Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Könül yolçuluğu"muz Bülənt Uyğurla davam edir - "İP"

Tarix: 02-07-2021 14:38     Baxış: 2263 A- / A+
"Könül yolçuluğu"muz Bülənt Uyğurla davam edir - "İP"
Bülənt Uyğur

Manevr.az -ın tanıtması: Bülənt Uyğur 1976-cı ildə Ərzurumda anadan olub. Müxtəlif şəhərlərdə İcra başçısı müavini və rayon rəhbəri vəzifələrində çalışıb. 28.12.2016 – cı il tarixindən etibarən Altınözü rayon valisi vəzifəsini icra edir. Uyğur, Beynəlxalq St. Pierre ve Habip Neccar Öykü müsabiqələrini təşkil etmiş və yayımlanan kitabın redaktoru olmuşdur. “Zeytin, Kültür, Sanat, Edebiyat ve Eğitim” jurnalının təsisçisidir. Həmçinin ixtisası ilə bağlı kitab hazırlayır. Ailəlidir.

İP

Xədicə bu səhər də sübh tezdən oyandı. Evi tezcə səliqəyə salıb, çaydanı ocağa qoydu. Sonra şkafdan çıxardığı pendir, şor və zeytunu yerdə salınmış süfrənin üstünə düzdü. “Tez qalxan, tez yola çıxar ”-deyirdi həmişə. Saat səkkizi keçirdi. Hələ də yatan oğulları Məhərrəm və Mükərrəmə səsləndi: “Bəsdir yatdınız! Qalxın atanıza kömək edin”.

Otuza yaxın qoyunu olan yeddi nəfərlik ailənin var-dövləti bundan ibarət idi. Ailə başçısı Həsən əsgərlikdən sonra öz kəndinə qayıtmışdı. Atasından qalan kiçik torpaq sahəsini əkib-becərir və qoyunlarına baxırdı. Terrora görə hər gün kəndindən köçənlər olurdu. Bingölə, Elazığa, Adanaya köçən ailələr özləriylə yalnız yataq dəsti və bir neçə vacib əşya götürürdülər. Həsən onların gedişini göz yaşı ilə izləyərkən- “Mən ata- baba torpağımı tərk etməyəcəyəm”- deyə öz-özünə qərar qəbul etmişdi.

Həsən əsgərliyə getməzdən iki il əvvəl əmisinin qızı Xədicə ilə evlənmiş və bir oğlan uşaqları da olmuşdu. 90-cı illər idi. Terrorist təşkilatı PKK, Türkiyənin şərq və cənub-şərqində kəndlərə , polis məntəqələrinə hücum edir, dövlətin bu əraziləri boşaltmasını istəyirdi. Şiddət o həddə çatmışdı ki, artıq bir neçə kənddən Anadolunun şəhərlərinə köçlər başlamışdı. 90-cı illərdə Türkiyənin cənub-şərqində terror nəticəsində müəllimlər də şəhid olurdu.

Terror qruplaşması olan PKK təşkilatı məktəblərin bağlanması üçün təzyiq edir, müqavimət göstərən kəndlərə hücum edir və gənc müəllimləri qətlə yetirirdi. O üzdən dağ kəndlərində məktəb açmaq çox çətin idi. Həmin kəndlərdə məktəblər ikimininci illərdə açıldı.

Həsən bir cümə səhəri atasının qəbrini ziyarətə getmişdi. Duasını bitirəndən sonra söykəndiyi ardıc ağacının kölgəsində ata torpağından, doğulub böyüdüyü, çörəyini yeyib suyunu içdiyi, evlənib yuva qurduğu bu kənddən köçməyəcəyinə bir daha and içdi. .

Xədicə, -“Uşaqlar böyüyür, nə sən oxuya bildin, nə də mən oxudum. Türkcəni belə çətinliklə danışırıq. Heç olmasa, Məhərrəm, Mükərrəm oxusun, onların məktəb işini həll etməliyik”- Həsən köks ötürərək , Şeytan dağlarında batmaqda olan günəşə baxmışdı.

Mərcan kəndi iyirmi beş evdən ibarət, məktəbi olmayan, suyu kəndin girişindəki quyudan çıxan, kəsilən elektrikin gəlməyinin bir həftə çəkdiyi, ən yaxın həkimə iki saat məsafəsinin olduğu yoxsul bir Anadolu kəndi idi.

Dörd il əvvəl qəsəbə mərkəzində İlk Ərazi İnternat Məktəbi açılmışdı. Ailənin böyük oğlu məktəbə yazılacağı üçün həyacanlı idi. Həsən oğlunu çağırıb uzun-uzun nəsihətlər verdi:- “Bax oğlum, bu Bingölün dağları haqqında babam deyərdi ki, bu dağlarda abu-həyat var. Atalarımız deyib ki, bu dağların suyundan içən ölümsüz olar. Bu əfsanəvi dağların sularını bulandırdılar. Min ildir bu dağlarda qurd və quzu birlikdə yaşayır. Şeytan dağlarının qarı əriyib Murad çayına qarışana qədər bu torpaqlarda yuyulur, təmizlənir, sonra Firat çayına abu-həyat olaraq qarışır. Firat bütün bir bölgəyə can verir, həyat verir. Mesopotamiyanı öz sularıyla bərəkətli hilala döndərir. Oğlum, kəndimizdə məktəb olmadığını bilirsən, ətrafımızdakı heç bir kənddə də məktəb yoxdur. Sabah məktəblər açılır, qəsəbə mərkəzində internat məktəb var, səni ora yazdıracağam. Anan və qardaşlarından ayrı qalacaqsan, amma istədiyin vaxt həftə sonu evə gələrsən. Biz də qəsəbəyə səni görməyə gələrik. Mən də yuxarı məhəllədəki Sarı Məmməd kimi, - oğlum artıq oxuyur, məktəbə gedir - deyə qürrələnərəm, nə deyirsən?” Mükkərrəm atasının bu

gözəl sözləri qarşısında üzündə bir təbəssüm ilə , - “Ata, mən də oxumaq istəyirəm, mən də böyük adam olmaq istəyirəm. Həm də həftə sonunda evə gələ biləcəmsə, ayrılığa dözə bilərəm”- dedi.

Xədicə gecə sobaya son təzəkləri atmışdı. Qışda onsuz da bütün ailə evdəki yeganə sobanın olduğu otaqda yatırdı. Mükərrəm pəncərədən çölə baxdı, gözü ulduzlarda idi. Xəyallara daldı; “Oxumuş, böyük adam olmuş və ailəsini buralardan aparmışdı”. Bir dəfə qızdırması yüksək olanda atası onu Bingöl Dövlət Xəstəxanasına aparmışdı. İlk dəfə böyük binaları, asfalt yolları, işıqlı küçələri onda görmüşdü və öz-özünə; - “Niyə biz dağda yaşayırıq? Bir gün mən də böyük adam olacam və anamgili, qardaşlarımı şəhərdə yaşadacam” - demişdi. Evdəki son gecədə pəncərədən çölə baxarkən ümidləri və xəyalları gözündə canlandı. Sentyabr ayı olmasına baxmayaraq, səhərlər soyuq olurdu. Sobalar sentyabr ayından etibarən gecələr mütləq yandırılardı. Kənddə heç kimin maşını yox idi.

Nisbətən ətrafdakı kəndlərdən daha böyük olan Kırkpınar kəndindən çıxan avtobus növbəylə bütün kəndlərdən keçir, sərnişinləri qəsəbəyə aparırdı. Qəsəbə əslində, çox uzaqda deyildi, ancaq yolun torpaq olması, həmçinin avtobusun yol üstündəki və yaxınlıqdakı hər kənddən keçməsi səyahəti xeyli uzadırdı.

Mükərrəm anası Xədicə və qardaş- bacıları ilə sağollaşdı. Asan deyildi, hələ birinci sinifə başlayan Mükərrəm yeddi yaşındaydı. Tək başına internat məktəbə gedəcəkdi. Məktəbin yanındakı yataqxana binasında qalacaqdı. Mükərrəm bundan sonra kiçik yaşında öz qeydinə necə qalacaqdı? Anasının ağlında bir çox bilinməyən, ürək yaxan sual var idi. Səssiz axan göz yaşlarını içinə axıtdı və Həsən ilə oğlunu yola saldı. Mükərrəm yeddi yaşına qədər kəndindən heç ayrı qalmamışdı. Bu gediş onun balaca ürəyində fırtınalar qoparırdı. Amma o, atasına söz vermişdi. Oxuyub böyük adam olacaqdı. Avtobus yol boyu sərnişinlərini yığa-yığa, kəndlilərin siqaret dumanına bürünmüş söhbətləri ilə yoluna davam edirdi.

Mükərrəm uzaqlaşarkən, kəndlərinin Pəhlivanbükü deyilən qurtaracağında avtobusun pəncərəsindən arxaya boylandı. Həmin an bir damla göz yaşı yanaqlarından üzü aşağı yuvarlandı.

Qəsəbədə avtobusdan düşən Həsən və Mükərrəm iti addımlarla yeriyərək, qısa müddətdə məktəbə çatdılar. Həsən direktorun qapısını Həsən qapısını döydü, içəri keçdilər. “Müdir bəy, mən Mərcan kəndindənəm, adım Həsəndir, bizim tərəflərdə mənə Qara Həsən deyirlər. Ləqəbimiz qismətimizdir , amma istəyirəm ki, oğlum oxusun, qismətimizi dəyişsin!” - dedi.

Direktor Həsəni və yanındakı oğlunu başdan ayağa diqqətlə süzdü. Qaşlarını çatdı. Həsənin sözlərindən sonra, - “ Keç otur, narahat olma, bu saatdan sonra oğlun oğlumuzdur” - dedi. Qeydiyyat işləri tamamlandıqdan sonra Həsən oğluna kitab, dəftər və qələm, alt və üst paltarı, yaxşı bir ayaqqabı da aldı. Mükərrəm qəsəbəni, gedəcəyi məktəbi, yeni paltarlarını çox bəyəndi. Kənd avtobusu saat üçdə qayıdacaqdı. Həsən və Mükərrəm o saata kimi birlikdə gözəl vaxt keçirdilər. Günorta bir yeməxanada şorba içib, dönər yedilər. Mükərrəm ilk dəfə bir yeməkxana görmüş və başqa əllərin bişirdiyi yeməkləri yemişdi. O, yediyi dönərin dadını heç unutmayacaqdı.

Sonra Mükərrəm atasıyla qalacağı yerə getdi. Atası onunla bərabər otağa qalxdı, əşyalarını dolaba yerləşdirdi. Mükərrəm yuxarı sinifdə oxuyan uşaqlarla tanış oldu. Hamısı eyni coğrafiyanın, eyni taleyin uşaqlarıydı. Bir-biriləri ilə tezcə mehribanlaşdılar və günün yorğunluğundan sonra Mükərrəmin yataqxanadakı ilk gecəsi gözəl keçdi.

Həsən oğlunu internatda qoyub evə qayıdanda həm qürurlu, həm də bir tərəfi əksik qayıdırdı. Həsənin içində bir yerlər sızlayırdı. Mərcan kəndində günəş üfüqü aşmaqdaykən evinə çatdı. Həmin axşam yemək vaxtı ancaq Mükərrəm və məktəblə bağlı danışdılar. Süfrə ətrafında bir nəfər əksik idi və yeməyin dadı əvvəlki axşamların yeməklərindən fərqli idi.

Günlər, aylar sürətlə keçdi və Mükərrəm birinci sinifi müvəffəqiyyətlə bitirdi. Qiymət kitabçasını alıb, kənd avtobusuna mindiyi gün böyük bir zəfər qazanmış komandir qüruru, sevinclə evlərinə

qayıdırdı. Hələ səkkiz yaşındaydı və o artıq bir qəhrəman idi. Xədicə hindəki toyuqlardan birini kəsib oğlu üçün gözəl bir kürd pilovu bişirdi. Bu axşam yeyiləcək yeməyin dadı bir başqa olacaqdı. Anadolu deyiləndə nədənsə, ağla həmişə qürbət gəlirdi. Bağrı yanğılı nəğmələrimizdə də qürbət mövzusu çoxdur. O axşam Ümid ailəsinin qürbəti, ilk dəfə ayrı qaldıqları övadları evlərinə qayıtmışdı.

Mükərrəm yeməkdən sonra kitablarından birini çantasından çıxardı və anasına, atasına, gələn il məktəbə getməli olan Məhərrəmə, bacılarına oxumağa başladı. O, oxuduqca anası və atası sanki bir möcüzəyə şahidlik edirmiş kimiydilər. Xədicə; - “ A kişi, yaxşı ki, göndərdik ”- dedi. Gələn il qardaşını da onunla göndərəcəkdilər. Birlikdə oxuyub bu dağlara, Bingöl yaylaqlarına ümid çırağı olacaqdılar.

Bütün yayı qoyunların arxasınca gedən Mükərrəmin məktəb kitabxanasından götürdüyü kitabları da yanında idi. Dincəldikləri hər ağac kölgəsində qardaşına hekayələr oxudu. Dağlardan gələn soyuq sularda üzlərini yudular. Söyüd ağacının altında uzananda qardaşına , - “İkimiz də oxuyaq, mən müəllim olum. Sən də həkim olarsan. Anam xəstələnsə sən baxarsan”- dedi.

Yay mövsümü sürətlə ötüb keçmiş, payız yarpaqları ağaclardan qopub, torpağa tökülməyə başlamışdı. Artıq Məhərrəm də məktəbə gedəcəkdi. Həsən şəhərə getmək üçün bir qoynunu axurdan çıxardıb satdı. Pul Məhərrəmin ehtiyaclarına xərclənəcəkdi. İnternat məktəblər dövlətin himayəsində olduğu üçün hər şey pulsuz idi. Üstəlik uşaqlara bir miqdar cib xərcliyi də ödənirdi. Amma oxumaq yenə də xərcli iş idi. Bütün bunlara rəğmən Həsən sevincli idi. Çünki Mükərrəmdən sonra Məhərrəm də oxuyub adam olacaqdı.

Məktəb başlayandan bir ay keçmişdi. Mükərrəm qardaşına göz-qulaq olurdu. Məşğələ saatlarında qardaşının dərslərinə kömək edirdi.

Noyabr ayının ilk həftəsindən başlayan qar aprel ayına qədər dağları bəyaza bürüsə də , artıq ilk bahar gəlmişdi, uca dağlar bəyaz gəliniklərini çıxarmağa başlamışdı. Yağan qar növbəsini aprel yağışlarına buraxmışdı. Mükərrəm dördüncü, Məhərrəm də üçüncü sinifdə idi. Yenə həftə sonu yaxınlaşırdı. Məhərrəm,- “Çoxdandır qar yolları tutduğuna görə payız tətilindən bəri evə gedə bilmədik, atam da gələ bilmədi. Bizim sinifdəki uşaqlardan eşitdim ki, onlar bu cümə evlərinə gedəcəklər, bəlkə, biz də gedək, qardaşım?”- dedi. Mükərrəm, -“Əlbəttə gedərik, mən də evdəkilər üçün çox darıxmışam. Həm də quzular da doğulub yəqin” – deyə qardaşının fikrini təsdiqlədi. Cümə gününü səbrsizliklə gözlədilər. İcazə üçün növbətçi müəllimin otağının qabağında sıra gözləyən çoxlu şagird var idi. Kənd yolları uzun müddətdir bağlıydı deyə, indi bütün uşaqlar icazə istəyirdi.

Qaydaya əsasən icazə üçün uşağın valideyninin istəyi olmalı və ya zəng etməli idi. Həmin dövrdə kəndlərdən təkcə Korucu kəndində telefon var idi..

İcazələr məktəbdəki dəftərə qeyd olunurdı. Mükərrəm kəndlərinə yaxın bir kənddən olan birinə. - bizim üçün icazə al, - deyə yalvardı. Müəllimin yanına onunla birlikdə gəldilər. Növbəçi müəllim- “Olmaz, bu qaydalara ziddir, - dedi.. Ancaq uşaq ürəyi dözərdimi, Mükərrəm qardaşı Məhərrəmin könlünü qıra bilməzdi. Həm də evlərini görməyəli iki ay olmuşdu, o da ailəsi üçün çox darıxmışdı. Həmin gün qərara gəldilər ki, avtobusa məktəbdən icazə almadan minsinlər. Məktəbdən ilk dəfə icazəsiz qaçacaqlardı. “Bazar ertəsi dərsə gələcəyik, bir şey olmaz” -deyə özlərinə təsəlli verdilər. İki qardaş, iki can, iki ürək evlərinə qovuşmağın həyəcanını avtobusdakı digər uşaqlarla birlikdə yaşayırdılar.

***

Bazar ertəsi Mükərrəm və Məhərrəm məktəbə qayıtmamışdı. Kənddə telefon da olmadığı üçün ailələri ilə əlaqə saxlayıb soruşa bilmədilər. Tez-tez rast gəlinən bir hal olduğundan növbəçi müəllim məsələnin üstündə çox durmadı. Bir neçə gün də keçdi, qardaşlar məktəbə gəlmədi. Təhsil Müdürünə məlumat verdilər. Hadisə cəld Polis Mərkəzinə də bildirildi və Jandarma hərəkətə keçdi.

Kəndə gələn polislər Həsənə uşaqlarının cümə günü kəndə getdiklərini və məktəbə qayıtmadıqlarını söylədilər. Həsən uşaqların kəndə gəlmələri üçün idarədən icazə almadığını, onların kəndə gəlmədiyini bildirdi. İçinə zülmət çökdü, dizlərinin bağı söküldü. Əlləri, ayaqları titrəməyə başladı. Bu arada

Xədicə də evdən təlaşla çıxıb polislərin yanına qaçdı. Uşaqlarının məktəbdə olmadığını öyrənəndə yerə yıxıldı, hıçqırıqlar içində bouldu.

Həsən bir yandan arvadına təsəlli verir, bir yandan da polisdən məlumat almağa çalışırdı. Polis məmuru cümə günü avtobusda olan şagirdlərin və sürücünün dediklərini Həsənə danışdı.

Sürücü , - “Cümə günü avtobusda sıxlıq idi. Bütün oturacaqlar dolu olmaqla yanaşı, oturacaqların arasında da uşaqlar yerdə ya da bir yükün üstündə oturmuşdular.

Bəzi kəndlər əsas yoldan 1-2 km içəridə olduğundan, bəzilərinin də yolları qardan təmizlənmədiyi üçün uşaqları yol ayrıcında endirirdim. Mərcan kəndinin o gün sadəcə iki sərnişini var idi, Mükərrəm ilə Məhərrəm. Onların icazəsiz maşına mindiklərini bilmirdim. Yolayrıcına çatanda dayandım. Birlikdə maşından enib getdilər”, - demişdi.

Mükərrəm bütün kəndin ərazisini əlinin içi kimi bilirdi. Yayda çobanlıq etdiyi üçün dərə, təpədə bilmədiyi yer yox idi. Sürücüyə, - biz özümüz gedə bilərik, - deyəndə alaqaranlıq idi. O aprel axşamı dağlar sisdən libasını geyməyə hazırlaşanda, iki qardaş qısa yolla evlərinə getmək üçün əsas yoldan ayrıldılar. Məhərrəm qardaşına; - “Qurdlar bu havada gəzirmi?”- deyə soruşdu. Qorxurdu, amma iki yaş özündən böyük olan qardaşına güvənirdi. O qardaş ki, məktəbdə onu həmişə qorumuşdu.

Canavarlardan əlavə, dumanlı- çiskinli havalarda yolunu azmaq ehtimalı daha yüksək idi. Duman görüş məsafəsini demək olar ki, sıfıra endirmişdi. İki km uzaqlıqdakı kənd dünyanın o başındaymış kimiydi. Vaxt keçir, heç bir işıq, bir yol tapa bilmirdilər. Buralar Mükərrəmin ovuc içi kimi bildiyi yerlərə bənzəmirdi. Bəzi yerlərdə hələ də qar əriməmişdi. İki qardaşın ürəkləri birlikdə vururdu. Ayaqlarında qara qaloşları var idi, atalarının aldığı ayaqqabıları məktəbdəki şkaflarında qoymuşdular. Qaloş həm palçıqda,həm də qarda geyindikləri ənənəvi bir ayaqqabı idi. İki qardaş ümidsizcə sağa-sola yeridilər. Axşam analarına sürpriz edəcəkdilər. İki aylıq həsrətlərini analarını qucaqlayanda onun sinəsinə tökəcəklərdi. Yeni doğan quzularını və evdəki balaca bacılarını əzəizləyəcəklərdi. İki gün həftə sonu xoşbəxtliyini doyunca yaşayacaqlardı. Onlar Ümid ailəsinin gələcəyə olan ümidləriydi.

Bazar ertəsi günortaya doğru polislər uşaqların avtobusdan endikləri nöqtədən hərəkətə keçərək, dərələrdə, təpələrdə iki körpənin axtarışına başladılar. Əslində çox da uzaqda deyildi qardaşlar, on beş dəqiqəlik axtarışdan sonra iki qardaşı yan-yana- eynilə evlərindəki isti sobanın yanında qucaqlaşıb yatdıqları kimi, bəyaz qar döşəyinin üzərində donmuş vəziyyətdə tapıldılar. Onları ilk görənlərin o an içi dondu. Ürəklərini buz kəsdi. Bu iki kiçik ürək, iki can, iki övlad, iki qardaş Bingöl dağlarında dumanlı bir aprel gecəsində ruhlarını Allaha təslim etmişdilər.

Mükərrəmin şalvarının kəmər yerində ip vardı. Kasıblıq, yoxsulluq bu dağlarda hər evdəydi. Mükərrəmin kəmər əvəzinə belinə bağladığı ip polis məmurunu onların ölümü qədər sarsıtmışdı. Bir yoxsul ölümüydü, yoxsulluğun ölümüydü bu.

Əhməd Arifin dediyi kimi...

“Ölüm bu!
Yoxsul ölümü
Gəldim, gəlirəm deməz.
Ya bir qış vaxtı,
ya bir axşamüstü.”


Uyğunlaşdırdı Nazilə Gültac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar