Xəbər lenti
Uşaqların sosial müdafiəsi üzrə tədbirlər
Hazırda sosial müdafiə tədbirləri çərçivəsində uşaqlara ödənişlər əsasən “Sosial müavinətlər haqqında” Qanuna əsasən həyata keçirilir. Bu qanun çərçivəsində 18 yaşadək uşaqların aldığı sosial müavinətlər və onların məbləği aşağıdakı kimidir:
Şəhid statusu olan şəxslərin 16 yaşınadək uşaqları. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 18.7 manatdır.
Müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşınadək uşaqları. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 60.5 manatdır.
Müharibədə əlil olmuş şəxslərin 16 yaşınadək uşaqları. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 13.2 manatdır.
20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin 16 yaşınadək uşaqları. Hazırda bu müavinətin məbləği 13.2 manatdır.
Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin 16 yaşınadək uşaqları. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 13.2 manatdır.
Çernobıl qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin dispanser qeydiyyatında olan 16 yaşadək uşaqları. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 13.2 manatdır.
Qeyd: Yuxarıda sadalanan 6 kateqoriya üzrə sosial müavinətləri alanların ümumi sayı 2016-cı ilin sonuna 18521 nəfər təşkil edib.
Aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarına ödənən müavinətlər. Bu müavinət “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən ünvanlı sosial yardım almaq hüququ olan ailələrin 1 yaşınadək uşaqlarına verilir. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra bu müavinətin məbləği 5 manatdır. 2016-cı ilin sonuna bu müavinəti alan uşaqların sayı 5623 nəfər olub.
Ailə başçısını itirən ailələrin uşaqlarına təyin olunan müavinətlər. Bu müavinət vəfat etmiş, lakin işləməyən ailə başçısının 18 yaşı tamam olmamış hər bir övladına (təhsil aldıqda 23 yaşınadək) təyin edilir. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 60.5 manatdır. 2016-cı ildə həmin müavinəti 41286 nəfər alıb.
Sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara təyin edilən müavinətlər. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 74 manatdır. 2016-cı ildə həmin müavinəti 67081 nəfər alıb.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət. Bu müavinət valideynlərdən biri işlədikdə işəgötürənin hesabına, heç biri işləmədikdə Sosial Müdafiə Fondu vasitəsilə ödənir. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra bu müavinətin məbləği 99 manatdır. 2016-cı ildə uşağın doğulmasına görə müavinət 54.4 min nəfərə valideynlərin iş yerlərindən, 100.261 nəfər işləməyən vətəndaşa isə Sosial Müdafiə Fondu vasitəsilə ödənib.
Bu müavinətlərdən əlavə, işləyən və qanunvericilklə tələb olunan səviyyədə sığorta stajı olan ailə başçısı həyatını itirdikdə onun övladları 18 yaşa çatanadək (təhsil alırsa 23 yaşınadək) ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdir. Rəsmi statistikaya görə, 2016-cı ildə sığorta stajı əsasında 144.2 min nəfər ailə başçısını itirməyə görə pensiya alıb. Pensiyanın təyinolunma şərtlərinə və məbləğinə gəldikdə, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci və 17.1-ci maddələrinin tələbinə uyğun olaraq, həyatını itirmiş ailə başçısının pensiya üçün müraciət anına qədər ümumilikdə sığorta stajı 5 ildən az olmamalı və o, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalıdır. Pensiyanın məbləği isə sığorta stajının müddətindən və sığorta kapitalının həcmindən asılı olaraq müəyyən edilir. 2016-cı ilin yekunlarına görə, ailə başçısını itirməyə görə pensiyanın orta məbləği 140.4 manat təşkil edib.
Beləliklə, 2016-cı ilin nəticələrinə görə, 0-18 yaş intervalında 287.2 min nəfərin sosial müavinət, təqribən 140 min nəfərin isə ailə başçısını itirməyə görə pensiya aldığını nəzərə alsaq, sosial müdafiə proqramı ilə əhatə olunan uşaqların sayı 400 min nəfərdən bir qədər çox olub ki, bu da həmin yaş qrupu üzrə uşaqların 16%-nə yaxındır.
BƏT-nin 2017-ci ilin sonlarında açıqladığı “Dünya Sosial Müdafiə Hesabatı” adlı sənəddə müxtəlif ölkələrdə uşaqların sosial müdafiə proqram və tədbirləri ilə əhatə əmsalı barədə statistik məlumat təqdim olunmasa da, ümumi əhali üzrə bu göstəricinin 40.3% olduğu qeyd edilir. Həmin göstəricinin səviyyəsinə görə Azərbaycan Avropa ölkələrindən 2-2.5 dəfə geri qalır. “Əhalinin sosial müdafiə sistemi ilə əhatə əmsalı” o deməkdir ki, yaşından, cinsindən və məşğulluq statusundan asılı olmayaraq bütün əhalinin müəyyən hissəsi ən azı bir sosial müdafiə proqramına cəlb edilib. Avropa ölkələrində bu göstəricinin səviyyəsinin yüksək olmasının 2 başlıca səbəbi var:
Həmin ölkələrdə sağlamlıq sığortası effektiv işləyir və demək olar, bütün insanlar bu sığorta ilə əhatə olunur. Azərbaycanda tibbi sığorta sistemi hələlik tətbiq olunmadığı üçün (məhdud ərazini əhatə edən pilot layihə nəzərə alınmazsa) əhalinin, o cümlədən uşaqların sosial müdafiə sistemi ilə əhatə dairəsi xeyli dardır.
Avropa ölkələrində orta məktəblərdə şagirdlərin pulsuz isti yeməklə təmin olunması proqramları geniş yayılıb, Azərbaycanda bu cür sosial müdafiə tədbiri, demək olar ki, yoxdur.
Beləliklə, bu yanaşma və müqayisələri, həmçinin Azərbaycanda ümumi əhali üzrə sosial müdafiə sistemi ilə əhatəolunma göstəricisinin 40% ətrafında olduğunu nəzərə alsaq, uşaqlar üzrə həmin göstəricinin daha aşağı olması aydın görünər; deməli, yuxarıda hesablamalarımız əsasında ortaya çıxmış 16% göstəricisi xeyli realdır.
BƏT-nin Qlobal Sosial Müdafiə Hesabatına görə, hazırda dünya üzrə 18 yaşadək bütün uşaqların 35%-i sosial müdafiə tədbirləri çərçivəsində hansısa forma və ya növdən olan sosial müavinət və ya ödəniş alır. Lakin bu göstərici dünyanın müxtəlif qitələrində fərqlidir: məsələn, Avropa üzrə orta göstərici 87%, Amerika üzrə 66%, Asiya üzrə 28%, Afrika üzrə 16% təşkil edir.
Əhatə dairəsindən savayı digər mühüm göstərici də uşaqlar üçün müavinətlərin məbləğidir. Azərbaycanda hazırda uşaqlara ödənən sosial müavinətlərin məbləği benefisiarların ehtiyaclarını qarşılamaq üçün ailələrinə hansı səviyyədə töhfə verə bilir? Bunu ölçməkdən ötrü hələlik üzdə olan yeganə obyektiv göstərici kimi yaşayış minimumunun dəyəri götürülə bilər. 2016-cı ildə uşaqlar üçün yaşayış minimumunun məbləği 116 manat olub. Bu rəqəmdən çıxış etsək, yuxarıda qeyd elədiyimiz aylıq ödənən 9 müavinətdən (doğuş üçün ödənən birdəfəlik müavinəti nəzərə almasaq) 5-nin məbləği aylıq yaşayış minimumunun 10-15%-i, 3-nün məbləği aylıq yaşayış minimumunun 39-47%-i, 1-nin məbləği isə 58%-i qədər olub.
Dünyada uşaqların sosial müdafiə sisteminin fəaliyyətini qiymətləndirmək üçün daha bir göstərici bu uşaqların sosial müdafiəsi üçün hökumətin ayırdığı büdcə xərclərinin (tibbi sığorta da daxil) ÜDM-ə nisbətidir. BƏT-nin Qlobal Sosial Müdafiə Hesabatına görə, hazırda dünya üzrə 0-14 yaşlı uşaqlar üçün sosial müdafiə xərcləri orta hesabla ÜDM-in 1%-i ətrafındadır Amma bu göstərici müxtəlif regionlar üzrə fərqlidir: məsələn, Şimali Afrika üzrə 0.1%, Qərbi Avropa üzrə 2%, Şimali Avropa üzrə 2.5% təşkil edir. Azərbaycan hökumətinin rəsmi sənəd və statistikasında analoji məlumatı tapmaq mümkün deyil. Lakin ayrı-ayrı sosial müdafiə tədbirləri üzrə maliyyə vəsaitlərinin həcmi əsasında bu göstəricini müəyyən kənarlaşma ilə hesablamaq mümkündür. Məsələn, 2016-cı ildə 237.6 mln. manat ünvanlı sosial yardım ayrılıb. Bu yardımı alanların yarısının uşaqlar olduğu nəzərə alınsa, ən kobud hesablamalara görə, ünvanlı sosial yardım üzrə vəsaitlərin 110-115 mln. manatı uşaqlara çatıb. Dövlət Sosial Müdafiə Fondu vasitəsilə 140 min nəfərə yaxın şəxs orta aylıq məbləği 140 manat olmaqla ailə başçısını itirməyə görə pensiya alıb və bu, təxminən 20 mln. manata bərabərdir. Dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondu vasitəsilə 2016-cı ildə uşaqların doğulmasına görə ailələrə 17 mln. manata yaxın birdəfəlik vəsait ödənib. Bunlardan əlavə, “Sosial müavinətlər haqqında” Qanuna uyğun olaraq bilavasitə uşaqlara ödənən və yuxarıda adları sadalanan 8 müavinət üzrə (ünvanlı sosial yardım nəzərə alınmadan) 2016-cı ildə dövlət büdcəsindən 90 mln. manata yaxın vəsait ödənib. Nəhayət, Azərbaycanda tibbi sığorta sistemi yoxdur, lakin 2016-cı ildə hökumətin büdcə vasitəsilə xərclədiyi 700 mln. manatı proporsional olaraq əhalinin yaş qrupları üzrə paylasaq, həmin vəsaitin 27-28%-i və ya 190-195 mln. manatı 0-18 yaşlı uşaqlara çatır. Beləliklə, ən kobud hesablamalara görə, 2016-cı ildə uşaqların sosial müdafiəsi üzrə hökumət xərcləri 425-430 mln. manata çatır ki, bu da həmin il üçün ÜDM göstəricisinin (60.4 mlrd. manat) 0.72%-nə bərabərdir. Bu, dünya üzrə orta göstəriyə yaxın olsa da, inkişaf etmiş ölkələrin göstəricisindən 3-4 dəfə aşağıdır.
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar