Xəbər lenti
Arzuları yarımçıq qalan Şəhidim
(Elegiya)
44 günlük Vətən Müharibəsinin qələbəsinin birinci günü ağsaqqal dostlarımdan birinə zəng vurub, onu tarixi qələbə münasibəti ilə təbrik elədim.
Hiss elədim ki, o, sevincdən ağlayır və ona görə telefonda mənə heç nə deyə bilmir. Özünə toxtaqlıq verəndən sonra onun dediyi bu sözlər əbədilik yaddaşıma yazıldı. İstəyirəm ki, onun dediyi bu sözləri hər bir azərbaycanlı da yaddaşında həmişə saxlasın və tez-tez təkrar eləsin: “Qağa, bundan sonra bütün azərbaycanlıların belə bir andı olmalıdır. Hamı da onu tez-tez deməlidir. And içirəm sənə ulu şəhidlərimizin uyuduğu, torpağı şəhidlərin qanı ilə sulanmış müqəddəs Qarabağ yurdumuz. Sən artıq bizim Məkkəmiz, Mədinəmiz, Kərbəlamızsan. Əgər bundan sonra biz səni göz bəbəyi kimi qorumasaq, bizim bir millət kimi Yer üzündə yaşamağa haqqımız yoxdur”. Onun bu sözləri elə bil ki, məni yerimdən oynatdı. Yaxşı mənada silkələdi. Fikirləşdim ki, doğrudan da necə gözəl sözlər dedi ağsaqqal dostum. Ona öz təşəkkürümü, minnəttarlığımı bildirdim və söz verdim ki, sənin bu sözlərini yazacam ki, qoy xalqımız oxusun, həm də ona hökmən əməl eləsin.
Bəli, 7 il gedən şiddətli döyüşlər nəticəsində erməni gavurlarının rusların, farsların köməkliyi ilə bizdən alıb və 27 ildə cənnətməkan Qarabağımızı xaraba günə qoyan bu faşistlərdən cəmi 44 günə öz canları, qanları bahasına alıb, millətimizə qaytaran şəhidləri, qaziləri unutmağa bizim doğrudan da haqqımız yoxdur. Onların haqqında çoxlu yazılmalı və bu yazılar da gələcək nəsillərimizçün qalmalıdır. Çünki dünya gör-götür dünyasıdır. İnanıram ki, gələcək nəsillərimiz də Vətəni sevmək və var qüvvələri ilə qorumaq üçün həmin şəhidlərin, qazilərin ruhunda köklənəcəklər.
Bax, ruhundan köklənəcəyimiz həmin şəhidlərdən biri də Ülvi Rəfail oğlu Rəfiyevdir. Mən də onun haqqında bu elegiyanı yazıram ki, bu igidimiz qoy tarixdə əbədi qalsın. İlk öncə vurğulayın ki, Ülvi Rəfiyev, Sovet İttifaqı Qəhərəmanı Nəcəfqulu Rəfiyevin kökündəndir. Nəcəfqulu Rəcəb oğlu Rəfiyev 1915-ci ilin mart ayının 22-də Ordubad şəhərində anadan olmuşdu. 1935-ci ildə Sovet Ordusu sıralarına çağrılmış və 1937-ci ildə ali hərbi məktəbdə təhsil almağa başlamışdı. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub-Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı vuruşmalarda iştirak etmişdi Nəcəfqulu Rəfiyev. O, 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdi. SSRİ Ali Soveti Rəyasət Heyyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq edən Nəcəfqulu Rəfiyev,
1955-1959 -cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləmişdi. 1959-cu ildə ordudan tərxis olunmuş, Azərbaycan SSR Avtomobil Nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirmişdi.O, 1970-ci ilin dekabr ayının 24-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Bəli. Ülvi də bu nəslin nümayəndəsi idi. Amma o, çox qısa ömür yaşadı. Ülvu Rəfael oğlu Rəfiyev bu qısa və mənalı ömrü ilə adını millətimizin tarixinə əbədi yazdı. O, 16 avqust 1996-cı ildə Ordubad rayonunda anadan olmuşdu. 2002-ci ildə Bakı şəhəri Xətai rayonu 263 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirib, 409 balla Azərbaycan Dövlət Neft Akademiyasına (indiki ADNSU) daxil olmuşdu.
Ülvi Rəfiyevin lap uşaq yaşlarından incəsənətlə məşğul olmaq böyük arzusu idi. Məhz buna görə də hələ orta məktəbdə oxuduğu vaxtlardan rəqslə məşğul olmağa başlamışdı və az bir vaxtda peşəkar rəqqas olmuşdu. 2015-ci ildə Bakıda keçirilən Avropa oyunlarının açılış mərasimində, 2017-ci ildə Avrovizion, Bakı İslam Oyunlarının (Pro cast dancer) və Formula 1-in açılışında rəqqas kimi iştirak etmiş və ifa elədiyi rəqsləri yüksək səviyyədə qarşılanmışdı. Eyni zamanda xarici ölkələrdə keçirilən çoxlu tədbirlərdə, festivallarda iştirak etmişdi Ülvi. Almaniyada milli rəqslərlə ölkəmizi təmsil etmişdi. Türkiyədə keçirilən “Yeteneksizsiniz Türkiye” yarışmasında rəqs üzrə yarımfinala qədər yüksəlmişdi Ülvi Rəfiyev.
2017-ci ildə universiteti bitirdikdən sonra həmin ilin 10 iyul tarixində hərbi xidmətə başlamışdı bizim igid əsgərimiz. O, Füzuli bölgəsində hərbi xidmət göstərmiş və 9 iyul- 2018-ci ildə hərbi xidməti başa vurmuşdu. Hərbi xidmətdən qayıtdıqdan sonra onun ilk iş yeri “RAM BNT LTD ” olub. Ülvi Vətən müharibəsinə çağırılana qədər də orda çalışmışdı.
2020-ci il 21 sentyabrından təlimlərə qatılan Ülvi Rəfiyev həmin ayın 27-də başlayan Vətən müharibəsində fəal iştirak etmişdi. Füzuli və Xocavəndin uğrunda gedən qanlı döyüşlərdə o, böyük igidlik göstərmişdi. Bir ay Vətən uğrunda gedən bu qanlı, həddindən artıq çətin döyüşlərdə Ülvi Rəfael oğlu böyük şücaət göstərmişdi. Hər yüksəkliyin, hər kəndin alınmasına əsgər dostları, komandirləri kimi sevinirdi Ülvi. Ürəyi çox kövrək olduğundan bəzən sevinc göz yaşlarını da gizlədə bilmirdi. Xocavənd uğrunda gedən çox ağır döyüş igid Ülvinin son döyüşü oldu. Oktyabr ayının 25-i olan bu döyüşdə Ülvi cəbhə dostlarını qoruyan vaxt düşmən gülləsinə tuş gəldi. Qəhrəmancasına şəhid oldu Ülvi Rəfiyev. Bu igid əsgərimiz ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə“ medalları ilə təltif olunmuşdur. Onun bu igidliyini vəsf edən nasir-şair dostum Arif Ərşad hətta onun haqqında bu dörd sətir şeiri yazıb, mənə göndərmişdi.
Sevdiyi işini kənara atıb,
Vətən çağrışına yollandı Ülvi.
Çoxdan gözlədiyi arzuya çatıb,
Adını tarixə yazdırdı Ülvi.
Şəhidlik zirvən mübarək olsun Ülvi balamız. Bəli, sən öz adını Azərbaycan döyüş tarixinə öz qanınla yazmaqla ülvilik, ucalıq dərgahına yüksəldin.
Mən bu elegiyanı oktyabr ayının 23-də yazıram. Bu gün brinci Qarabağ savaşının Qazisi, 50 illik dostum Kərbəlayi Nadirin dünyasını dəyişməsinin bir illiyiyə görə Masallının Banbaşı kəndinə gəlmişəm. 2020-ci ilin oktyabr ayının 24-də Qarabağda gedən döyüşlərə onun ürəyi dözmədi və haqq dünyasına qovuşdu. Oktyabr ayının 25-də isə sən haqq dünyana qovuşdun igidimiz Ülvi.
Artıq ömrünün böyük hissəsini yaşamış biz ağsaqqalara təsir edən budur ki, siz çox gənc yaşlarınızda silaha sarılıb, Vətəni düşmənlərdən qorumaqçün şəhidlik zirvəsinə ucalıbsız. Özü də sən nişanlı idin. Və sənin kimi yüzlərlə nişanlı və subay oğlanlarımız həyatdan lazım olan kimi kam ala bilməyib, şəhidlik zirvəsinə ucalıbsız. Çox əfsus, sədd heyif ki, əlləriniz xına görmədi...
Bir kəndə şəhid qəbrini ziyarətə getmişdim. Qəbiristanlığın girişində üstü gümbəli, hər tərəfi qalın şüşəli, günbəzin üstündə ay-ulduz və Azərbaycan bayrağı dalğalan bir ziyarət ocağı gördüm. Qəbiristanlığın girəcəyindən həmin qəbr-məqbərəyə kimi yerə xalça sərilmişdi. Biz xalçanın yanında ayaqqabılarımızı çıxarıb, bu qəbr-məqbərəyə getdik. İçəri girəndə gördüm ki, qəbrin ətrafı bəy otağı kimi allı-güllü bəzədilib. Hər tərəfdə həmin şəhidin uşaqlıq illərindən başlayaraq, şəhid olan vaxta qədər şəkilləri asılıb. Şəhidin anası göz yaşları ilə, amma məğrur görkəmlə dedi ki, “mənim oğlum nişanlı idi. Vətən yolunda şəhid olub. Əlbəttə, bundan qürrələnirəm. Amma mənim arzumla, istəyimlə bu qəbr belə- bəy otağı kimi bəzədilib. Ordudan qayıdandan sonra onun toyunu etmək istəyirdim. Qismət olmadı. Amma bu bəy otağı əbədilik onun qisməti oldu...”
Əlbəttə, biz, saçları ağ, mələk simalı ananın bu sözlərindən hamımız kövrəldik. Mən oradan çıxanda fikirləşdim ki, bütün şəhidlərimizin qəbirləri belə məqbərə formasında möhtəşəm olmalıdır. Müqəddəslərin qəbrinin üstündə tikilən məqbərə kimi onların qəbrinin üstündə belə məqbərə tikiliməli və biz onları tez-tez ziyarət etməliyik. Bax, onda biz şəhid qədri, torpaq qədri bilərik. Bu, elə bir növ igidliyin, qəhrəmanlığın təbliğidir.
Əzizimiz Ülvi. Nişanlın Nəcibə xanım sənin şəhid olmağının bir illiyinə “Ülvisiz bir il” adlı şeir yazıb. Məni çox kövrəldən həmin şeiri bu elegiyaya yazıram. Çünki bilirəm bu şeir səslənəndə sənin, Ulu Tanrının yanında olan müqəddəs ruhun eşidəcək nişanlının bu ürək yanğısını.
Anan hər an səni andı,
Qəlbi həsrətlə odlandı,
Bir gün Ülvim gələr sandı,
Sənsiz bir il ötüb keçdi.
Atan oğlum deyib yandı,
Tez-tez qapıya boylandı.
Adın gəlcək qubarlandı,
Sənsiz bir il ötüb keçdi.
Qardaşın məğrur dayandı,
“Ülvi!”,- deyib qürürlandı.
Sənli günlərini andı,
Sənsiz bir il ötüb keçdi.
Yaralar qaysaq tutmadı,
Bizi heç nə ovutmadı.
Sevənlərin unutmadı,
Sənsiz bir il ötüb keçdi.
Sən verdiyin güllər soldu,
Həsrətin qəlbimi yordu.
Gündüzlərim gecə oldu,
Sənsiz bir il ötüb keçdi.
Xatirələr təsəllidir,
Çünki tək onlar sənlidir.
Yoxluğun hər an incidir,
Sənsiz bir il ötüb keçdi.
Cənnət səni sevib-seçdi,
Daha hər şey üçün gecdi.
Sənsiz bu dünya bir heçdi,
Sənsiz bir il ötüb keçdi.
Ülvi düşmənlə döyüşdü,
Adı tarixlərə düşdü.
Ülvisiz böyük yükdü,
Onsuz bir il ötüb keçdi.
Onsuz bir il ötüb keçdi...
Bəli. Bu ilin oktyabr ayının 25-də Ülvi, sənin şəhid olmağının bir ili tamam oldu. Hamı yandı-yaxıldı. Amma hamının daxilində bir təsəlli vardı ki, Ülvi Vətən yolunda şəhid oldu. Vətən yolunda ölənlərə ağlamazlar. Çünki sizin ruhunuz Ulu Tanrının yanındadır. Allah sənin kimi igid əsgərimizə, şəhidimizə qəni-qəni rəhmət eləsin. Onu bilin ki, xalqımız sizi əbədi yaddaşında saxlayacaq. Hələ sizə bundan sonra çoxlu hekayələr, elegiyalar, şeirlər, povestlər, romanlar, pyeslər həsr olunacaq. Və biz əbədi yaddaşımızda saxlayacağıq ki, belə igid əsgərlərimiz Qarabağın azad olunmasında şəhid olub. Onlardan biri də qəhrəman Ülvi Rəfael oğlu Rəfiyevdir. Bir daha Şəhidlik zirvən mübarək adi kimi özü də ülvi olan igid, qoçaq əsgərimiz. Sən, Sovet İttifaqı Qəhərmanı Nəcəfqulu Rəfiyevin igidliyini bir daha təkrar etdin. Və sübut elədin ki, Rəfiyevlər nəsli qəhrəman nəsil olub və həmişə də qəhrəmanlar nəsli olaraq qalacaq. Qəhrəmanlığın mübarək Ülvi Rəfael oğlu Rəfiyev.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar