Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Unudulmayanlar - Neft geologiyası professoru Əhməd Sadıqov

Tarix: 04-03-2022 10:29     Baxış: 3243 A- / A+
Ulu Tanrının çox sevdiyi və...çox da əzablar verdiyi, ağır sınaqlardan keçirdiyi insan, Ordubadın Sadıqovlar nəslinin nüfuzlu nümayəndəsi


Unudulmaz xoş xatirəsi nəinki çalışdığı institut müəllimlərinin, həm də maraqlı mühazirələri, səmimiyyəti, mehribanlığı ilə sevgisini qazandığı tələbələrinin yaddaşında yaşayan professor Əhməd Sadıqovun nurlu siması sanki bu gün də uzun illər tələbələrə neft geologiyasının sirlərini, əsaslarını öyrətdiyi AZİ-nin – bir vaxtlar Azərbaycan Dövlət Neft və Kimya İnstitutu kimi tanınan nüfuzlu ali təhsil ocağının kafedra və auditoriyalarından boylanır.
O, özünün yalnız biliyi-istedadı ilə deyil, ilk növbədə pak vicdanı, yüksək insani keyfiyyətləri, heç zaman azalmayan səmimiyyəti, qayğıkeşliyi ilə institutda tələbədən tutmuş kafedra, dekanatlıq rəhbərlərinə, rektora kimi hamının dərin hörmət və nüfuzunu qazanmışdı. Bu gün də Əhməd müəllimi ehtiramla xatırlayan hər bir kəsin fikirləri eyni nöqtədə, eyni məqamda birləşir: o, harda olursa-olsun – tələbələr qarşısında auditoriyada, kafedrada, elmi müşavirədə, hətta dəhlizdə addımlayarkən də sanki işıq saçırdı, rastlaşdıqlarının, qarşısındakıların qəlbinə xoş bir hiss dolurdu, elə bil çoxdan görmədikləri, darıxdıqları əziz bir adamı görür, “qaça-qov”lu günlərin labirintlərindən bir anlığa da olsa çıxa bilir, rahatlıq tapırdılar.



Bəli, professor Əhməd müəllim Sadıqov xoşxasiyyət, xoş auralı bir adam idi. Onun sözündən-söhbətindən nə professor-müəllim dostları, nə doğmaları, nə də maraqlı mühazirələrindən tələbələri doyurdu.
O, yüksək mənəvi keyfiyyətləri, insanlığı, səmimiyyət ilə seçilməklə yanaşı Azərbaycanın elm və təhsil sistemində uzun illər səmərəli fəaliyyət göstərmiş, neft geofizikası sahəsində sanballı əsərlərin müəllifi, minlərlə neft kadrlarının, geoloqların yetişdirilməsində xüsusi xidmətləri olmuş bir elm adamı, əsl ziyalı idi. Çox təəssüf ki, böyük nüfuz sahibi olan o istedadlı alim, geniş qəlbli, gözəl insan bədbəxt bir təsadüfün nəticəsində həyatdan çox vaxtsız köçmüşdür.
...Əhməd Sadıqov 1932-ci ildə Azərbaycanın milli xüsusiyyətləri ilə bu gün də sevilən, füsunkar diyarlarından olan Ordubadda dünyaya gəlmişdi. Görkəmli ədib – “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakı” və s. tarixi romanların müəllifi Məmməd Səid Ordubadi, dahi kimyaçı alim – dünyada ilk dəfə yüksək oktanlı benzinin alınmasına nail olmuş akademik Yusif Məmmədəliyev kimi şəxsiyyətlər yetirmiş bir şəhərdən olması məktəbli Əhmədi hələ uşaqlıqdan yaxşı oxumağa sövq etmişdi. Əgər heç bir rusun yaşamadığı, ünsiyyətdə olmadığı Ordubadda orta məktəbi bitirərkən təkcə rus dilindən “üç” almasaydı, ona “qızıl medal” veriləcəkdi və istənilən ali məktəbə imtahansız, ya da bir fənndən imtahan verməklə qəbul olunacaqdı. Lakin üzlərini heç vaxt görmədikləri rusların dili bir yana, az qala doğma atası Məmməd kişi də onu arzusuna yetməyə - ali təhsil almasına mane olacaqdı. Belə ki, rus-alman müharibəsinin odundan-alovundan keçmiş, sonralar ağır yaralanaraq tərxis olunmuş, Ordubada bütün qəlbi, həyatı ilə bağlı olan zəhmətkeş
atası övladlarının ilki olan Əhmədin gözündən “uzaqlara” – Bakıya getməsinə razılıq verməyərək, onun da özü ilə birgə İpək fabrikində işləməsini istəyirdi. Həm də axı Əhməd böyük, ağıllı, sədaqətli oğul kimi yaxşı oxumaqla yanaşı Ordubadda atasının hər işinə-gücünə yarıyırdı. Alma-armudunun, ərik-şaftalısının, gavalısının bolluğu ilə seçilən, əsasən meyvəçilik rayonu olan Ordubadda başqa bir gəlir yeri olmadığından o, hələ 14 yaşından – müharibədən sonrakı 1946-cı ildən başlayaraq hər il yayda kiçik dayısı və yerli uşaqlarla birgə həyət-bacalarından mer-meyvə yığıb, Füzuli, İmişli rayonlarına gedərək taxıla dəyişdirur, sonra da buğdanı qatarla İrəvana aparıb sataraq, ev üçün ərzaq, pal-paltar alıb geri qayıdardılar. Bəzən işləri alınmayanda günlərlə qatardan düşmür, vaqonların damlarında gecələyirdilər.
Qış aylarında isə Məmməd kişi 10 baş külfətini fabrikdə işləməklə birtəhər dolandırırdı, başqa işləyənləri də yox idi. İndi isə Əhməd Bakıya, oxumağa getsəydi, onun da əlavə pula ehtiyacı olacaqdı. Məmməd kişini qayğılandıran bu fikir idi. Əhməd atasının vəziyyətini başa düşsə də, ali məktəbdə oxumaq, “adam arasına” çıxmaq fikrindən də dönmək istəmirdi. Beləcə, attestatı aldıqdan sonra bir-neçə gün qalıb atasına fabrikdəki və həyət-bacadakı, bağ-bağatdakı işlərində kömək elədi. Vəziyyəti yaxşı başa düşdüyündən daha atasına heç nə deyə bilmirdi. Ancaq avqustun son günləri olduğundan instituta imtahan verməyə gedə bilməyəcəyindən bərk narahatlıq keçirirdi. Oğlunun nigarançılığını üzündən oxuyan atası bir gün axşam Ordubad-Bakı qatarına bilet alıb evə gəldi:
- Oğlum, Allah qoysa, sabah Bakıya yola düşürsən, işin avand olsun, arzuna çatasan!
O gün Əhmədin sevincinin həddi-hüdudu yox idi. Atasına necə minnətdarlıq edəcəyini bilmirdi, qucaqlayıb üzündən öpdü.
“Bakı məsələsi”nə görə Məmməd kişi heç də oğlundan az nigarançılıq keçirmirdi. Məhlələrindəki ağsaqqallarla, qohumlarla da məsləhətləşmişdi. Hamı Əhmədin “qızıl medal”a layiq oxuduğunu bildiyindən məsləhət gördülər ki, qoy gedib oxusun, burda çətinliyi birgə yola verərik. Düzü, elə Məmməd kişi də neçə gün idi ki, fikirləşirdi ki, qoy onların da arasında bir nəfər ali təhsilli, “oxumuş” olsun, fəhləçiliklə nə qədər yaşamaq olar?
Və beləliklə 1949-cu ilin 29 iyulunda atası Əhmədə xeyir-dua verərək, onu axşam qatarı ilə Ordubaddan Bakıya yola saldı. Ağır seyid nəslindən olan anası Nabat xala da Əhməd evdən çıxarkən onun boynunu qucaqlayıb, arxasınca su səpərək demişdi:
- Get, oğlum, yaxşı yol, uğur olsun! Allah qoysa, cəddimiz sənə kömək olar.
Əhməd Bakıya ertəsi gün – iyulun 30-da çatmışdı. Ancaq bazar günü olduğundan institutlara sənəd qəbul edilmirdi. Və o, yalnız sonuncu gün – ayın 31-də ordubadlı uçaqların “müşayiəti” ilə (axı, Bakının heç yerini tanımırdı) sənədlərini Azərbaycan Dövlət Universitetinin (ADU-nun, indiki BDU-nun) geoloji-coğrafiya fakültəsinin geofizika şöbəsinə verə bilmişdi.
Nəyə görə abituriyent Əhməd Sadıqov imtahanları cədvəl üzrə verə bilmədi?..
O vaxtlar abituriyentlər Universitetdə 8 imtahan verirdilər. Ancaq Əhməd imtahanları hamı ilə birgə, cədvəl üzrə vermiş olsaydı, bu, ən azı 22-25 gün çəkəcəkdi. Onun isə qalmağa da yeri yox idi, pul sarıdan imkanı da. Ona görə də Bakıda çox ləngimək istəmirdi. Bu səbəbdən də çox düşünmədən rektorun adına ərizə yazıb,
imtahanları ekstern vermək üçün icazə istədi. Ərizəylə tanış olan rektor Abdulla Qarayev təəccüblə ordubadlı abituriyentə baxıb demişdi:
- Bala, 8 imtahanın hamısını ekstern vermək istəyirsən? Elə bilirsən, asan işdir? Birdən hazırlaşıb çatdlıra bilməzsən, “kəsilərsən” haa... Sonra digər imtahanlara buraxılmayacaqsan. Bilirsən bunu?
- Bilirəm, müəllim. Ancaq heç bir çətinliyim yoxdur. Kəsilməyəcəyəm...
Və, doğrudan da, Əhməd “qızıl medal”a layiq olduğunu Universitet səviyyəsində də təsdiq edə bildi – imtahanları ”4” və “5” qiymətlərlə verə bildi. Özü də 8 imtahanı ən qısa vaxtda – 10 günə başa vurmağı bacarmışdı. Yalnız bir “3”-ü olmuşdu, o da təbii ki, “rusların ucbatından”. O vaxtlar isə qayda belə idi ki, bir “3”-ü olana tələbə təqaüdü verilmirdi. Təqaüdsüz isə tələbənin dolanışığı çətin olurdu. İllər sonra Əhməd müəllim əslində bu cür qaydanın qoyulmasına haqq qazandırırdı. Deyirdi ki, bu cür şərt tələbələri istər-istəməz “yaxşı” və “əla” qiymətlərlə oxumağa sövq edirdi.
İmtahanları uğurla başa vurub, müsabiqənin nəticəsini gözləmədən geri – Ordubada qayıtdı. Ata-anasını, qardaş-bacılarını, qohum-qardaşı sevindirərək, rayonun pasport qeydiyyatından çıxıb elm-təhsil dalınca Bakıya qayıdan Əhməd həqiqətən Universitetə qəbul olunduğunu görüb, bir daha sevindi. Həm də ona görə sevindi ki, qəbul siyahısında iki medalçıdan sonra onun adı gəlirdi.
İlk semestrdə atası ona çox çətinliklərlə də olsa, kömək eləyə bilmişdi. Ancaq Əhməd düzgün olaraq düşünürdü ki, yanvar semestrindən sonra da təqaüd verilməsinə nail ola bilməsə, ali təhsil alacağı beş ildə atasının ona dayaq durması mümkün olmayacaq. Ona görə də gecəsini gündüzünə qatıb, bütün fənnləri çox səylə, yüksək səviyyədə öyrənərək, yanvar imtahanlarının hamısını “əla” qiymətlərlə başa vurub, Universiteti qurtaranadək “əlaçı” oldu. Elə həmin vaxtdan da geofizika şöbəsinin sinifkomu (“starosta”sı) seçilmişdi. O, həm də ona görə həmişə əlaçı tələbə olmağa çalışırdı ki, adi təqaüd o vaxt 220 manat olduğu halda əlaçı tələbəyə 270-280 manat verilirdi. Bu isə Əhməd üçün böyük pul idi, onun tələbə ehtiyaclarını ödəməyə kifayət edirdi, hətta arada 7 uşağın böyüdüyü ailələri üçün atasına da nəsə göndərə bilirdi.
Dövlət imtahanına gedərkən təbii fəlakət baş verdi - qarşısını dağ selləri kəsdi
Geofizika şöbəsinin tələbələri hər il respublikanın müxtəlif yerlərində praktikada olurdular. Əhməd müəllimin dediyinə görə, ötən dövrün 50-ci illərinin əvvəllərində indiki Elmlər Akademiyasının yerləşdiyi Yasamalın ərazisi çöllü-biyaban, qoyun yatağı idi. Birinci kursda olarkən orada geodeziya üzrə, Altıağacda isə geologiya üzrə praktika keçmişdilər. II kursda oxuyarkən Şamaxının Əngixaran kəndi ətrafında geoloji planalma ilə məşğul olmuş, III kursda isə Quba ətrafında geofizika – ixtisas üzrə praktika keçmişdilər.
Hər il yayda tələbə yoldaşları ilə birgə praktikada olduğundan Ordubada yalnız qış tətilində, semestr imtahanlarını verdikdən sonra gedə bilirdi. Ancaq IV kursda oxuyanda əlaçı tələbə kimi Geofizika İnstitutuna baş laborant vəzifəsinə qəbul oldunğundan daha rayona gedib çox qala bilmirdi. Universiteti – ADU-nu fərqləmə ilə bitirib diplom alanadək elə həmin institutda qalıb işləməli olmuşdu.
Əhməd müəllim danışırdı ki, 1945-ci ilin 9 May qələbəsindən sonra da müharibənin qorxulu ab-havası hələ də qaldığından bütün ali təhsil ocaqlarında olduğu kimi Universitetdə də hərbi dərs keçilirdi. Fakültədə qrup nümayəndəsi (“starosta”) olduğu
kimi, hərbi dərslərin də ayrıca “starosta”sı olurdu. Yəni ki, qaydaya görə bu, qrup nümayəndəsi yox, başqa birisi olmalı idi. Əhmədgilin qrupunda hərbi “starosta” Paşayev soyadlı, hərbi dərsdə o qədər də fəal, ciddi olmayan bir tələbə idi. Odur ki, III kursda olarkən o, hərbi dərs müəllimi polkovnik Mehdi Heybətovu qane etmədiyinən, həmin “hərbi starosta”nı çıxardıb, onun yerinə hərbi təlimlərdə yoldaşlarından fərqlənən Əhmədi təyin etmişdi, baxmayaraq ki, bu, qəbul edilmiş qaydaya açıq-aşkar zidd idi, olmazdı.
IV kursda Əhmədgilin qrupu hərbi dərsdən dövlət imtahanı verməli idi. Bu, yayda olmalı idi. Ona kimi isə Əhməd xüsusi ekspedisiyanın tərkibində ixtisas fənni üzrə zəlzələni öyrənən stansiya rəisi kimi Dağıstana – hündür bir dağın təpəsində yerləşən Duruca kəndinə praktikaya göndərilmişdi. İşin tərsliyindən Əhməd hərbi dərsdən dövlət imtahanı vermək üçün Bakıya qayıtmalı olduğu ərəfədə dağlardan güclü sel gəlib, bütün yol-rizi kəsmişdi. Buna görə də o, çox narahatlıq keçirirdi. Belə ki, Universitetdə oxuduğu dörd il ərzində tələbə Əhmədin nəinki imtahandan qalması, heç dərsə gecikməsi halı da olmamışdı. Çünki yaxşı başa düşürdü ki, dərsdən, imtahandan qalsa, bunun nəticəsi olaraq təqaüd almasa, təhsilini davam etdirə bilməyəcəkdi. Çünki nə atasının ailəni dolandırmağa güclə çatan maaşına, nə də başqa bir şeyə ümid bağlaya bilməzdi. Yəni özü özünü dolandırmalı idi. Odur ki, bütün qüvvə-bacarığı ilə, gecə-gündüz, rahatlıq bilmədən çalışırdı ki, yaxşı oxusun və intizamlı olsun, əlaçı təqaüdü alsın. Və özünün də dediyi kimi, “çox şükürlər ki, çalışqanlığı, səyi-bacarığı sayəsində nəinki kiminsə, heç özünün də qarşısında xəcalətli qalmamışdı”. Ancaq bu yandan gözlənilməz təbii fəlakət – keçilməz dağ sellərinin dövlət imtahanı ərəfəsində qarşısını kəsməsi onu çıxılmaz vəziyyətə salmışdı. Yalnız imtahan verməli olan tələbə kimi yox, həm qrup nümayəndəsi, həm də “hərbi starosta” kimi Universitetdə olmalı olduğu halda qalmışdı dağı-daşı yerindən oynadan, heç maşının da keçə bilmədiyi gur selli çayın bir kənarında.
Narahatlıq keçirdiyi o günləri xatırlayan Əhməd müəllim danışırdı ki:
- Hərbi dərs müəllimimiz polkovnik Mehdi Heybətov imtahana gəlmədiyimi görüb, hərbi kafedranın müdiri olan rus generalının yanına gedib demişdi ki, bəs, tələbə Sadıqov nə olubsa, imtahana gəlməyib, ancaq sinif nümayəndəsi və hərbi “starosta” kimi çox çalışqan, bacarıqlı oğlandır, əlaçıdır. Təsəvvür edirsiniz, 1954-cü ildir, xalqın özünə çox əziz rəhbər bildiyi, Hitlerə qalib gəlmiş Stalinin təzəlikcə rəhmətə getdiyi, soyuq müharibənin başlandığı bir dövrdür, ancaq hərbi dərs müəllimi rus generalının razılığını alaraq, nə səbəbə imtahana gəlmədiyimi bilmədən və xahişim də olmadan mənə “əla” yazdırmışdı. Özü də imtahanda iştirak etmədiyimə görə ən azı “4” də yox, “5”! Onun mənə o qədər böyük inamı, etibarı vardı. Bilirdi ki, ciddi bir səbəb olmadan dərsdən, imtahandan qalan deyildim. Onu da deyim ki, müəllim çox sağ olsun, o zaman mənə böyük inam, etimad göstərmişdi, hörmət eləmişdi, ancaq güzəşt adında bir şey etməmişdi. Çünki mən dövlət imtahanına həqiqətən çox yaxşı hazırlaşmışdım.
Bəli, polkovnik M.Heybətov sadəcə Əhmədin çalışqanlığını, səyini-biliyini düzgün və obyektiv qiymətləndirərək, ona “əla“ yazmışdı. Tələbəsi Dağıstandan sağ-salamat qayıtdıqdan sonra isə müəllimi onu hərbi kafedra müdiri olan generalın və kafedranın tədris-hissə müdirinin yanına apararaq, fəxrlə və inamla demişdi ki, baxın, bu, mənim həmin tələbəmdir – Əhməd Sadıqov. Məsləhətdirsə, imtahan götürüb, yoxlaya bilərsiniz. Onlar isə imtahana gələ bilməyən tələbəni xüsusi maraq və səmimiyyətlə,
diqqətlə süzərək, polkovnik M.Heybətova demişdilər ki, onsuz da tələbənin özünə inamlı baxışından hiss olunur ki, bacarıqlı oğlandır, biz sənə də, tələbənə də inanırıq.
Bax, bu cür olub o vaxtlar tələbəyə, bir-birinə qarşı inam və etibar.
“Starosta”lıqdan çıxartdılar, aspiranturaya isə qəbul etmək istəmədilər...
V kursda oxuyanda Əhmədgilin qrupunda xoşagəlməz bir hadisə baş vermişdi – tələbələr arasında dava olmuşdu. Buna görə də onu dekanatlığa çağırıb, söz-söhbətsiz qrup nümayəndəliyindən çıxartmış və üstəlik “dərs” olsun deyə bir töhmət də vermişdilər. Ancaq əslində o davanın Əhmədə bilavasitə heç bir dəxli yox idi. Belə ki, iki tələbənin dərs vaxtı sözləri çəp gəlsə də, auditoriyada ciddi çəkişmələri olmamışdı. Ancaq dərsdən sonra Universitetin yaxınlığında, İçəri şəhərdə xəlvət bir yerə çəkilib bir-birini möhkəmcə əzişdirmişdilər. Dekanlığın Əhmədə iradı isə bu idi ki, sən qrup nümayəndəsi ola-ola niyə məsələnin ciddiləşməsinin darşısını almamısan.
Əhməd müəllim mənimlə söhbət zamanı bu hadisəni incik halda xatırlayıb demişdi ki, onun cəzalandırılması “yiyəsizlikdən” olmuşdu. Bakıda bir havadarı, qohumu olsaydı, bəlkə də ona dəyib-toxunmazdılar. Sadəcə, onu dalaşanların “gözünə qatmışdılar”.
Sonralar isə Universitetdə oxuduğu bütün illər ərzində “əlaçı” olduğuna və Universiteti fərqlənmə diplomu ilə bitirdiyinə baxmayaraq, onu aspiranturaya da qəbul ermək istəmirdilər. Belə ki, Universitetin prorektoru, sonralar akademik seçilmiş professor Şirəli Məmmədova müraciət edərək, fərqlənmə diplomlu məzun olduğunu, geofizika üzrə aspiranturaya daxil olmaq, elmi iş işləmək istədiyini bildirmiş, lakin prorektor aspiranturada həmin ixtisas üzrə yer olmadığını demişdi... Ancaq hər zaman qətiyyətli, israrlı olan Əhməd Sadıqov çox çək-çevirdən sonra Universitetin elmi Şurasının qərarının çıxarışını almağa nail olaraq, elə həmin il uğurla imtahan verib, aspiranturaya qəbul ola bilmişdi.
Gənc geofizik elmin daşlı-kəsəkli yollarında ...
Əhməd müəllim aspirant kimi dissertasiya işini hazırlayıb başa çatdırsa da, müəyyən səbəblərdən onu vaxtında müdafiə edə bilməmişdi. Qayda isə belə idi ki, üç illik vaxt bitəndə aspiranta təqaüd verilmirdi. Ona görə də, o, Universitetdən çıxmaq məcburiyyətində qalaraq, 1958-ci ildə “Azneft” sistemində neftçıxarma problemləri ilə məşğul olan, o zaman, elə indi də Montində yerləşən Elmi-tədqiqat İnstitutuna (“AzNİİneftedobıça” deyirdilər) işə qəbul olundu. Əvvəlcə sıravi mühəndis kimi işə götürülsə də, bir müddət sonra bilikli, bacarıqlı olduğunu görüb, geofizika işləri ilə məşğul olan dəstənin rəisi vəzifəsinə təsdiq edildi. Bu, həm də ona görə qısa vaxtda baş verdi ki, dəstənin əvvəlki qeyri millətdən olan rəisi (o vaxtlar ali təhsilli, savadlı azərbaycanlı mütəxəssislər çox az idi) ciddi səhvlərə yol verdiyindən işdən çıxarılmışdı. Ordakı işində gənc geofizikin maaşı yüksək – 500 manat idi, lap elə professorun maaşı qədər. Lakin Əhməd Sadıqov orada ilyarım işlədikdən sonra elmi işini tam başa çatdırmaq üçün yenidən Akademiya sisteminə keçməli oldu və bir müddət sonra Elmi-Tədqiqat Geologiya İnstitutunda (sonralar Geologiya və Geofizika İnstitutu adlanıb) uğurla dissertasiya müdafiə edərək, 32 yaşında geologiya-geofizika üzrə elmlər namizədi alimlik dərəcəinə layiq görüldü. Onun elmi opponenti isə (çətin suallarla dissertantı “çək-çevirə” salan, onun elmi işini bir növ “təftiş” edən elm adamı)
məşhur akademik, geologiya-mineralogiya elmləri doktoru, professor Şəfaət Mehdiyev idi. Maraqlıdır ki, dissertasiya ilə bağlı opponentin suallarına elmi cəhətdən kifayət qədər əsaslandırılmış cavabları akademiki tam qane etmiş və o, Əhməd Sadıqovun Bibiheybət neft yatağı ilə bağlı elmi-tədqiqat işini yüksək dəyərləndirmişdi.
Və çox nadir haldır ki, Əhməd müəllim öz dissertasiya işini elmi rəhbəri olmadan, o zaman artıq müəyyən təcrübəyə malik olan geoloq-dissertant kimi müdafiə etmişdi. Düzdür, aspiranturada oxuyanda onun elmi rəhbəri olmuşdu, ancaq o, Akademiya sisteminə yenidən qayıtdıqdan sonra elmi mövzusunu dəyişib, özü üçün daha maraqlı olan bir sahə seçmiş və sərbəst işləmişdi. Buna səbəb həm də o olmuşdu ki, uzun müddət Geologiya İnstitutunda işləyən Əhməd müəllim neft yataqlarının açıq üsulla istismarı ilə məşğul olmuşdu, bu da elmi işin maraqlı alınmasında mühüm amil idi. Dissertasiyanı uğurla başa çatdırmaqda təbii ki qazandığı praktik təcrübə ilə bərabər hələ tələbə ikən gecə-gündüz kitablardan ayrılmayaraq əldə etdiyi zəngin bilik də müstəsna rol oynamışdı.
Böyük elmi uğur, talenin qəfil üz döndərməsi və... yenidən dirçəliş
Əhməd müəllim deyirdi ki, o dövrdə süxur və layların neftverə əmsalının tədqiqi çox aktual mövzu idi. Onun fikrincə dünya miqyasındakı bütün yataqlar götürülsə belə, layların neftvermə əmsalı orta hesabla 30 faizdən artıq deyil. Ancaq elə laylar da olur ki, onların geoloji-fiziki xüsusiyyətlərindən, süxurların keçirmə qabiliyyətindən asılı olaraq bəzən çox az - 10 faiz, bəzən isə hətta 50 faiz neft hasil etmək mümkündür. Əhməd müəllim bu məsələlərlə bağlı elmi-tədqiqat və araşdırmalarını Bibiheybət yatağı üzrə aparmışdı.
O, sonralar öz elmi axtarışlarını Balaxanı ərazisində davam etdirmişdi. Və laboratoriya şəraitində eksperiment apararaq, sübut etmişdi ki, neft təbəqəsinin aşağı hissəsində yığılan qələvi sularla süxurdan çıxarıb, neftin 70 faiz – maksimum həcmdə alınmasına nail olmaq olar. Həmin elmi iş əldə olunmuş yüksək nəticəyə görə elmi ixtira kimi dəyərləndirildi və Əhməd müəllimə digər əməkdaşlarla birgə müəlliflik şəhadətnaməsi və patent verildi. Nəzərə almaq lazımdır ki, ixtiraya görə patenti o dövrdə Azərbaycanın yox, SSRİ-nin elmi ixtiralar və patentlər üzrə xüsusi Komitəsi verirdi. Yəni ki, həmin elmi iş adi bir elmi tədqiqat işi deyildi, Moskvanın neft geologiyası alimləri tərəfindən ciddi araşdırıldıqdan sonra təsdiq edilmiş, böyük elmi-praktiki əhəmiyyəti olan bir nailiyyət idi. Neft süxurunu həmin yeni üsulla təmizləmə metodu böyük maraq doğurduğu üçün Əhməd müəllim institutun digər əməkdaşları ilə birgə iki kitab da yazmalı olmuşdu. Ancaq təəssüf ki, sonradan tale elə gətirdi ki, SSRİ səviyyəsində görkəmli neft mütəxəssisləri, elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilən həmin elmi işi doktorluq dissertasiyası kimi müdafiə etmək Əhməd müəllimə qismət olmadı.
Sonralar isə Geologiya İnstitutunun sektor müdiri, akademik Şirəli Məmmədovun oğlu ölümlə nəticələnən cinayət törətdiyindən, sektorun 5 laboratoriyası, o cümlədən Əhməd Sadıqovun da laboratoriyası bağlanıldı. Hara müraciət edilsə də, laboratoriyaların heç birinin fəaliyyəti bərpa edilmədi. Lakin Əhməd müəllim vəziyyətdən başqa çıxış yolu tapa bildi – sonrakı elmi-pedaqoji fəaliyyətini o vaxtlar bütün dünyada məşhur olan, xarici ölkələr üçün yüzlərlə bacarıqlı neft və geologiya mütəxəssisləri yetişdirən Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda davam etdirdi.
15 il ərzində həmin İnstitutun neft və qaz geologiyası kafedrasının müdiri, sonralar isə geoloji-kəşfiyyat fakültələrinin və hazırlıq fakültəsinin dekanı vəzifələrində çalışmalı olmuşdu. Özü də həmin illər ərzində həm dərin elmi biliyi, texniki nailiyyətləri ilə yanaşı yüksək insani keyfiyyətləri, səmimiyyəti ilə həm professor-müəllim heyətinin, həm də minlərlə tələbənin böyük rəğbətini, ehtiramını qazana bilmişdi.
Görkəmli neftçi Süleyman Vəzirovun Əhməd Sadıqova,
onun ailəsinə böyük, təmənnasız qayğısı
Əhməd müəllim aspiranturada oxuduğu dövrdə bir-neçə yerdə öz ixtisası üzrə dərs deyərək (bilikli mütəxəssis kimi ona hər yerdə qapılar açıq idi, onun kimi istedadlı mühəndisə, müəllimə böyük ehtiyac vardı), həm öz dolanışığını təmin edir, həm də Ordubadda yaşayan, hər zaman nigaran qaldığı ailəsinə bacardığı qədər kömək edirdi. Lakin tale 1960-cı ildə onu ağır sınağa çəkdi. Bir vaxtlar böyük bir ailə yükünü çiyinlərinə götürərək, Əhmədi ali thsil almaq üçün Bakıya yola salmış sevimli, zəhmətkeş atası Məmməd kişi fevral ayında xəstələnərək, dünyadan vaxtsız – 54 yaşında köçdü. Ailədə isə ondan başqa işləyən yox idi. Daim ata-anasının, qardaş-bacılarının qayğıları ilə yaşayan Əhməd (onda cəmi 28 yaşı vardı) o zaman özü də Universitetin yaxınlığında kirayədə yaşayırdı. Bir gün onunla Ordubadda orta məktəbdə oxumuş, nə yollasa Mərkəzi Komitədə təlimatçı vəzifəsinə işə düzəlmiş özündən razı birisinə işə düzələn kimi ev vermişdilər. Bir gün o, Əhmədlə görüşəndə uşaq lovğalığı ilə, təşəxxüslə demişdi ki, Əhməd, sən bu qədər çalışdın-vuruşdun, amma Bakıda bir ev də ala bilmədin. Onun bu kinayəsi Əhmədə bərk toxunmuşdu. Ona görə də sabahısı günü durub gedir bir müddət əvvəl yenicə yaradılmış Respublika Xalq Təsərrüfatı Şurasının (el arasında “Sovnarxoz” deyirdilər) sədri, məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun yanına. Onun rus köməkçisi A.Volkov elə qapıdanca Əhmədi qaytarmaq istəyərək demişdi ki, bu gün sədrin qəbul günü deyil. Ancaq Əhməd daha ağıllı və tədbirli tərpənərək cavab vermişdi ki, mən sədr Vəzirovun yox, Ordubaddan bizim deputatımız olan Vəzirovun yanına gəlmişəm. A.Volkov əlacsız qalaraq, müdirinə deputatla görüşmək istəyən “tərs adam” haqqında məlumat verməli olmuşdu. Hələ o vaxtlardan xalqın böyük rəğbətini qazanmış Süleyman Vəzirov ordubadlı “seçici”ni hörmətlə qəbul edib, onu diqqətlə dinləmişdi. Əhməd atasının rəhmətə getdiyini, ailənin heç bir qazanc yeri olmadığını, özünün isə kirayədə yaşadığını bildirib, demişdi ki, “Ordubadda yaşayan anama, qardaş-bacılarıma burdan heç bir köməyim dəymir, evim də yoxdur ki, onları yığım gətirim bura, əl-ələ verib, birtəhər dolanaq”.
Onda Azərbaycan Elmi-Tədqiqat Layihə İnstitutunda (AzNİPİ-də) işləyən Əhmədin dediklərindən təsirlənən S.Vəziov təəssüflə demişdi ki, iki gün əvvəl şəhərin mərkəzində neftçilərimizə ev payladım, sən də o vaxt gəlsəydin, sənə də ev verərdim. Əlacsız qalan Əhməd cavab vermişdi ki, Süleyman müəllim, mənə şəhərin mərkəzində yox, hər hansı bir yerində, mikrorayonda da olsa bir ev versəniz, ailəmizi yığardım başıma, təki qalmağa yerimiz olsun.
S. Vəzirov qayğılı şəkildə bir qədər fikrə gedib, demişdi ki, “yaxşı, get, baxaram”.
Sanki görünməmiş möcüzə baş verdi. Düz bir həftə sonra gənc neftçi-geoloq Əhməd Sadıqovu çağırdılar ki, Süleyman Vəzirov sənə ikiotaqlı ev verib. Onun sevincdən uşmağa qanadı yox idi. Artıq iyunun 1-də bütün Sadıqovlar ailəsi sevinclə,
görkəmli şəxsiyyət, qayğıkeş insan (hardadır indi belə rəhbər kişilər? Yoxdur!) Süleyman Vəzirova hədsiz minnətdarlıqla 8-ci mikrorayondakı ikiotaqlı mənzilə yığışmışdılar. O gün sevinclərindən səhərə kimi yatmamışdılar.
Müəyyən vaxtdan sonra bir ara evdə kimsə təklif etmişdi ki, daha hamı Bakıya yığışıb, bəlkə Ordubaddakı ev həyət-bağ qarışıq satılsın? Əhməd müəllim buna qəti etiraz etmişdi. Ona görə ki, əvvəla ora ata yurdudur, digər tərəfdən isə, Ordubaddakı ev satılsaydı, bir vaxt qardaş-bacılar deyə bilərdilər ki, “böyük qardaşımız bizim üçün neyləyib ki, bizi ata yurdumuzu sataraq oxudub, dolandırıb”. Bu, ata-anasını, qardaş-bacılarını hədsiz sevən Əhməd müəllim üçün dünyanın ən ağır, dözülməz ittihamı ola bilərdi. Ona görə də o, Ordubaddakı evin nə vaxtsa satılmasına qəti şəkildə etiraz etmişdi. Və ata yurdu bu gün də durur, Sadıqovlar imkan olduqca – yazda-yayda oranı ziyarət edir, xoş xatirələrlə yaşayırlar.
...Bakıda ev aldıqdan bir-neçə gün sonra özünün təşəxxüslü keçmiş sinif yoldaşı ilə görüşəndə bu barədə ona dedikdə, o, Əhmədin belə tezliklə, gözlənilmədən ev almasına sevinmək, onu təbrik etmək əvəzinə təəccübdən donub qalmış, yalnız “axı, sən buna bir həftədə necə nail ola bildin?” demişdi. Onun xisləti bu cür çürük imiş...
Yenə ağır sınaqlar, əzab-əziyyət: gecələr qatarla Tiflisə Qara dəniz “akula”sının qara ciyərinin dalınca, səhərlər institut auditoriyasında mühazirələr, məşğələlər...
...Amansız tale elə gətirmuişdi ki, Əhməd müəllim doktorluq işini qurtarhaqurtarda – 1976-cı ildə həyat yoldaşı ağır xəstəliyə tutuldu. Həkimlərin səyi, heç bir dava-dərman kömək etmirdi. Bir vaxt bütün SSRİ-yə xəbər yayıldı ki, gürcü alimlərinin Qara dəniz akulasının qara ciyərindən hazırladıqları katriks adlı dərman xərçəng xəstəliyinin qarşısını alır. O vaxt buna sevinən, böyük ümid edən Əhməd müəllim gürcü dostların köməkliyi ilə çox böyük əziyyətlə-müsibətlə həmin katriksdən tapıb gətirməli olmuşdu. Ancaq katriks elə bir dərman idi ki, onu icad eləyənlərin fikrincə, o dərman gərək həmişə sıfır dərəcədən aşağı temperaturda saxlanılmalı idi. Ona görə də Əhməd müəllim özü ilə götürdüyü xörək termosunun yan-yörəsini daim buzla örtməli olurdu. Onun nə əziyyətlər, əzablar çəkdiyini təsəvvür etmək çətin deyil. O, hər beşinci gün axşam tələbələrə 4 saat dərsini dedikdən sonra Sabunçu vağzalında qatara oturub, gedirdi Gürcüstana (bir onda Allah üzünə baxmışdı ki, dəmiryol vağzalı institutun beş addımlığında idi). Şənbə günü səhər olurdu Tiflisdə. Ona çox böyük hörmət bəsləyən gürcü dostlarının köməkliyi ilə çətinliklə də olsa, həmin çox bahalı dərmandan tapıb, axşam qatarı ilə Tiflisdən çıxıb, bazar günü olurdu Bakıda. İynəni anasına öz qızı vururdu. Ancaq Əhməd müəllimin əziyyətlərinə, ailəsi yolunda hər cür çətinliklərə qatlaşmasına, fədakarlığına baxmayaraq həmin dərmanın heç bir xeyri olmadı və bir-neçə il sonra yoldaşı Südabə xanım dünyadan köçdü. Əhməd müəllim ona görə deyir ki, “həyat heç vaxt mənim üzümə gülməyib, heç özümün də üzümə gülən vaxtım olmayıb”.
Bununla belə Əhməd müəllim heç vaxt bədbinliyə qapılmaq istəməyib, dərdini-qəmini müqəddəs, mübhəm bir sevgi kimi qəlbində ömrünün sonuna kimi daşıyıb. Və bu gün o saf qəlbli insanın, istedadlı alim və pedaqoqun, gözəl ailə başçısının, fədakar ər və atanın, sədaqətli dostun xatirəsi minlərlə qəlbi işıqlandırır, nurlandırır – təkcə adının çəkilməsi kifayətdir...

Rəhman ORXAN.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar