Sizin Reklam Burada
Xəbər lenti
18-09-2024
17-09-2024
BÜTÜN XƏBƏRLƏR

Cəvahir Tanrıverdinin "Təqsirkar"ı - Hekayə

Tarix: 08-09-2024 20:09     Baxış: 397 A- / A+

Cəvahir Tanrıverdi 

 Elçin həmişəki kimi el-obasının mal-qarasını otarmağa aparmışdı. O, bu dünyada dağlardan, yamaclardan, köhnə daxmasını qoynuna alan kəndindən  başqa heç bir şey görməmişdi. Onun üçün dünya elə bunlardan ibarət idi. Dünyanın xoşbəxtliyi də, bədbəxtliyi də elə bu yerlərdə idi. Əyin-başından köhnəlik yağsa da, təmizliyi yerində olurdu. Bir də cibində köhnə telefonu. Elçinə çox nadir hallarda zəng gələrdi. İş-gücündə olsun deyə heç vaxt ata-anası, ailə üzvləri ona zəng vurub narahat etməzdilər. “Fağırdır, zəng vurarıq, başı telefona qarışar, xalxın mal-qarasını gözdən qoyar”, – deyə düşünürdülər. Fağır sözünün geniş mənası aciz, yazıq, məzlum, dinc, sakit deməkdir ki, bunların hamısı Elçində özünü göstərirdi. Bu aciz, yazıq, məzlum, dinc və sakit adamın ucuz, balaca, səsi güclə eşidilən telefonuna elə bu gün zəng gəldi. Elçini o qədər itirib-axtaran olmurdu ki, o bu zəif səsdən diksindi. Həyəcanla ekranında güclə görünən adı oxudu : Qonşu Turan:
 
– Alo, alo, nədi, ay Turan? 
– Salam, Elçin.  
– Salam, salam.  
– Elçin, qulaq as, arvadın Gərayın yanındadır. 
– Gəray?  
– Hə, həəə. Rəhmətlik əminin oğlu Gəray. Onunla birlikdədir. 
–  Nə? – Elçinin nitqi tutuldu. 
– Qulaq as, hirslənib eləmə. Bu dəqiqə ikisini bir yerdə sizin bağın ayağında gördüm. Alo, alo. Səsimi eşidirsən? 
 
Elçin telefonu Turanın üzünə söndürdü. Atasına zəng vurdu:
 
– Ata, Sevinc evdədimi? 
– Evdədir, ay bala? Nəydi?  
– Bəs bu nə danışır?  
– Kim, ay bala?  
 
Elçin ona gələn bu alçaq xəbəri atasına böyük bir həyəcanla danışdı. Atası isə anası ilə bərabər telefonun o tərəfindən Elçini sakitləşdirərək narahatlığa heç bir səbəb olmadığınıbildirdilər. Amma bu xəbərin doğru olduğunu elə onlar da yenicə Turandan gələn bircə zənglə öyrənmişdilər. Turanla Gərayın arasında bir gün əvvəl kiçik bir ədavət yaranmışdı deyə uzun müddət xəbərdar olduğu bu məsələni bu gün tez-tələsik Elçinə və ata-anasına xəbər verməklə, sanki Gəraydan heyif alırdı. Ardınca da Gəraya zəng vuraraq – “bax, indi səni yandırdım, alçaq. Zəng vurub hər şeyi danışdım Elçinə də, ata-anasına da” , – deyib ardınca qəhqəhə çəkərək gülmüşdü də. 
 
Gəray Elçinin 37 yaşlı subay, görünüşcə yekəpər, ali təhsilli, işli-güclü əmisi oğlu idi. Əmisi uzun zaman idi ki, rəhmətə getmişdi. Gərayı isə bir qız bəyəndirib evləndirə bilmirdilər. Gəray öz əmisi oğlunun 29-30 yaşlarında olan iki uşaq anası gözəl-göyçək arvadı Sevincə vurulmuşdu. Vurulmaq da ki nə vurulmaq?.. Ürəklə yox, cismən. Görünüşcə cılız, yaşayışca kasıb, savadcatəhsilsiz, xasiyyətcə fağır olan 35 yaşlı Elçinin bu gözəgəlimli arvadı da Gərayın istəyini cavabsız qoymamışdı. Göz görüb cisim sevmişdi qarşılıqlı olaraq. Artıq bir ilə yaxın münasibətin heç kəs tərəfindən duyulmadığını düşünüb rahat görüşürdülər. Amma Turandan gələn bu zəng hər şeyi bir an içində alt-üst eləmişdi. Ən əsası da Sevinc dəhşətli qorxu keçirirdi. Həm el-aləm içində biabır olmaq, həm Elçinin onun başına nə oyun gətirəcəyi qorxusu (bu elə də dərin deyildi), həm də boşanmaq düşüncəsi Sevincin canına vəlvələ salmışdı. Bu vəlvələdən sarsılıb elə Gəraya yalvarır, göz yaşları içində bircə ondan kömək istəyirdi. Əslində Sevincin bu qorxusu və göz yaşları olmasaydı, Gərayın heç nə vecinə olmazdı, elə vecinə də deyildi. Amma Sevinc o qədər yalvardı ki, Gəray sonunda gəlini də götürüb Bakıya qaçmaq fikrinə düşdü. Elçinin ata-anası isə bütün olanları danmaqla bir şey düşünmüşdülər: “ uşaq camaatın mal-heyvanını başsız buraxsa, daha betər olar. Bircə işini başa vursun. Evə gəlib özü hər şeydən agah olar”. Həm də olanlara bir o qədər də inanmamışdılar. “Bəlkə, düşmənçilik edən var aralıqda? Bəklə, bu bir şərdir?..” kimi düşüncələrlə ər-arvad bir-birini sakitləşdirirdilər.  
 
Axşam düşdü. Bu vaxta qədər gəlinin evə gəlmədiyini görüb bu xəbərin doğru olduğunu anlayırdılar, amma ürəklərində qəbul etmək istəmirdilər. Elçin evə gəlib iki körpəsi ilə ata-anasının tək olduğunu görüb dəliyə döndü. O fağır adamdan əsər-əlamət qalmamışdı. Gecə ikən gedib əmisi evinin qarşısında olan ot tayasına od vurdu. Ardınca əlinə iri bir dəyənək alıb düz qəbiristanlığa üz tutdu. Gedib əmisinin qəbir daşını parça-parça elədi. Bir an başına vuran qəzəbi ona elə güc gəlmişdi ki, özü belə etdiklərinin fərqində deyildi. Yuxu idimi bu olanlar? Axı bu oyunu necə cəsarət edib oynaya bilərdilər? Gecəni səhərə qədər əmisinin qəbrini dağıtmaqla hirsini qəbrə tökən Elçini bir neçə kənd adamı səhər halsız vəziyyətdə evə gətirdilər. Evdə də xoş olmayan bu hadisənin üstünə yeni bir hadisə gəlmişdi. Elçinin əmisi arvadı ot tayasından evə düşən alova görə polis məntəqəsinə üz tutub şikayətə getmişdi. Evinə saçı-başı dağılmış, əyni-başı tör-töküntü vəziyyətində gətirilən Elçinə görə, on dəqiqə keçmişdi ki, polislər qapıda dayanmışdılar. Elçini evə və qəbrə zərər vurduğuna görə təqsirkar olaraq saxladılar. Oğlunun qeyrəti bir yandan, törətdiyi hərəkətlərə görə polis məntəqəsinə aparılmağı bir yandan dağ çəkdi Elçinin ata-anasının ürəyinə. Hətta nə qədər Hökumə arvada dil töküb yalvar-yaxar eləsələr də, Hökumə arvad öz qaynının oğlu barəsində olan şikayətini geri götürmədi ki, götürmədi. Hələ üstəlik:
 
– Paho, arvadı qaçıb. Kişi olsaydı oğlunuz, arvadı onu qoyub oğlumu sevməzdi, onunla qaçmazdı. Arvadına yiyə dura bilmirsən, heyfini bizim evdən, əminin qəbrindənmi çıxırsan? Qeyrət damarı durub. Kişilik indimi yadına düşdü çoban oğlunuzun?  – deyə kəndi başına yığmış, eltisi ilə qaynını da ağır kəlmələri ilə biabır eləmişdi.  
Sevinclə Gəraydan günlərlə xəbər çıxmadı. İki körpə isə mələr quzuya dönmüşdü. Üç və beş yaşlarını yenicə tamamlamış bu bacı-qardaş gözləri yolda analarını gözləyirdilər. Ataları da polis məntəqəsindən evə gəlməyincə uşaqlar lap yetim kimi boynubükük qalmışdılar. Yazıq arvadla kişi bilmirdilər, oğullarının dərdinə yansınlar, yoxsa bu körpələrin. Belə bir alçaq işin təqsirkarını axtarırdılar evdə söhbətləşə-söhbətləşə; “Yox, günahın hamısı gəlindədir. Gəlin canı yanmış qaş-göz eləməsəydi, o tulanın nə işi vardı bununla?.. Kaş qardaşım sağ olaydı. Hökumədə oğlundan alçaq çıxdı. Qardaşım rəhmətlik illərlə qoynunda ilan bəsləyib. Hələ Gəraya bax sən. Ay alçaq, namussuz. Gör kimə göz dikirsən? Gücün bu fağır uşağamı çatdı, a qeyrətsiz?..” Söhbət uzandıqca ürəkləri alışırdı dərddən. Təqsiri, bilmirdilər, kimin boynuna yükləsinlər ki, rahatlıq tapsınlar. 
 
Elçinin işi məhkəməyə qədər gedib çıxdı. Hökumə arvad da şikayətindən dönmədi. Hələ oğlu ilə əlaqə saxlayıb olub-keçənləri də bir-bir məlumat verirdi. Amma işin nə yerdə olmağından asılı olmayaraq, arvadın bircə dərdi vardı ki, oğlu o gəlindən ayrılsın:
 
– Ay oğul, başına qızmı qəhətdir? Cəhənnəm elə onu başından. Öz ərinə xəyanət edəndən sənə arvadmı olacaq?  
– Ay ana, mənim onunla evlənmək fikrim yoxdur, heç vaxt da olmayıb. Narahat olma heç nəyə görə. Ortalıq sakitləşən kimi gətirib qoyacam daxmasına. Özünün könlü olmasaydı, yaxın durardımmı? 
 
– Onu da düz deyirsən, ay oğul. Dişi quyruq bulamasa, erkəyin onunla nə işi var? Qancığa bax. Ərinin əmisi oğluna göz dikib. Qızı da qınamıram. O sümsük Elçində nə görüb ki yazıq? – deyərkən öz söhbəti özünün ürəyinə yağ kimi yayıldı Hökumə arvadın. Ardınca da ürəkdən bir qəhqəhə çəkdi. Bu gülüş Gərayda da etdiyi hərəkətə qarşı məmnunluq hissi yaratdı. 
Hökumə arvad oğluna çatdırdı ki, Elçinin işi artıq məhkəməyə verilib. Gərayın –“gəlin qorxur ki, Elçin ona xətər yetirər” cümləsinə isə Hökumə arvad:
 
– Nə xətər? Tanımırsan əmin oğlunu? Onun gücü elə atanın qəbrinə çatdı. Həbs ediblər. Onun gözünə indi bircə azadlığı görünür. Qoy gəlin gedib dil töksün. Mən o uşağı lap yaxşı tanıyıram. Ürəyi yumuşaqdır. Özü də bilir ki, arvad boşamaq asan iş deyil. Çoban halı ilə necə uşaqlarının pulunu ödəyəcək? Lap uşaqlar özündə qalsa da, o qoca ata-anasımı baxacaq o yetimlərə? Elçinin arvadını boşamaq kimi gücü yoxdur. Uzağı uşaqlar 18 yaşa çatanda boşaya bilər. Elə bilirsən, boşanmaq asan işdir? Hər kişi arvad boşamaq gücündə deyil, bala. Anan görə-görə gəlib.  
Gəray Sevinci necə aparmışdısa, eləcə də gətirib qoydu ərinin evinə. O, çox məyus şəkildə bir xeyli qapının arxasında dayandıqdan sonra astaca qapını döyməyə başladı. Qaynatası qapını açan kimi hirsindən dəliyə döndü. Heç bir kəlmə demədi, amma hirslə gəlinin üzünə tüpürdü. Elə qapını Sevincin üzünə sərt şəkildə örtürdü ki, iki körpə analarını görcək ağlamağa başladılar:
 
– Baba, anamızı qoyma getsin. Ana, ana, gəl. Baba, qovma anamızı. 
Onların səsi ərşə yüksəlirdi. Amma bu, babalarına təsir etmirdi. Uşaqlar nə qədər ağlasalar da, kişi onları analarının yanına buraxmadı. Körpələrin göz yaşları göyləri belə inlədirdi. Sevinc isə yalnız indi dərin sarsıntı keçirməyə başladı. Körpələrin yalvarışı onun necə bir günah işlədiyini şillə kimi çırpdı üzünə. Necə məhv olduğunu yalnız körpələrinin qışıqırıq dolu səs-küyündən sonra anlamağa başladı. Sevinc qapının arxasında üzü üstə yerə sərildi. Hönkür-hönkür ağlamağa başladı. Özünün bütün varlığını unutdu. Körpələrinin həsrət dolu göz yaşları onun günahını yuya biləcəkdimi? Bu yalvarışlar toxuna biləcəkdimi taleyin hökmünə? Tale göstərəcəkdimi əsl təqsirkarın kim olduğunu? Sevinc qapının üzünə bir daha açılmayacağını anladı. Gözünü toz-torpaqlı yerə dikdi. Zaman onun əlində olsaydı, bir il əvvələ – Gərayın şirin dilinə uyaraq özünü alova atdığı məqama qayıdardı. Elə orada ən ağır kəlmələrlə Gərayın cavabını verib bu addımları atmazdı. Sevincin düşüncələrini ağuşuna alan bu peşmanlıq dolu fikirlər bir anda onu ayağa qalxmağa və hər şeyi gözə alıb bir yerə getməyə vadar etdi.  Bura Elçinin yanı idi. Bəs necə? Ona kiminsə köməyi lazım idi. Sevinc yalnız bu an atasını düşündü. Amma ata evinə hansı üzlə gedəcəkdi? Ata-anasının, el-aləm içində hörmət qazanmış qardaşlarının qarşısına necə çıxacaq, üzlərinə necə baxacaq və necə kömək diləyəcəkdi? Bu suallar bir tərəfdən, evdən gələn körpələrinin göz yaşı dolu qışqırıqları bir tərəfdən Sevinci elə yerə vurdu ki, həmin an bircə özünə ölüm dilədi. Taqətsiz halda min bir düşüncə içində addımladı. Ürəyində isə gah özünü, gah da Gərayı lənətlədi. Başqa çarəsi olmadığından ölümü belə gözə alaraq atası evinə yollandı. Qapını açan anası oldu. Atasının təhqir dolu sözləri, anasının saç-başını yolaraq qışqırıqları Sevincə yuxu kimi gəlirdi. Bəlkə də ən yüksək səslə özü qışqırmaq istəyirdi bu an. Bəlkə də ən böyük təhqirləri özü özünə yağdırmaq istəyirdi. Amma o yalnız göz yaşlarına sığınmışdı. Bir neçə saat ərzində davam edən bu hay-küylərdən sonra ata-anasını bircə şey nisbətən sakitləşdirdi. O da Sevincin Elçindən bağışlanmaq və öz ailəsinə qayıtmaq istəyi idi. Sevinc atasının ona qarşı kobud və saymazyana davranışlarına göz yumdu. Təki atasının ona Elçinlə görüşməkdə köməyi dəyə. Beləcə Sevinc Elçinlə görüşməyə cəhd elədi. Bir neçə dəfə təkiddən, yalvarışlardan, göz yaşlarından və ən nəhayət körpələrin necə ürək sızıltısı ilə ağlamağından danışdıqdan sonra Elçin onunla görüşməyə razılıq verdi. Hökumə arvadın Elçinlə bağlı dedikləri eynilə oldu. Elçin hər şeyə göz yumub Sevinci bağışladı. Amma işə qarışan qaynata oldu ki, ona da Elçinin bircə kəlməsi yetdi:
 
– Ata, sən qarışma. Ona bircə kəlmə də demə. Onu bağışladım. Mənim bundan başqa çıxış yolum yoxdur.  
Bu söhbət bitdi. Məhkəmənin qərarı ilə əmlaka zərər vurduğundan təqsirkar olaraq Elçinə üç il azadlıqdan məhrumetmə cəzası verildi. Sevinc isə həbsxanada ərinin, evində iki körpəsinin qeydinə qalmaqda davam etsə də, nə əzizləri, nə də kənd tərəfindən itə qoyulan hörmətin belə sahibi olmadı. Hələ üstəlik, iki qardaş ailəsi arasında düşmənçiliyin, hörmətsizliyin əsası qoyuldu. Gəray el qınağından qaçmaq üçün tez bir zamanda ailə qurub Bakıya köçdü. Sevinci isə hər gün, hər an hər kəs tərəfindən təhqir dolu sözlər, baxışlar öldürüb-dirildirdi.  Bəlkə də onu yalnız körpələrinin sevgisi ayaqda saxlayırdı. Amma bir narahatlığı var idi – bir gün o körpələr böyüyüb hər şeydən xəbərdar olanda analarına eyni sevgini göstərəcəkdilərmi? Özünün belə cavabını hələ də düşünüb tapa bilmədiyi  “axı niyə?” sualını bir gün övladları ona verəndə əsl ölümü yaşamayacaqdımı?

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar