Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İşıq ola biləcək tükənməz xammal

Tarix: 05-05-2019 22:52     Baxış: 2179 A- / A+
İşıq ola biləcək tükənməz xammal


Ekspert deyir ki, tullantılardan alternativ enerji əldə edilməsini inkişaf etdirmək üçün dövlətlə yanaşı, ayrı-ayrı sahibkarları da bu sahəyə cəlb etmək lazımdır

Manevr.az kaspi.az-a istinadən yazını təqdim edir.

2018-ci ildə Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2896,1 min ton və ya əvvəlki illə müqayisədə 5,1 faiz çox tullantı əmələ gəlib, onların 60,6 faizini bərk məişət tullantıları, 39,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il yaranmış 1756,1 min ton bərk məişət tullantılarının 31,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3 faizi ölkə daxilində satılıb, 68,5 faizi isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 162,2 milyon kVt saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 51 faizini təşkil edir. Sənayedə və iqtisadiyyatın digər sahələrində təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 27,7 faizi istifadə edilib, 16,2 faizi ölkə daxilində satılıb, 0,9 faizi ixrac olunub, 12,4 faizi zibilxanalara atılıb, 42,8 faizi isə müəssisələrdə qalıb. Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 338,7 min ton və ya əvvəlki illə müqayisədə 27,3 faiz çox təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 11,7 faiz olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 64,2 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların 49,9 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb və onların böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.
Hazırda bütün dünyada alternativ enerji əldə edilməsi ilə bağlı nəhəng layihələr reallaşdırılır. İnkişaf etmiş ölkələrdə "tullantı" anlayışı demək olar ki, aradan qalxır. Çünki tullantılar yüz faiz təkrar istehsala cəlb olunur, onlardan alternativ enerji alınır. Bəs Azərbaycanda tullantılardan alınan alternativ enerjinin miqdarını qənaətbəxş hesab etmək olarmı? Bunun miqyasını artırmaq üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.

İqtisadçı ekspert Pərviz Heydərov qeyd etdi ki, tullantılardan enerji alınması dünya ölkələrində geniş yayılmış təcrübədir: "İnkişaf etmiş Avropa və Şərqi Asiya ölkələrinə nəzər yetirsək, bu sahədə ciddi işlər görüldüyünü, müasir texnologiyaların tətbiqi ilə tullantılardan, yenidən emal prosesində maksimum dərəcədə istifadə edildiyinin şahidi olarıq. Təbii ki, bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi mühüm əhəmiyyət kəsib edir. Hətta, bu işlərin, qeyri-neft sektorunun inkişafında böyük rol oynadığını da vurğulamaq olar. Yəni bu məsələ ilk baxışda sadə görünsə də, çox ciddi yanaşma tələb edir. Xammal baxımından sənayenin bu və ya digər istiqamətlərində inkişaf əldə etməyimiz üçün çox mühüm mənbədir. Burada söhbət təkcə elektrik enerjisinin əldə olunmasından getmir. Əlbəttə, enerji ehtiyatımızın genişlənməsində bu tullantıların rolu böyükdür, amma dünya təcrübəsindən yararlanmaqla bu tullantılardan sənayenin başqa sahələrində istifadə etmək mümkündür. Lakin burada bir məsələ də var. Bizim istənilən nəticəni əldə etməyimiz üçün bu sahədə müasir texnikanın tətbiqi vacibdir. Bundan başqa, bu sahəni genişləndirmək, tullantılardan əldə edilən elektrik enerjisini artırmaq üçün bu sahədə işləyən sahibkarlara yardım etmək lazımdır. Həvəsi olan yerli və xarici investorların bu sahəyə marağını artırmaqla, daha böyük işlər görmək olar".

İqtisadçı bu sahəyə dövlət səviyyəsində də diqqət yetirildiyini bildirdi: "Məişət tullantılarının təkrar emalı ilə bağlı illər öncə sənaye üsulları tətbiq edilmişdi. Yəni demək istədiyim odur ki, bu, bizim üçün yeni sahə deyil ki, işləri sıfırdan görək. Sadəcə, bu sahəni daha da inkişaf etdirmək üçün dövlətlə yanaşı, ayrı-ayrı sahibkarları bu işə cəlb etmək çox yaxşı olar. Göstərilən 51 faiz nəticə isə hazırkı vəziyyət üçün kifayət qədər qənaətbəxşdir. Həmin rəqəmin yüksəlməsi üçün də ölkəmizin imkanları genişdir. Çünki bu elə bir xammal növüdür ki, daimi olaraq mövcuddur. Nə qədər ki, ölkə iqtisadiyyatı inkişaf edir, insanların istehlakı çoxalır, tullantılar da eyni dərəcədə artır. Yəni məişət tullantıları məsələsi həmişə aktual olacaq. Bu tullantılar bizim üçün tükənməz xammaldır".

Energetika və Ekologiya Maarifçilik İctimai Birliyinin sədri Vaqif Əliyev də, məişət tullantılarının yenidən emal olunmasının hərtərəfli əhəmiyyətli olduğunu bildirdi: "Məişət tullantılarının böyük hissəsi plastik torbalar və su qablarıdır. Əsas olaraq onların yandırılmasından enerji alınır. Lakin tullantılardan alınan enerji alternativ enerjinin çox az hissəsini təşkil edir. Əslində, burada məqsəd sırf alternativ enerji almaq deyil, ətraf mühiti məişət tullantılarından təmizləməkdir. Çünki plastik olan əşyalar parçalanmır, torpağa qarışmır deyə, ekoloji baxımdan təbiəti çirkləndirir. Bunun üçün də həmin tullantıları yandırırlar. Tullantıların yandırılması zamanı alınan enerjini elektrik enerjisinə çevirirlər. Dünyada bu sistem çoxdan tətbiq edilir. Yandırılan zaman məişət tullantılarında ayrılan zəhərli maddə havaya yayılmasın deyə, xüsusi texniki avadanlıqlardan istifadə edilməlidir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar