Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
26-12-2024
BÜTÜN XƏBƏRLƏR

Nazilə Gültacın "AİLƏ DƏ VƏTƏNDİR" povesti

Tarix: 23-01-2022 19:02     Baxış: 3269 A- / A+
                                           Nazilə Gültac

AİLƏ DƏ VƏTƏNDİR

(Povest)

Bir hissə

Deyirdilər ki, bir ilisi elat camaatı səbirsizliklə yazın gəlişini gözləyirmiş. Son günlər havanın qızdığını görən Gülzar arvadın da yaylağa köçməyə ürəyi atlanırmış. Axşam Məhərrəm evə gələndə Gülzar başlayır ki, a kişi, gəlsənə, biz də dağa qalxaq. Bax, havalar get-gedə istiləşir. Camaatın bəzisi köçməyə başalyıb.
Məhərrəm arvadına əyri-əyri baxır:
-Az, sən atanın goru, qoy oturaq oturduğumuz yerdə. Bir möhlət verək, yaz özünü göstərsin. Havanın belə olmasına allanma. Tələsib covğuna düşər, malı-heyvanı tələf eləyərik. Bir az gözləsək, yaxşıdır.
Gülzar bir söz deməsə də, sevinə-sevinə hazırlığına başlayır, daxmaya keçib, keçən yaydan üstünü bər-bərk bağladığı nehrəni, qab-qacağı, ocaq başındakı sacı, un çuvalını yığır bir yerə. Məhərrəm də arvadının qarasınca deyinə-deyinə dəyə üçün lazım olan çadırı, keçələri, payaları arabaya yükləyir. Günəşli bir gündə, axır ki, yığışıb yola düzəlirlər.
Yenicə yaylağa çatırlar ki, göy üzünü qara buludlar alır. Məhərrəm xeyli deyinir, bir təhər payaları yerə basdırıb, üstünü çadırla örtür. Dəyənin üstünü çadırla örtər-örtməz, şimşək çaxır, göy guruldayır, selləmə yağış düzü-dünyanı alır başına. Gülzar qorxusundan cınqırını da çıxarmır, tez yükü boşaldıb, yeri xalça-palazla döşəyir. Yorğunluqdan ölü kimi düşən Məhərrəm dərin bir yuxuya gedir, bayırdakı tufandan xəbəri olmur, bilmir ki, külək başının üstündəki çadırı nə vaxt aldı, hara apardı...
Kişi gecənin bir aləmi qəfil ayılıb, mat-məəttəl qalır, baxır ki, göy üzündə ulduz ulduzu çağırır. Bir anlığa anışdıra bilmir ki, bura haradır. Yanında xoruldayan arvadına bir dirsək vurur:
-Ağız, Gülzar, a tünbətünün qızı tünbətün, dur gör, hayandayam, çoldəyəmmi, içəridəyəmmi?
Qonşu dəyədə onun dediklərini eşidənlərin ağzında bu söz zərb-məsələ çevrilir, bir şey olanda, - “dur gör, içəridəyəmmi, çöldəyəmmi?” deyib gülüşürlər.
Məhərrəm kişi təəssübkeş, qorxmaz adamıydı. Harınlamış erməni dığaları yola getmir, onları sıxışdırırdılar. Bir dəfə dığalar bir azərbaycanlı gənci ölüncə döyüb, aradan çıxmışdılar. Məhərrəm kişi gecə yatmayıb, gündüz dincəlməyib, arayıb-axtarıb, o dığaları tapmış və layiqli cəzalarını vermişdi. Bundan sonra dığalar rayon mərkəzində onu görəndə özlərini yığışdırırdılar...
***
Hər nə qədər əmisi oğlu orda qalsa da Mirinin ürəyi atadanqalma evinə bağlıydı, vaxtaşırı ora-burasına əl gəzdirir, uçub dağılmağa qoymurdu. Əmisioğlu da sağ olsun, vaxtlı-vaxtında arxları daş-kəsəkdən, kol-kosdan təmizləyir, ağacları budayır, diblərini belləyir, bağ-bağatı suvarırdı. Bağçada hər şey göz oxşayırdı. Miri şəhər həyatından, hərdən də arvadın dığ-dığından bezəndə gəlib burda dincəlirdi.
Onu yuxudan xoruzun ilk banı oyatdı. Əsgərlikdən qalan vərdişlə yorğanı üstündən atmasıyla, qalxıb geyinməsi bir oldu. Azandan sonra mollanın mikrofondan gələn səsi ətrafa yayıldı: “Ay camaat, deməyin ki, demədilər, qaz pulu, işıq pulunu çalışın, vaxtında ödəyin. Yoxsa, qazınız, işığınız kəsilər, qalarsınız avara-sərgərdan!” Bayaqdan haqdan, ədalətdən dəm vuran, Allah bəndələrinə din-iman dərsi verən mollanın bu cür hədə-qorxusu Miriyə qəribə gəldi. Bu da son dövrün dəbiydi - kommunal borcların ödənilməsinin vacibliyi əhaliyə bu yolla çatdırılırdı.
Kəndin aşağısından axan çaya sarı yollandı. Qabağına çıxan adamların bəziləri ilə qısaca xoş-beş edir, hal-əhval tutur, bəziləri ilə eləcə salamlaşıb keçirdi. Çayın ürək açan şırıltısı, daşlara çırpılan suların səsi ona ləzzət eləyirdi. Çay, elə bil ki, kino lentiydi, durmadan axır, bütün uşaqlığı, yeniyetməliyi, ilk gəncliyini hardansa uzaqlardan çəkib gətirirdi: İsti yay günləri yoldaşları ilə çayda çimər, aylı-ulduzlu gecələrdə qoyunları çaya salıb yuyardılar... Keçən günə gün çatardımı? İndi o günləri geri qaytarmaq üçün nələrdən keçməzdi?!.
Qəfil şaqqıltıya fikirdən ayrılıb, sağa-sola boylandı - heç kim gözə dəymirdi. Əgər görən olmasa, indi nə soyunub çimərdi! Köynəyini çıxarıb, qurşaqdan yuxarı yuyundu, tez də qurulanıb geyindi. Əlini gözlərinə kölgə eləyib, yuxarıya - dağlara baxdı. Yenicə doğan günəşin şüaları qarlı zirvələrdə almaz kimi parlayırdı. Sonra başını dolandırıb, göz işlədikcə uzanan düzənliyə göz gəzdirdi. Gül-gülü çağırırdı. Ənginliklərdə süzən bir qartal hərdən qıy vurur, sanki göylərin keşiyini çəkirdi. Elə bil, qartal da düşmən qoxusu almışdı!
Novlu bulağın başında qız-gəlinlər su götürürdülər. Yavaş-yavaş bulaq başına gəlib, onlara salam verdi. Bulaq başındakılar onun arvadını, qızını soruşub, hal-əhval tutandan sonra suyla dolu sənəklərini çiyinlərinə alıb, vedrələrini, bidonlarını götürüb getdilər. Miri ovuclayıb, bulağın diş göynədən suyundan içdi. Doymadı, bir də, bir də içdi. Köksü qabardı, yavaş-yavaş evə sarı döndü...
Gözü Kamilgilin evinə sataşdı. Qardaşı arvadı həyəti süpürürdü. Dönüb öz evlərinə baxdı: “Başın batsın, a Miri, gül kimi evi satdın. Gedib onun-bunun qoltuğunda qaldığına, gəlib yaşamadın bu cənnətdə”, - düşündü, öz-özünü qınadı.
Birdən doqqazın yanındakı kötüyün üstündə oturub, qəlyanını tüstülədən Həsən kişini gördü. O, kəndin sayılıb-seçilən ağsaqqalıydı. Arvadını vaxtsız itirsə də, təzədən evlənməmişdi, tək yaşayırdı. Yaxşı ki, qonum-qonşu onu tək qoymur, gəlib evini yığışdırır, pal-paltarını yuyur, biş-düşünə baxırdılar.
Miri asta addımlarla qocaya yaxınlaşdı. Gözləri uzaqlara, keçmiş günlərə zillənən qoca sanki qəlyan tüstülətmir, dərd-qəmini, ağrı-acısını üfürüb özündən uzaqlaşdırırdı. O əyilib, kişinin yanında - kötüyün üstündə oturdu. Həsən kişi dönüb ona baxdı və gülümsədi:
- A Miri, oğul, sənsənmi, nə zaman gəlmisən? Qucaqlaşdılar.
-Dünən gəlmişəm, dayı.
-Hə, ay oğul, indi hamı şəhərə qaçır. Dövran dəyişib, a bala. Torpaqların çoxu qansız gavurun əlindədir. Sahib ola bilmirik özümüzün olanlara. Məsəl var, deyərlər, qoyunu köpəyə tapşır, qurd boğmasın. İndi bir zamana gəlib ki, qoyunu qurda tapşırırlar.
-Dayı, nədi, indi qurd qoyun yemir day?
Kişi qımışdı, dişsiz damağı titrədi, bir uşaq sadəlövlüyü çökdü üzünə.
Oğul, indi qurd da ot yeyir, qurdda qurdluq qalıb ki?
Miri ürəkdolusu güldü. Həsən kişinin baməzəliyini bilirdi.
Allah köməyimiz olsun, oğul. Düşmən torpağımıza yaman göz dikib. Budu ha irəliləyib-irəliləyib, gəlib durub qulağımızın dibində. Kənddə bir başıpapaqlı qalmayıb, boyu çıxan bir tikə çörək dalınca qaçır Urusetə. Heç kim özünü əziyyətə salmaq istəmir. Bəs, bu torpaqları kim əkib-becərəcək? Bəs, bu qız-gəlinin qiryətini kim çəkəcək, ay oğul?! Mən bu yaşımda əlimə silah götürüb, döyüşə getmək istəyirəm.
Həsən kişi qəhərlənib, əsasını yanıqlı-yanıqlı yerə döyəclədi. “Əkilib-becərilməyən torpağın qədrini bilən olmayacaq, ay oğul, bilən olmayacaq!” Kişinin gözlərində gilələnən yaş yanaqlarından sürüşüb, saqqalına hopdu.
Miri çox mütəəssir olmuşdu. Həsən kişiylə keçmişdən-keçəcəkdən danışdılar, bir xeyli dərdləşdilər...
Həsən kişidən ayrılanda oğlu Yusifi, bir parça çörək pulu qazanmaq üçün uzaq ellərə üz tutan qızı Təranəni düşündü, ürəyi sıxıldı. Gərək gedib bir Yusifə də baş çəksin. Yusifin ona qarşı soyqluğunun günahkarı Qarateli bilirdi. Təranənin də yanına getmək lazımıydı. Qızlar çətin vəziyyətdə olduqlarını, pullarını oğurlatdıqlarını ona bildirərək, kömək istəmişdilər.
***
Qırmızı Körpüyə çatan sərnişinlər avtobusdan tökülüşdülər. Miri də onlara qoşuldu. Pasportunu əlində elə sıxmışdı ki, eli bil, salıb itirəcəyindən ehtiyat edirdi. Gömrüyün qabağında bir basabas idi, gəl görəsən. Yükdaşıyanların hay-küyü ətrafı almışdı başına - müştəri üstündə qırğınıydı. Yaşlı bir qadının ağır çantalarını götürən cavan oğlan hamını itələyə-itələyə basırıqda özünə yol açır, - “səhərdən heç nə yeməmişəm, siftəmdi”- deyə qışqırırdı. Mirinin ona yazığı gəldi, çantanın bir ucundan tutdu ki, kömək eləsin. Oğlan kəskin hərəkətlə çantanı özünə tərəf çəkib Mirini itələdi. Onu özünə rəqib bildi. Miri özünü itirdi:- A bala, sənə kömək etmək istədim, - deyib kənara çəkildi. Ətrafdakılar yerbəyerdən dedilər ki, baş qoşma, xəstədir. Valideynləri ölüb, hamı yola verir onu. Oğlan başladı qabaqdakı yükdaşıyanı haylamağa: “A boyunu yerə soxum! Dədəm ölüb, ma yol ver.”
Camaat gülüşdü, Mirinin də pərtliyi keçdi. Axır ki, pasportunu möhürlədib, gömrükdən çıxdı. Gördükləri ona yuxu kimi gəlirdi: bir tərəfdə Qara dəniz, o biri tərəfdə sıldırım qayalar; göz işlədikcə uzanan yaşıl ormanlar... Buralar Mirinin çox xoşuna gəlmişdi.
Trabzonda avtobusdan düşən Mirinin gözləri qızları axtarırdı. Hələ gəlməmişdilər. Onları görməyəndə kefi pozuldu, yaxınlıqdakı boş bir skamyada oturdu. Sonra qalxıb, var-gəl eləməyə başladı, qorxdu ki, birdən gəlib onu görməzlər. Axır ki, qızlar göründülər. Onlarla qucaqlaşıb görüşdü, ağladı, darıxdığını dedi. Qızlar gülüşdü: “A kişi, ağlama, nə olub?” Onu sakitləşdirdilər.
Təranə dedi:
- Dədə, bu yaxında kafe var, gedək, orda yemək ye.
-Bəs, eviniz yoxdurmu? Harda qalırsınız?
Qızlar bir-birinin üzünə baxdı. Dədə, - qızı dilləndi,- biz qadınlar pansionatında qalırıq. Səni ora apara bilmərik. Kişiləri ora buraxmırlar.
Seva da onun sözünü təsdiqlədi. - Pulumuzu oğurladılar, yoxsa, səndən pul istəməzdik. Fabrikdə işləyirik. İnşallah, hər şey yoluna düşəcək.
Miri tez əlini cibinə saldı, dollara çevirdiyi pulları çıxarıb, Təranəyə verdi:
-Hələ ölməmişəm. Korluq çəkməyin.
Qızların gözləri işıqlandı. Yaxınlıqdakı kafelərin birində oturub qəlyanaltı elədilər, çay içdilər, ordan-burdan danışdılar. Sonra yaxınlıqdakı ucuz bir oteldə ona yer aldılar, Mirini öz odasına yerləşdirib getdilər.
Axşam Miri ha gözlədi, yanına gələn olmadı. Bir də səhərisi gəldilər ki, al, bu da sənin biletin, bu gün qayıt Bakıya. Miri dilləndi ki, heç olmasa bir-iki gün sizinlə qalardım. Yaman pərt olmuşdu yazıq kişi. Təranənin, - “bu dəfə patrondan izn ala bilmədim, amma söz verirəm ki, gələn dəfə səni doyunca gəzdirəcəm”, - sözləri sakitləşdirdi onu...
Türkiyəyə səyahətdən ona şişmiş ayaqlar, yol yorğunluğu və səbəbini dərindən dərk etmədiyi acı bir duyğu qaldı.
***
Mirinin işə gəldiyini eşidən Kamil qaraja girmək istəyirdi ki, kadrlar şöbəsinin müdiri Minayə ilə rastlaşdı. Bankdan pul götürmək üçün Miriyə arayışın verilməsinə Minayə kömək eləmişdi, demişdi ki, day neyliyim, Kamilin kəndçisisən, xahiş edib məndən, sözündən çıxa
bilmərəm. O vaxtdan Minayəni görməyən Kamil bu yaxşılığının əvəzində ona minnətdarlıq eləmək istəsə də, təəccübündən sözü ağzında qaldı. Saçını gündə bir rəngə salan, kosmetik dünyanın bütün rənglərini üz-gözünə yaxan Minayə möminə qadınlar kimi başını bağlamış, uzun ətək geyinmiş, öz aləmində dindar olmuşdu. Kamilin çaşdığını görüb, qımışdı:
- Nə olub, adə, tanımadın məni?
-Səni yanasan, qız, tanınmalın qalıb ki, tanıyam? Bu nə haldı, nə vaxtdan həcixanım olmusan? Boşanandan sonra keçmisən dindarlığa?
-Ha, ha, ha! - Minayə bərkdən güldü: - Adə, vaxtında məni bəyənmədin, indi də dolayırsan? Guya təzə ərə getdiyimdən xəbərin yoxdu? Birinci ərim alkaş idi, ikinci dindardı. Mən də onun yolunu tutmuşam.
Kamil qımışdı:
-Ta denən indən belə sənin ətəyində namaz qılmaq olar ki! Vallah yamanca şeysən!
- Şey nədi, adə? Öldürərəm səni valla, dilini dinc qoy, bildin?- bərkdən gülən Minayə qaş-gözünü süzdürüb, əndamını əsdirə-əsdirə öz otağına keçdi.
Kamil düşündü: “Ay gidi dünya, gör nə günlərə qaldıq? Dünən bu kim idi, bu gün kim olmaq istəyir?”
Minayə bir ara Kamili tovlayıb, ona getmək istəsə də, bundan bir şey çıxmadığını görüb, qaraja təzəcə işə düzələn Zakirlə min oyundan çıxmağa başlamış, təcrübəsiz oğlanın başını yeyib, ona qoşulub qaçmışdı...
Yük maşını sürən Zakir son vaxtlar hər axşam içdiyindən səhərlər işə gecikir, buna görə müdirdən tez-tez xəbərdarlıq alırdı. Müdirin sonuncu xəbərdarlığı da bir nəticə vermədi, işdən qovuldu bir gün. Sonra nələr olduğundan xəbəri olmadı Kamilin...
O, avtobusun motoruna baxan Mirini uzaqdan gördü. Taksini düz onun yanında saxlayıb, bərkdən siqnal verdi. Miri dik atılsa da, dədəsini görən uşaq kimi sevindi:
Ayə, Kamıl, səni xoş gördük ,- deyə ona tərəf yüyürdü. Əlinin mazutunu əskiyə bərk-bərk silib, onunla mehribancasına görüşdü.
Birlikdə gözətçi Kazımın yanına gəldilər. Kamil çox vaxt onun yanında təzədəm çay içib, yorğunluğunu alır, sonra evə yollanırdı.
- Ə, Miri, sən hələ burda qalırsan? – Kamil dilləndi.
- Çox sağ ol, sənin hesabına bankdan pul götürdüm, qızlara verdim, gəldim.
Ə, doğrudan, danış görək, Türkiyədə nə var, nə yox. Haraları gəzdin? Bəyəndinmi barı oraları? !”Arvadı “ niyə gətirmədin?-Kamil sualı-suala calayıb, axırda gözətçiyə göz vurdu.
Eh,qızların vəziyyəti ağırdı. Yığdıqları pulu oğur- layıblar. Ev almaq üçün yığırmışlar. Mən də elə vağzalı gördüm, ordan da qayıtdım, vaxtları olmadı gəzdirməyə. Amma gözəl yerlərdi. Inşallah, gələn dəfə gəzəcəm. - Kövrəldi. - Yadıma saldın, darıxdım onlar üçün.”
Gözətçi Kazım dilləndi:
Ay Kamil, bu bədbəxtin kirədə qalmağa gücü çatmır. Tanışdan-bilişdən birinin bağ evində bir sığınacaq olsa, pis olmazdı. Bir azdan soyuqlar düşəcək, Miri day maşınlarda yata bilməyəcək. Müdiriyyət də burda qalmağa çox icazə verməz. Bir təhər bir neçə günlüyə razılıq ala bilmişik.
Kamil başını qaşıyıb, - yaxşı, bir şey fikirləşərəm, düzələr- deyə fikrə getdi. Nə düşündüsə, qəfildən, –“Miri, maşına yaxşı baxarsan” – deyib, qapıya sarı getdi.
***
Səhər tezdən Kamil işə dostu Ramizlə gəldi. Ramiz ət kombinatı müdirinin şəxsi sürücüsü idi. Bu fərasətli, dilli-dilavər adamın xətrini hamı çox istəyirdi. Kimin nə xeyir işi olurdusa, ət məsələsi Ramizə baxırdı. Birdən Kamilin yadına Kazımın dünən dediyi söz düşdü:
- Ayə, Ramiz, sənin müdirin bağa bir adam tapdımı?
-Yox. Güvəniləsi elə bir adam yoxdur.
- Biri var.
- Sən canın kimdi?
Mirini göstərdi.
- Sən öl, bundan yaxşısını tapa bilməzsiniz. Allahın fağır bəndəsidi. Özünün də banka borcu var. Qızının badına gedib. Kirayə pulunu verəmmir, qarajda yatır.
Ramiz bir az duruxdu:
Ə, sən canın, yamaq adam deyil ki?
Səndə də sözlər var e, valla, qatı açılmamış. Yamaq? Bu nə sözdür?
Uşaq vaxtı anamız, nənəmiz paltarımıza nətəri yamaq vururdu, bax, həmin sözdür. Əlimizdən heç nə gəlməsə də, yamaq vurmağımız var. Asfalt dağılır, yamaq vururuq, suvaq uçulur, yamaq vururuq. Elə adam da var ki, sənin canına yamaq olur, ha istəsən də, qopmaq bilmir.
Kamil axır ki, onu danışdırmaqdan əl çəkdi:
-Ə, yox, valla, çox yazıq adamdı, sırtıqlığı-zadı yoxdu.
Yaxşı, deyərəm, müdir bu gün razı olsa, gələrsiniz.
Kamil ona bir yağlı “sağ ol” deyib ayrıldı, amma Miriyə bu barədə heç nə demədi. İş dağ olmamış söhbəti açmaq istəmir, -“yazıqdı, ümid eləyər, sonra iş düzəlməz, pis olar”- deyə düşünürdü.
Miri başqa bir ustanı da köməyə çağırıb, Kamilin maşınının motorunu düzəltmişdi. İndi də bir daşın üstündə oturub, siqaretini tüsdülədirdi. Günortadan keçmiş Ramizdən zəng gəldi ki, bəs, nə durmusunuz, geyinin-kecinin, gəlin. Kamil sevincək qaraja gəlib, Mirini yanına çağırdı: “Miri, sənə qalmağa bağ evi tapmışam. Gedək, ev sahibi səni görsün.”
Miri sevindiyindən bilmədi neynəsin.
-Ə, nə gözünü döyürsən? Təmiz bir paltar geyin, gedək.
Kamil, qadan alım, elə olan paltarım budu. - əynindəki üstü yağlı, mazutlu paltarı göstərdi. - Türkiyəyə də gedəndə dayıoğlunun paltarını borc almışdım.
Kamil əsəbiləşdi, birdən yadına düşdü ki, köhnə də olsa, tər-təmiz bir kostyumu var evdə, şifonerdə havayı yer tutur, ha istəyir, atsın, ya versin birinə, yadından çıxır. Demək, qismət Mirinin imiş. Amma o, Miridən iki-üç ölçü böyük geyinərdi. “İndi durub ona təzə kostyum almalı deyiləm ki? Getsin papağını göyə atsın ki, hələ bunu verirəm”, - deyə düşündü. Maşını işə salıb, qarajdan çıxmasıyla geri qayıtması bir oldu. Köhnə də olsa, təmiz, ütülü kostyumu ağ sellafon torbadan çıxarıb, Miriyə uzatdı:
Al geyin bunu, gedək. Tez ol bir az.
Miri sevincək paltarı götürüb, dalda bir yerdə geyinməyə getdi...
Yarım saat sonra artıq bibioğlunun müdirinin kabinetindəydilər. Müdir deyilən Kərimovun görünüşü vəzifəsinə yaraşırdı – iri cüssəli, hündür, zəhmli bir adamıydı. Mal-qara bazarındaymış kimi Mirini başdan-ayağa, ayaqdan-başa bir neçə dəfə süzdü. Gələcək işçisinin ölçüsündən bir az böyük pencəkdəki arıq cüssəsi diqqətini çəksə də, adəti xilafına nəsə bir söz demədi. Ramizə dedi ki, gəl, bizi bağa apar.
Bağ evi rayon mərkəzinin kənarında, gözdən-qulaqdan uzaq bir yerdəydi. Sarı daş üzlük çəkilmiş, üstü qırmızı kirəmitli, üçmərtəbəli ev yamyaşıl qazon döşənmiş həyət-bacaya xüsusi yaraşıq verir, həyətin ortasındakı çarhovuzdan havaya sərinlik yayılırdı. Kərimov darvazanın böyründəki kiçik tikilini göstərib, - “sən burda qalacaqsan”, - dedi. Həyətin bir küncündə iri, qara köpək bayaqdan onları görüb, yerlə-göylə əlləşir, dişlərini şaqqıldadıb mırıldayır, zəncirini yerindən qoparmaq istəyirmiş kimi irəli-geri dartınırdı. Deyəsən, sahibinin yanınca gələn təzə adamları gözü almamışdı. Kərimov “Ramzes! Sakit ol”, - deyə ağ, toppuş əlləriylə itin başını tumarlayıb, təzə işçiyə ilk tapşırığını verdi:
Sənin əsas işin Ramzesə vaxtlı-vaxtında yemək vermək olacaq. Hər gün onun yeməyini göndərəcəm. Ağaclara qulluq sənlik deyil. Bağın bağbanı var, o özü gəlib baxır. Bir də evdən göz-qulaq olacaqsan. Özüm də tez- tez gələcəm. Gəl şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq. Əgər nəsə o yan-bu yanlıq bir hərəkətin olsa, həmin gün işdən azadsan. Anladınmı?
Bəli, bəli! – deyə Miri özü də fərqinə varmadan rəsmi danışıq ədasına keçdi. - Bəs, bəs... – yadına nəsə düşsə də, sözünün dalını gətirməyə cürət eləmədi.
Kərimov bu pencəyi özündən yekə, gözlərindən mütilik yağan kişinin verəcəyi sualı Ramzesin özünün belə qibtə edəcəyi cəldliklə göydəcə tutdu və cavabını anındaca verdi:
Maaş-filan olmayacaq! Burda havayı qalacaqsan, bu da olacaq sənə maaş! Oldumu?
Bəli! Bəli! – deyə başqa söz tapmayan Miri özündən asılı olmadan yenə də rəsmi tərzdə dilləndi.
Kamilgil geri qayıtdılar, Miri qaldı bağda. Onsuz da gətirəcək bir şeyi yox idi. Təzə iş yerində isə lazım olan hər şey varıydı.
***
Günlər keçirdi. Bağ evində qalandan Miri Kazımın yanına gah kiloyla ət, gah mal dili, gah da yağlı qabırğalar gətirməyə başlamışdı. Nə gətirirdisə, Kazım tərtəmiz yuyub, siyirmənin gözündə saxladığı şirəli qazanda pörtlədir, duzunu, istiotunu vurur, bəhbəhnən yeyirdilər. Mirinin üzündəki qırışlar günü-gündən yoxa çıxırdı. Axşamlar Kamil kəndçisini daha görmür, Miri işini bitirər-bitirməz bağa gedirdi.
Amma bu xoşbəxtliyin ömrü vur-tut üç ay çəkdi. Hər həftəsonu bağa dincəlməyə gələn Kərimov itin arıqladığını, əvvəlki kimi bərkdən hürmədiyini görüb narahat oldu. Min fikrə düşsə də, ürəyinə damdı ki, hər nə kələkdisə, bu işdə Mirinin barmağı var. Amma çay gəlməmiş çırmanmayıb, işin axırını gözlədi. Bu minvalla daha on gün keçdi. Yox, yanılmamışdı, burda nəsə bir iş varıydı – Ramzes günü-gündən geri gedirdi.
Kərimov bir gün bağa baytarla gəldi. Baytar itin rəng-ruhuna baxıb, - “it aclıqdan bu hala düşüb”, - dedi və narazılıqla başını buladı. Kərimov Miriyə elə tərs-tərs baxdı ki, yazığın qorxudan, həyəcandan rəngi kağız kimi ağardı, dili dolaşa-dolaşa özünü təmizə çıxarmaq istədi:
Vallah, siz nə göndərirsinizsə, onu da verirəm.
Müdir onun ətə-qana gəlmiş sifətinə hirslə baxaraq, elə qışqırdı ki, daş hasarın qırağında sıralanmış sərv ağaclarına qonan quşlar “pırr” eləyib hamısı birdən havaya qalxdı.
-Nadürüst oğlu, nadürüst, olmaya itin payını özün yeyirsən?! Pədd ol burdan, gözüm bir də səni görməsin!!!
Miri nəsə demək istəsə də, səsi çıxmadı, elə bil, yediyi tikələrin sür-sümüyü boğazına ilişmişdi. Suyu süzülə-süzülə qaldığı otağa keçib, əşyalarını çantaya yığdı, kövrəlmiş halda darvazadan çıxdı. Torpaq yolda maşın gözləməyə səbri çatmadı, elə payi-piyadaca şəhər deyib, düşdü yolun ağına...
Bu xəbər iş yerinə ildırım sürətilə yayıldı. Gözətçi Kazım az qalırdı Mirini tutub boğa, kimi görürdü, şikayət eləyirdi ondan: - Bu məni də özünə ortaq elədi. Nə bilim ə, deyirdi ki, əti müdir özü verir, mən də gətirirəm.
Qərəz, ət-it məsələsi uzun müddət gündəmdən düşmədi...
Hamı gülüb kirimiş, olan elə Miriyə olmuşdu. Yenə fikir eləyir, qalacaq bir yer arayıb-axtarırdı. Ümidi yenə də Kamilə idi. Nə qədər olmasa da, kəndçiydilər, axı. Ətini yesə də, sümüyünü atmazdı. Bir də Kamil onunla zarafatlaşsa da, ürəyi yuxaydı. Amma tərs kimi o da neçə günüydü ki, gözə dəymirdi. Deyirdilər, rayona yasa gedib.
Axır ki, Kamil gəlib çıxdı. Miri özünü tez onun yanına verib, əl tutdu, nətərsən, necəsən elədi. Gözətçinin “Rəhmətə gedən kimiydi? sualına bəndiymiş kimi Kamil özünün təzə lətifəsinə başladı:
Əsl adı Oqtay idi rəhmətliyin. Amma özün bilirsən ki, biz tərəfdə ayamasız adam yoxdur. Deyirlər, təyinat üzrə dərsə başlayan Oqtay müəllimə xəbərdarlıq edirlər ki, bu rayonda bir kişi var, çalış onun dilinə düşmə. Əgər düşdünsə, qanın getdi. Hərəyə bir ayama qoşur, sənə də birini qoşacaq. Oqtay müəllim çox düşünüb-daşınandan sonra bu qərara gəlir ki, o kişini bir gün qonaq çağırsın, onunla dost olsun ki, ona ayama qoşmasın.
Düşündüyü kimi də eləyir - günlərin bir günü bir neçə ağsaqqalla birlikdə ayamaqoşan kişini qonaq çağırır. Yeyib-içib doyandan sonra kişi qayıdır ki, - “ay müəllim, sən çox mərifətli məllimsən.” O gün, bu gün, Oqtay müəllim dönüb olur Mərifət müəllim.
Ürəkdən gülüşdülər. “Ay səni, maraqlı əhvalatdı” gözətçi dilləndi. Mərifət müəllimə Allahdan rəhmət dilədilər.
Nə qədər gülsə də, Mirinin kefsizliyi üzündən bilinirdi. Günahkar adamlar kimi boynunu burub durmuşdu. Onun fağır görkəmi Kamili qıcıqlandırdı:
- Ayə, indi sənnən neyniyək? Yenə qalmağa yer tapaq? Yenə bir iş çıxarasan? Hə?!
- Müvəqqəti yer, başına dönüm, qızlar gəlib, ev alacaqlar.
- Yaxşı, balıq bilməsə də, xalıq biləcək, bir şey fikirləşərik, - deyə Kamil qalxdı ayağa.
Bir gün Kamil gəldi ki, - ə, bəs, sənə kənddən bir arvad tapmışam. Sən öl, arvad, nə arvad! Qoça gələn yağlı qoyun kimidir! Malı, pulu da ki başından aşır. Dəstəynən ördəyi-qazı, sürüynən qoyunu. Bağ-bostanı tığ verir. Get bir ucundan tut, ye. İş yoldaşları doyunca gülüşdülər. Miri daş atıb başını tutdu:
- Mənim arvadım var!
Axır ki, güc-bəla ona ucqar bağların birində sığınacaq tapdılar...
Bir gün eşitdilər ki, Miri işə gəlmir, gecə-gündüz oturub ağlayır. Sən demə, Təranə atasının iş yerinə zəng edib, hal-əhval tutub. Miri soruşanda ki, nə vaxt gəlirsiz bura, Seva necədir? Qızı qayıdıb ki, mən tezliklə gəlirəm, amma Seva qalası oldu, çünki bir nəfər var, onunla ailə qurmaq istəyir. Miri bu xəbərdən çox sarsılmışdı.
Kamilin təklifi ilə sürücülərdən bir neçəsi yığışıb, onun qaldığı yerə getdilər. Heç bu qədərini gözləmirdilər. Kişi sızım-sızım sızıldayır, yana-yana ağlayırdı.
-Özümü öldürəcəm.
Kamil ona yaxınlaşıb danladı:
- Ə, sən dəlisən, nəsən, bəs, görmürsən ki, o sənin tayın deyil? O qız heç vaxt sənə gəlməz.( Seva məsələsində həqiqəti bilirdilər.) Qulaq asmadın mənə, o boyda pulu boş yerə yedirtdin ona! İndi al payını, çağır dayını! Bu ağıl ki, səndədi, nə olur, haqq olur sənə. İndi də deyirsən özümü öldürəcəm! Ay Allahın mağmın bəndəsi, o kef çəkir, sən niyə özünü öldürürsən?
- Siz hardan biləsiniz məhəbbət nədir? - deyib Miri qəfildən hönkürdü.
Miri özü də bilmədən Sevdaya aşiq olmuşdu. Elə bil zalımın balasının gözlərində ömrü boyu göllənmiş çayın qabağı açılmışdı. Hönkürüb ağlayır, ağlayıb hönkürürdü. Əlləriylə üzünü örtən Miriyə hamı elə heyrətlə baxırdı ki, guya illərlə bir yerdə işlədikləri, zarafatlaşdıqları adamı birinci dəfəydi görürdülər.

(Davamı var)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar