Xəbər lenti
Elmarın şəkli - Çinarə Ömraydan təsirli yazı
Hələ Lənkarana şəhid Vüsalgilə gedəndə dərk eləmişdim ki, Allah öncə şəhid ailələrini seçir. Daha sonra şəhidini böyüməsi üçün o ailəyə əmanət edir. Zamanı çatanda da əmanətini geri alır. Ona görədir ki, bütün şəhid ailələri fərqlidirlər. Danışdıqca, dinlədikcə hiss edirsən ki, seçilmişlərdəndir. Elə Elmargilin ailəsi də bunu bir daha təsdiqlədi.
Mənim Taqət adında müəllimim var idi. Adam bu gün də yorulub taqətdən düşmədən, dayanmadan dünyaya ovuc-ovuc yaxşılıq, insanlıq daşıyır. Məni Allahla ilk tanış edən də məhz o olub, insanlığın fitrətdən gəldiyini aşılayan da...
Bilmirəm sizdə necədir, ancaq mənə görə dünyada insanların həyatında dönüş nöqtələri olur. Bunlardan biri də özünü dərk etdiyin, necə yarandığını bildiyin anlara təsadüf edir. Allahı sənə tanıdan adamı sən bir ömür unuda bilməzsən, bu mümkünsüzdür!Bəlkə, buna görədir ki, Taqət müəllim heç vaxt, heç kim tərəfindən unudulmur.
Məktəbi bitirməyimdən min il keçsə də hər zaman həyatımın sinif rəhbəri olaraq qalan Taqət müəllim bu günlərdə mənə bir şəhid və onun ailəsi haqqında danışdı. Həm də elə təəccüb və qürur qarışıq danışdı ki, ailəni də, şəhidin böyüdüyü evi də gedib gözlərimlə görmək istədim. Taqət müəllim danışdıqca anlayırdım ki, evləndikləri andan bu günə kimi kirayədə qalan iki zəhmətkeş adamın dünyaya gətirdiyi, tərbiyə verdiyi övlad elə bu cür olmalı idi. Çünki o valideyinlərin dünya malı ilə işləri yoxdur. Olsaydı, bu gün evləri olardı. Onların dünya malına bağlı olmamaları idi, bəlkə də, övladını Allah şəhidliklə şərəfləndirdi.
Bu gün...Elmargilə gedirik...Şəhid, zabit Bayramlı Elmar İsa oğlu... Nərdivanları qalxdıqca yenə fikirləşirəm, o bu nərdivanları dəfələrlə hansı sevinc, hansı həyəcan hisləri ilə qalxıb-düşüb. Bu daş nərdivanlar nələrə şahiddir, kaş danışsalar, dillərindən anlasam…
Qapıda bizi cavan bir xanım qarışlayır. Baxan kimi tanıdım ki, anasıdır. Xeyr, əvvəldən tanımırdım, ilk dəfə idi görürdüm. Bilirsiniz, necə tanıdım? Gözləri qapıda bizdən başqa da kimisə axtarırdı, ondan bildim. Məhz o gözlərin görmək istədiyi biz deyildik. O gözlər hələ də inanırdı, inanırdı ki, bir gün bu qapıdan girən adamların arasına qarışıb bu evə oğlu da ayaq basacaq. O gözlər qapıya elə baxırdı ki, birdən gələr, amma bu görməz kimi.
Bizi yan otağa dəvət edirlər...İlahi, mən axı bacarmıram şəhid evlərindəki şəhid guşələrinin qarşısında sakit dayanmağı.Bacarmıram, axı! Otaq Elmarın şəkilləri ilə doludur, bir də
Elmar guşəsi var: geyimi, şəxsi əşyaları, diplomları ilə birgə dayanıb evə girən hamını əsgər salamı ilə qarşılayan guşədən çox Elmarın özü var.
Dostum asta səslə mənə:
-Bu oğlanı tanıyıram.
-Hardan? Sən ki Bakıda yaşayırsan. Harda qarşılaşmısız?
-Bilmirəm, amma çox yaxından tanıyıram. Şəkil bütünlükdə nurdu elə bil. Mən bu oğlanı tanımasam da, bu nuru dəqiq tanıyıram.
Divanda əyləşirik...Elmarın atası da gəlir...Çox ağır haldı. Övlad itirən ataya biz kimik ki, nəsə deyə bilək?! Bacardığım ən gözəl şey susmaqdır. Mən öz taleyimi də susmaqla yazmış adamam.
Atası Elmardan və onun qardaşından danışır. Onları necə əziyyətlə böyütdüklərindən, Elmarın topladığı yüksək balla heç bir Universiteti deyil, Hərbi Akademiyanı seçməyindən, dövlətə, millətə, bayrağa bağlılığından danışır. Daha sonra onun bu hərbi sevgisi, vətən eşqi qardaşının da hərbiçi olmağına səbəb olmasından söz açır. Elmarın atası danışır, danışır, danışır… Mənsə eləcə baxıram, baxıram, baxıram…Öncə sakit görüntüsünün arxasından hönkürən, içinin yanğısına su səpə bilməyib hey çabalamağa çalışan ataya baxıram. Bir oğlu hələ də xidmətdə olan, onu da itirməmək üçün hər şeylə razılaşmağa hazır olan ataya!
Bir hıçqırtıya ayılıram...Elmarın anasıdı bu. Bütün şəhid analarının hıçqırtıları da, ağıları da, laylaları da...eynidir. O danışdıqca elə asta, həzin ağlayırdı ki...bulaq ilk günlərdə gur gələr, daha sonra anlayar ki, bir ömür bunun işi axmaq olacaq. Onda həzinləməyə başlayar və başını aşağı salıb eyni axınla bir ömür axmağa davam edər. Elmarın anasının göz yaşları sanki o bulağın dərk etdiyini dərk etmişdi; Həzinlənmiş və danışdıqca yavaşca yanağından süzülməyə başlayırdı.
Qürur, sevinc və ağrının, yanğının yaratdığı o baxışı həyatda heç kimə sözlə ifadə etmək mümkün deyildi. Elmarın anasının üzünün bir yanını günəş yandırırdı, qarsırdı digər yanını şəhidliyin qüruru, fəxri aydınladırdı.
Yoxluqlar içində, kirayə evlərdə iki oğul böyüdəsən, ikisi də vətən sevgisi ilə alışıb yansın, təmənnasız sevsin bu milləti, bu xalqı.
Elmarın anası danışdıqca, ağladıqca baxıram və içimi didib-parçalayan ağrılara hakim ola bilmirəm. O necə bacarır? Bu canı ilə necə bu böyüklüyündə yükün öhdəsindən gələ bilir? Sonra Elmarın divardan bizə baxan fotosunu görürəm. Bu oğulu dünyaya gətirib, bu cür yetişdirən ana bacarardı ancaq bunu. Ancaq o bu qədər güclü ola bilərdi...
Orada necə oturduq, zaman necə keçdi heç bilmirəm. Bircə o yadımdadır ki, biz evə gəlirdik, ancaq Elmar hələ də bizə baxırdı. Gözləri ilə bir ömür yaşadığını danışan adam bizi evə qədər yola saldı.
Elmar, baxışlarının əsarətindən çıxa bilsəm, sənlə daha böyük mətnlərdə görüşəcəyəm… Bizə dua et, Elmar! Yer üzünün sənin duana ehtiyacı var…
Çinarə Ömray
Yazıçı, AYB-nin üzvü,
Prezident təqaüdüçüsü
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar