Xəbər lenti
Alkoqol və narkotik sərxoşu olan avtobus sürücüləri - onları xəttə kim buraxır?
Ekspert: “Avtobus sürücüləri mütəmadi olaraq geniş tibbi müayinədən və narkoloji testdən keçirilməlidir”
Dəfələrlə mətbuatda onlarla insanın canı üçün məsuliyyət daşıyan avtobus sürücülərinin sərxoş halda qəza törətməsi, narkotik istifadəçisi olması, polisin əmrinə tabe olmaması və s.-lə bağlı məlumatlar oxumuşuq. Hətta bəzilərimiz bu hadisələrin şahidi, iştirakçısı, zərərçəkəni olmuşuq.
Son olaraq, martın 27-də səhər saatlarında paytaxtın Səməd Vurğun küçəsində 90-VX-692 dövlət nömrə nişanlı, 83 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünə kobud qayda pozuntusuna yol verdiyi üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Lakin sürücü yol polislərinə tabe olmayaraq hərəkətini davam etdirib, hətta hərəkət etdiyi marşrut xəttindən belə çıxaraq davamlı qayda pozuntuları törədib. YPX əməkdaşları avtobus sürücüsünü Hənifə Ələsgərov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində saxlatmağa nail olublar. Sürücünün yol hərəkəti qaydalarını pozması “Təhlükəsiz şəhər” Avtomatlaşdirilmiş İdarəetmə Mərkəzinin kameraları vasitəsilə də lentə alınıb.
Avtobusun sürücüsü Təbin Hətəmovun hərəkətləri şübhə doğurduğu üçün o, polislər tərəfindən tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı sürücünün sərnişin avtobusunu sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.
Qeyd edək ki, avtobus saxlanılan zaman nəqliyyat vasitəsində olan sərnişinlər əvvəlcə yol polislərinə etiraz ediblər. Amma sürücünün sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olandan sonra sərnişinlər onların həyatına real təhlükə yaradan sürücünü hərəkətdən kənarlaşdırdıqları üçün polislərə minnətdarlıqlarını bildiriblər. Sürücü izahatında spirtli içki qəbul etdiyini etiraf edib. Araşdırma zamanı həmçinin avtobus sürücüsünün nəqliyyat vasitəsini gecə saatlarında qarajda yox, yaşadığı evin yaxınlığında saxladığı və səhər tezdən tibbi müayinədən keçmədən işə çıxdığı məlum olub.
Qeyd edək ki, sərnişin avtobusunun sürücüsü T.Hətəmov barəsində toplanan material qərar verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Daha öncə də sürücünün narkotik maddə istifadəçisi olduğu üçün qəza törətdiyi hadisələr olmuşdu. Xatırlayırsınızsa, Bakının Binə qəsəbəsində, 160 nömrəli avtobus yük qatarına çırpılmış, nəticədə hadisə yerində 13 yaşlı uşaq və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu həlak olub, 42 nəfər yaralanmışdı. O zaman da sürücü Elxan Şirəliyevin bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşadığı bəlli olmuşdu. Hətta bu qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu da üzə çıxmışdı. Bu isə o deməkdir ki, hər gün canımızı, övladımızı, doğmalarımızı əmanət etdiyimiz ictimai nəqliyyatda çalışan sürücülərin sərxoş, narkotik istifadəçisi və ya keçmiş məhkum olması istisna deyil. Təbii ki, məhkumluq məsələsində fərdi yanaşma tətbiq etmək olar və hər məhkumun da cəmiyyətə yararsız olduğunu demək doğru olmazdı. Ümumilikdə isə hər bir sahibkar sürücünü işə götürən zaman diqqətli olmalıdır. Xüsusilə də avtobus sürücüləri hər gün yüzlərlə insanın həyatına məsuliyyət daşıyırlar. O baxımdan işə götürülərkən sürücünün nə vaxtsa qəza törətməsi, məhkumluq həyatı yaşaması yoxlanılmalıdır. O cümlədən hər gün səhərlər sürücülər tibbi müayinədən və narkoloji yoxlanışdan keçməlidir. Həmçinin avtobuslar texniki baxışdan sonra yola çıxmalıdır. Bunu etməyən nəqliyyat şirkətinin rəhbəri də məsuliyyət daşıyır.
Məsələn, qonşu Gürcüstanda aprel ayının 1-dən etibarən sürücülərin narkotik vasitələr istifadə edib-etmədiyi yerindəcə yoxlanılacaq. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Sürücülərin nəqliyyat vasitələrini narkotik vasitələrin təsiri altında idarə edib-etmədikləri xüsusi testlə müəyyən olunacaq. Artıq Gürcüstana Almaniya istehsalı olan 10 min narkotest gətirilib. Narkotik vasitələr istifadə edən sürücülərə qarşı cərimə və ya 1 ilədək həbs cəzası tətbiq olunacaq.
Qeyd edək ki, hazırda Gürcüstanda sürücülərin narkotiklərdən istifadə edib-etmədiyi laboratoriyada müəyyən olunur. Narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum olunurlar.
Hüquqşünas Ərşad Hüseynov da açıqlamasında bildirib ki, avtobus sürücüləri hər gün reys öncəsi tibbi müayinədən, alkoqol testindən keçməlidirlər: “Qanunvericilikdə nəzərdə tutulub ki, hansı peşələr üzrə insanlar dövrü olaraq müayinələrdən keçməlidirlər. Həmin peşələrdən biri də sürücülərdir, xüsusən də avtobus sürücüləri. Avtobus sürücüləri mütəmadi olaraq geniş tibbi müayinədən keçirilməlidir. Bu müayinənin predmeti də hərtərəfli olmalıdır. Həm narkoloji testdən keçirilməlidirlər, həm ürək-damar sistemi, həm əsəbləri və sair. Bizim qanunvericiliyə görə, hər bir avtobus sürücüsü reysə çıxmazdan əvvəl hər gün tibbi müayinədən keçirilməlidir. Bu müayinə zamanı sürücünün ümumi sağlamlıq durumu yoxlanılır, alkoqol testindən keçirilir, qan təzyiqi, nəbzi qiymətləndirilir. Həkim onun ümumi durumunu və şikayətlərini qeydə alır, səhhətində problem varsa, o şəxs həmin gün reysə buraxılmır. Gündəlik reysqabağı müayinədə bu insanlarda narkoloji sərxoşluğun əlamətləri qeydə alınsa, həmin şirkətin rəhbərliyi onu Narkoloji Dispanserə göndərməlidir ki, orada ətraflı narkoloji testdən keçsin. Dünya təcrübəsində belə bir yanaşma da var ki, sürücü narkoloji testdən keçərkən qanında narkotik izi müəyyən olunsa, hətta uzun müddət öncə qəbul etmiş olsa belə, yenə də onun ictimai nəqliyyatı idarə etməsi məsələsinə ehtiyatla yanaşırlar”.
Ə.Hüseynovun sözlərinə görə, yalnız məhkumluq məsələsi fərdi yanaşma tələb edir: “Məhkumluq məsələsi isə bir qədər fərqlidir. Nəzəri olaraq məhkumluğu olan şəxs icra başlısı da, Milli Məclisin deputatı da ola bilər. Məhkumluq insanın bütün həyat və fəaliyyətinin üstündən xətt çəkmək üçün əsas deyil. Sadəcə olaraq, onu işə qəbul edərkən detallı yoxlamaq lazımdır, narkoloji testdən keçməlidir. Yoxlama nəticəsində o insanın narkoloji asılılığının olması üzə çıxsa, keçmişdə məhkumluğu olub və hazırda da şübhəli bir insan olduğu aşkarlansa, onu işə götürməməlidirlər. Bu artıq həmin daşıyıcı şirkətdəki işə qəbul edən şəxsin diqqətindən asılıdır”.
Hüquqşünas bildirdi ki, sürücülərin hərəkətinə şirkət də məsuliyyət daşıyır: “Əgər həmin sürücü hadisə törədərsə, bir çox hallarda şirkət də məsuliyyət daşıyır. Sürücünün gündəlik reysqabağı tibbi yoxlamadan keçmədiyi müəyyən olunsa, onun üçün inzibati məsuliyyət nəzərdə tutulur. Əgər sahibkar fiziki şəxsdirsə, 500 manatdan 800 manatadək cərimə edilir, əgər şirkətdirsə, hüquqi şəxsdirsə, 2000 manatdan 3000 manata kimi cərimə var”.musavat.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar