Xəbər lenti
Oxucu kimdir? - Cavabımız yubanmayacaq...
Abuzər Xələfovun ali və orta ixtisas məktəblərində dərslik kimi istifadə olunan “Kitabxanaşünaslığa girş” adlı kitabında “Kitabxananın struktur xarakteristikası və əsas elementləri” başlıqlı mətndə oxucu elmi anlayışlarla geniş şəkildə izah edilərək kitabxananın ikinci elementi hesab edilir. Kitabda dövrün texniki tələbindən asılı olaraq oxucunu “istifadəçi”, “tələbatçı” adlandıran informatiklərə haqq qazandırılsa da müəllif bu cür adlandırılmanın kitabxana xidməti sahəsində o qədər də vacib olmadığını vurğulayır. “Oxucu sözünün özündə bir ziyalılıq duyulmaqdadır. Oxucu dedikdə kitabxanaçılıq aləmində ziyalı, kitabı sevən, qiymətləndirməyi bacaran adam başa düşülür. Hər istifadəçi, hər tələbatçı oxucu səviyyəsinə yüksələ bilmir” fikirlərini qeyd etməkdə alimin nə qədər haqlı olduğunu sözsüz ki, bu sahədə çalışan mütəxəsislər tam dolğunluğu ilə anlayırlar. Kitabda eyni zamanda kitabxanaçlıq peşəsi də ətraflı təhlil edilir. Biz eyni zamanda “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş kitabxanaya aid olan hər bir elemtin elmi əsaslara söykənən izahı ilə də tanışıq. Kitabxana işinə adi peşə kimi yanaşan adamlara rast gələndə, həmin təriflərlə yanaşı adı çəkilən kitabdan da sitat gətirir, kitabxanaçılığın əslində müqəddəs peşə hesab edilməli olduğunu şövqlə söyləyirəm. Kitabxanaçılıq peşəsindən bəhs edən ayrıca bir yazım olduğundan burda geniş söhbət açmağa ehtiyac duymuram. Mətnin adından da bəllidir ki, mövzunun əsas məqsədi oxuculardır.
Əvvəlcə “Oxucu kimdir?” sualını verək. Cavabımız çox yubanmayacaq. Həmin an yuxarıda adı çəkilən dərsliyi əsas gətirərək istədiyimiz qədər geniş şəkildə cavab verə bilərik. Təkcə “Bizcə, oxucu sözü öz məzmununda kitaba təkcə bir günlük tələbi olan adamı ifadə etmir, əksinə kitaba daimi ehtiyacı olan, öz profisional səviyyəsini və mənəvi zənginliyini həmişə təkmilləşdirən, kitabxananın ictimai fəaliyyətində ardıcıl iştirak edən, sistemli qaydada biliklərə yiyələnmək istəyən, kitabxana mühiti yaradan ziyalı şəxslər oxucu tituluna sahib ola bilərlər” fikrini qeyd etmək kifayət edir ki, əsl oxucunu nişan vermiş olaq. Məsələnin elmi tərəfini bir-birindən qiymətli kitablar izah etdiyindən arxayınçılıqla oxucu məfhumunu bədii tərəfdən təhlil etmək fikrinə düşmüşəm. Mövzuya maraq göstərməyim birbaşa müşahidələrimlə bağlıdır. Kitabxanaçılıq təcrübəmə əsaslanıb təssüratlarımı qələmə almaqla elmə töhfə verməsəm də, bununla kitabxanalara üz tutan, burada dünyanı fikrən, xəyalən səyahət edən, tədbirlərdə, bədii əsərlərin müzakirəsində və s. işlərdə həvəslə iştirak edən fəal oxuculara ehtiramımı bildirəcəm və bir neçə mübahisəli məqamı da diqqətə çatdıracağam. Kitabxananı sevdirmək, oranı hər kəs üçün doğma məkana çevirməyə çalışmaq niyyətim, üzərimə düşən məsuliyyətin məcburiyyətindən deyil, peşəmə xüsusi sevgimdən, marağımdan irəli gəlir.
Oxucusuz kitabxanaların mövcudluğu millətin faciəsindən xəbər verir. Bu faciədən xilas olmaq üçün məqsədli, sistemli şəkildə çalışmalıyıq. Burada birinci işi valideynlər görməli-övladlarını kitaba həvəsləndirməlidirlər, sonra müəllimlər bu işə qoşulmalı, dərslərdən əlavə şagirdlərə mütaliə üçün müxtəlif kitabların siyahısını verməli və yay tətili boyunca həmin ədəbiyyatı hökmən oxumalarını tələb etməlidirlər. İlkin istiqamətdən sonra növbəti məsuliyyət kitabxanaçıların öhdəsinə düşür. İnsanları mütaliəyə həvəsləndirməkdə müəlliflərin də köməyinə ehtiyac duyulur. Onlar ən çox soruşulan kitablarını təqdim etməklə kitabxanalara daha çox oxucu qazandırmış olarlar. Çalışdığımız budur ki, adamların həvəslə getdikləri müxtəlif məkanlardan birincisi kitabxana olsun. Mütaliə fərdin mənən zənginləşməsinə səbəb olur, onu ali məqsədlərlə yaşamağa sövq edir. Uzun illər tanıdığımız oxucularda bu hal müşahidə olunmaqdadır. Mütaliəli şəxslər yüksək mədəniyyətə malik olur, mübahisələrdə belə qarşı tərəflə təmkinli davranırlar. Oxucu öz sayı qədər də vətəndaşdır. Vətəndaşın maarifli olması da dövlətin xeyrinədir. Kitabxanadakı maddi-texniki baza, bütün iş planı onlara xidmət etmək üçün qurulur. Hər gün yeni-yeni oxucuların sorğularını eşitməzsək peşəmiz öz gözəlliyini tamamilə itirər. Göstərdiyimiz xidmət sayəsində məqsədimiz yalnız dövlət büdcəsindən maliyyələşmək niyyəti olmamalı, işimizdə vicdanla çalışmalıyıq. Bu keyfiyyət bütün peşələri gözəlləşdirir.
Kitabxana sahəsinə həsr olunmuş daha bir dərslik Sahib Rzayevin “Kitabxana xidməti” adlı kitabıdır. Yuxarıda adı çəkilən dərslikdə olduğu kimi bu kitabda da oxucularla ünsiyyətin, iş prinsiplərinin qaydası elmi əsaslarla göstərilir. Oxucu tiplərinin müxtəlif olduğunu nəzərə alaraq, müəllif kitabxanaçının onlarla necə ünsiyyət quracağını müxtəlif yöndən izah edir. ”Təqdiqatçılar qeyd edirlər ki, kitabxanaçıların yalnız 60%-i öz emosiyalarını idarə edə bilirlər. Çoxsaylı müşahidələr təsdiq edir ki, hər cür yaşdan olan oxucuların hamısını ən çox narazı salan hal kitabxanaçının etinasızlığıdır. Oxucular kitabxanaçının istənilən məsələdə sərişdəsizliyini bağışlasalar da, öz sorğularına qarşı kitabxanaçının biganəliyini qəti bağışlamırlar” fikirlərini qeyd edən müəllif bundan başqa oxucu ilə kitabxanaçının ünsiyyət prosesində baş verən müxtəlif məqamları da göstərmişdir. Həmin məqamlarla üz-üzə gəldikcə çox vaxt müəyyən qeydlər aparmışam. Belə hallardan biri oxucunun kitabı vaxtında qaytarmamsıdır. Müraciət edib, kitabı qaytarmalarını xahiş edəndə bəziləri buna sərt reaksiya verir, hətta əməkdaşlarımızla aqressiv davrananlar da olur. Bir çoxu da vaxtı olmadığını bəhanə gətirir. Bu cür oxucuların məsuliyyətsizliyi üzündən digər oxuculara yox cavabı verməli oluruq. Bəzən də kitabları zədəli şəkildə qaytarırlar. Bu zaman kitabxanaçı ilə oxucu arasında bir qədər soyuq münasibət yaranır.
Təsadüfi oxucular var ki, üzərlərinə düşən məsuliyyətdən yayınsalar da kitabxanadan istifadə etmək hüquqlarının olduğunu qətiyyətlə söyləyirlər. Amma unudurlar ki, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda eyni zamanda oxucuların kitabxanadan istifadə etmək qaydalarına əməl etməli, kitab fonduna qayğı ilə yanaşmalı olduğu, çap materiallarının və digər vasitələrin itirilməsinə və ya yararsız hala salınmasına yol verməməyi də göstərilir. Belə hallarda yaranan problemlər bizi bir təklif irəli sürməyə məcbur edir – Oxucuya kitab verilərkən təyin edilmiş müddətdə onu zədələmədən geri qaytarılmasına zəmanət verən hər hansı bir cavabdehlik daşıyan sənədə imza atmaları tələb olunsun. Güman edirik ki, bu cavabdehlik onların öz məsuliyyətlərini dərk edərək kitabları vaxtında, yararsız hala salınmadan qaytarmalarına səbəb olacaq.
Əməkdaşlarımızın xüsusi diqqət ayırdığı kitaba passiv münasibət bəsləyən oxucularımız da var ki, onların sorğularının ödənilməsində bəzən çətinlik yaranır. Hansı ədəbiyyatı mütaliə etmək istədiyini özü dəqiqləşdirə bilməyən oxucu, əməkdaşlarımızın təklifi ilə də razılaşmır. Fərdi xüsusiyyətlərindən asılı olmayaraq (xaraktercə səbirsiz olanlar nəzərdə tutulur) hər bir kitabxanaçının müqəddəs borcu qəbul edilmiş qaydalara, prinsiplərə əməl etmək, mütaliədə yanlış istiqamətdə olan oxucuları düzgün yönləndirmək olduğundan bu cür oxuculara xüsusi diqqətlə yanaşırıq. Oxucu hər şeydən əvvəl bir insandır, onun mənəvi qidaya, ruhunu oxşaya biləcək nəsnələrə ehtiyacı var. Kitabxanaçı bu ehtiyacı axtarıb tapmalı, ona uyğun davranmalı və həmin ehtiyacı mütaliə ilə ödəyə bilənləri alqışlamalıdır. Oxucuya hər şeydən əvvəl şəxsiyyət kimi yanaşmalıyıq. Xüsusilə də məktəblilərə. Onlarda özlərinə qarşı inam hissi oyatmaq, kitabla təmasa həvəsləndirmək olduqca zəruridir. Biz bu məsuliyyəti dərk edir, problemlərin aradan qaldırılması üçün mümkün olan işləri görür, maraqlı və cəlbediciliyi ilə internet alüdəçiliyinə qalib gələn proqramlarla oxucuların maariflənməsinə çalışırıq. Tədbir planına müxtəlif görüşlər, ekskursiyalar, sərgilər, müzakirələr və söhbətlərin daxil edilməsi gördüyümüz işlərin az bir qismidir. Oxucular bizim gəlişlərini sevinclə gözlədiyimiz əziz adamlarımızdır. Çalışıb ərsəyə gətirdiyimiz işlərin onların gələcəkdə təyin edəcəkləri mövqeləri üçün etibarlı təməl rolu oynaması bizimçün qürurvericidir. Yetər ki, hər kəs yolunu kitabxanaya salsın.
Pərvanə Bayramqızı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar