Xəbər lenti
Azərbaycanda gender siyasəti: Durum necədir?
Gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır.
İnsan cəmiyyətini qadın və kişilər təşkil edir.Cinslər arasında biloji və fizioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik sürətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həmdə istehsalatda oynadığı rolu dəyişdirib. XX əsrin sonunda “Gender” anlayışı formalaşmışdır ki, bunu da “Sosial Cins” kimi xarakterizə etmək olar. Gender anlayışının əsasında qadın hərərkatı durur. Gender termininin bir çox tərifi məlumdur. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir.
Qeyd etmək lazımdır ki, cinslərin sosial bərabərlik nəzəriyyəsini qəbul etməyənlər və gender konsepsiyasının tənqidçiləri də mövcuddur. Onların əsas arqumenti odur ki, qadın və kişilərin təbiəti fərqlidir və bu fərqlər yalnız fizioloji deyil, psixoloji sahəni də əhatə edir. Belə tənqidi nəzəriyyənin tərəfdarları iddia edirlər ki, texniki və texnoloji tərəqqiyə baxmayaraq, elə fəaliyyət sahələri mövcuddur ki, orada əsasən qadınların və yaxud kişilərin çalışmaları daha məqsədəuyğundur. Gender nəzəriyyəsinin tənqidçilərinə görə cəmiyyətdə kişi və qadınlar arasında fəaliyyət sahələrinin psixoloji amillərə əsaslanan bölümü hər iki qrupu daha xoşbəxt edə bilər. Tənqidçilər gender probleminin həlli yolunu inkişaf üçün eyni şəraitin yaradılmasında görürlər. Onların fikrincə cəmiyyət üçün belə yanaşma daha əhəmiyyətlidir. Bu baxışlara görə, gender probleminin həlli qadınları qadın kimi, kişiləri isə kişi kimi xoşbəxt etməkdən keçir.
Gender probleminin həll edilməsi məqsədilə Azərbaycan Respublikasında bir sıra tədbirlər həyata keçirilməkdədir. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və səmərəli fəaliyyəti nəticəsində ölkədə bir çox gender problemi aradan qalxmaqdadır. Milli Məclis Aparatı rəhbərinin xidmətinin Gender məsələləri sektorunun müdiri Vəfa Əfəndiyeva bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində, o cümlədən qadınların hüquqlarının təmin edilməsində, cinsi ayrı-seçkiliyə son qoyulmasında, məişət zorakılığı ilə mübarizədə böyük nailiyyətlərə imza atıb. Belə ki, ölkəmiz 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsi bu istiqamətdə atılmış ən böyük addımlardan biridir. Kişi və qadınları siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sahələrində bərabər imkanlarla təmin edən, gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılmasının vacibliyini özündə əks etdirən “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanun 2006-cı il oktyabrın 10-da Azərbaycan Prezidenti tərəfindən imzalanıb. Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli qərarı ilə qəbul edilən “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” ölkədə gender əsaslı zorakılıqla mübarizəyə zəmin yaradan əsas sənədlərdəndir. 2010-cu ildə Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. “Qanunvericilik gender bərabərliyi üçün hüquqi bazadır. Qanunlar öz-özlüyündə dövlətin siyasi iradəsinin bir göstəricisi kimi çox vacib rol oynayırlar. Bundan başqa, qanunların mövcudluğu konkret məsələlərə (məs., gender bərabərliyi ) diqqəti cəlb etməklə yanaşı, digər dəyişikliklər üçün də katalizator rolunu oynaya bilər. Buna görə də bir çox ölkələr gender bərabərliyinin təmin edilməsi məqsədi daşıyan qanunlar qəbul edib. 2011-ci ilin may ayında gender siyasətinin təhlili və həyata keçirilməsi üçün müvafiq icraedici orqanlar, digər dövlət strukturları və vətəndaşlar arasında əlaqələndirmənin və qanunvericilikdə nəzərdə tutulmuş gender bərabərliyinin təmin edilməsi monitorinqi məqsədilə Milli Məclis Aparatı rəhbərinin xidmətində Gender məsələləri sektoru yaradıldı. Sektor gender bərabərliyi sahəsində Azərbaycan qanunvericiliyinin Aİ-nin gender bərabərliyi üzrə qanunlar toplusu və CEDAW Konvensiyasına uyğunlaşdırılması, bərabər imkanların yaradılması üçün müvafiq dövlət qurumları və sosial tərəfdaşların institusional və inzibati potensialının artırılması, Azərbaycanda gender bərabərliyi sahəsində qanunvericiliyin uyğunlaşdırılması və icra olunmasında Milli Məclisə dəstək məqsədi ilə Tvinninq layihəsini Avropa Birliyinə təqdim edib. Hər bir sahədə olduğu kimi gender bərabərliyində də dövlətin dəstəyi ilə nailiyyətlər əldə olunub və bu nailiyyətlərin daha da artırılması üçün biz əlimizdən gələni etməliyik”.
Müşahidələr isə göstərir ki, ölkəmizdə qadınlar kişilərlə eyni hüquqlara malik olsalar da, kişilərə təklif olunan imkanlar qadınlar üçün eyni dərəcədə əlçatan deyil. Baxmayaraq ki, qadınlarımız bütün ictimai sferalarda, siyasətdə və biznesdə iştirak edir, pozitiv dəyişikliklər baş verir, amma hələ görüləcək işlər çoxdur. Xüsusilə də ölkənin regionlarında.
Ekspert Rafiq Təhməzov Azərbaycan hökuməti tərəfindən gender bərabərliyinin təmin olunması istiqamətində ciddi addımların atıldığını bildirib. Onun sözlərinə görə, son 10 ildə ölkədə qadın və kişilər arasında böbərabərliyin təmin olunması yönündə atılan addımlar müsbət qiymətləndirilə bilər. Ekspertin fikrincə, hazırda gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. Bu baxımdan insan hüquq və azadlıqları beynəlxalq hüququn fundamental prinsiplərinin təsiri əsasında müasir dövlətlərin əksəriyyətinin qanunlarında təsbit olunub.
Gender məsələləri üzrə ekspert Sadiq Fətaliyev isə mövcud vəziyyətin ictimaiyyətə çatdırılmasında medianın rolunu qeyri-kafi qiymətləndirib:Belə ki, son illərdə Azərbaycanın əsasən, cənub bölgələrində qadınların hüquqlarının pozulması qeydə alınır. Media yalnız informasiya xarakterli məlumatla kifayətlənir. Ancaq bu olayların hardan qaynaqlandığını, necə yayıldığını araşdırmaq və ictimaiyyətə təqdim etmək medianın boynuna düşür. Bu istiqamətdə təsadüf yazılara rast gəlmək olar. Əsasən, media gender bərabərliyi haqqında məqalələri hansısa QHT-nin Bakıda və ya rayon mərkəzlərində keçirdiyi tədbirlər haqqında yazır. Belə tədbirlərdə, adətən, eyni insanlar iştirak edir. Bu da qanunun tam ictimaiyyətə əsasən kənd sakinlərinə media ilə əlaqəsi olmayan insanlara çatmamasına səbəb olur. Demək olar ki, onların keçirilən tədbirlər haqqında heç bir məlumatı olmur. Bütün bunları aradan qaldırmaq və ictimaiyyətə gender bərabərliyi haqqında geniş məlumat çatdırmaq üçün kənddən başlamaq lazımdır. Bunun üçün hər bir jurnalist kəndlərdə olmalı, əhalinin sosial-iqtisadi durumu və qadın-kişi münasibətlərini öyrənməlidir. Ondan sonra gender bərabərliyi haqqında məqalələr yazaraq ictimaiyyəti mövcud vəziyyətlə tanış edə bilər”.
Ekspert Sevda Məmmədli isə deyib ki, Azərbaycan cəmiyyətində qadın hələ kişinin mövqeyinə çata bilməyib. Bu yanaşmanın nəticəsidir ki, hazırda Azərbaycanda bütün sahələrdə, o cümlədən idarəetmədə, qərar qəbulunda, biznes fəaliyyətində, ailədə kişilər qadınları böyük faizlə üstələyir. Deməli, təkcə hüquqi bazanın olması kifayət etmir. Onun fikrincə, qadının önə çıxa bilməsi, özünü təsdiqləməsi üçün çox işlər görülməlidir: “Bəzən hətta qadın kişindən ağıllı olsa da, kişilərin hegemonluğu zərif cinsdən olanların önə çıxmasına imkan vermir. “Gender bərabərliyi o vaxt olacaq ki, qadınla kişi qərar qəbulunda, təkcə sözdə deyil, praktikada da bərabər hüquqlu olacaqlar”.
S.Məmmədli deyib ki, regionlarda qadınlar gender bərabərliyi haqda o qədər də xəbərdar deyillər. Eyni zamanda rayonlarda kişilərin də maarifləndirilməsinə ehtiyac var ki, bu, onların düşüncə tərzinin dəyişməsinə təsir göstərsin. Rayonlarda həm qadınlar, həm də kişilərin əksəriyyəri mentalitetə uyğun olaraq düşünürlər ki, qadının rolu ondan ibarətdir ki, kişiyə, ailəsinə qulluq etsin. Amma bunun ifrat dərəcədə qəbul edilməsi vəziyyətə mənfi təsir göstərir.ə qadın məvacibləri arasında fərq mövcuddur. Azərbaycan rayonlarında qadınlar hələ də ictimai problemlər ucbatından, məsələn, zorakılıq, siyasi və iqtisadi həyatdan sıxışdırılma, işəgötürmədə ayrı-seçkilik və peşə həyatı ilə şəxsi həyatın uzlaşdırılmasında çətinliklər səbəbindən heç də kişilərlə eyni imkanlara malik deyillər.
Ümumilikdə ekspetlərin fikrincə, cinslərin oturuşmuş rolları və dərin kök atmış mədəni amillər gələcək tərəqqiyə mane olur. Mədəni dəyişikliyə ehtiyac var. Bu dəyişiklik yalnız məktəbdə və ailələrdə maarifləndirmə vasitəsilə və medianın bu sahəyə tam cəlb olunması ilə mümkündür. Gender stereotipləri qaldıqca ayrı-seçkilik davam edəcək, çünki bu gün qadınların inkişafında əsas maneə qanunlar və ya qanun qüvvəli aktlar deyil, məhz onlardır.
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar