Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ayaz Arabaçı ədəbi təfəkkürün “ictimai poeziya” deyilən sütunlarını inşa etmiş sənətkarlarımızdandır - Zakir Məmməd

Tarix: 31-08-2024 17:43     Baxış: 3230 A- / A+
                                            Zakir Məmməd, Ayaz Arabaçı
                                             
Şeir sənəti ona görə yaşayır ki, onu yaradanların dili, istedadı, ifadə imkanları müxtəlifdir. Bu müxtəlifliyi doğuran səbəblər ədəbiyyatın, poeziyanın ömrünü şərtləndirir, Füzuli demişkən, bədii sözü həmişə diri saxlayır. Bu üzdən, dünyaya – şeirə Sabir gəlir, Cavid, Puşkin, Nazim Hikmət gəlir, ədəbiyyat tərəqqi edir, yeni üslub və yazı metodikasına həssas ədəbi sürəc formalaşır. Həyatın nəbzini yoxlamağa, şüura nəzarət etməyə, dünyanı “ovcunun içində” görməyə, gözdən keçirməyə və “acların” qarnını doyurmağa yeni siyasi, ekonomik proqramların işlənib hazırlanması üzrə uzmanların görə biləcəyi işləri sosial platformada ədəbiyyatın iştirakı ilə həyata keçirmək keçmişin təcrübəsi olaraq bu gün də aktualdır. Şüura elmlə birlikdə sənətə aid olan bilgilər əlavə edilə gərək ki, toplum “cızığından çıxmasın”. Ədəbi düşüncə və problemə poetik yanaşma siyasi-iqtisadi nəzarətin özünə nəzarəti həyata keçirmək üçün cəmiyyətə həmişə lazımdır. Bir şərtlə ki, sözümün əvvəlində yazdığım kimi, bu işi istedadlı adamlar görməlidirlər. Şair Ayaz Arabaçı demişkən: 

“Hər uçuq divara pəncərə salma,
Ovunu şir kimi pəncələ, salma,
Başını boş yerə cəncələ salma,
Adamın dili var, dilin adamı”.


Yəni dil dediyimiz nəsnə adamladır, ya adam deyilən şey dillədir. Burada “dil” də, “adam” da çoxmənalı anlayış kimi və konkret olaraq üslub, sənətkarlıq problemi kimi oxuna, qəbul edilə bilər. Elə Ayaz Arabaçı da konseptual bir dilin, estetikanın adamlarından biri kimi, bu söhbətimizin mövzusu ola gərək. Ayaz bəy, necə ki bu məqalənin giriş hissəsində vurğuladım, üzərinə düşənləri namusla yerinə yetirən sənət adamıdır. Ayrı cür desək, dilin adamıdır. Bu adamın dili var deyə cəsarəti də var. Cəsarəti var deyə qələmi var. Yazarın seçilən, heç kəsə bənzəməyən dili həm də onun cəsarətidir. Mən cəsarət deyərkən, M.Arazın bir sözünü xatırlatmaq istəyirəm: “Anamdan, bacımdan gizlətdiyimi Kağızdan, qələmdən gizlətməmişəm”. Professor Yaşar Qarayevin təbirincə desək, “cəsarət sərvətdir”. Ayaz Arabaçının poeziyası heç zaman tükənməyən sərvətimizdir. O, ictimai poeziyanın miqyasını genişləndirib, hecada satirik təfəkkürün səviyyəsini yüksəldib. A.Arabaçının “2×2=” şeiri ən gözəl vətən şeiridir və “Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!!! Öz qövmümüzün başına əngəlkələfiz biz!” misralarının müəllifi böyük M.Ə.Sabirin “Fəxriyyə”si ilə eyni siyasi-poetik çəkiyə malikdir.

“Arxivində qalaq-qalaq paxırlar,
Bulaqların hansı səmtə axırlar,
Sənə sağmal inək kimi baxırlar, 
Bax bu adım Ayaz haqqı, ay vətən”.


Ayaz bəyin şeiriyyətinin dadlılığı-duzluluğu onun qələminin ümumxalq dilinin genişliyindən calaq olmağıdır. Onun hər kəlməsi necə deyərlər, iti selbə tutan kimi tutur. Onun topluma mesajları sızıltılı, ah-uflu deyil, ağayanadır. Onun üslubunda daxili kübarlıq, təmkin və ləyaqət kök salıbdır. Onun ironiyasında nifrət hissi yox, şəfa diləyi var. Olaya ümumi yanaşmaqla xırda duyğudan, qrup marağından uzaq qalmaq mümkündür. Bizim milli ədəbiyyatda tək-tək adamlardan qisas almaq üçün mətninin bir neçə abzasını, bəzən daha çox vaxtını bu işə sərf edən yazıçılarla rastlaşmaq olur. Bu baxımdan, Ayaz Arabaçı vaxtın fövqündə yer alır, gələcəyin, bəşəri dialoqun, tarixi gerçəkliyin şairi olmağı bacarır. Adlar, şöhrətlər belə şairlərin dizindən aşağıdr. Bir şeirində o yazır:

“Allah imkan versə, yaxşı tərəfdən
Bu il mən olacam ilin adamı”.


Bu misraların yazılmasından xeyli vaxt keçsə də, ədəbi prosesi körükləmək üçün, əslində, təltif kimi düşünülən “ilin adamı” olmağa, fikrimcə, yenə Ayaz Arabaçı layiqdir. Hərçənd misal çəkdiyim nümunədə fikrin alt qatındakı çoxmənalılıq da diqqətdən yayınmır. Çünki indi iki misrasını yazdığım həmin şeirdə şair ədəbi aləmdə vurnuxanların, şöhrətə uyanların, özünü “zil” sanıb “bəmdə zığıldayanlar”ın halı ilə də ilgilənir. Bu illər ərzində ölkədə böyük olaylar baş verib, Şuşa düşmən işğalından azad edilib, qırx dörd günlük hərb zamanı ədəbiyyatımız öz “cəbbəxanası” ilə böyük ehtiyatlara malik olduğunu göstərib. İgidin yaraşığı olan həmin ehtiyatı ikinci Qarabağ savaşında, o ərəfədə Lələtəpə uğrundakı döyüşlərdə sərf edən ən birinci şairimiz Ayaz Arabaçı olubdur. Bu qanlı, şanlı döyüşlərdən xeyli əvvəl Ayaz Arabaçı yazırdı:

Şair gərək şərəf kimi baxsın həyata,
Qılınc olsun, nizə olsun qələm əlində.
Şair gərək tamam dönsün mənəviyyata,
Həm işində, həm sözündə, həm əməlində”.


Azərbaycanın ərazisini işğaldan azad etdiyimiz həmin döyüşlərin iştirakçısı olmaq üçün şairin hər hansı mücadiləyə, mübarizəyə ta əvvəldən hazır olması lazımdır. Bu misraların mahiyyətində sənət adamının ən vacib göstəriciləri əks olunubdur. Ayaz Arabaçının yazdıqları hər zaman ona görə yeni səslənir ki, onun qələminin məqsədlərində şərəf, borc məsələləri başda gəlir. Bax buna görə A.Arabaçı kimi şairlərin qələmi üçün xalq, toplum kamerton rolunu oynayır. Zatən keçmişdə də, indi də xalqı, oxucunu ayaqda saxlayan, ona ruh və güvənc gətirən xalqın “halına mizrabzən olan” ədəbiyyatdır. Yoxsa Vətən müharibəsi zamanı aşağdakı misralara ehtiyac duymazdıq:

“Burnu ovulubdu ermənilərin, 
Qoy yazsın bunu da"Təbəri", Vətən. 
Torpağa can verən yağış kimidi, 
Bu günkü qələbə xəbəri, Vətən”.


Burada böyük sənətə xas ilhamla ölkənin, dövlətin halını ifadə edən fikirlər poetik vüsət qazanıbdır. Birinci iki misrada sorunun ciddiliyi, sonrakı misralarda insanın durumu əks olunubdur. “Təbəri” kəlməsi milli mücadiləni, özgürlük savaşını, böyük cihadı yada salmaq üçün, indi baş verənlərin tarixin ən səs-küylü hərəkatları ilə müqayisəsi məqsədilə işlədilmişdir. Şeirin doğurduğu hiss hər bir azərbaycanlının duyduqları ilə üst-üstə düşür və adamı razı salır. Ümumilikdə ikinci Qarabağ savaşı zamanında və otuz illik işğal ərzində Qarabağın – Azərbaycanın əhvalını şairlərin necə qələmə alması tarixin problemi kimi qəbul edilməlidir. Çünki siaysi tarixin bir qolu həmişə şairin çiynindədir və vaxtilə Q.Zakirin yazdıqlarından da Qarabağın əhvalı haqqında ən səhih bilgilər əldə olunubdur. Fəqət bu işi o şəxslər gərək görə ki, orden, medal gözləntisi ona yad olsun. “Nə yağlıq, nə ballıq heç nə yazmıram, Ordenlik-medallıq heç nə yazmıram”. Bir də ki, şairin o sözü yazmağa qüdrəti çatmalıdır. Bu baxımdan, A.Arabaçı Qarabağın əhvalını hər dəfə düzgün anladır və zövqlə anladır. 

“Mən susmuşam söz tapmıram deməyə, 
Acılarım gözüyaşlı danışır. 
Qarabağda adam kimi dil açıb, 
Vətən bu gün dağlı-daşlı danışır.

Çox ağırdı, təslimçilik şərtləri, 
Dərd götürüb, şir biləkli mərdləri, 
Qarabağın qara-qara dərdləri, 
Qaragözlü, qaraqaşlı danışır”.


Qarabağ probleminin həllinə məsul beynəlxalq siyasi qüvvələr bizi hər zaman dağa-daşa salmaqla məşğul olublar. Metonimik üsullarla çalışan şair “problem” dalınca gəlib-gedən “beş düşüy”ün (A.A.) qara gözümüzə, qara qaşımıza “aşiqliyinin” dərin səbəblərinə işarə edir. Hər halda ön xətdə olaylar necə çalxanıb-bulansa da, bir gün sular durulur, “təmas xətləri” ayrı səmtdə müəyyənləşir. Lakin tarix təkcə tarix kitablarında deyil, ədəbi mətnlərdə qorunub saxlanır. Bədii söz təkcə təsvir etmir, müqayisələr, bənzətmələrdən ötrü baş sındırmır, bədii söz hissə, duyğuya çökür və yaddaşı bütövləşdirir. Şair illərlə süründürülən problemin həlli konsepsiyasını daha anlamlı fəhm edir. Çünki bədii sözün gücündə el gücü, el müdrikliyi, uzaqgörənliyi var. 

“Çatmır, kimsəyə çatmır səsi-ünü, harayı,
Ağırdı, çox ağırdı bu millətin şələsi.
Birləşməsə Arazın bu tayıyla, o tayı,
Yüz il də uzanacaq Qarabağ məsələsi...”


Şair Qarabağ məsələsini doğuran əsas səbəbdən bəhs edir. O, Aprel döyüşləri zamanı böyük ümidlər ifadə edərək yazırdı:
“Ordayıq aslan kimi, harda zəfər zəngi var, 
Ruhumuzda baharın çox gözəl ahəngi var, 
Kökləyin silahları, Qarabağda cəngi var... 
Qələbəyə az qalıb.

Alov saçır cəbhədə, dəmir döşlü Qıratlar, 
İtiribdi başını zəhərli həşəratlar, 
Susqun-susqun qeyd edir, mənzərəni"brat"lar, 
Qələbəyə az qalıb”.

Nəhayət, qələbə əldə edildi. Giley-güzar etməyi xoşlamasam da, bir şeyə təəssüf edirəm ki, Aprel döyüşləri getdiyi vaxt bizim media qurumlarında sovet dövründə yazılmış müharibə şeirləri nəşr olunurdu. Məsələn, A.Arabaçının bu mövzuda yazdığı silsilə şeirlərinə müracət etmək olardı. Həmin döyüşlər gedən vaxt o yazırdı:

“Nurlu çıraq tutub bir əli haqqın,
Bir də bayrağımı tutub bir əli…
Bu saat bizimçün tək bircə söz var,
İrəli, irəli, ancaq irəli!

Toplarla dindirin "Rastı", "Şüştəri",
Duam getdiyiniz yolları qucsun.
Şuşanın, Laçının qızılquşları
Göylərin ən uca qatında uçsun.
Eheyy igidlərim dəli nərəli,
İrəli, irəli, ancaq irəli!”


Bu cür şeirlərin müasir texniki yayım imkanlarının bol olduğu indiki şəraitdə efirdən, ekrandan səsləndirilməsi gərəkirdi ki, bunu da bizim media “nəzərdən qaçıra” bildi. Hətta toplum qarşısında obyektiv mövqe sərgiləyən bir sıra intellektual yazı-pozu adamları da S.Vurğunun, S.Rüstəmin ikinci cahan savaşına həsr etdiyi şeirlərini saytlarda paylaşaraq müasir ədəbiyyatımızın yaxşı nümunələrinə göz yumdular. Ayaz Arabaçı isə sosial mediada yazırdı:

“Şükür Tanrım, çox şükür ki, əridi bu buz,
Danışanda qısılmırıq,səsimiz doyur.
Neçə gündü, Qarabağda Milli Ordumuz,
Məsələni ciddi-ciddi yoluna qoyur.

Yolu yoxdu bu millətin geriyə kəsin!
Erməniyə dil verənin yuxusu qaçsın.
Durub elə peysərini günə verməsin,
Dünya bir az gözlərini qoy geniş açsın.

Dayanmışıq şərəfində yenilməz gücün,
Bir ocağın alovuna hoy eləyirik.
Biz cəbhədə şəhid olan hər oğul üçün,
Yas tutmuruq sazlı-sözlü toy eləyirik.

Hansı qüvvə zəiflədib suyunu sıxmış,
Birdən-birə dəllalların batıb səsi də.
Rədd edirik alt çənəsi qabağa çıxmış,
İllərdi ki, mamır basmış atəşkəsi də.

Sona yetdi, allı-güllü nağıllarımız,
Cəbrayılda, Zəngilanda saxlasın qatar.
Şir biləkli, od nəfəsli oğullarımız
Bu gedişlə iki günə Şuşaya çatar”.


Şair haqlı idi, müharibə cəmi qırx dörd gün çəkdi, düşmən basıldı, Şuşa azad oldu. Babalarımız nağıl yazıb siqləti ağır yüklərin aşırılmasına qırx gün möhlət verir. Əsgərimiz buna əməl etdi. Ədəbiyyatın gücü dar gündə təkcə ümid, ruh vermək deyil, həm də tale yüklü sorularda anons verməkdir. Şeirdə yol, infrastruktur, daha rahat yaşayış barədə qabaqcadan xəbər verilir. Bu minvalla bizim qatarların Qarabağın bütün yaşayış məntəqələrində “posadka” eləməsinə şairin təbirincə az qalıb. 
Ayaz Arabaçı ədəbi təfəkkürün “ictimai poeziya” deyilən sütunlarını inşa etmiş sənətkarlarımızdan biridir. Haqsevər poeziyanın Xaqani, Səhənd, Hadi, Sabir kimi nümayəndələri ilə bir sırada durmağa Ayaz Arabaçının haqqı çatır. Təkcə torpaq, ərazi deyil, uzun illər ərzində itirilən çox nəsnələri ədəbiyyatsız xatırlamaq, yada salmaq çətindir. Çünki ədəbiyyat ümumiləşdirir və bundan dərs çıxarmağa məcbur edir: “Heyif ki, pas atmış tapança kimi Qızıl günlərimiz qoburda keçdi”
Bugünkü publisistikanın çox hallarda hıqqana-hıqqana dediklərini, ya deyə bilmədiklərini poeziya daha “mənzilli” (S.Vurğun) ifadə edə bilir. Şairin fərdi üslubunda çox mətləblərin üzə çıxması mümkündür. Bədii pafos hər zaman işə yarayır, necə deyərlər, “adamın atasını yandırmağa” kifayət edir. Dünya bina olunandan insan həmişə cızığından çıxır. Onun burnundan vurub qaytarmaq üsulu şeir yazmaqdır. A.Arabaçının şeiri bu üzdən də bizə çox lazımdır.

“Nə qara gözlərə baxan tapılar,
Nə qara qaşların zəmanəsidi.
Xonçaya bəzəyib mədh eləyirlər,
Dəyərsiz başların zəmanəsidi.

Bu tarix nə yaman qısa fırlanır,
Əlində çəliyi Musa fırlanır,
Qibləmiz təzədən rusa fırlanır,
Yenə yoldaşların zəmanəsidi.


Bu iki bəndin ümumiləşdirmə gücü yalnız orada əks olunan fikirlə bağlı deyil, məzmunun çatdırılmasında tipik söz və ifadələrin, hətta əhvalatların, tarixi bilgilərin bədii improvizasiyası ilə bağlıdır. Şüura bu şəkildə “həmlə etmək” mümkündür. Onsuz da siyasət adamları belə məzmunlu şərhlərlə hər gün çıxış edirlər. Məsələ burasındadır ki, hər cür siyasi şərhin sonunda belə aforistik sitatlara, problemin kökündən çözülməsi üçün şeirə istinad etməyə ehtiyac yaranır. Bu cür sitatlar, əlbəttə, hər zaman tapılmır, defisitdir desəm, yanılmaram. Bu yazı metodikası yazardan xüsusi qabiliyyət tələb edir. Çətin olsa da, A.Arabaçı bu mövqeyi – şair və vətəndaş mövqeyini heç nəyə dəyişməmək əzmindədir. 

“Qurd kimi uladıq qələmim və mən, 
Amma ki sapmadıq heç yolumuzdan”.


Başqa bir yerdə şair məqamını daha poetik bəyan edir:

“Mənim əllərimdə siqardan da çox
Qələm tüstülənib bu yaşa kimi”.


Hesab edirəm ki, Ayaz Arabaçı sənətinə baxış üçün bura qədər yazdıqlarım da kifayət edər. Ancaq yazının sonunda bir məsələni qeyd etmək istəyirəm ki, şair hər hansı mövzunun aktuallığı ilə ağ günə çıxa bilməz. Şeir yazmağa mövzu çox olsa da, onun qələmə alınması yollarının axtarılıb tapılması müəllifin üzərinə düşən işdir. Onsuz da bütün qələm adamlarının əbədi qərarlaşacağı məkan sosial platformadır. Güldən, bülbüldən yazılsa da belədir, xalqdan, məmləkətdən yazılsa da belədir. Ədəbiyyatda haqq anlayışı yaxşı yazmaq anlayışı ilə üst-üstə düşür. Ona görə də:

“Hər şair qələmi haqqı hayqıran,
Silaha dönməsə sonu süqutdur.
Şərəflə qorumaq öhdəliyim var,
Qələm də papaqtək bir atributdur”.

yazan şair haqlıdır. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar