Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

İlk poetik addımlarımı Gəncədə atmışam - İSMAYIL MƏRCANLI İMANZADƏ

Tarix: 24-10-2021 20:14     Baxış: 3586 A- / A+
      İSMAYIL MƏRCANLI İMANZADƏ

Orta məktəbin yuxarı siniflərində oxuduğum illərdə bəzən ürəyimin diqtəsiylə xəlvətə çəkilib, öz aləmimdə şeir hesab etdiyim cızmaqaralar etmiş, hərdən də bədahətən bir-iki bəndlik deyimlərimlə ən azından tay-tuşlarımı mat qoymağı bacarmışam. Gəncə (Kirovabad) Pedaqoji İnstitutuna qəbul olunandan sonra birinci kursun ikinci yarısından etibarən həm ali məktəbin ədəbi məclisində (məclisin rəhbəri Əhməd Əhmədov adlı bir müəllim idi), həm də o vaxtkı Azərbaycan Yazıçılar İttifaqının Gəncə (Kirovabad) filialında keçirilən məşğələlərə qatılmışam.
Filiala gedib çıxmağımın qəribə tarixçəsi var. Birinci kursda bizim qrupun ədəbiyyatdan seminar dərslərini Göyərçin Bağırova adlı cavan bir xanım aparırdı. O vaxtlar mənim on yeddi, onun isə uzaqbaşı 25-26 yaşı olardı. Cavan olmasına baxmayaraq, savadlı, tələbkar, ötkəm və çox hazırcavab, bir az da zarafatcıl xanım idi. Mənim institutun ədəbi məclisində iştirak etməyim və onun dərslərində suallara dolğun cavab verməyim çox xoşuna gəlirdi. Feval ayının əvvəlləri idi. Tənəffüs vaxtı dəhlizdə mənim yanımdan ötəndə ani olaraq ayaq saxlayıb, kiminsə eşidə bilməyəcəyi tərzdə dedi: “İsmayıl, dərslər qurtaranda məni aşağıda gözlə, səni bir yerə aparacağam!”.
Dediyi kimi etdim, gəlib çıxan kimi qoluma girib şəhər partiya komitəsinin və digər idarələrin yerləşdiyi binaya tərəf üz tutdu. Həmin binaya ilk dəfə idi ki, ayaq basırdım. Səhv etmirəmsə, binanın ikinci qatına qalxıb sol tərəfə döndük. Dəhlizlə bir az gedəndən sonra, üzərində “Azərbaycan Yazıçılar İttifaqının Kirovabad filialı” sözləri yazılmış iri bir otağa keçdik. Yazı masası arxasında oturan zərif vücudlu, bəstə boylu, sarıyanız bir qadın ayağa qalxıb onunla öpüşüb görüşdü. Göyərçin xanım elə ayaq üstəcə dedi: “Fəridə, bu oğlan mənim tələbəmdir, ona ürəkdən vurulmuşam, özümlə gətirmişəm ki, baxıb bəyənsən nişanlanaq! Ayaq üstə elə bil quruyub qalmışdım, utandığımdan sifətim pörtmüş, dodaqlarım titrəyir, sağa-sola çevrilib, elə bil başımı gizləyməyə yer axtarırdım. Əvvəlcə Fəridə xanım dilləndi: “Ay qız, yenə də zarafatından qalmırsan haa, uşağı utandırma, görürsən, yazıq nə haldadır! De, görüm bu utancaq oğlanı buraya niyə dətirmisən?!”
-Fəridə, zarafat edirəm, bu oğlan, mənim sevimli tələbələrimdən biridir, yaxşı oxumaqla yanaşı, şeir də yazır, institutdakı ədəbi dərnəyin də üzvüdür. Elə bilirəm bu işə ciddi yanaşıb, zəhmət çəksə gələcəkdə yaxşı bir şair ola biləcək. İstəyirsən bir-iki şeirini oxusun, özün fikrini bildir...
- Allah sənə insaf versin, ay Göyərçin, uşaqda qoydun ki, şeir deyəsi hal qala?! Görmürsən hələ də utandığından başını yuxarıya qaldıra bilmir! Sonra mənə tərəf dönüb-Göyərçin bacım sənin istedadlı olduğunu deyirsə, deməli bunu bilib deyir. Bizdə hər bazar günü yazarlarımız bu otağa toplaşırlar. Sən də heç kimdən utanıb,
çəkinmə, görsəm ki, ədəbiyyata ötəri həvəslə yox, qəlbinin hökmüylə gəlmisən və bizim etimadımızı doğrultmağa çalışırsan, sənə gücüm çatdığı qədər kömək edəcəyəm. İndi ayrı sözün yoxsa gedə bilərsiniz. Mən Göyərçinlə bir az söhbətləşəcəyəm...
Mənim fliala gedişim çox faydalı oldu. Demək olar ki, yay ayları istisna olmaqla bütün vaxtlarda keçirilən ədəbi disputlarda iştirak etdim. Məndən yaşlı və təcrübəli qələm sahibləri olan Qərib Mehdiyev, Bahadur Abdullayev, Rübail, Minayə Piriyeva, Zahid Xəlilovla... sonrakı vaxtlarda isə Xəzangül Hüseynova, Aləmzər Əlizadə, Aydın Murovdağlı, Alim Məmmədov, Ümbülbanunun filiala gəlişlərinin şahidi oldum...
Filialın xəttiylə yerli radioda şeirlərimi oxudum, bir neçə dəfə keçirilən ədəbi müsabiqələrə qatıldım, “Kirovabad kommunisti” qəzetində iki şeirim dərc olundu. (Həmin şeirlər o vaxtlar “Bakincki raboçi” qəzetinin əməkdaşı, keçmiş məşhur diplomat kəmkəndlim Qaryağdı Həsənovun tapşırığı ilə dərc edilmişdi) Poeziya gecələrində mən də şeirlərimi oxudum. 1964-cü ilin iyun ayında isə “Ədəbiyyat və incəsənət” qəzetinin bütöv bir səhifəsində filial üzvlərinin bir neçəsinin əsərləri ilə yanaşı mənim “Söyüd” adlı şeirim də işıq üzü gördü. (Sonradan bildim ki, səhifədə gedən yazıları o vaxt şəhərə ezamiyyətə gələn qəzetin məsul katibi Əlfi Qasımova Fəridə xanımın özü təqdim edibmiş).
“Söyüd” mənim mərkəzi mətbuatda dərc olunan ilk şeirim idi. Uzun illərdən sonra Fəridə xanımla sonuncu dəfə 2004-cü ildə yazıçıların XI qurultayında görüşə bildim. Həmin vaxt Məmməd Alimdən Fəridə xanımın da qurultay nümayəndəsi olduğunu eşidən kimi, ömrünün ixtiyar çağlarını yaşayan şairəni tapıb əllərindən öpdüm. Məni tanıdı və dedi: “İsmayıl sən gəncəli yazarların yaddaşında “Şimşək” şeirinlə qaldın, həmin şeir sənə sonrakı addımlarını atmağında da çox kömək etdi! Səni həmişə iftixar hissiylə xatırlayıram, axı sən bizim Gəncənin, bir vaxtlar rəhbərlik etdiyim filialın yetirməsisən. (Elə bu məqamdaca deyim ki, institutu bitirəndən sonra Göyərçin xanım Bağırova ilə heç vaxt görüşə bilmədiyim üçün özümü hələ də qınayıram...
Bəs, uzun illər boyu həm o vaxtkı sənət adamlarının, həm də çoxsaylı oxucuların arasında populyarlıq qazanan və dillərdən düşməyən “Şimşək” adlı şeirimin savabını kimlərə aid edirəm?..
...1964-cü ilin oktyabr ayında şair İlyas Tapdıqla “Alimlər evində” görüş keçirilirdi. Həmin sazlı-sözlü gecədə (Tanınmış aşıq Hüseyn Xaloğlu da tədbirdə idi) Rübail, Minayə Piriyeva və mən də şeirlərimizi oxuduq. Mən aşağı düşəndə İlyas müəllim dedi ki: “İsmayıl “Şimşək” şeirini köçürüb axırda mənə çatdırarsan. Şairin dediyi kimi də etdim...
Tələbəlik illərimdə “Azərbaycan” jurnalının mart 1965-ci ildəki 3-cü sayında dərc olunan “Şimşək” mərkəzi mətbuatda işıq üzü görən 2-ci şeirim idi. Sonradan
öyrəndim ki, İlyas müəllim həmin şeirin özünü və sorağını o vaxtlar Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edən rəhmətlik Mehdi Hüseynə çatdırıb. Mehdi müəllim şeiri bəyənib və jurnalda dərc edilməsini məsləhət bilib. (Həmin vaxtlarda çox nadir hallarda gənc yazarların əsərləri “Azərbaycan” jurnalına yol tapa bilirdi...)
...1966-cı ilin yanvarında kəndimizdə olanda Qərib Mehdidən bir məktub gəldi. Fəxarət hissiylə yazırdı ki, Azərbaycan Yazıçılarının 1965-ci il dekabr ayının 23-25-də keçirilən IV qurultayında “Poeziyamız haqqında” məruzə ilə çıxış edən akademik Məmməd Arif Dadaşzadə bir məqamda sənin “Şimşək” adlı şeirini əzbərdən söyləyəndən sonra dedi: “Bu şeirin müəllifinin imzası ilə ilk dəfə tanış olsam da, hesab edirəm ki o, sənət aləmində ilk addımını atan ədəbi gəncliyin istedadlı üzvlərindən biridir. İsmayılın bu yığcam-lakonik şeiri sözün əsl mənasında ən gözəl poetik tapıntı, hətta mübaliğəsiz olaraq desəm, ədəbi kəşvdir. Mənə deyiblər ki, o Kirovabad şəhərindəki pedaqoji institutun tələbəsidir. İnanmaq istərdim ki, bu cavan oğlan gələcəkdə bir-birindən gözəl şeirlər yazmaqla, ona bəslənilən etimadımızı doğruldacaqdır... “
Yeri gəlmişkən, Qərib müəllim məktubunda qurultayda gəncəli yazarları filialın rəhbəri Fəridə Əliyarbəyli, Bahadur Fərman və o özü təmsil edirmiş. Bu ilin mart ayında Qərib müəllimə zəng edib, 56 il qabaq mənə yazdığı məktubdan söz açanda, o həmin əlamətdar hadisənin şahidi olduğunu bir daha xatırladı...
Sonrakı vaxtlarda mənim ədəbi aləmə gəlişimi xeyli asanlaşdıran bu şeir (Bakıda redaksiyalara yolum düşəndə imzamı görən kimi “Şimşək”şeirimi xatırlayır və mənim yeni yazdıqlarım asanlıqla qəbul edilib qəzet və yurnallarda yer alırdı) Şeir 1967-ci ildə “Gənclik” nəşriyyatının çap etdiyi “Gənc qələmlər” almanaxında da dərc olundu. Ünlü şairimiz Məmməd İsmayıl Azərbaycan televiziyasının gənlik redaksiyasında baş redaktoru olduğu vaxt şeirin əsasında çəkilmiş klip bir neçə dəfə nümayiş etdirildi...
Feysbukdakı dostlarımı intizarda saxlamaq istəmədiyimdən ədəbi taleyimdə önəmli rola sahib olan həmin şeiri diqqərinizə çatdırıram:

Göy gurlayır, buludların
Göz yaşımı axır yerə?
Şimşək çaxır, elə bil ki,
Göylər dözə bilməyərək
Bir gecəlik ayrılğa
Kibrit çəkib baxır yerə.


P.S. Cəncə və gəncəlilər mənimçün həmişə əziz olub və əziz olaraq da qalmaqdadır. Gəncliyimin ilk illəri, ilk tələbəlik dövrüm (Sonralar bir universitetin və bir institutun da məzunu olmuşam) bu gözəl şəhərdə keçib. Hazırda illər öncəsi mənim və sonra da atasının oxuduğu Gəncə Dövlət Universitində bir övladım (qızımın qızı) IV kurs tələbəsidir. Ulu şair babamız Nizami Gəncəvinin doğulduğu bu möhtəşəm məkanda zaman-zaman görkəmli söz adamları,- Altay Məmmədov, Fəridə Əliyarbəyli, Rübail, Bahadur Fərman, Sədnik Paşa Pirsultanlı, Məmməd Alim, yazıb-yaradıblar. Bu gün görkəmli nasir Qərib Mehdi, Xəzangül, İnqilab İsaq, Ümbülbanu, Aləmzər Əlizadə, Sahib İbrahimli, Nüşabə Məmmədli, Aydın Murovdağlı, Hüseyn Hatəmi, Rəfiqə Sadıqova, Ələsgər Əlioğlu, Kübra İbrahimqızı, İradə Aytel, Səbuhi Rəfizadə Fərruxə Pərişan, Rəna Teymurqızı... kimi istedadlı qələm sahibləri Gəncənin ədəbi aləminə dəyərli söz töhfələri bəxş etməkdədirlər.
P.S.S. Yazıda adları çəkilənlərin bir qismi dünyalarını dəyişsələr də, onlara həmişə Allahdan rəhmət diləyir və əziz xatirələri önündə təzim edirəm. Həyatda olanlarına isə can sağlığı, yaradıcılıq uğurları arzulayıram.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar