Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Rəhbərə salam” verilişinin kəraməti - Ağalar İDRİSOĞLU

Tarix: 30-01-2022 19:43     Baxış: 2232 A- / A+

                                                Ağalar İDRİSOĞLU 


(Satirik hekayə)

İki ay idi ki, Sadıq kişinin evində böyük söz-söhbət səngimirdi. Belə ki, kçik oğlu Ceyhunun toyuna hazırlıq gedirdi. Soxaya qalsın bu pandemiyanı. Bu murdar xəstəlik davam etdikcə adamlar doğrudan da başlarını itirirlər...
İki il idi ki, oğlu nişanlı idi. Ona görə də toyu tez eləmək istəyirdilər ki, birdən oldu elə- olmadı belə. Yenə də toyları qadağan eləyə bilərlər. Təzədən icazə verilməsi də qala bilər “qum göyərənə”. Qum da ya göyərə, ya da göyərməyə.
Sadıq kişi gəlin üçün qızıl-gümüşləri, paltarların hamısını nisyə götürmüşdü. Hətta toyla bağlı mal-qaranı da, araq-çaxırları da, suları da, ümumiyyətlə toyla bağlı hər şeyi nisyə götürmək istəyirdi. Ümidi bircə ona qalmışdı ki, toydan lazım olan qədər pul yığıb, bütün borclarını ödəyər. Əlbəttə, buna çox da ümid eləməsə də belə düşünürdü Sadıq kişi. Buradan da çox pis qərar qəbul eləmişdilər. Toya yüz əlli nəfərdən çox adam çağırmaq olmazdı. Əgər toya gələn polis işçiləri yüz əlli adamdan bir nəfər belə artıq adam aşkar eləsəydilər, buna görə Sadıq kişini beş yüz manat cərimə eləyəcəkdilər. Sadıq kişi isə toya beş yüz adam çağırmaq istəyirdi. Çünki o, ölçüb-biçmişdi ki, əgər toya beş yüz adam gəlsə, bütün borcları verə bilər və hətta toydan ona qazanc kimi dörd-beş min manat da qalar. Sadıq kişi də həmin pula atasından ona qalan evini təmir elətdirə bilər. Çünki evin damı bir neçə yerdən sökülmüşdü. Divarlarına da əl gəzdirmək lazım idi ki, qışda uşaqlar donmasınlar. Həyət hasarı da bir neçə yerdən uçmuşdu. Hələ puldan qalsaydı evə bir kombi də çəkdirmək istəyirdi...
Bax, bütün söz-söhbət də buna görə idi Sadıq kişinin evində. Böyük oğlu Səbuhi nə qədər səbrli olsa da atası ilə dör-dör döyüşürdü və deyirdi:
-Ay dədə, sən beş yüz nəfərlik toy eləsən, bu toydan çox böyük ziyana gedə bilərsən. Onda məcbur olub bu köhnə, uçuq- sökük evi də satıb, küçədə qalacağıq. Atalar deyib ki, “artıq tamah baş yarar”. Toyu olan oğlu Ceyhun, qızları Gülgəz və Züleyxa, həyat yoldaşı Qıztamam da Səbuhinin dedikləri ilə razı idilər və Sadıq kişini “küncə dirəmişdilər”. Axır ki, onlar qələbə çaldılar. Adamların sayını üç yüzə endirib, yarısını gündüzə, yarısını axşama dəvət eləmişdilər...
Ceyhun səhər tezdən bəylik kostyumunu götürmək üçün rayon mərkəzinə getmişdi. Bəylik kostyumunu da nisyə tikdirmişdilər. Rayon mərkəzi ilə onların kəndi Bəbirlinin arası iyirmi beş kilometr idi.
Dərzi bəylik kostyumunu Ceyhuna geyindirdi. Dərzi Məmmədhəsən doğrudan da yaxşı kostyum tikmişdi. Əlini yekə qarnının üstünə qoyub, domba gözlərini bir qədər də geniş açıb, kostyumun pulunu artırmaq üçün deyirdi:
-Qardaş oğlu, düz qırx ildir ki, bəylik kostyumu tikirəm. Amma atam Atababanın goru haqqı heç vaxt belə yaraşıqlı kostyum tikməmişəm. Bu kostyumu bazara çıxarsam, heç nə deməmiş, ən azından dörd yüz manat verib, götürəcəklər. Ona görə də otuz manat da əmiyə şirinlik üçün pul verəcəksən. Elədi üç yüz otuz manat.
-Məmmədhəsən əmi, təki toydan lazım olan qədər pul yığaq, lap üç yüz əlli manat verəcəm. Həqiəqətən yaxşı tikibsən, - deyə Ceyhun forsla güzgüdə özünə baxırdı. --Qardaş oğlu, kostyumu soyunma. Elə bu yaraşıqlı kostyumda bayıra çıx. Bax, bu bazar ətrafında olan adamlar da, əsasən də cavan qızlar sənə baxıb, hayıl-mayıl olacaqlar. Bu kostyumda sən Həzrəti Yusifi oynayan aktyora oxşayırsın. Onun adı nədir?
-Bilmirəm.
-Hə, lap ona oxşayırsan. Saqqal da saxlasaydın hamı elə biləcəkdi ki o, kostyum tikdirmək üçün bura, bizim Xançobanlıya, Məmmədhəsən kişinin yanına gəlib. Atamın goru haqqı belə bir möcüzə olsaydı, adamlar kostyum tikdirmək üçün burada növbəyə düzülərdilər...
Məmmədhəsən özünün bu sözlərindən sonra domba gözlərini bir az da geniş açıb, dediyi sözlərə özü də inanıb, gözlərinin qarşısında həmin aktyoru və növbədə dayanıb, kostyum tikdirmək istəyən adamları canlandırıb, dərindən bir nəfəs aldı.
-Məmmədhəsən kişi, deyirsən yəni həmin aktyora oxşayıram,- deyə Ceyhun bir az da forsla böyük güzgünün qarşısında bir neçə formada şax dayanıb, özünə vurğunluqla baxmağa başladı.
-Dədəm Atababanın goru haqqı, elə bil fırt eləyib onun burnundan düşübsən. Dədələrimiz necə də yaxşı deyib ey: “ Gözəllik ondur, doqquzu dondur”. Bu donu da mənim kimi rayonda yek olan usta Məmmədhəsən tikib. Bir də Ceyhuna diqqətlə baxıb, sözünə davam elədi: - Sən deyən kimi üç yüz əlli manat verəcəksən.
Ceyhun güzgünün qarşısında artıq özünü Həzrəti Yusif kimi təsəvvür elədi. Bir an bu sözləri beynində keçirdi: “Yəqin Allah elə ona görə də 44 günlük Vətən müharibəsinin odundan-alovundan məni sağ-salamat çıxarıb. Gərək toydan sonra saqqal saxlayam”...
O, köhnə paltarlarını “sellefon torbaya”a qoyub, dərzi sexindən çıxıb, forsla o tərəfə -bu tərəfə baxdı ki, görsün qızlardan kimsə ona baxır, ya yox. Bazar ətrafında heç bir qız gözə dəymirdi. O, bir taksiyə minib dedi:
-Kişi, məni Bəbirliyə apar.
-Deyəsən bəyoğlansan, - deyə sürücü soruşdu.
-Hə, elədi.
-Bəyoğlan olduğuna görə səndən iyirmi manat pul alacam.
-Bəbirliyə taksinin qiyməti on manatdır.
-Bilirəm. Amma sən bəyoğlan olduğuna görə, on manat da dayıya şirinlik verərsən.
Maşın təzə, yaraşıqlı olduğuna görə Ceyhun da istəyirdi ki, belə yaraşıqlı maşınla kəndlərinə getsin və hamı da desin ki, “gör, Ceyhun necə yaraşıqlı maşınla kəndə gəlib”. Ona görə də dedi:
-Yaxşı, razıyam.
Maşına mindi. Üç yüz metr getməmişdilər ki, işıqforun yanında sol tərəfdən xarici markalı, çox bahalı bir maşın az qaldı ki, onları vurub, şil-küt eləsin. Çünki həmin maşın qırmızı işıqda yolu keçmək istəyirdi. Taksinin sürücüsü əgər cəld tərpənib, əyləci basıb maşını saxlamasaydı, həmin maşın Ceyhun tərəfdən maşını möhkəm
əzəcəkdi. Yəqin ki, Ceyhun da bərk yaralanacaqdı. Hətta bilmək olmaz ona daha böyük xətər dəyə bilərdi.
Bahalı maşının sürücüsü maşını düz onların qarşısında saxlayıb, maşından düşüb, söyə-söyə sürücüyə yaxınlaşıb, onun qapısını açıb, yaşlı kişini dartaraq bayıra çıxarıb, ona bir-iki şillə vurdu və yenə də söyməsini davam etdirdi. Bu vaxt hirs vurdu Ceyhunun başına. O da cəld maşından düşdü. Bu yekəpər oğlan birdən-birə Ceyhunun gözlərində dönüb oldu erməni. O, həmin yekəpər oğlana necə bir yumruq vurdusa, yekəpər tir-tap yerə sərələndi. Sonra da təpiklə onun ağzına, burnuna vurmağa başladı. Bu vaxt Yol polisi işçiləri ora yetişdi. Yerdə uzananın kim oduğunu gördükdə, üç-dörd polis işçisi Ceyhunu döyməyə başladılar.
-Aya, eşşək oğlu eşşək. Sən bilirsən kimi vurursan? Sənin zatına lənət! Bizi bu rayondan köçürmək, sürgün elətdirmək istəyirsən,- polislərin yekəpəri onu söyməyə başladı. Sənin hərçi-betərinə lənət. Tez bunun qollarını qandallayın.
Ceyhunun qollarını qandallayıb, polis maşınına basdılar. Tez də maşını sürüb getdilər. Sonra həmin yekəpər polis, yerdə sərələnmiş yekəpər oğlanı bir təhər ayağa qaldırıb dedi:
-Ağrıların mənə gəlsin, qağa. Köpək oğlu deyəsən sənə böyük xətər yetirib?
-Hanı o köpək oğlu,- deyə yekəpər oğlan Ceyhunu adamların arasından axtarmağa başladı.
-O köpək oğlunu polis idarəsinə apardılar.
-Hə. Gedib orada onun anasını ağladacam,- deyə yekəpər oğlan sevinclə maşınına doğru getdi.
... Artıq Bəbirliyə ildırım sürətilə yayıldı ki, Ceyhunu həbs eləyib, polis idarəsinə aparıblar. Polis rəisi Murtuz Ceyhunun onun oğlunu döydüyündən zəncir “çeynəyirdi”. Ceyhunu həm özü, həm polislərə, həm də oğluna döydürmüşdü. Ceyhunun sir-sifəti göm-göy idi. Bəylik kostyumu da cırıq-cırıq idi. Bu görkəmdə o, əsir düşərgəsindən çıxana oxşayırdı. Oğlunun ardınca gələn Sadıq kişiyə onu göstərmək istəmirdilər və biləndə ki, bu gün həm də Ceyhunun toyudur, Murtuz da əlini belinə qoyub, mal kimi bağıra-bağıra Sadıq kişiyə demişdi:
-Axmaq kişi, çox tərbiyəsiz, şərəfsiz oğul böyüdübsən. Sənin oğlunu bir şərtlə buraxacağıq ki, on min dollar pul verəcəksən. Ya da bacdıracam gedəcək qoduğluğa. On il orda yatacaq!..
On min dollar pul sözünü eşidən Sadıq kişinin boğazı qurumuş, şəkəri vurub çıxmışdı kəllə-çarxa. Toyu bəysiz eləmək də mümkün deyildi. Sadıq kişi təkcə kənddə yox, rayonda biabır olardı. Adamların da çoxu toya gəlməzdi. Buradan da Sadıq kişi tam müflis olardı. Bundan sonra gərək o, bir kəndir alıb, özünü asıb öldürməliydi. Çünki bu biabırçılığa dözə bilməzdi. O, rəis Murtuza nə qədər yalvarsa da, kəndin ağsaqqaları xahiş-minnətə gəlsələr də, yekəqarın, həbəş sifətli Murtuz heç cürə razılaşmadı.
...Toyu bəysiz keçirdilər. Toy dönüb oldu yas. Amma Sadıq kişinin böyük oğlu Səbuhi atasına və hamıya səbr verib deyirdi:
-Dədə, bircə gün gözlə. Heç nə eləmə. Mən Bakıya gedib-qayıdım, sonra nə desən eləyərik.
-Bakıya niyə gedirsən?
-Bu sirdi. Bu sirri heç kimə deyə bilmərəm. Yoxsa bütün işlər korlana bilər.
O, sübh tezdən evdən çıxıb, Bakıya gəldi. İstəyirdi ki, özünü hər gün səhər saat on birdə həm televizya və həm də radio ilə eyni vaxtda canlı yayımlanan “Rəhbərə salam” verilişinə çatdırsın. Bu veriliş məmləkətdə ən populyar, baxımlı veriliş idi. Demək olar məmləkətin “məmə yeyənindən-pəpə yeyəninə kimi” hamı bu verilişə maraqla baxırdı. Hətta bu verilişdə çıxış etmək üçün adamlar aylarla xahiş-minnətlə siyahıya yazılırdılar. Axı məddahlara özünü ölkə başçısına göstərmək və onu tərifləməkçün bundan yaxşı fürsət yox idi.
Səbuhini Radio və Televiziya Verilişləri Şirkətinin girişində çox maraqla qarşıladılar. Niyə gəldiyini soruşdular.
-“Rəhbərə salam” adlı şeirimi “Rəhbərə salam” adlı verilişdə söyləməyə gəlmişəm.
-Lap yaxşı, - deyə ağ saçlı, gözündə böyük eynək olan bir kişi dedi. Söyləyə bilərsən qulaq asım?
-Bəli. Əlbəttə.
Səbuhi ədəbiyyat müəllimlərinin uzun illər məktəb və rayon tədbirlərində dediyi şeiri, onun kimi yüksək pafosla söylədi.
Ağ saçlı kişi və orada olanlar onu möhkəm alqışladılar. Ağ saçlı kişi yaxınlaşıb, Səbuhini öpdü. O üzündən, bu üzündən duz kimi yaldı. Elə bil bir vaxtlar Mariyadan qanunsuz doğulan oğlu idi, indi durub, Rusiyadan atasını görməyə gəlmişdi.
-Bravo, bravo. Nə maraqlı şeirdi. Cavan olasan, rəhbərə belə dahiyanə şeir həsr edəsən. İlk dəfədir ki, belə dərin, çox mənalı, çox axıcı şeir yazanla rastlaşıram. Sən getdin qabağa. Tez gedək. Verilişin başlamasına az qalır. Sən bu şeiri elə bu gün söyləyəcəksən. Bu, böyük sensassiya olacaq. Bu tapıntıma görə elə yəqin bu gün məni də Radio və Televiziya Şirkətinin prezidenti qoyarlar. Çünki indikinin yerinə kadr axtarırlar. Burada məndən də yaxşı kadr yoxdur.
O, Səbuhinin qoluna girdi. Polislər böyük məhəbbtələ, hörmətlə həmin yaşlı kişi ilə Səbuhini veriliş zalına yola saldılar. Adamın gərək işini Allah düzəltsin. Sən demə bu yaşlı, balacaboy, başı daz, sifəti monqol sifətinə oxşayan eynəkli kişi bu verilişin baş redaktoru imiş. Səbuhini tez veriliş gedən studiyaya saldılar. Tez sir-sifətinə qrimyor əl gəzdirdi. Saçını səliqə ilə daradı. Əyninə təzə bir kostyum geyindirdilər. Səbuhu bu görkəmdə artıq özünü tanımırdı. Kameralar ona tuşlandı. Rejissorun işarəsi ilə operatorlar onu çəkməyə başladılar.
Səbuhi özünə uyğun səbrlə sözə başladı:
-Salam olsun xeyirxah, millətini dərin məhəbbətlə sevən ölkə başçımıza. Sizi deyib gəlmişəm, ey bizim böyük atamız. Bizim başımıza belə bir dəhşətli hadisə gəlib. Mən Xançobanlı rayonunun Bəbirli kəndindənəm. Adım Səbuhi, ləqəbim Səbirli, atamın adı Sadıq kişidir...
Beləliklə, Səbuhu başlarına gələn hadisəni səbrlə, axıra qədər danışdı...
Stidiyada elə bil ki, birdən-birə hər şey dondu. Hamı donmuş bir vəziyyətə ona baxırdı. Amma heç kim bir addım da ona sarı gələ bilmirdi. Səbuhi bütün bunları görüb, tez studiyadan çıxıb, giriş qapısına gəldi. Çünki o, artıq hər şeyi demişdi. Deməli, Cin artıq küpənin içindən çıxmışdı...
Gördü ki, burada da bütün polislər donmuş vəziyyətdə qalıblar. O, cəld bayıra çıxıb, tez Şəhidlər Xiyabanına tərəf getdi. Oradan da cəld “İçəri şəhər” metrosuna tərəf addımladı. Bu vaxt onun mobil telefonuna zəng gəldi. Atası Sadıq kişi idi.
-Eşidirəm, dədə.
-Sən hardasan, ay oğul?
-Telestudiyadan çıxıb, metroya tərəf gedirəm.
-Bilirsən nə baş verib?
-Nə baş verib?
-Ceyhunu indicə Polis rəisinin müavini öz maşınında evə gətirdi. On min dollar da mənə güclə də olsa pul verdi. Dedi ki, toyu bu gün də davam etdirmək lazımdı. Rayonun bütün rəhbərləri həmin toya gələcək. Bütün xərcləri də onlar çəkəcək. Polis rəisi yalvarır ki, ondan daha şikayət etməyək. On dəqiqənin içində ölkə başçısı əmr verib, rayon İcra Hakimiyyətinin başçısını, müavinlərini, baş prokuroru, onun müavinini, Polis rəisini, müavinlərini, Təhlükəsizlik Şöbəsinin rəisini, baş hakimi işdən çıxarıblar. Hamısına da cinayət işi başlanılıb. Rayonun bütün camaatı mərkəzi meydana yığışıb, bunu bayram edirlər. Hamı “Səbuhi, Səhubi” qışqırır. Camaat istəyir ki, bu rayonun rəhbəri sən olasan. Təcili rayona qayıt, oğlum. Rayonun bir neçə cavanı səni Avtovazalda gözləyir. Onlar özləri səni rayona gətirəcəklər. Oğlum, qəşəng balam, yalvarıram tez rayona gəl.
Atası bu sözlərdən sonra telefonunu qapadı.
Səbuhi, ağ buludlarla örtülü göyə baxdı. Oradan ağ saçlı, ağ saqqal, uzun ağ xalat geymiş bir kişi gülər üzlə Səbuhiyə baxır və ona əl eləyirdi.
-Şükür Sənə, ey Böyük Yaradan. Bəs bizim rayonun rəhbərləri deyirlər ki, Sən yoxsan?..
Bu vaxt kimsə Səbuhinin qolundan dartmağa, “Səbuhi, Səbuhi”,- deməyə başladı.
Səbuhi hövlank yuxudan ayıldı. Key kimi qardaşı Ceyhuna baxmağa başladı.
-Əyə, qaqa, niyə yuxuda qışqırır, çapalayırdın?
Səbuhi üzünün, alnının tərini üstünə örtdüyü ağ parça ilə silməyə başladı.
-Çox qəribə yuxu görürdüm...
-Yuxu vaxtıdır? Biz səninlə dərziyə getməliyik. Bəylik kostyumumu götürməyə. Artıq saat on birdir. Bəs nə vaxt gedəcəyik?
-Ceyhun, səndən xahiş edirəm, dərzinin yanına getməyək. Məmməhəsən kişidən xahiş edək, kostyumu özü bizə gətirsin.
-Niyə,- deyə Ceyhun ona baxdı.
-Niyəsini toydan sonra, sabah deyərəm. Təki bu gün toyu sağ-salamat yola verək. Çünki mənim yuxumun düşər-düşməzi olar...
-Elə düz deyirsən. Biz rayon mərkəzinə gedəsi, kostyumu götürəsi, sonra kəndə gələsi, artıq üç-dörd saat keçəcək. Onda zəng vur, Məmməhəsən kişi özü kostyumu gətirsin,- deyə Ceyhun otaqdan çıxdı.
Səbuhi dərzinin telefon nömrəsini yığdıqca, bayaqkı yuxusunu heç cürə yaddan çıxara bilmirdi. Beynindən də bu fikir keçirdi: “Bəlkə elə mən həqiqətən “Rəhbərə salam” verilişinə gedim?”..


Sumqayıt şəhəri,
18 noyabr, 2021-ci il.

(Bəzi əlavələr 29 yanvar, 2022-ci ildə olub)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar