Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Nizami Gəncəvi adı ilə öyünən filoloqlarımız bu qürurun haqqını mütləq verməlidilər..." - Aygün Cəfərova

Tarix: 25-11-2021 22:21     Baxış: 3480 A- / A+

Azərbaycan ilə qürur duyan hər kəsin qürur səbəblərindən biri də mənəvi sərvətlərimizin qiymətli gövhəri olan Nizami Gəncəvi ilə eyni milliyyətə mənsubluğudur. Məndən olan, mənim olan bir şəxsiyyətin dühasını etiraf etməklə yetinmək yox, onu öyrənərək, öyrədərək, qoruyaraq o sevinci haqq etmək gərəkdir. Xüsusən də, bir ədəbiyyat adamısansa, bu artıq bir vəzifə borcu səviyyəsində qarşında durar. 
Biz filoloqlar Nizaminin yaradıcılığı üzərində hansı mövzuda tədqiqat aparmaq istəsək, Şair-Filosof-Alim Nizami Gəncəvi bizə elə zəngin bir material verir ki, bunu yalnız həmin işə başlayanlar təsdiq edər. Gerçək iş görməyənlər isə indiyə qədər Şair haqqında eşitdikləri "dahi, böyük, görkəmli" epitetləri ilə müəyyən, daha doğrusu, qeyri-müəyyən təəssürat yarada bilərlər. Vəssalam. Halbuki Nizami Gəncəvi adı ilə öyünən azərbaycanlı filoloqlarımız bu qürurun haqqını mütləq və mütləq verməlidirlər. Nəzərə alsaq ki, dövlətimiz də bu işdə "əlini daşın altına qoymuşdur", işə əngəl ola biləcək bürokratik sıxıntılarla bağlı da hər hansı bir bəhanə qalmır. Ortada bir vicdan qalır, bir də sevgi. Sevgimizi götürüb Nizami Babamın qutsal yadigarı olan əsərlərinə növbəti dəfə ürəyimizin çırpınışları ilə qərq oluruq. Hər misrasında qarşımıza çıxan çoxmənalı və simvolik informasiya içəriyini anlamaq üçün Uca Allahdan zəkamıza güc-qüvvət diləyirik. Bu yazım "İskəndərnamə" əsərini rəhmətlik şairimiz Abdulla Şaiqin tərcüməsində  Allaha müraciətini oxuyarkən hiss etdiyim mistikanın təəccübündən yarandı.
(Məlumat üçün qeyd edək ki, "İskəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə'', ikinci hissə "İqbalnamə" adlanır. "Şərəfnamə" Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, "İqbalnamə" isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. "İskəndərnamə" tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər. Əsər müəllifin başqa poemaları, xüsusilə, məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti Şərəfnamədə, 3625 beyti isə İqbalnamədə cəmlənmişdir. Poema əruz vəzninin mütəqarebe məqsur (məhzuf) bəhrində, məsnəvi şəklində yazılmışdır.)

 ***
 Bu yerdə mən kimi yatanlar çoxdur,
 Onları xatirə salan ki yoxdur.
 Təzə kəklik, yad et məni ürəkdən,
 Məzarım yanından ötüb keçərkən.
 Üstümdə görərsən göyərmiş otlar,
 Baş daşım uçulmuş, çökmüşdür məzar.
 Qəbrim şüşəsinə əl qoyan zaman,
 O pak gövhərimi heç olmasa an.
 Uzaqdan sən mənə göz yaşı töksən,
 Mən sənə parlaq nur saçaram göydən.
 Duadan bir dilək istəsən əgər,
 Mən amin deyərəm qəbula keçər.
 Salam ver hörmətlə, məndən salam al,
 Gəl qəbrim üstünə, edim istiqbal.
 Hər zaman diriyəm sənin kimi mən,
 Mən cana gələrəm, sən cana gəlsən.
 Bu yerdə sanma yar-yoldaşsız məni,
 Məni görməsən də, görürəm səni.
 Bu ölənlər ilə gəl, danış barı,
 Unutma, yada sal bu yatanları.
 Qəbrimə gələrkən qədəhi doldur,
 Nizami yatdığı yerə qədəh vur.
 Ey uğurlu Xızır, sanma ki , mənim
 Bu meydən içilən meydir məqsədim.
 O böyük Tanrıya aydındır bu iş,
 Ömrümdə dilimə şərab dəyməmiş.
 Bu dilim, dodağım görmüş isə cam,
 Olsun Nizamiyə hər halal - haram.

...
Şeyx Nizami ölümündən sonra məzarının unudulacağından əndişə etsə də ( Müəyyən dövrlərdə belə də olmuşdu. Şamaxıdan Tiflisə gedərkən yolüstü Nizaminin qəbrini ziyarət edib, şairin məzarının dağıldığına şahid olan Seyid Əzim Şirvani təəssüflə demişdi:

 Ey Şeyx Nizami, ey nizamı dağılan,
 Ey Gəncədə izzü ehtişamı dağılan,
 Olmuşmu səninlə mən kimi aləmdə,
 Beyti, evi, məktəbi, kəlamı dağılan?)
, ruhunun parlaq nur kimi məsafələr və zamanların fövqündə dayanıb hər zaman diri olacağına şübhə etməmişdi. Yersiz müqəddəsləşdirilmələrə qarşı olan biri olsam da, Nizaminin bir adi insan olmadığını düşünməkdə haqlıyam. Şeyx Nizami adi biri olsaydı, necə bilərdi ki, onun xatirəsi və sözü "hər zaman diri" olacaq?! Hətta açıq-aydın ruhunun bir şəfaətverici, diləkləri gerçəkləşdirməyə vasitəçi ola biləcəyini necə əminliklə yaza bilərdi ("Duadan bir dilək istəsən əgər, /Mən amin deyərəm qəbula keçər")?! Bu sözlərin yazıldığı vaxtdan 5-10 il deyil, düz 818 il (!) müddət keçib.
 "Hər zaman diriyəm sənin kimi mən,/ Mən cana gələrəm, sən cana gəlsən" - deyir Nizami. Bizim "ölü" hesab etdiyimiz, bu dünyada bizimlə olmayan və ya bizimlə olmadığını güman etdiklərimizdir. Eyni baxışın qarşı tərəfdə də olması, yəni ruhlar aləminin sakinlərinin də onlarla olmayanları ölü hesab etməsi mümkünlüyünü ortaya qoyur. Onları xatırlamaq, salam göndərməklə ruhlar aləmi ilə kiçik rabitəyə girmiş oluruq. Onları yada salanı onlar var və "cana gəlmiş " hesab edirlər deyə ehtimal edirəm. Bu mənada "mən sənin üçün diri olaram, o zaman ki, sən məni yada salmaqla mənim aləmimdə dirilərsən, cana gələrsən" izahı məntqəuyğun olur. "Bu yerdə sanma yar- yoldaşsız məni,/Məni görməsən də görürəm səni" Əlbəttə ki, ruhlar aləmi dediyimiz məkanda Şeyximiz tək olmadığını deyir: Bu ölənlər ilə gəl danış barı/ Unutma, yada sal bu yatanları. - Aydındır.
 Digər misralarda haqqında danışılan "mey", "qədəh" kəlmələrinin də mənası təsəvvüfi anlamda olduğunu aydın şəkildə bəyan etmiş Nizami həqiqi meyin, şərabın Allahın hökmü ilə haram olduğunu və qətiyyətlə ondan gen qaçdığını and-aman edir. (Bu dilim , dodağım görmüş isə cam,/ Olsun Nizamiyə hər halal- haram")!!! Bu emosiyanın özü də çox maraqlı gəldi mənə. Yazımı oxuyan şərab həvəskarları Nizaminin bu haram və ziyanverici içkidən uzaq olmasını və pislədiyini görüb inşallah şərabdan uzaqlaşarlar. Axı bunu yar-yoldaşınız deyil, fikirlərinin qüdrəti qarşısında ehtiram göstərdiyiniz Şeyx, Həkim, Loğman, ruhu şəfaətçiniz olacaq Nizami Gəncəvi öz şəxsində önərmişdir.
Nizami Gəncəvi haqqında düşünərkən o qənaətə gəlirəm ki, torpağı vətənə çevirən təkcə şəhid qanları deyil. Həm də o torpaqda doğulub, yaşayıb, ruhu onu tərk etdikdən sonra cismi torpağına əmanət verilən alimləri, söz əhli, ürfan əhli də adi torpağa müqəddəslik bəxş edir, o yeri Vətənə çevirir. Doğrudur, Gəncə Nizamidən əzəl də var idi, amma Gəncə Nizamidən sonra daha da əziz və qutsal oldu. Torpağına Nizami əmanət olan Gəncə özü bir "Məxzənül- əsrar" kimi Azərbaycandan dünyaya bərq vurur və bu parıltı dünya durduqca davam edəcək. Ruhuna salam olsun, Şeyx Babamız!
Şeyx Nizami dəryasında növbəti səyahətlərimizə qədər...

Aygün Cəfərova,
tədqiqatçı- yazar
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar