Xəbər lenti
5 yaşlı qıza vərəm diaqnozu qoyuldu, sonda ağciyərindən qoz çıxdı - Azərbaycanda
Nəfəs borusuna düşən yad cisim və qida qalıqları ilə bağlı insanların ölümlə üz-üzə qalması barədə tibdə yetərli qədər faktlar var.
Manevr.az medicina.az-a istinadən Zaqatalada bir ailənin başına gələn maraqlı pasiyent hekayəsini təqdim edir.
Fatima Hacıyeva adlı bir xanım qızını ölümdən necə qurtarması barədə danışır:
"Yeni il ərəfəsi 5 yaşlı qızımda güclü öskürək, boğulma hərarət, zəiflik başladı. Elə bildik soyuq dəyib. Amma heç vaxt belə öskürməmişdi. Təbii ki, ilk olaraq Zaqatalada həkimə apardım. Rentgenoloq ağciyərlərin kavernası, vərəm diaqnozu qoydu. Bunu eşidən kimi şoka düşdüm. 3 gün ağladım. Sonra elə rayondaca başqa həkimə rentgen çəkimini göstərdim. O dedi ki, burda vərəm yoxdur, onu deyən həkimə iş düşür. Uşağı təcili Bakıya apar.
Uşaqla Bakıda Qarayev adına uşaq xəstəxanasına gəldik. Burda adını qeyd etmək istəmədiyim təcrübəli həkim dedi ki, plevritdir. Müalicə yazdı, bir az ürəyim sakitləşdi. Dərmanları alıb, rayona qayıtdıq. 1 həftə bu müalicəni etdik, amma uşağın vəziyyəti heç düzəlmirdi, əskinə ağırlaşırdı. Ondan sonra Bakıya 2 dəfə də gedib gəldik, hər dəfə də həkim yeni reseptlər yazırdı.
Uşaq artıq boğulmağa başlayanda başılovlu Bakıya qaçdıq. Həmin həkim uşağın vəziyyətini görüb artıq bizdən qaçdı, yaxasını kənara çəkdi, başqa həkimlərə yönəltdi.
Biz özümüz həkim axtarışına çıxdıq. Amma həkimlər uşağı görən kimi bizi qəbul etməkdən imtina etdilər. Yəqin, görürdülər ki, vəziyyət yaxşı deyil.
Bizi 5 saylı xəstəxananın Allerqoloji şöbəsinə göndərdilər, orda da bizi qəbul etmədilər.
Bakıdakı qohumlar elə bilirdi ki, uşaq vərəmdir, biz gizlədirik. Onlar da evlərində bizi çox saxlamaq istəmirdilər ki, öz uşaqlarına keçər.
Mən ağlaya-ağlaya uşağımız gözümün önündə getdiyini görüb, Mahaçqaladakı qohumlarıma zəng etdim ki, bəlkə ora gedim. Dedilər gəl.
Zülmlə xəstə uşaqla o yolu qət edib, Mahaçqalaya çatdım. Bizi dərhal təcili yardım qarşıladı, xəstəxanaya yerləşdirdilər. Analiz, rentgen cavabı çıxana kimi qızım boğulmağa başladı. Ürəyi dayandı. 3 təcili yardım və reanimasiya briqadası 3 saat ərzində onu həyata qaytarmaq üçün çarpışdı. Mən artıq özüm huşsuz yatırdım.
Qızım komaya düşdü, 8 gün komada qaldı. Onu komadan çıxardılar və yalnız ondan sonra MRT etdilər. MRT cavabında həkim ağciyərin bir hissəsində yad cisim və ya polip kimi nəsə gördüyünü dedi. Mənə imza etdirib, bronxoskopiya etdilər.
Bir az uzun çəkdi. Artıq ümidimi üzmüşdüm. Əməliyyat edən həkimin mənə gülə-gülə yaxınlaşdığını görəndə ilk olaraq anlamadım. O dedi ki: "bilirəm, sizdə Zaqatalada qoz fındıq çoxdur. Amma uşağa çox qoz verməyin. Arada ət də yedirin".
Sən demə, uşaq qoz yeyəndə qoz nəfəs yoluna düşmüş, bir hissəsi çıxsa da, çox kiçik bir hissəsi aşağı gedərək, bronxlarla ağciyər payına düşüb. Ona görə ağciyərlərdə iltihablaşma, boğulma baş verirdi. Əgər o qoz çıxarılmasaydı, qızım öləcəkdi.
Ondan sonra qoz-fındıq görəndə qorxurdum. Uşağı qoruyurdum. İndi uşaq məktəbə gedir, əlaçıdır. Heç elə bil həmin xəstə uşaq deyil. Adi bir qozun necə faciələrə səbəb olacağını düşünmək də lazımdır.
Mahaçqaladan qayıtdıqdan sonra Zaqatala və Bakıdakı birinci həkimi məhkəməyə vermək istədim. Onları hələ də bağışlamamışam".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar