Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həlim duyğuların tərənnümü

Tarix: 17-05-2024 11:18     Baxış: 3422 A- / A+
Bir insan və şəxsiyyət, AYB-nin və AJB-nin üzvü, özü kimi əməli də bütöv olan, təvazökar və aristokrat xasiyyəti ilə seçilən Hüseyn İsaoğlu (Məmmədov) ilə tanışlığımızdan çox vaxt ötməyib. Çörək kəsmişik, ədəbi mülahizələr söyləmişik, bizi bürüyən çətinliklərdən söz açmışıq. Qısası, fikirlərimizin üst-üstə düşməsi bizi dostluqda daha da möhkəmləndirib.

Aprel ayı idi. “Azərbaycan” Nəşriyyatının 2-ci mərtəbəsinə qalxan kimi ilk  növbədə “Bütöv Azərbaycan” qəzetinin redaksiyasının qapısını döyüb içəri keçdim. Təzə dəmlənmiş kəkotu çayının ətri məni bihuş etdi. Hüseyn müəllim təcrübəli jurnalist, yazıçı-publisist Sabir Hüseynovla yanaşı əyləşmişdi. Onlarla görüşüb hal-əhval tutdum. Söhbətimiz müxtəlif sahələrə yönəlsə də daha çox kitab və yazıçı məsələsinin üzərində gəzişirdi. Mən bir qədər kitaba və yazılara fərqli yanaşaraq dedim:
- Düşünürəm ki, kitabın kəşfi bəşəriyyətin, insanın ən kamil kəşfidir. Necə ki, riyaziyyatda, kimyada, fizikada, mikrobiologiyada, təbabətdə zaman ötdükcə belə əvəzolunmaz kəşflər edilir. Məncə, bu kəşflər içərisində kitabın özünəməxsus yeri var. Kitab bütöv halda müəllifin əsrlərə, nəsillərə vəsiyyətidir. Ümumən isə, əgər bir xalqı tanımaq istəyirsənsə onun ədəbiyyatını, tarixini, etnoqrafiyyasını, adət-ənənələrini bilməlisən... Bayaqdan məni sakitcə dinləyən yazıçı-jurnalist dostum Sabir Hüseynov sanki kitab barədə fikirlərimin  davamı olaraq dedi:
- Kitaba, yeniliklərdən xəbər tutmağa gəncliyimizdə necə həvəs göstərirdik. Ürəyimdən keçirdi ki, görəsən, mən də kitab yaza bilərəm? Yazıçılara möcüzəli sənət adamları kimi baxırdıq. On illər ötdü, yeni texnologiyalar, ritual aləm kitabı əvəz edə bilmədi. Necə ki, yüz illərdir xarici ölkələrdə qəzet, kitab və s. dərgilər nəşr olunur, kitab yenə də qiymətini, məna yükünü itirmir, indi də elədir... Hüseyn İsaoğlu da söhbətə qoşularaq dedi:
- Dediklərinizlə həmfikirəm. Həyatda nəyə nail olmuşuqsa kitaba borcluyuq. Kitab rəfləri bəzəmək üçün deyil, onun tozunu silib oxumaq lazımdır. Gərək hamı vəzifəsindən, tutduğu mövqeyindən, kimliyindən, varlı-kasıb olmasından asılı olmayaraq kitab oxusun. Gündəlik həyat tərzimizə çevrilmiş kitab sabaha, gələcəyə, tərəqqiyyə açardır...
- Hə, dostum, - dedim. Peşəkarların kitabları əsrlərlə yaşamalıdır. Kitab yaddaşdır, elm və tarixdir, mədəniyyətdir, etika və estetikadır, bəşəri sevgidir, məntiqdir, fəlsəfədir, ədəbi dünyadır, dilimizin inkişafı, cəmiyyətdə baş verən qanunauyğunluqları öyrədən elmdir, siyasi baxışdır. Kitab əvəzi olmayan vasitədir, o, puldan da qiymətlidir. Satış qiyməti ucuz olsa da, ariflər üçün çox bahadır... Mən çap etdirdiyim “Hər yazılan kitabdırmı?” adlı məqaləmdə kitabın mahiyyətinə, onun indiki durumuna toxunmuşam. Bəli, bu qeydlərim dünyanın dərki mövzusunda bizə bilgi verən kitab və onun sahibləri barədə idi.

Məlumat üçün deyim ki, yeni doğulan kitabların zəhmətkeş müəlliflərindən biri də Hüseyn İsaoğludur. Hüseyn müəllim Gədəbəyin Hacılar kəndində dünyanı tanıyıb. Təhsil aldıqdan sonra orada müəllimlik edib. 2012-ci ildən isə “Bütöv Azərbaycan” qəzetində şöbə müdiri işləyir. İstedadlı qələm ustası, peşəkar jurnalist Tamxıl Ziyəddinoğlu redaktoru olduğu qəzetdə Hüseyn İsaoğlu ilə çiyin-çiyinə işləməkdən, qəzetin yükünü birgə daşımaqdan məmnunluq duyur. Söz vaxtı yüyrək olar, deyiblər. Söhbətimizin sonunda Hüseyn müəllim təbəssümlə mənə qara cildli bir kitab uzatdı:
- Bu da sənə kiçik hədiyyəm, - dedi. - Vaxtın olanda oxuyarsan. İrad və təkliflərini, tənqidi qeydlərini bildirərsən. Kitabı ondan aldım, məmnunluq ifadə etdim. Axı, bizim dəyərli sözə, sözün gücünü, qiymətini bilənlərə həmişə ehtiyacımız var... Həmin an Hüseyn müəllim yəqin ki, hansı hisslər keçirdiyimin fərqinə vardı... “Anam yuxuma gəlmişdi”. Hüseyn müəllim yeni kitabına belə ad qoymuşdu. “İmza” Nəşrlər Evi həmin kitabı yüksək səviyyədə nəşr edib oxucuların ixtiyarına vermişdi. Qeyd üçün deyim ki, müasir dövrdə kitabın məzmunu ilə yanaşı tərtibatı, xüsusən, üz qabığı da oxucuya estetik zövq verməlidir. Həmin kitab “Kədər tablosunda sevinc işığı” adlı povestlə açılır. Bu əsər barədə 2023-cü ilin martında “Kredo” qəzetində “Söz taxtında mülk sahibi” adlı məqalə çap etdirmişdim. O məqaləm də adıçəkilən kitabda yer alıb. Nəşrdə həmçinin, Hüseyn İsaoğlunun müxtəlif janrlı məqalələri, hakayələri oxucuya təqdim edilib. “Kədər tablosunda sevinc işığı” adı çox uğurlu seçimdir. Hüseyn müəllim əsərin qəhrəmanı Vəfanın səsini eşitmiş, duyğularını hiss etmişdir. Vəfanın ətrafında baş vermiş hadisələrin kədəri, dramatikliyi, həssas insan qəlbinin çəkdiyi iztirablar və bir insan taleyinin kədərdən sonrakı aqibəti povestin əsas leytmotivini təşkil edir. Deməli, Vəfa kiçik yaşlarında ikən bir qəza baş verir. O, hər iki ayağını itirir. Sonra yaxşı insanlar onu ümidsizliyin əlindən alır, tale Vəfanın üzünə gülür, böyüyüb, ayaqda qalır, ali təhsil alır, ailə həyatı qurur. Hər bir çətinlikdən, ağrı-acıdan mətanətlə çıxır, Tanrı onu səadətə qovuşdurur. Türkiyədə yaşayır, özünü tənhalıqdan qurtarır, adamların sevgisini qazanır. Fəlsəfə doktoru, alim-tədqiqatçı Şakir Əlifoğlu adını çəkdiyimiz kitabda “Mərdliyə və mübarizəyə səsləyən əsər” adlı məqaləsində yazır: “Hüseyn İsaoğlu əsərin adındakı məntiqi əsərin məzmununda da açıb göstərə bilib: “Kədər tablosu”ndakı “Sevinc işığının” nədən ibarət olduğunu Vəfa xanımın şəxsi həyatı fonunda təqdim edib. Tibb bacısı Mariya xanımın, ağır xəstə olanda Vəfaya verdiyi tövsiyə ona əslində “Sevinc işığı”nın yolunu göstərib...

Bu tövsiyə sonrakı illərdə Vəfa xanıma həyatda sevinc işığı göstərən bir mayak olur... “Anam yuxuma gəlmişdi...” kitabının 111-ci səhifəsində dərc olunmuş hekayə duyğularımı tərpətdi. Hekayənin əvvəlində paytaxtdan xeyli aralıda yaşayan ağbirçək ananın son durumu haqqında oğluna telefonla xəbər verilir. Bundan sonra anasını son dəfə görmək ümidi ilə yola çıxan oğulun ürəyi titrəyir, gözlərindən yaş gilələnir. Son anda ana lal baxışları ilə oğlunu süzür, ruhu uzaqlara uçur... Əzablar içində ürəyi döyünən oğulun gözləri önündən analı günləri kino lenti kimi ötüb keçir, dünyanın etibarsızlığından gileylənir, gücü göz yaşlarına çatır, kədərlənir, anaya möhtac olduğunu hiss edir. Heyhat, alın yazısından qaçmaq olmur... Hekayə psixoloji sonluqla bitir: oğul anasını yuxuda görür. Yuxuda anasının qeybə çəkilməsi, oğulun nigarançılığı, anaya əlinin çatmaması hekayənin ən kəsərli ədəbi notlarıdır.

Yazının əvvəlində kitabdan, onun insan həyatına təsir gücündən söz açmışdım. Əlbəttə, tanınmış yazıçı Hüseyn İsaoğlunun qələmindən süzülüb çıxan, oxucunun ixtiyarına verilən “Anam yuxuma gəlmişdi” kitabı da maraqlıdır, oxunaqlıdır, oxucuya ibrətamiz duyğular bəxş edir, onu yaşamağa sövq edir. Hüseyn müəllimə uğurlar diləmək arzusu ilə...
















İdris Şükürlü,
Əməkdar jurnalist

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar