Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyat üçün doğuldu… Ədəbiyyatla dünyadan köçdü

Tarix: 01-07-2021 17:11     Baxış: 3247 A- / A+
Ədəbiyyat üçün doğuldu… Ədəbiyyatla dünyadan köçdü
Nigar Qoca

“Nəcəf bəy cənabları, siz həmişə diri qalacaqsınız. Dünyada siz əkdiyiniz ağacların meyvələrinin toxumlarını külək müsəlman aləminin səhrəlarına səpib, göyərdib, minlərcə Nəcəf bəylər yetirib, gözəl niyyətlərinizi daha da rövnəqləndirəcəklər. Sizin adınız tarixlərin vərəqlərində səbt olunub dillərdə zikr olunacaqdır.”

Üzeyir Hacıbəyov

Nəcəf bəy Vəzirov 1854-cü il aprel ayının 2-də Şuşa şəhərində anadan olub. Atası Fətəli bəy, anası Mina xanımdır. Nəcəf bəy ilk təhsilini dini məktəbdə alır. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Fəqət o, bu məktəbdə oxuya bilmir. Burada müəllimin amansız rəftarı onu məktəbdən uzaqlaşmağa məcbur edir. Yeniyetmə oğlanın yaxın bir qohumu ona rus dilini öyrədir və o, yazı-pozu ilə mirzəlik edərək ailəsinə maddi yardım göstərməyə başlayır.
Ədəbiyyat üçün doğuldu… Ədəbiyyatla dünyadan köçdü

Oxumağa, elmə, maarifə böyük maraq göstərən Nəcəf bəy 1868-ci ildə yarımçıq qalan təhsilini davam etdirmək məqsədilə Bakıya gəlir və burada Realnı Gimnaziyaya daxil olur. Şəhərin ən mötəbər təhsil ocaqlarından sayılan bu gimnaziyada Nəcəf bəy altı il oxuyub.

Gimnaziyada oxuyarkər Nəcəf bəy Vəzirovun böyük Azərbaycan alimi, o zaman gimnaziyada müəllimlik edən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına güclü təsir edir. Həsən bəy Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə Nəcəf bəy təbiət elmlərinə xüsusi maraq göstərib, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olub. Yazıçının teatrla tanışlığı da bu zaman başlayıb. O yazır: “1873-cü ildə altıncı sinifdə oxuduğum zaman birinci dəfə rus teatrına getdim. Bu gecə mənə son dərəcə təsir etdi. Teatrın necə bir şey olduğunu anladım…”

Nəcəf bəyin həyatının və ictimai fəaliyyətinin əsas mənası, mənəvi məzmunu dramaturgiya olur. Maarifçi dramaturgiyanın inkişafında yeni mərhələ hamıdan əvvəl Nəcəf bəy Vəzirovun yaradıcılığı ilə başlayır. Vəzirov maarifçi dramın təkcə ideya hüdudlarını yox, həm də həyatın əhatə çərçivəsini genişləndirir, səhnədə ictimai geriliyin tənqidini və realist-maarifçi didaktikanın hüdudlarını böyüdür. Bunlardan birincisinə o, mülkədar-ağa, ikincisinə ziyalı-bəy sürətlərinin nümunəsində nail olur: rədd olunan vərdiş, psixologiya və adətlərdə köhnəlik inkar edilir, müsbət-rezoner sürətlərin səhnədə birbaşa bəyan etdiyi şikayət - lənətlərdə və monoloq-nəsihətlərdə təbliğ olunan yeniliyin məzmunu izah olunur.

Vəzirov ədəbiyyata daha ciddi meyil göstərib. Tələbə vaxtı "Ev tərbiyəsinin bir şəkli" (1875), "Gəmi lövbərsiz olmaz" (1876) komediyalarını yazıb. Meşəbəyi işləyə-işləyə "Daldan atılan daş topuğa dəyər" (1890), "Sonraki peşmançılıq fayda verməz" (1890), "Adı var, özü yox" (1891), "Yağışdan çıxdıq, yağmura düşdük"("Hacı Qəmbər" 1895) komediyalarını, "Müsibəti-Fəxrəddin" (1896) faciəsini və "Pəhlivani-zəmanə" ("Zəmanə pəhlivanları" 1900) dramını, "Vay şələkümməəlləküm" (1909), "Nə əkərsən, onu biçərsən" (1911), "Keçmişdə qaçaqlar" (1912) səhnə əsərlərini, "Pul düşkünü Hacı Fərəc" (1912), "Keçmişdə qaçaqlar" (1912), "Təzə əsrin ibtidası" (1920) pyeslərini işləyib, "Mehdi xan Tabasarani" pyesi isə ömrünün sonunda tamamlanmayıb, yarımçıq qalıb qələmə almışdır.

Bu gün görkəmli dramaturqun yaradıcılığının şah əsərlərindən biri, hətta başlıcası sayılan "Müsibəti-Fərəddin" faicəsidir.⠀1896-cı ildə yazdığı bu əsərlə dramaturq Azərbaycan ədəbiyyatı tarixində faciə janrının əsasını qoymuşdur. Ümid edirik ki, bu günkü gənc nəsil onun əsərləri, yaradıcılığı ilə daha çox maraqlanarlar. Çünki bu əsər istər məzmuna, istər də təsir gücünə görə çox güclü əsərdir. N.Vəzirov Azərbaycan dramaturgiyasını inkişaf etdirən, professional teatrın yaranmasında böyük xidmətləri olan sənətkardır. 1873-cü ildə onun rəhbərliyi və fəal iştirakı ilə ilk dəfə M.F.Axundzadənin "Hekayəti- vəziri- xani- Lənkaran"

və "Hacı Qara" komediyası tamaşaya qoyulmuşdu və yüksək qiymətləndirilmişdi.⠀ ⠀ Vəzirov ədəbiyyatımızda görkəmli dramaturq, ilk faciənin müəllifidir. Akad. Feyzulla Qasımzadə yazır: "Realist ədəbiyyatımızın tarixində Axundzadədən sonra ikinci yeri N.Vəzirov tutur. Azərbaycan ədəbiyyatında tənqidi realizmin banisi M.F.Axundzadədirsə, onu birinci davam etdirən N.Vəzirovdur".⠀ ⠀ Keçək faciəyə. "Müsibəti-Fəxrəddin" 1896-ci ildə yazılmış, "zülmət səltənəti"nin yaralarını açan, köhnə ata-baba qanun-qaydaları əleyhinə mübarizə mövzusundadır. Əsər yazıldığı dövrdə ictimai həyat tragik idi. Qaranlıq, avam, elmsiz bir mühit və orada işıq olmağa can atan gənc ziyalılar işığa can atsalarda çıxış yolu tapa bilmirdilər... Faciənin mövzusu mülkədar həyatından götürülmüş, iki ailə arasında davam edən qan intiqamıdır. Əsərin əsas sürətləri Rüstəm bəy və Fəxrəddin bəydir. Birincisi köhnə, ikincisi yeni nəslin nümayəndəsidir. Rüstəm bəyin bitmək bilməyən intiqam hiss hər iki ailənin başına olmazın bəlalarını gətirir. Rüstəm bəy «zülmət səltənətində» hökm sürməkdə olan mürtəce qüvvələrin tipik nümayəndəsidir. O, «mənəm- mənəm» deyərək qoluzorluluq göstərən, özündən gücsüzlərə zülm edən, nahaq qanlar tökən, evlər yıxan bir mülkədardır, qan intiqamından doymayan yırtıcı bir canavardır. Rüstəm bəy yaşadığı ərazidə özündən böyük heç bir varlı şəxs görmək istəmir, ona salam verməyən, onu saymayan adamların kökünü kəsir, evlərinə od vurub yandırır, bəzilərini pul gücünə sürgün etdirir, əlaltıları vasitəsilə öldürtdürür. Rüstəm bəyin yırtıcı siması onun ilk monoloqundan aydın şəkildə görünür. Həmin monoloqdan aydın olur ki, Rüstəm bəy oğlu Rəşidin qətlinə görə Fəxrəddin bəyin atası Heydər bəyi öldürtdürmüş, anasını döydürmüş, bacısını zorla gətirib oğluna arvad etmişdir. Lakin bütün bunlarla onun ürəyi soyumamışdır və o, indi də Fəxrəddin bəyi öldürmək, bu ailəyə yenidən dağ çəkmək istəyir. Bir tərəfdə oğlu Mahmud və onun arvadı Gülbaharın, digər tərəfdə Fəxrəddin və onun sevgilisi Səadət xanımın həyatı ilə elə oyun oynayır ki, oxuduqca heyrət edirsən. Qan intiqamı hissi Rüstəm bəyin gözünü elə tutmuşdur ki, o, oğlu Mahmud bəyi də bu işə təhrik edir və onun ölümünə səbəb olur.

Burada tək Rüstəm bəy deyil, eyni zamanda Fəxrəddinin anası Mələk xanım da onunla eyni mövqeydə dayanır. Bu iki insan övladlarının həyatlarını alt-üst edir.⠀ Onların bitmək bilməyən intiqam hissi övladlarının sonu, bədbəxtliyi, eyni zamanda hər iki ailənin müsibəti olur. Faciədə yazıçı sevginin ən gözəl obrazını Mahmud-Gülbahar, Fəxrəddin-Səadət obrazlarının simasında təsvir edir. Amma sonda onların başına gələnlər qan dondurur. Mahmudun günahsız, heç nədən qanı axıdılır, Fəxrəddinin arzuları, xəyalları yarımcıq qalır, gələcək işığı sönür. Fəxrəddin maarifçi sürətdir. O, ətrafında baş verən hadisələrin, düşmən münasibətlərin və qisasçılığın başlıca səbəbini adamların savadsızlığında, maarifdən uzaq düşməsində görür və bunu aradan qaldırmağa çalışır. Hər iki gəncin sevgisi nakam, sevdikləri ədəbi olaraq hüsrana, ayrılığa, müsibətə düçar olur. Əsərin sonunda o məhz maarifsizliyin gülləsinə tuş gəlir, nadanlığın, qeyri-insani münasibətlərin qurbanı olur. Bu ölüm nə qədər kədərli olsa da, öz mahiyyətinə görə nikbin səciyyə daşıyır. Xüsusən Səadət xanımın onun cənazəsi üzərində dediyi sözlər oxucuda belə qənaət yaradır ki, Fəxrəddinin səpdiyi maarifçilik toxumları davam edəcək, onun arzuları həyata keçəcəkdir. Xalq şairimiz Səməd Vurğun nə gözəl də deyib: “Fəxrəddin surəti mənim xatirimdə böyük insan nəcibliyinin, humanizminin və sevgisinin parlaq surəti kimi canlanır. Dramaturgiyamızda ilk maarifçi olan bu surət Azərbaycanın qaranlıq şəraitində ağlını xalqa xidmətə həsr edərkən, sanki yaradıcısı Nəcəf bəy Vəzirovu təcəssüm edir.”

Buna şübhə yoxdur ki, elm olmayan yerdə cəhalət baş qaldırar. Ölümlərin, müsibətlərin qarşısı alına bilməz. Məhz Nəcəf bəy də bütün yaradıcılığı boyu əsərlərində elmsizliyi, cəhaləti, köhnəliyi rədd edir, tənqid edir. Axı o da öz yaradıcılığının ilk bünövrə daşını dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə qələmindən almış, ondan ilhamlanmış, onu ideya daşıyıcısı olmuşdur.⠀

Nəzirovun yaradıcılığında bir Tolstoyçuluq ənənəsi vardı ki, bu da bu əsərdə daha qabarıq görünür.


Ədəbiyyat:

1. Vəzirov N. Seçilmiş əsərləri. - Bakı : Çaşıoğlu, 2006. - 296 s
2. Vəzirov N. Əsərləri. - Bakı: Şərq-Qərb, 2005.-304 s.
3. Nəcəf bəy Vəzirov. Zəmanəsinin dərdlərinin, problemlərin bilicisi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar