Sizin Reklam Burada
Xəbər lenti
03-02-2026
02-02-2026
BÜTÜN XƏBƏRLƏR

Sevgisiz böyüyənlərin “Əqrəb Təbiəti”: Psixososial yanaşma

Tarix: 03-02-2026 16:22     Baxış: 3107 A- / A+
             Nigar Qaybalıyeva
            AJB-nin üzvü


İnsanlar var ki, ailə mühitində emosional yaxınlıq və sevgi görmədən böyüyürlər. Bu hal onların seçimi deyil; çünki insan doğulduğu ailəni seçmir. Həyat bütün fərdlərə eyni imkanları təqdim etmir. Halbuki psixoloji tədqiqatlar göstərir ki, hər bir insan övladı qayğı ilə əhatə olunmuş, təhlükəsiz və sevgi dolu ailə mühitinə ehtiyac duyur. Amerika psixoloqu Abraham Maslowun ehtiyaclar iyerarxiyasında da sevgi və mənsubluq ehtiyacı əsas pillələrdən biri kimi göstərilir: “İnsan sevilmədikdə və qəbul edilmədikdə, onun şəxsiyyət bütövlüyü zədələnir.”
İsti yuva, övladlarını sevgi ilə ağuşuna alan valideyn himayəsi, konfliktlərdən uzaq bir ailə modeli demək olar ki, universal arzudur. Lakin bəzən insanın arzuları ilə qisməti toqquşur. Müxtəlif ailə modelləri müxtəlif şəxsiyyət tipləri formalaşdırır. Sosiologiyada qəbul edilən yanaşmaya görə, insanın şəxsiyyət kimi formalaşmasında cəmiyyətdən əvvəl ailə institutu həlledici rol oynayır.
Ailə seçim deyil. Lakin əqli və psixoloji baxımdan sağlam olan insan üçün sonrakı davranış modelləri və kimlik formaları artıq seçimdir. Bu seçimlər fərdin cəmiyyətdə hörmət qazanmasına və ya sosial təcridə məruz qalmasına səbəb ola bilər. Bəzən seçilən davranışlar mükafat, bəzən isə gələcək kimliyin cəzasına çevrilir.
Məhz uşaqlıq dövründə “sən dəyərlisən” mesajını eşitməyən fərdlərdə daxili boşluq yaranır. Psixoloji ədəbiyyatda bu hal “emosional deprivasiya” adlandırılır. Bu deprivasiya zamanla aqressiv davranışlara, empati çatışmazlığına və zərərverici ünsiyyət formalarına yol aça bilər. Metaforik dildə desək, belə insanlar zamanla “əqrəb təbiətli” olurlar.
Əqrəb niyə sancır? Çünki onun başqa müdafiə və ünsiyyət mexanizmi yoxdur. O, sevmir – qoruyur; hücum edir, zəhərləyir. Bəzi insanlar da sosial mühitdə eyni davranış modelini sərgiləyirlər. Başqasının sevinci və uğuru onlarda narahatlıq yaradır. Sosial psixologiyada bu hal “patoloji müqayisə” və “daxili natamamlıq kompleksi” ilə izah olunur. Belə insanlar alqışlamaq əvəzinə incitməyi, dəstəkləmək əvəzinə sancmağı seçirlər.
Onlar çox zaman zəhərli ifadələri yumşaq sözlərə bükür, bunu “zarafat”, “səmimiyyət” və ya “dürüstlük” adı altında təqdim edirlər. Halbuki dilçilik və kommunikasiya nəzəriyyələrinə görə, ifadənin forması deyil, təsiri əsasdır. Zəhər adını dəyişməklə mahiyyətini itirmir. Dil vasitəsilə kimisə incitmək güc göstəricisi deyil; bu, emosional zəifliyin əlamətidir.
Belə fərdlər zamanla sosial təcridə məruz qalırlar. Fərqində olmadan ətrafındakı insanları incidir və uzaqlaşdırırlar. Nəticədə onların ətrafında yalnız eyni düşüncə və davranış modelinə malik “silahdaşlar” qalır. Bu isə sosial daralma və psixoloji qapanma yaradır.
Bu tip insanlar özlərini “haqlı”, “sözünü deyən”, “özünə sadiq” kimi təqdim etməyə meyllidirlər. Halbuki empati bacarığından məhrum olmaq və güzəşt etməyi bacarmamaq sağlam şəxsiyyət göstəricisi hesab edilmir. Psixoloq Carl Rogersin fikrincə: “Empati qabiliyyəti olmayan insan sağlam münasibətlər qura bilməz.”
Şəxsi həyat şəraitindən asılı olmayaraq, ailələrin əsas məsuliyyəti uşaqları sevgi və mərhəmət mühitində böyütməkdir. Sevgisiz böyüyən uşaqlar yalnız öz həyatlarını deyil, gələcək nəsillərin də psixoloji sağlamlığını risk altına sala bilərlər. Bu, elmdə “nəsillərarası travma ötürülməsi” kimi tanınır.
Doğmalarının nəvazişindən və qayğısından məhrum qalan uşaqlar zamanla həm cəmiyyət, həm də özləri üçün təhlükə mənbəyinə çevrilə bilərlər. Oxşanmayan saçın, əzizlənməyən kimliyin yaratdığı boşluq sonradan başqalarına yönələn aqressiya ilə kompensasiya olunur. Məşhur psixoanalitik Erik Erikson qeyd edirdi ki, “uşaqlıqda etibar hissi formalaşmayan fərd yetkinlik dövründə dünyaya qarşı düşmən mövqedə dayanır.”
Mədəsini doyurub ruhunu ac saxladığımız uşaqlar gələcəkdə müxtəlif formalarda zorakılıq nümayiş etdirə bilərlər. Kimisi bunu fiziki zorakılıqla, kimisi isə “soyuq silah” sayılan zəhərli dili ilə həyata keçirir. Bu insanlar özünü tərbiyə etmək əvəzinə, başqalarını necə incitmək barədə düşünərək həyat enerjisini tükədirlər.
İnsan həyatında çətinliklər qaçılmazdır. Lakin bu çətinliklərin yükünü başqalarının üzərinə yıxmaq, öz yaralarını sağaltmaq əvəzinə kimlərdənsə yara açmaq qeyri-insani və qeyri-sağlam davranış modelidir. Lağ etmək, aşağılamaq və istehza etmək isə daxili boşluğun və psixoloji yetkinləşmənin başa çatmamasının göstəricisidir.
Belə insanlara qarşı ən sağlam münasibət məsafə saxlamaqdır. Çünki onların daxili savaşları özlərinə kifayət edir. Onların hər gün qurduğu “planlar” sevgi yaratmaq deyil, sancmaq üzərində qurulur. Buna görə də bəzən ən doğru reaksiya sadəcə “siz haqlısınız” deyib gülümsəmək və yoluna davam etməkdir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar