyik! Buna öz varlığım kimi inanıram! Siz də inanın! Bunu bizdən şəhidlərimizin ruhu tələb edir! Canını Vətən yolunda qurban verən şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq!!!
Azacıq yavaşıyan ağlaşma səsləri bu sözlərə bəndiymiş kimi yenidən zilə çıxdı.
Səslər içində cana üşütmə salan “Yusif! Yusif! Ay bala, hardasan?” harayı ayrıca səslənir, həyəti başına götürmüş hay-küydən qoparaq göylərə millənirdi. Bu, Qaratelin səsiydi. Hərdən xırıltılı bir kişi hönkürtüsü də qarışırdı şəhid anasının fəryadına. Hönkürən Miriydi!
Kişilər tabutu çiyinlərinə alıb, ağır addımlarla maşına sarı getdilər... Ağlamaqdan, dərddən Miri yumaq kimi olmuşdu. Uğursuz həyatı, acı günləri yaddaşından ildırım sürətilə gəlib keçirdi. “Oğul, sənə layiq ata ola bilmədim! Məni bağışla!” - deyə Miri için-için sızıldayır, yanıb-yaxılırdı. O, yaşadığı həyata, kasıbçılığına görə şəhid oğlunun cənazəsi önündə utanır, xəcalət çəkirdi. Yusif sanki qılınc kimi kəskin baxışlarıyla hardansa ona baxırdı.
Deyib-gülən, dəcəl, heç nədən qorxmayan, inadkar oğlunun həyatını göz önünə gətirirdi Miri. Amma balacalığını yada sala bilmədi. Necə yada salaydı? Axı, körpəlikdən nənəsi saxlamışdı onu. Qəfildən hönkür-hönkür, yana-yana ağlamağa başladı. Bayaqdan ağlayıb kirimiş kişinin belə qəfil hönkürtüsünə hamı dönüb ona baxdı.
Tabuta sarılmış bayrağı açıb, Miriyə verdilər. Birdən elə bil ki, möcüzə baş verdi. Oğlunun ətrini aldı ata! Bayraqdan Yusifin köynəyinin ətri gəlirdi! Üçrəngli bayraq oğlunun üstünə qan çilənmiş göylü, yaşıllı köynəyi idi! Bayrağı göz yaşları içində öpüb sinəsinə sıxdı!
Başını dik tutmuş şəhid atasının qəhərdən boğula-boğula az qala pıçıltıyla dediyi sözləri hamı eşitdi:
-Vətən sağ olsun!
SON
EPİLOQ ƏVƏZİ
Mirinin dünysı uçmuş, sanki altında qalmışdı. Hər şeyin rəngi dəyişmişdi gözündə. Oğlu Yusifin şəhid olması onun bütün varlığını alt üst etmişdi: “Ailə də vətəndir “ fikri hər gün çəkic kimi onun beynini döyəcləyirdi. “Təranənin uşaqlarıyla baş- başa qalan zavallı Qaratel kim bilir nələr yaşayır?”- düşüncəsi ona rahatlıq vermirdi. Mirini acı bir peşimançılıq hissi bürümüşdü.
Hava qaralmaq üzrəydi. Ala qapı həmişəki kimi arxadan bağlanmamışdı. Qapını yavaşca itələyib həyətə keçdi. Həyətdə bir səssizlik hökm sürürdü. Deyəsən, Təranənin uşaqlaı evdə yox idi. Getdiyindən bəri həyət – baca baxımsız hala düşmüşdü. Qonşu ilə aralarındakı çəpər də elə uçmuş vəziyyətdə dururdu. Içəridən Qaratelin həzin gümültüsü eşidilidi. Amma evin işığı yanmırdı. Miri sakitcə eyvana qalxdı, itələyib qapını açdı. Yarıqaranlıq otağın küncündəki taxtın üstündə dizini qucaqlayan Qaratel onu görən kimi içini çəkərək, kövrək səslə ağı deməyə başladı. Miri də çantasını yerə qoyub, evin o bir küncündə yerə çökərək hıçqırdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar