Xəbər lenti
N
Atasızlığın ağrı-acısını 11 yaşımda, soyuq dekabr günü daddım. O vaxtdan ürəyim üşüyür. Həmin gündən atasızlığın amansız sınağı məni dara çəkdi, acısı, ağrısı, göynərtisi iliyimə işlədi. Bir sözlə, atadan yetim qalmağın dəhşətli üzünü gördüm... Bunu çəkənlər bilir, heç kimə vaxtsız ata itkisi diləmirəm...
O gündən ürəyim qorxdu, çöl-bayırda atalı uşaqlarla sözüm çəp gələndə həmən gözümün önünə onların ataları gəldi, çəkindim, ürəyim istədiyi kimi uşaqlıq şıltaqlığının, nadincliyinin həzzini ala bilmədim... Ən çox da bir-birimizlə dalaşanda, sözümüz düz gəlməyəndə, ata söyüşündən qorxurdum. Bu qorxular bütün vücuduma hakim kəsildi. Yetimlər çiyni çəkik böyüyür. Boyum tay-tuşlarımın boyuna çatmadı... Hər xırda çatışmamazlıqda atamın yoxluğunu hiss etdim. Yaşımdan artıq iş tapşırılanda, yaşıdlarım yanımda bax, “bunu atam alıb” deyəndə də sızıldadı ürəyim. Və sonra həyatımda nə çatışmamazlıqlar oldu, atamı düşündüm...
11 yaşıma kimi bu gidi dünyayla hələ elə qovğam olmadığı üçün bu mənə daha ağır gəlirdi. Sonra bütün olacaqları “həzm” etmək zorunda qaldım. Ancaq bütün “razılaşmalara” baxmayaraq atamın itkisini qəbul etmədim. Bu zalım fələyə və gidi dünyaya kin-küdrətim azalmadı. “Qara torpağın üzü soyuqdu” kimi təsəlli sözləri mənim uşaq dünyamda özünü doğrultmadı. Həmişə ağrıdım, həmişə göynədim.
...Sonralar o qədər şeylər oldu... Kənd yolunun daşını təmizlədim ki velosipedim olacaq, alınmadı, saz, maqintafon istəyim də arzu kimi qaldı... Rəhmətlik anam qoçaq və çox qayğıkeş idi, dolanışığımız yaxşı oldu. Ancaq alınmayan və əldə edə bilmədiklərimi atam edəcəkdi... Bir sözlə, atasızlıq həyatımın kəm-kəsir yerlərində öz acı və dəhşətli təsirini göstərdi. Və bu “yoxlar” indiyə kimi özünü göstərməkdədi. Atamı qarlı-çovğunlu bir qış günü – 25 dekabr 1981-ci ildə itirdim. Sonralar nə vaxtsa bu misra dilimə düşdü: ”Atamı qış günü dəfn eləmişdik, o vaxtdan ürəyim elə üşüyür” . Və bu üşüməyə səbəb olan ağrının üstündən 40 il keçsə də, bədənimdə, ən çox da ürəyimdə bu üşütmə davam edir. Yəqin yaşadığım bütün illərdə də belə olacaq. Zaman-zaman atamla bağlı qələmə aldığım bəzi qeydlərin, pıçıldadığım misraların itdiyini yaddaşımın və gün-güzəranımın boynuna atıram.
*** Kəlbəcərli günlərin birində, 1991-ci ildə “Bu gecə atamın ruhu qonağım” təsəllisi ilə də özümü ovutdum. Bu şeirdə də atasızlığın yaman üzünü göstərməyə çalışdım. Ancaq bu bir təsəlli, şeir ovqatı olaraq heç nəyi dəyişmədi:
Bu gecə atamın ruhu qonağım,
bu gecə ən əziz qonağım gəlib.
Bütün qonağımın şahı qonağım,
mənim arxam gəlib, dayağım gəlib.
Ay ata, qoy sənə doyunca baxım,
mən ona bu sözü söyləyəmmədim.
Sənə qulluq edim, atam-qonağım,
atama mən qulluq eyləyəmmədim.
Doyunca ay ata, sözü demədim,
ata nəfəsinə isinməmişdim.
Ay ata, həyatı belə bilmədim,
belə fikirləşib, düşünməmişdim.
Daha fikirləşmək, düşünmək meylim,
özümə təsəlli tapammasam da.
Ata, böyümüşəm mən indi xeyli-
boyda tay-tuşlara çatammasam da.
Atalı günümün düşüb söhbəti,
məni ovunduran göz yaşım olub...
Ata dərdi, intizarı, həsrəti
mənimlə doğulub, yaşdaşım olub.
İndiki oxucular bir az səbirsiz olduğuna görə fikirlərimi, ürəyimdən keçənləri bir az “qol-budaq” edəcəm, yəni qısaldacam. Atam 50 ilə yaxın Kəlbəcərin Alaqaya, Comərd, Almalıq, Qaraxançallı, Çovdar kəndlərində müəllimlik edib. Cəmiyyətdə özlərinə layiqli yer tutan onlarla şagirdə dərs deyib. Ucqar kəndlərdə ibtidai təhsil alan uşaqlar sonradan paytaxtda və digər ölkələrdə müxtəlif ali təhsilə yiyələniblər. Mənim də ilk müəllimim atam olub, məni müəllim görmək istəyirdi. Mən də onun kimi yaxşı müəllim olmaq istəyirdim. Hər ikimizin arzusu puç oldu... Kəndimizin məktəbinin tikilməsinin təşəbbüskarı və ilk müəllimi olub atam. Necə müəllm olduğunu isə tanıyanlar hələ də yaxşı xatırlayır və sağ olsunlar, unutmurlar.
Məlum hadisəylə bağlı 1993-cü ilin aprel ayının 2-də doğulduğum kəndi tərk elədim. Buralara gec qayıdacağım sanki ürəyimə danmışdı.
Kəndimizin arxa tərəfində sıralanan qayanın üstünə çıxanda dönüb kənd qəbristanlığına tərəf baxdım. Qulağıma səslər gəldi: bizi qoyub hara gedirsiniz, hara? Bu səslərin içində atamın səsini lap aydınca eşitdim... Beləcə, 11 yaşımda atamı, 23 yaşımda isə məzarı qoynunda uyuyan torpağı itirdim...
Ata, məzarını qoyub gəlmişəm,
bu dərd yandıracaq, yaxacaq məni.
Səni itirmişdik bu ağır bir dərd
indi də itirdik ana torpağı.
Məzarına baş çəkirdim elə hey...
həsrət, hicran ürəyimi sıxanda.
Atalı duyurdum özümü, ata,
hər çevrilib baş daşına baxanda.
İndi təsəllim yox, ümid yerim yox,
indi əsl yetim olmuşam, ata.
Bilmirəm yaşayım, bilmirəm ölüm,
beləcə biçarə qalmışam, ata.
Bu dərdi fil belə daşıya bilməz,
bu dərdi ürəkdə daşımaq çətin.
Bu necə faciə, bu necə itki
buna dözmək çətin, yaşamaq çətin.
Ata, dözəmmərəm mən bu itkiyə,
köksümdə bir qəbir qazdıracağam.
Yonub ürəyimin bir parçasını,
baş daşın əvəzi basdıracağam.
Ata, məzarını qoyub gəlmişəm,
köksümdən qırılb qəlbimin tağı.
Səni itirmişdik bu ağır bir dərd,
indi də itirdik ana torpağı...
aprel 1993
28 il sonra kəndə döndüm. Atamın məzarını ziyarət etmək qismətim oldu. Və 1993-cü ildə yazdığım "Ata, məzarını qoyub gəlmişəm"adlı şeiri atamın yarıdağılmış məzarı başında söylədim:
video
28 ildən sonra ata-oğul görüşü-hansı hislər keçirdiyimi istəsəm də tam izah edə bilməyəcəm. Yağı düşmənin murdar nəfəsi atamın da məzarına toxunub. Alçaq əməlləri ilə xüsusi fərqlənən bu toplum bütün qəbirləri vəhşicəsinə dağıdıblar. Atamın da başdaşını söküb aparıblar. Ancaq cəhd etsələr də məzarı ürəkləri istədikləri kimi dağıda bilməyiblər. İllər sonra bir oğul xəcalətini, acizliyini ifadə edən aşağıda verilən şeir yazdım. Ancaq üzümə üz tutub ziyarət edə bildim:
...xatirələrim
bağımızdakı alma ağaclarının
budaqlarından,
alça ağaclarının çiçəklərində
asılı qaldı.
Bir də atamın məzarına
qısılı qaldı.
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən.
Ancaq atamın məzarından
xatirələrimi götürməyə
üzüm qalmayıb.
Bilirəm ki, atam
xatirələri nifrətə çevirib
tüpürəcək üzümə...
Atamın məzarını ziyarət edən günə qədər özümü ikiqat yetim sayırdım. 28 il ata məzarına, doğulduğum yurda əlim üzalı qaldı. Şükür, artıq Kəlbəcər də, digər doğma yurdlarımız da azaddı. Düşmənlə savaşda minlərlə Şəhidimiz canından keçdi. Nə qədər övladlarımız ata nəfəsinə həsrət qaldı. Onların ataları ən müqəddəs amal uğrunda canlarından keçsələr də, atasızlığın heç bir təsəllisi yoxdu. Ağır və ağrılı dərddi. Hər bir Şəhid övladını bağrıma basıb öpürəm. Dərdinizə, ağrınıza şərikəm, deyirəm. Bu gün on minlərlə məni kimi vətəndaşlarımızın öz ulularının məzarını ziyarət etmək, doğma yurd yerlərimizə dönmək imkanını Şəhidlərimiz, igidlərimiz verdi bizə. Bu yolda sağlamlıqlarını itirən qazilərimizə can sağlığı diləyirəm. Azərbaycan əsgəriylə qürur duyuram. 30 ilə yaxın düşmən girovluğunda qalan, "yuxusu dağılmış" ölülərimiz indi rahat uyuyur, atam da...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar