Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Səs salmayın, nar çatlayır" - KƏRAMƏT - 65

Tarix: 08-12-2021 23:02     Baxış: 1485 A- / A+
                                Kəramətin özü və sözü


“SÖZÜN GÜCÜ ÇATMIR SÖZÜMÜ DEYİM”

(Yuxarıdakı misranın müəllifi Kəramətə ilk sualım da elə bu misrayla bağlı oldu)

-Doğrudanmı sözün qarşısında aciz qalırsınız və bundan gileylisiz?

-Məgər..heç səndə elə hallar olmur ki, özünüifadə üçün söz tapmayasan? Hamıda müşahidə edilir, əlbəttə, bax onda sənət-şair üçün söz, rəssam üçün rənglər.bəstəçi üçün notlar və s. köməyə gəlir. Bir də elə ovqat, psixoloji hal yaşayırsan ki, özünüifadədə sözlərin də köməyə ehtiyacı olduğunu görürsən. Belə hallarda mənə elə gəlir ki, sözlər də məndən kömək istəyir.

-Bir şeirinizi xatırladım:

Sss...
Səs salmayın
Nar çatlayır.

-Yaxşı xatırlatdın, bu məqamda səslər köməyə gəlir, bədən diliylə sükutun ifadəsi. Bəzən də rəqəmlər bu funksiyanı yerinə yetirir:

Haçandı bir-birimizlə
Başqa dildə danışırıq

kimi vasitələrə başvurmalı olursan. Bu da bizim işlək dilimizdən,gündəlik həyatımızdan qaynaqlanır. Sadəcə özümü-sözünü azad buraxırsan, qəliblərin içinə salmırsan, öyrəşdirilmiş-basmaqəlib ifadələrdən, dünyagörüşdən qurturulursan.

-Həmişə belə öyrənmişik, filan şair sözə hakimdi, sözlər əlində mum kimidi, onu istədiyi şəkildə işlədə bilir, ona görə böyük şairdi.

-Olub belə yanaşmalar...Sözə də, həyata da tarixən ya yuxarıdan-tribunadan, ya müəllim ədasıyla, ya da aşağıdan yuxarı baxmışıq. , indi də belə kateqoriyaya uyğun yazanlar var. Görünür, içtimai-siyasi şəraitlə bağlıdı. Hətta, elə şeirlər yazırlar ki, ədəbi prokuror təsiri bağışlayır. Ya da yalvarışçı, duyğu istismarı..belə şeirlərin, əsasən, bəyənəni, “bəh-bəh”çisi çox olur. Söz özünü sərbəst hiss eləyəndə öz axarını tapır, təqdim olunan obrazla orqanik bağı harmoniya yaradır. Belə bir şeirim də var: “Mən səninlə, Sənin kimi danışan, İlk-son şairəm”. Bu məqamda öz fərqimi ortaya qoymağa çalışmışam. Mühitlə, aldığımız tərbiyə ilə (həm də ədəbi) bağlı məsələdi. Uşaqlara, sözlərə sərbəstlik vermək gərək, qoy onlar yanlış, xəta da etsinlər. Senzura rəsmən qaldırıla bilər, amma şair öz-özünə senzorluq edəndə şairliyi bitir, məncə.

-Hər kəs tanınmaq, ad-san yiyəsi olmaq istəyər, eləcə də siz..kifayət qədər tanındığınızı sanırsınızmı? Şöhrətdən kimsə imtina etməz. Yoxsa çəkilib bir tərəfə sakit, adi ömrünü yaşardın.

-İnan ki, mən həmişə sakit bir ömür istəmişəm, indi də. ən çox harda sıxılıram..deyim sənə...bazarda,tədbirlərdə, toyda, yasda. Buralar göstərməlikdi, hamı biri-birinə özünü göstərir. Qəbristanı tək dolanmaq mənə öz kədərimi yaşamağa imkan verir, şadlığı da tədbiri də çox adamla keçirəndə elə bilirəm sevincimi istədiyim kimi yaşaya bilmirəm. Bazarın isə yanından keçmək sıxır
məni. Niyə məni hamı tanımalı ki? Deyək ki, bir fermer, bir əkinçi, bir syasətçi, astroloq, aşbazın borclumu bizi tanısın, sevsin? Yanaşma özü doğru deyil, məncə. Hər kəsin öz sahəsi var.

-Nədənsə, həmişə gözlənilməyən bir sual vermək istəmişəm sizə, ona görə ki, şeirlərinizdə bir gözlənilməzlik, hamıda olmayan nəsə var, bunun nə olduğunu özümçün aydınlaşdıra bilmirəm. Elə bil ki, başqa bir aləmin adamısız, Tərki-dünyalıqmı, ya nədi? Vur-çatlasındı, hamı yaxasını cırır, mükafatlar, reklamlar..bütün bunlar sizin ətrafınızda baş verir, amma siz asta addımlarla bütün bu hay-küyün arasından çıxıb gedirsiniz.

-Tanış iradlardı.evdən tutmuş, məni istəyən-istəməyənlərə qədər...bəri başdan deyim ki, ədəbiyyat meneceri deyiləm, özünübazarlamaq, reklamlamaq daxil ədəbiyyatın təsərrüfat məsələlərində bacarıqsız və naşıyam, yəni mənim işim deyil. Bunu mənfi halım kimi , tərəfim kimi qəbul edirəm. Onu da qəbul edir və bilirəm ki, nə çox reklam olunursa, keyfiyyət problemi var. Məsələ onda ki, indiki zamanda hamı artıq “reklam yeyir”. Bizdə reklam üçün hər şeyə gedir, məqbul sayırlar Yəni vur atanın gözünü çıxar, sənə “kor oğlu” desinlər. Özünü reklam ruhi xəstəlik həddindədi və buna rəvac verilir. Xeyirlisi olsun, başqa əlac yox., “zamanın tələbidi”.

-Müasir ədəbiyyatımızın mənzərəsini necə dəyərləndirərdiniz? Bizdəki şairlərin mütləq çoxluğunun ədəbi-tənqidi fikri, baxışı yoxdur. Yəni ədəbi prosesin nə olduğunu bilmədən, vecinə almadan şeirini yazır. Siz isə, müşahidə etdiyim qədəriylə, ədəbiyyata şəxsi baxışınızı, tənqidi fikirlərinizi ara-sıra paylşırsınız. Necə görürsüz indiki ədəbi mənzərəni.?

-Üzdə görünən...hay-küy, pafos, patetika, mükafatlar, “dahilər” bolluğu, tədbirlər və s. Bütün bu təmtəraqlı mənzərinin alt qatında səssiz, lal axan sular da var. Bu hay-küy sakitləşmədən normal ədəbi söhbətə yer qalmır və elə bil, düşünülmüş şəkildə bulandırıcı, başgicəlləndirici vəziyyətə süni nəfəs verilir. Bu toz-duman çəkiləndə itgin yerimizdən ədəbi dəyərləndirməyə start veriləcək, yəqin. İndiki halda itiyini qapısının ağzında arayan Molla Nəsrəddin günündəyik. Qapısının ağzında axtarışda olan Molla Nəsrəddinə sual verirlər ki, nə arayırsan? Cavab verir ki, qiymətli bir şeyi itirmişəm onu gəzirəm. Qonşu da Mollaya qoşulub axtarır, heç nə tapa bilmirlər. Qonşu,-Dəqiq burdamı itirmisən?-soruşur. “Yox , samanlıqda itirmişəm”,- deyir Molla Nəsrəddin. “Bəs burda niyə arayırsan itiyini?” sualına isə,-ora qaranlıqdı, qapıağzı işıqlı, ona görə burda gəzirəm.-deyir. Ədəbi halımız təqribən bu gündədir, deyə bilərəm.

-Siz necə, axtardığınızı tapa bilirsinizmi?

-Mən heç nə itirməmişəm ki, nəyisə də, hardasa axtarım.

Söhbəti yazdı: Turan Şənlik





KƏRAMƏT


Buz evdəyəm, buz evdə
Yayın cırhacırında
Özümə-sözümə Buz ev tikmişəm
İsveçdəki "Buz otel"də yox
Ömrün sırsıralı cəhənnəmində
cənnətdə, qaya qaşında
gözlərim yol çəkir
AĞ TÜKLÜ sinədə quşcuğaz
-Bilirəm ki, öləndə də
Səni xatırlayıb
gülümsəyəcəm Əcələ.
...sinəsinin tükü də ağaran Qoca
güldü, ironiya ilə gözəlçəyə.
Yalandan olsa da
"Mən səni sevirəm"i
hansı söz birləşməsi əvəz edər ki?
Ağ tüklü sinənin sol tərəfini
dimdikləyirdi quşcuğaz
Quş dilini unutmuşdu Süleyman

***

İndicə qaş qaralıb, ömür qürub edəcək
Tapdaladığın topraq üzərini örtəcək
Yolların da yolları qəbristanda bitəcək
Arxamızca tökülməz imisti göz yaşları
Diriləri çağırmaz soluxmuş başdaşları
Bütün başdaşlarında şəkillər gülür bizə
Ölülər can qurtarır, zülmlər qalır bizə
Görərsən, Yer üzü də bir gün dönəcək buza
Əllərim soyuyubdu, bax, buz dövrü başlanır
Diriləri çağırmaz soluxmuş baş daşları


***

Evi də, məni də bomboş görərsən
İtiylə danışan sərxoş görərssən
yanağına yağan yağış görərsən
Gəzmə məni məndə, mən məndə yoxam
Gəzmə məni məndə, mən məndə yoxam
Şərqisi ağıya dönən bir "ah"am
Təpədən-dırnağa yalan, günaham
soxma gözlərimə köhnə şəklimi.
Soxma gözlərimə köhnə şəklimi
yığışdır şübhəni, apar şəkkini
kimə dəyişibdi “Ey kimsə?” kimi
Hələlik, əlvida, görüşənədək.

GECƏQONDULAR

(Bəlkə, yalan olmasın, 40 yaşı var bu şeirin)

Tikilib qurtarmaz gecəqondular
Ya suyu kəsilər, ya qazı gəlməz
Oğul evləndirər, qız ərə verər
Elə üzdən gülər, ürəyi gülməz
Divarı nəm çəkən yanaqlarıdı
Gözü də damcılar tavanı kimi.
Yarı-yarımçıqdı, kəmdi, yarıdı
Özüylə danışar havalı kimi
Başının üstünü "JEK", polis alar
Kəndçi olduğundan hamı qandırar
Ömür də, arzu da yarımçıq qalar
Tikilib qurtarmaz gecəqondular

YADDAŞINA VİRUS YOLUXUB

-Onsuz da unudulacaq hər şey,-deyirsən
buz dövrü başlayır ömrümün
üzünə telefon qapanmış kimiyəm:
-du...du..du..(sonsuza qədər)
gömülmüş səslər də cücərməyəcək
hamı hamını unudacaq, onsuz da
dünən yazı taxtasını silən silgi də
bu gün internet camına "sil" əmrini verən də
unudulacaq, unudulacaq, unudulacaq
Yaddaşına bir virus yoluxacaq
ruhun da inciməyəcək
sən mənə hər şeyi unutdurursan
özünü mənə yoluxdurursan
-onsuz da unudulacaq hər şey,-deyirsən
kəsilir YERlə rabitə əlaqəsi
əzabkeş yaddaşdan azad oluram
sönür qulaqlarımda duaya bənzəyən layla
-onsuz da, onsuz da, ONSUZ DA…

LƏNƏTLƏNƏN ÖMÜR

Səni lənətləyiblər, atıblar Yer üzünə
Çaylar da yuya bilməz ürəyinin kirini
Görürəm qarışıbdı at izi it izinə
hardan tapa bilərdin mənim kimi DƏLİNİ.
yenə aldanacaqdım, özüm də bilə-bilə
bilirəm ki, yenə də sənə yem olacaqdım
mərhəmətim qıymazdı mənə uzanan ələ
Başım iki əlimdə..beləcə qalacaqdım
Hər şeyə gücüm çatdı, eh...özümdən savayı
tökülübdü üstünə, arzum, ölü torpağı
bazarlıq edəmədim, satdım ömrü havayı
Mənə əmanət qaldı Diogenin çırağı
Bardaş qurub oturmuşam it
Bayquş gözləri çəkici-
ovunu çəkib gətirər
Ceyran gözləri ürkək
qorxar özü öz gözəlliyindən
Ah..baxma insan gözünə
doymaz, dünyanı versən də
Özü öz başını yeyəcək sonda.
eşşək gözlərində məzlumluq
İt gözlərində məhzunluq
...dibsiz həsrət, kədər
itimin gözlərində
bardaş qurub oturmuşam, gözləyirəm
İtimin gözlərindən əlimi çıxarıb
yaralı -bəlalı başını əzizləyiurəm itimin

KÖHNƏ SİNİF OTAĞI

Dünya sinif otağı, Həyat da ki müəllim
Sinifdən qovulansan, şuluqluğun "ah"ı var
Dartdığın qız saçında qalıbdı uşaq əlin
Dərsin şirin yerində Əzrayıl da çağırar
Hələ yolun əvvəli, əvvəl sonmuş sən demə
Sən demə..bütün bunlar yuxuymuş, nağıl imiş.
Köhnə gordan səs gələr; "Qoca uşaq, qəm yemə"
İmperatorlar belə qorxaqmış, fağır imiş...
Daşı dəli ruhumu dar bədəndə, dar Yerdə
Səhranın tərs küləyi dayanıbdı qəsdimə
Ya it, ya quş şəklində sənə dönərəm bir də
Köhnə sinif otağı, oyandım zəng səsinə


MƏN SƏNİ ARASAM, GÖRSƏM Kİ YOXSAN

…əgər vaxtım olsa.., səhərə çıxsam,
evimdən qurtulub şəhərə çıxsam
Mən səni arasam, görsəm ki yoxsan
Sonranın sonrası sonra da olmur
olmur, canım-gözüm, olmur ki olmur
əriyir bu ömür sabaha qalmır
günahda yuyulur, savaba qalmır
ithürən tərəfə yüyürür axşam.
Zormu istəyirsən..zor mənlik deyil
Beşik mənlik deyil, gor mənlik deyil
kimdən istəyirsən, sor, mənlik deyil
Adam, adam deyil, adam...bu adam


Manevr.az ailəsi olaraq dəyərli şairimizi 65 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür və yaradıcılıq uğurları diləyirik!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar