Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Milli-mədəni irsimiz YUNESKO vasitəsilə bəşəri dəyərə çevrilir

Tarix: 23-02-2022 15:19     Baxış: 3216 A- / A+

Hər bir xalqın sivilizasiya yolunun qədimliyini, milli-mədəni dəyərlərinin zənginliyini, mənəvi-estetik irsinin bəşəriliyini təsdiq etmək üçün mütəxəssislər çoxsaylı tarixi mənbəyə diqqət ayırır, elmi araşdırmalar, çoxşaxəli elmi-kulturoloji tədqiqatlar aparmaqla əsrlərdən, bəzən də eralardan gələn faktları, dəlilləri müqayisə edərək ümumiləşdirmələrə gəlməyə məcburdurlar.


Elmi metodologiyalar tələb edir ki, nəsildən-nəslə ötürülən adət-ənənələr, abidələşən mənəvi və maddi dəyərlərlə hər hansı bir araşdırmada mülahizələrinin ciddiliyini təsdiqləyəsən. Milli-mənəvi irs nümunələri xalqın ruhunu, özünəməxsus düşüncələrini əks etdirdiyindən onları nə mənimsəmək, nə də danmaq mümkündür. Biz o xoşbəxt xalqlardanıq ki, sivilizasiya kökü qədimlərə gedən, rəngarəng, zəngin, heyranedici estetik-mənəvi, milli-mədəni irsimizlə həmişə dünyanın diqqət mərkəzindəyik.
Ölkəmiz və xalqımız üçün daha bir əlamətdar hadisə növbəti dəfə bunu isbatladı. 2018-ci ildə Şərqi Afrikada – Hind okeanında kiçik ada-dövlət olan Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası keçirildi. Noyabrın 26-dan dekabrın 1-dək davam edən beynəlxalq sammitdə Azərbaycan Respublikasını Xarici işlər nazirinin müavininin rəhbərliyi ilə rəsmi nümayəndə heyəti təmsil edib.
13-cü sessiyanın gündəliyinə Hökumətlərarası Komitənin cari və gələcək fəaliyyəti ilə əlaqədar, YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahı”sına və “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na salınması nəzərdə tutulan nominasiyaların müzakirəsi, milli hesabatların qəbulu və başqa məsələlər daxil idi. Bu nüfuzlu tədbirin üçüncü iş günü ölkəmiz üçün xüsusilə əlamətdar olub: zəngin mədəni irsimizlə bağlı daha iki nümunə YUNESKO-nun müvafiq siyahılarına salındı. Ölkəmizin rəsmi qurumlarının təqdim etdiyi "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiya faylı noyabrın 28-də günün birinci yarısında YUNESKO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edildi.
Bu fərəhli hadisə ilə bağlı o zaman Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirliklərinin birgə bəyanatı yayıldı. Bəyanatda həmin nominasiya sənədinin Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim olunduğu bildirilirdi. Namizədlik sənədinin Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd respublikamızın bu qədim və tarixi regionunda yaşayan əhalinin ənənəvi mədəniyyətini, xalq yaradıcılığını dünya miqyasında tanıtmaq, həmçinin bu ənənələri YUNESKO səviyyəsində qorumaq, bəşəriyyətin estetik dəyəri kimi tanıtmaqdır.
Maraqlı cəhət odur ki, Azərbaycanın digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi, "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına Ermənistanın təxribat xarakterli cəhdlərinin qarşısı növbəti dəfə alındı. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq iş aparıldı və respublikamızın nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verildi.
Bu tarixi hadisə baş verən günün ikinci yarısında üç türksoylu dövlət – Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdikləri "Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylının çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı”sına salınması barədə yekdil qərar qəbul olundu. Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirliklərinin birgə rəsmi bəyanatında "Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Türk dünyasında, xüsusən də Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, eləcə də xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolunu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyi diqqətə çatdırıldı.
Ermənistan nümayəndəsinin bu dəfə də "Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxışı növbəti dəfə nəticəsiz qaldı. Nümayəndə heyətimiz Ermənistan tərəfinin qeyri-konstruktiv və yersiz möv-qeyinin yolverilməz olduğunu bir daha nəzərə çatdıraraq, Azərbaycanın bu çoxmillətli nominasiyanın tərəfi olmaqla, regional əməkdaşlığa və ortaq mirasa sahib ölkələrlə mədəniyyətin bölüşülməsi faktoruna önəm verdiyini, bununla da YUNESKO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini bir daha xüsusi bildirdi.
Geokulturoloji baxımdan beynəlxalq ictimaiyyətin rəyində milli-mənəvi dəyərlərimizin bəşəriliyini qabartmaq olan Mədəniyyət və Xarici İşlər
nazirliklərinin hər iki bəyanatının tarixi əhəmiyyəti vardı. O sənədlərdə xüsusi diqqətə çatdırıldı ki, YUNESKO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması, eləcə də dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva o tarixi uğurların əsas müəllifidir.
Mehriban xanım Əliyevanın xüsusi dəstəyi ilə sözügedən iki nominasiya faylı ilə yanaşı, ötən illərdə qeyri-maddi mədəni irsimizin müxtəlif nümunələri – kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı”sına, çövkən – ənənəvi Qarabağ atüstü oyunu isə bu nüfuzlu beynəlxalq təşkilatın “Təcili qorun-maya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edilib. Bu nüfuzlu beynəlxalq təşkilatın tarixində belə aktiv fəaliyyət indiyə qədər görünməmişdi. Hökumətlərarası Komitənin həmin 13-cü sessiyasında hələ 2013-cü ildə YUNESKO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edilmiş Azərbaycanın "Çövkən – ənənəvi Qarabağ atüstü oyun ənənələri”nə dair beşillik hesabat da qəbul olundu. Beşillik hesabatda çövkən – atüstü oyun ənənələrinin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər, eyni zamanda, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ regionunun işğalı nəticəsində bu qədim oyun ənənələrinin həyata keçirilməsinin mümkünsüzlüyü əks olunub. Sənəddə Qarabağdan – tarixi yurd-yuvasından zorla qovulmuş etnik azərbaycanlıların, müharibənin və təcavüzün acı nəticələrinə baxmayaraq, çövkən oyununu yaşatmağa çalışdıqları, eyni zamanda bu istiqamətdə dövlətin hər zaman icmaları dəstəklədiyi diqqətə çatdırılıb.
Yeri gəlmişkən, verilən məlumatlardan da göründüyü kimi, Ermənistan nümayəndə heyətinin uğursuzluqları – bədnam qonşularımızın mədəni irsimizi mənimsəmək və bunu beynəlxalq təşkilatlar, eləcə də YUNESKO səviyyəsində təqdim etmək cəhdi hər dəfə uğursuzluqla nəticələnir. Bu dəfə də Azərbaycana qarşı əsassız çıxış edən Ermənistan nümayəndə heyəti hesabatın geri qaytarılması kimi məntiqsiz tələblər irəli sürsə də, bu məsələ də geniş müzakirə olundu və onların qərarla bağlı mənasız təkliflərinin heç biri komitə, həmçinin üzv ölkələr tərəfindən dəstəklənmədi.
Respublikamızın YUNESKO yanında ozamankı daimi nümayəndəsi, indiki Mədəniyyət nazirimiz Anar Kərimov hesabatın beynəlxalq hüquq, BMT Nizamnaməsi və YUNESKO-nun müvafiq konvensiyasına uyğun olaraq
Azərbaycan dövlət qurumları tərəfindən hazırlandığını, sənəddə ölkəmizdə çövkən oyununu həyata keçirən bütün icmaların fikirlərinin və müsahibələrinin əksini tapdığını bildirdi. Konstruktiv mövqelərinə görə komitə üzvlərinə təşəkkür edən Anar Kərimov o zaman Ermənistan nümayəndəsini komitə üzvlüyündən öz siyasi məqsədləri üçün istifadə etməməyə dəvət etmişdi.
Dünya miqyasında Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyət sərvətlərinin, kulturoloji irsinin sistemli və ardıcıl təbliğı dövlət müstəqilliyimizin bərpasından sonra daha geniş aparılır. Beləliklə, YUNESKO-nun iki siyahısında –“Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı”sında və “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”nda Azərbaycan xalqının zəngin mədəni irsi ilə bağlı ümumilikdə 13 nümunə yer alıb və son illər bu istiqamətdə növbəti ciddi addımlar atılmaqdadır. Zəngin milli-mənəvi sərvətlərimizin dünya miqyasında bəşəriyyətin dəyəri kimi tanıdılmasının beynəlxalq turizm və kreativ-mədəni biznesin inkişafına təkan verəcəyi şübhəsizdir.
Onu da xatırlatmaq yerinə düşər ki, 2008-ci ildə ölkəmizin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş ilk nümunəsi Şərq musiqisinin və incəsənətinin şah nümunələri sayılan sırf Azərbaycan muğam sənəti oldu. Həmin tarixdən etibarən Azərbaycan öz milli-mənəvi dəyərlərini bu nüfuzlu beynəlxalq təşkilat çərçivəsində dünyada tanıtmaq, təbliği istiqamətində ardıcıl və məqsədyönlü geokulturoloji işlərini genişləndirməkdədir.
Son 20 ildə milli-mənəvi sərvətlərimizin, mədəni irsimizin dünya miqyasında təbliğ olunmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gərgin əməyi xüsusilə təqdirəlayiqdir. Qədim tarixə malik Azərbaycan mədəniyyətinin, xalqımızın özünəməxsus adət-ənənələrinin göstəricisi olan milli-mənəvi dəyərlərimizin həm ölkə, həm də dünya səviyyəsində tanıtımı və təbliği bu gün də davam edir.
Qarabağdakı 44 günlük Vətən müharibəsi zamanı və bu gün də davam edən informasiya savaşında bu təbliğatın aktuallığını izah etməyə isə ehtiyac görmürük. Məhz milli-estetik incəsənət nümunələrimiz, mahnı və muğamatlar əsgərlərimizin ruhu humninə çevrilərək döyüş meydanında hərbçilərimizi xüsusi ruhlandırırdı...


Cəmilə ÇİÇƏK
Filologiya üzrə fəlsəfə doktoru


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar