Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda zorakılıqla bağlı statistika: Qorxulu mənzərə

Tarix: 02-03-2023 09:51     Baxış: 471 A- / A+


Azərbaycanda zorakılıqla bağlı statistika: Qorxulu mənzərə
 
 

Mütəxəssislər: Məişət zorakılığının artması o deməkdir ki, ölkədə psixi problemləri olan insanların da sayı ciddi surətdə artıb
Son illərdə məişət zorakılığının müxtəlif cinayət əməllərinin törədilməsi ilə nəticələndiyinə şahid oluruq. Məişət zorakılığı özünü öldürmə, özünü öldürmə həddinə çatdırma, zorlama və cinsi zəmində törədilən digər cinayətlərin, habelə qadını nikaha daxil olmağa məcbur etmə kimi cinayətlərin baş verməsi ilə nəticələnir.
 
Bu sahədə müəyyən beynəlxalq hüquqi sənədlər də mövcudur. Buna misal olaraq, Avropa Şurası çərçivəsində qəbul olunmuş "Qadınlara  qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında" 2011-ci il İstanbul  Konvensiyasını göstərmək olar. Beynəlxalq məhkəmə mexanizmlərinin, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində məişət zorakılığına toxunan işlərə baxılmasına rast gəlmək mümkündür.
 
Xatırladaq ki, ötən il məişət zorakılğı zəminində 897 cinayət hadisəsi baş verib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, məişət zorakılığı ilə bağlı qeydə alınmış hadisələrin 9,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilib. 58 cinayət hadisəsi sərxoş vəziyyətdə törədilib.
 
Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 4,2 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,7 faizi əzab vermə, 1,1 faizi isə digər cinayətlərə aiddir.
 
Qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərində 11.8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində 22,2 faiz artım, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərində 15.8 faiz, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətlərində 75,0 faiz, digər cinayətlərdə isə 53,3 faiz azalma müşahidə olunub.
 
Məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı 3,6 faiz artaraq 1031 nəfər, ölənlərin sayı isə 18.6 faiz artaraq 51 nəfər olub.
 
Sosioloq Əhməd Mansurovun sözlərinə görə, məişət zorakılığı hallarının baş vermə səbəbləri müxtəlifdir: "Məişət zorakılığı insanların yaxınlarına qarşı etdiyi zorakılıq hallarıdır. Təəssüflə qeyd etməliyəm ki, son dövrlərdə bu hallar tez-tez baş verir. Ailədaxili münaqişələrin, qadınların öldürülməsi, uşaqların öldürürlməsi və döyülməsi, intihar həddinə çatdırma və s. bu kimi hallar məişət zorakılığı hesab edilir".
 
Sosioloq hesab edir ki, məişət zorakılığı hallarının və bu zəmində baş verən cinayət hadisələrinin səbəbləri müxtəlifdir. Cinayət hadisələrinin motivlərinə nəzər salanda çox zaman səbəb kimi qısqanclıq, valideyn etinasızlığı, sosial-iqtisadi problemlər diqqəti çəkir. Bəs bunun qarşısını almaq mümkündürmü? Sosioloq hesab edik ki, bu, mümkün deyil.
 
"Məişət zorakılığı halları inkişaf etmiş cəmiyyətlərdə belə baş verir. Məişət zorakılığının qarşısını almaq mümkün olmasa da, fəsadlarının qarşısının alınması üçün müəyyən sənədlər nəzərdə tutulub. Bura Mühafizə Orderi də daxildir. Məişət zorakılığı ilə qarşılaşan insanların 90 faizi utandığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməkdən boyun qaçırır. İnsanlar "camaat nə deyər?", "arvad da ərindən şikayət edərmi?", "filankəsi oğlu döydü", " filankəsi qızı vurdu" kimi söz-söhbəti eşitməmək üçün qarşılaşdıqları zorakılıq hallarını gizlətməyə çalışırlar. Zorakılıq halları cinayətlə nəticələndiyi zaman isə artıq gec olur" — deyə sosioloq bildirir.
 
Müsahibimiz hesab edir ki, məişət zorakılığının artmasına səbəb stereotiplərdir. Uşaqların, qadınların öldürülməsi, döyülməsi, yaşlılara qarşı zorakılıq hallarının psixoloji səbəbləri də var. Yəni ağlı başında olan, psixoloji problemi olmayan insan heç vaxt zorakılığa yol verməz.
 
Psixoloq Fərqanə Mehmanqızı açıqlamasında bildirib ki,  məişət zorakılığı zəminində baş verən ağır cinayətlərin əsas səbəblərindən biri psixoloji problemin olmasıdır: "Ata oğlunun başına altı çəkic zərbəsi vurub. Bunu ağlı başında olan insan edə bilməz. Yaxud, kişi öz həyat yoldaşının başını kəsir. Ümumiyyətlə, psixoloji problemi olmayan insanlar zorakılığa yol verməzlər. Bu insanların psixoloji durumunu nəzərdən keçirəndə onların bəzən affekt vəziyyətdə olduğunu görürük.  Affekt vəziyyətinə düşən hər bir insan istəmədən belə amansız cinayətlər edə bilər".
 
Psixoloqun sözlərinə görə, affekt vəziyyətinə çox zaman uşaqlıqdan psixoloji zərbə almış insanlar düşə bilər: "Valideyn qayğısından məhrum, sevgisiz, əzilərək böyüyən insanlar sonradan qəddar cinayətkara çevrilə bilərlər. Buna görə də valideyinlər övladlarını sevgi ilə böyütməyə çalışmalıdır. Mən demirəm bütün cinayətlərin arxasında psixoloji problemlər durur, bəzən cinayət düşünülmüş, öncədən planlaşdırılmış da ola bilər. Amma əksər cinayətlərdə psixoloji problemlər əsas səbəbdir".
 
Hüquqşünas Elnur Aslanovun sözlərinə görə, məişət zorakılığı fiziki, psixi, cinsi zorakılığı, eləcə də iqtisadi xarakterli qanunsuz məhdudiyyətləri əhatə edir. Bu müddəa "Məişət zorakılığının qarşısının alınması haqqında" 22 iyun 2010-cu il Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbindən irəli gəlir: "Məişət zorakılığı deyəndə çox zaman insanlar qadına qarşı zorakılığı başa düşür. Bu, tamamilə səhv fikirdir. Çünki digər ailə üzvləri, xüsusilə uşaqlar, habelə yaxın qohumluq münasibətlərində olan, yaxud birgə yaşayan və ya əvvəllər birgə yaşamış şəxslər də məişət zorakılığına məruz qala bilərlər. Məhz bu baxımdan, sözügedən qanunun 4-cü maddəsi həmin şəxslərin dairəsini müəyyən edib.
 
Belə ki, yaxın qohum olan ailə üzvləri (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlar, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada, qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslər, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslər, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan yaxın qohumlara qarşı edilən zorakılıq halları da məişət zorakılığı hesab edilir".
 
Müsahibimiz bildirir ki, Ailə Məcəlləsinin 64-cü maddəsinə uyğun olaraq, valideynlik hüquqlarından məhrumetmə üçün əsaslardan biri də məhz uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlərin edilməsidir.
 
Məişət zorakılığı ilə bağlı baş verən hüquqpozmalara gəldikdə isə bununla bağlı müvafiq məhrumiyyət tədbirləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində təsbit olunur. Cinayət Məcəlləsində bununla bağlı xüsusi normanın olmamasına baxmayaraq, məişət zorakılığı ilə müşayiət olunan cinayətlər Məcəllənin müxtəlif maddələri üzrə tövsif oluna bilər.
 
Məsələn, qəsdən adam öldürmə (maddə 120); qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə (maddə 122); zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə (maddə 123); ehtiyatsızlıqla adam öldürmə (maddə 124); özünü öldürmə həddinə çatdırma (maddə 125); qəsdən sağlamlığa ağır zərər vurma (maddə 126); qəsdən sağlamlığa az ağır zərər vurma (maddə 127); qəsdən sağlamlığa yüngül zərər vurma (maddə 128); qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma (maddə 129); ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma (maddə 131); əzab vermə (maddə 133); öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (maddə 134); qanunsuz azadlıqdan məhrum etmə (maddə 145); zorlama (maddə 149); seksual xarakterli zorakılıq hərəkətləri (maddə 150); seksual xarakterli hərəkətlərə məcbur etmə (maddə 151); on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (maddə 152); əxlaqsız hərəkətlər (maddə 153); bərabərlik hüququnu pozma (maddə 154); qadını nikaha daxil olmağa məcbur etmə (maddə 176-1) və s.
 
Aslanovun sözlərinə görə, qeyd olunan cinayətlərin hər biri isə müvafiq maddələrin sanksiyasına uyğun olaraq öz-özlüyündə səciyyəvi cəzaların tətbiqini şərtləndirir.
İnzibati Xətalar Məcəlləsi isə məişət zorakılığı ilə bağlı törədilən hüquq pozuntuları sağlamlıq əleyhinə olan inzibati xətalar kimi nəzərdə tutur. Belə ki, Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması iki aspektdən qiymətləndirilir: "Birinci halda, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi və məişət zəminində psixi zorakılığa görə inzibati tənbeh tədbirləri nəzərdə tutulub. Belə ki, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə görə 100 manatdan 300 manatadək, məişət zəminində psixi zorakılığa görə isə 300 manatdan 500 manatadək məbləğində müəyyən edilib. İkinci hal isə məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməyə görə nəzərdə tutulan 35 manatdan 50 manatadək cərimənin təsbit olunması ilə bağlıdır".
 
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 300 manatdan 500 manatadək inzibati cərimə və ya 2 ayadək inzibati həbs nəzərdə tutulub. Bir şərtlə ki, baş verən döyülmə faktı  sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla nəticələnməsin. Çünki bu hal artıq cinayət əməli kimi tövsif olunmalıdır.
 
 
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar