Xəbər lenti
Hər gün Sumqayıtdakı 7 nömrəli avtobusda "macəra" yaşayırıq...
Bu bir həqiqətdir ki, düşüncə, təfəkkür dəyişməsə, yenilik mümkün deyil. Geyimini, evini, imicini, ümumiyyətlə, dəyişə, yeniləyə biləcəyin hər şeyi təzələmək, dəyişmək mümkündür. Ancaq mədəni deyilsənsə, mənəviyyat kasadlığı çəkirsənsə, malik olduğun beyinlə əldə etdiyin maddi durum sənin problemli şəxsiyyətini və ya elə birbaşa şəxsiyyətsizliyini kölgələyən, aradan qaldıran deyil. Daha çox cahilliyin hökm sürdüyü cəmiyyətdə mədəniyyət anlayış səviyyəsində qismən dərk edilər, ya da heç edilməz. Bu durumda mədəniyyət kütləviləşə bilməz. Kobud olsa da, deməliyəm ki, bu gün gədəlik sindromundan əziyyət çəkənlərin sayı olduqca çoxdur. Bu ört-basdır edilməyəcək bir reallıqdır ki, hər gün hansısa məqamda bunun şahidi oluruq. Əslində, mədəniyyət kökdən gəlir və sonradan şəxsin tutduğu mövqe, mühit, təhsil və digər təsiredici amillər mədəniyyətin şəxsdə daha dərin formalaşmasına yol açır. Və bu dərinləşmə zamanla şəxsin müsbət keyfiyyəti olmaqdan çıxır, həyat tərzinə çevrilir. Nə yazıq ki, bu gün cəmiyyətimizdə bunun əksi ilə daha çox rastlaşırıq. Ədəbsiz, tərbiyəsiz insanların xidmət sahələrində çalışması isə bir dərddir...
Hə, elə yazmaq istədiyim də məhz bu ağrılı tərəfdi ki, xeyli vaxtdır məni düşündürür.
Söhbəti çox uzatmadan keçim əsas mətləbə...
Təxminən iki il bundan əvvələ qədər yaşadığım və çalışdığım Sumqayıt şəhərində sərnişin daşıyan avtobusların köhnəliyindən, artıq istifadəyə yararsız olduğu halda hələ də istismar olunmasından, yarana biləcək təhlükələrdən şikayətliydik. Cəm şəklində yazdım, çünki mütəmadi avtobus istifadəçisi olduğumdan belə şikayətləri başqa sərnişinlərdən də tez-tez eşidirdim. Doğrudur, şikayətlər təkcə bununla bitmirdi. Sürücülərin, yanlarında “konduktor” adı altında çalışdırdıqları bəzən məktəb yaşlı uşaqların, bəzən də orta yaşlı “kişilərin” mədəniyyətsiz davranışları, hoqqabazlıqları da biz sərnişinlərin əsəblərini tarıma çəkirdi. Yazdıqlarımı əsasən illərdir ki, səhər-axşam məcburən sərnişinlik etdiyim Sumqayıtdakı 7 və 7a nömrəli marşrut avtobuslarına şamil edirəm. Digər marşrut avtobuslarının yalnız kənardan görünən köhnəliyini qeyd edə bilərəm.
Xülasə, ay ötdü il dolandı, nəhayət Sumqayıtda marşrut xətlərinə təzə avtobuslar buraxıldı. Qırmızı rəngli göz oxşayan avtobuslar illərdir köhnə avtobuslarda əziyyət çəkən biz sərnişinlərin narahatlığına son qoyar düşündük. Təəssüf ki, bu belə olmadı. Avtobusların təzəliyi sürücülərin davranışına zərrəcə təsir etmədi. Yenə həmin hoqqabazlıq, sərnişinlərə hörmətsiz davranış...
Avtobusu idarə edərkən qanunsuz olduğu halda telefonla danışmaqlarını deyim, ya sükan arxasında siqaret çəkməklərini?! Nisbətən yaxında dayandınsa, vay sənin halına. Tüstünü ciyərlərinə çəkməyə məhkumsan, üst başın da iylənməlidir. Hələ, marşrut xəttindən çıxıb avtobusu kefi istədikləri istiqamətdə sürməklərini demirəm. Avtovağzal yolundan keçməli olduqları halda, tıxacı bəhanə edib sərnişinləri yarıyolda düşürtməkləri də nə qaydalara uyğundur, nə də insafa sığmır. Bunun xəstəsi var, yaşlısı var, uşağı var...bir dayanacaq yolu, üstəlik yol keçərək piyada getməlidir insanlar. Şikayət edən sərnişinlərə verdikləri cavab isə tam tərbiyəsizlik göstəricisidir. Söyüş, təhqir... gədə davranışı. Hələ "konduktorlar"ın ikrah hissi doğuran ədası, sərnişinlərə aşağılayıcı münasibətləri adamı tam hövsələdən çıxarır. Baxırsan uşaqdı, məktəbdə olmalıdı, amma qanunsuz şəkildə istismar olunur. Deyək ki, ehtiyac üzündən məcburdu çalışmağa. Bəs, bu nə ədəbazlıq, bu nə tərbiyəsizlikdi??? Təəssüf ki, təkcə uşaqlar yox, orta yaşlı köməkçilərin də mədəniyyət anlayışı, etikası yoxdu. İnsan məcbur qalanda hər işin qulpundan yapışar, qəbahət deyil. Yəni, kimisə işinə görə aşağılamaq niyyətim yoxdur. Əksinə, zəhmətkeş insanları həmişə alqışlayıram. Ancaq tərbiyəsizliyi, mədəniyyətsizliyi ehtiyacla, kasıbçılıqla əlaqələndirmək kimi bir düşüncəm yoxdur. Bir adı cahillikdi bunun. Cahil insandan da nə desən gözləmək olar...
Bir də dillərinin əzbəri bir söz var:"tələs, tələs, çıxaq...".Tutuquşu kimi hamısı eyni sözü təkrarlayır. Hələ avtobus doğru dürüst dayanmamış, eşitdiyimiz bu ifadə minəni də, düşəni də istər-istəməz çaşqınlığa salır. Vay odu sərnişin yol verilmədiyi üçün bir az gec düşə, ya da əksinə. Pahh... Onda gördün sürücü bir tərəfdən, "köməkçisi" bir tərəfdən "bazar arvadı" kimi ağız-ağıza verdilər. Yazıq sərnişin bir az da özünü itirir. Doğrudur, cavab verənlər də olur, amma nə fayda. Arada sürücü sussa da, şəhərin yiyəsi ədasıyla yerə-göyə sığmayan "konduktorun" səsi kəsilmək bilmir.
Elə bilirsiz problem təkcə bunlardı? Yox e, 7 nömrəli avtobusda "məcaralar" bitmir ki, bitmir... Bir də görürsən sürücü telefonda digər sürücü ilə interval davası edir. Var səsiylə qışqıra-qışqıra qarşı tərəfə nələr demir, nələr. Deyirsən, indi sükanı buraxıb, kiminsə "evini yıxacaq". Emosiyaya nə təhər qapılırsa, qəfil sürəti artır. Ayaqüstə dayanan sərnişinlər o yana, oturanlar az qalır oturacaqdan sürüşsün.
Əlqərəz, Sumqayıtdakı bu 7 nömrəli avtobus ki, var tam bir əsəb mənbəyidir.
Avtobusda özünü toyda hiss etməyin olur arada. Yüksək səslə bayağı toy mahnılarının sədaları altında ləngər vuran avtobusda kəlmeyi-şəhadətini oxumaqdan başqa çarən qalmır. Hərdən də özünü yas məclisində hiss edirsən. Atobusboyu qışqıran mərsiyə səsi bu dünyadan qoparır səni. Mərsiyə də nə mərsiyə, bir kişi arvad səsiylə mələyir eləcə. Sən də məcbursan mənzilbaşına çatanacan bu rəzilliyə göz yumasan. Hələ bunun meyxanası var, diskoteykası var. Ehh... elə belə deyil e. Biz hər gün 7 nömrəli avtobusda "macəra" yaşayırıq.
Yazdıqca, hər gün yaşadıqlarımın həyəcanı təkrar bürüyür məni. Evə gedəndə nələr olacaq, məlumdur. Nə bilmək olar, bəlkə, təzə macərayla qarşılaşacam...
P.S. Hə, bunlar azmış kimi son vaxtlar gecikmələr də müşahidə olunmağa başlayıb. Bilmirəm hansı intervalla, neçə dəqiqə məsafəsi ilə işləyirlər, bildiyim odur ki, xeyli gözləməli oluruq avtobusu. Bu səbəbdən də nisbətən boş avtobusa təsadüfən rast gəlmək olur, pik saatlarda isə avtobusda iynə atsan yerə düşməz. Xəstəliklərin tüğyan etdiyi bir vaxtda bu cür sərnişindaşımanın necə fəsadlar verə biləcəyini özünüz düşünün...
Sevinc Qərib
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























