Xəbər lenti
Məişət zorakılığının növləri
Məişət zorakılığı haqqında dolğun təsəvvürə malik olmaq üçün onu hərtərəfli öyrənmək vacibdir, bu baxımdan onun növlərini də araşdırmaq əhəmiyyətlidir.
Məişət zorakılığının baş vermə formaları digər zorakılıq halları ilə demək olar ki oxşarlıq təşkil edir. Hətta məişət zorakılığında zorakı şəxs tərəfindən istifadə edilən zorakılıq taktikalarını öyrənən tədqiqatçılar onun müharibə əsirlərinə qarşı törədilmiş zorakılıq taktikaları ilə oxşar olduğunu vurğulamışlar. Məişət zorakılığı müharibə əsirləri və ya məhbuslardan istənilən informasiyanı almaq və deyiləni yerinə yetirmək üçün istifadə edilən psixoloji və fiziki zorakılıqdan istifadə üsulları ilə oxşardır. Üstəlik, məişət zorakılığında işlədilən şiddət ona görə daha faciəvidir ki, burada zorakılığı qurbana ən yaxın insan- onun intim partnyoru törədir və buna görə də məişət zorakılığı daha qəliz və kompleks bir davranışdır. İntim partnyor tərəfindən törədilən məişət zorakılığının hansı formalarda baş verdiyinə nəzər salaq:
Fiziki şiddət: Fiziki şiddətə kobudcasına qolundan tutub çəkmək, bədən ətraflarını burmaq, itələmək, vurmaq, cırmaqlamaq, dişləmək, nəfəs yollarını yüngül və ya dərindən əngəlləyəcək dərəcədə boğmaq, yumruqlamaq, silkələmək, sürümək, şaçlarını yolmaq, otaqda və ya hər hansı bir yerdə qapısı bağlı şəkildə saxlamaq, tüpürmək, şillə vurmaq, qurbana qarşı ev əşyaları və alətləri, bıçaq, tapanca kimi silahdan istifadə etmək aid edilə bilər. Məişət zorakılığı qurbanlarının çox hissəsini qadınlar ilə uşaqlar təşkil edir və ən çox kişilər fiziki şiddətdən istifadə edirlər. Bəzən itələmək və ya şillə vurmaq kimi zorakı şəxs tərəfindən “yüngülcə törədildiyinə” bəraət qazandırılan davranışlar hətta ən ağır zədələrə, ətrafların zədələnməsinə, sinir sisteminin travmasına, dişlərin itirilməsinə və s. səbəb ola bilər. Fiziki şiddət hallarından qurbanın baş nahiyyəsinə yetirilmiş xəsarət çox təhlükəli travmalara səbəb ola və gələcəkdə psixoloji problemlərə və ya sindromlara gətirib çıxara bilər. Məişət zorakılığı zamanı ölüm halları da məhz fiziki zorakılıq nəticəsində baş verir.
Cinsi zorakılıq: Fiziki zorakılıq kimi cinsi zorakılıq da bir neçə davranış və ya hərəkətlər toplusunu əhatə edir. Cinsi zorakılıq aktlarından ən çox rast gəlinən qurbanın iradəsi əleyhinə gedərək onu cinsi əlaqəyə məcbur etmək, cinsi münasibətə razı olmayacağı təqdirdə fiziki şiddət törədəcəyi və ya zorlayacağı ilə hədələmək və ya manipulyasiya etmək, qurbanı istəmədiyi cinsi əlaqə növünə, məsələn, üçüncü şəxslə cinsi əlaqədə olmağa, qurbanın razılaşmadığı və alçaldıcı hesab etdiyi seksual davranışlara məcbur etməkdir. Qurbanın cinsi əlaqəyə razı olmadığı və ya şifahi olaraq razılığını bildirmədiyi vaxtlarda törədilmiş cinsi məcburetmələr də bura aiddir, məsələn: fiziki işdən sonra çox yorğun olduğu hallarda, digər insanların və ya uşaqların yanında, qurbanı fiziki zorakılığa məruz qoyduqdan sonra, qurban spirtli içkilərin təsiri altında olarkən və ya yatarkən. Qurbanın bu zəmində etirazı adətən zorakı şəxsin ona qarşı yenidən fiziki şiddət törətməsilə nəticələnir. Buna görə də cinsi zorakılıq yaşamış qurban fiziki zorakılıqla da üzləşmiş olur. Dövlət Statistika Komitəsi ilə Macro International Inc (MII)-in apardığı sorğular nəticəsində məlum olmuşdur ki, “azı bir dəfə belə törədilmiş zorakılıq hallarında cinsi zorakılıqla üzləşmiş qadınların əlli beş faizində kəsiklər, göyərmiş əziklər və ya ağrılar; 35 faizində göz zədələri, burxulmalar, sümük çıxıqları və ya yanıqlar, 12 faizində isə dərin yaralar, qırılmış sümüklər, sındırılmış dişlər və digər ciddi fiziki travmalar yaranmışdır”.
Bir çox məişət zorakılığı qurbanları üçün cinsi zorakılıq çox həssas və ağır bir mövzudur. Bir çox qurbanlar isə ölkədə cinsi təhsilin olmaması ucbatından cinsi zorakılığın əslində bir zorakılıq növü olduğundan və bu zorakılıq növü ilə özlərinin də üzləşdiyindən xəbərsizdirlər.
Psixoloji zorakılıq: Psixoloji zorakılıq daha kompleks şəkildə həyata keçirilir və onun da bir neçə növləri məlumdur. Bu növlər zorakı şəxsin törətdiyi digər şiddət növləri ilə əlaqəli olub həm də zorakı şəxsin müəyyən vaxt və şəraitdə uyğun psixoloji təzyiq taktikası seçməsindən asılıdır. Bəzi misallara baxaq:
Zorakı şəxs qurbanı ona və ya ona doğma olan insanlara qarşı fiziki şiddət törədəcəyi ilə hədələyərək və qorxu altında saxlayaraq idarə edir. Bəzən zorakı şəxs bunu söz ilə, bəzən də öz hərəkətləri ilə göstərir. Bəzi hallarda zorakı şəxs qurbanı nəsə qanunsuz bir iş görməyə məcbur edir, sonra isə onu polisə və ya aidiyyatı orqanlara şikayət etməklə hədələyir. Eynicinsli münasibətdə olan gey cütlüklərdə isə bu hədə-qorxu əgər cütlüklərdən biri ailəsinə, dost və tanışlarına, eləcə də sosial ətrafına özünün gey olduğunu etiraf etməyibsə onun əvəzindən zorakı şəxsin bunu edəcəyi ilə müşahidə olunur. Digər bir psixoloji şiddət üsulu qurbana aid olan əşyalara, ev heyvanlarına zərər verməklə zorakı şəxsin qurbanı nəzarət altında saxlamasıdır. Məsələn, zorakı şəxs qurbanın ən çox sevdiyi məişət əşyalarını atıb-sındırır, paltarlarını kəsib-doğrayır, içində şəxsi sənədlərin olduğu çantasını gizlədir. Bəzən də qurbanın gizləndiyi otağın qapısını sındırmaqla və qurbanın ətrafındakı əşyalara, divara yumruq vurmaqla növbəti belə yumruqların qurbana yönələcəyi mesajını verir. Bunların hamısı qurbanı zorakı şəxsin öz psixoloji hədəsi altına salmaq üçün törədilir.
Zorakı şəxs həm də partnyorunun əlaqələrini digər insanlardan kəsməklə onu psixoloji hədəsi altına salır. Qurbanı yaxın dostlarından, qohumlarından ayırır, qurbanın onlarla ünsiyyətdə olmasına mane olur, onu ona kömək edə biləcək yaxın insanlardan təcrid edir. Klassik misallardan, məsələn, zorakı şəxs qurbanın hər hansı bir rəfiqəsinin guya pis qadın olması, onun ailəsinə yaraşan hərəkətlər etməməsi ilə onunla ünsiyyətinə qadağa qoyur və ya qurbanın qohumları, ya da ailəsi ilə ünsiyyətdən saxlamasını özünün onu çox sevdiyini və daim onunla bir yerdə olmaq istəyi ilə izah edir. Zaman keçdikcə bu təcridetmə daha da kəskinləşir və zorakı partnyor qurbanın əhatəsində olmaq istəyən insanlara qarşı da zor tətbiq etmiş olur. Zorakı şəxs həm də ətrafda baş verənləri öz xeyirinə dəyişməklə onu qurbana yalan formada şərh edərək məsələn, zorakılıq barədə polisə xəbər vermək kimi mümkün niyyətindən yayındırmağa sövq edir. Qurban təcrid olunduğu üçün zorakı partnyorun dediklərinə qorxu ilə inanır və başqa addımlar atmağa, özünü zorakı təsirdən xilas etməyə cəhd etmir.
Zorakı şəxs emosional şiddət göstərməklə də qurbana psixoloji təsir göstərir. Belə ki, o, qurbanı nalayiq sözlərlə alçaltmaq və söymək, daha çox onun həssas olduğu kəsləri məsələn təzəcə dünyasını dəyişmiş atasını təhqir etməklə, özünü aparmasına, danışığına, haralı olmasına, analıq etmə qaydasına lağ etməklə mənliyini alçaldır və bu aşağılayıcı sözlər şiddət qorxusu kontekstində həyata keçirilir . Şifahi emosional zorakılıq söyüşlər, alçaltma, ləqəblər verməklə həyata keçirilir və bu davranışların arxasında sadəcə mümkün zarafat tərkibi deyil, məhz aşağılayıcı niyyət dayanır. Digər hallarda isə zorakı şəxs qurbana ailəsinin, dostlarının və ya küçədə gedərkən insanların qarşısında alçaldıcı sözlərlə hücum edir.
Psixoloji şiddətin ən çox yayılmış formalarından biri də uşaqlarla bağlı hədə-qorxulardır. Zorakı şəxs daima qurbanı uşaqları ondan alacağı, məhkəmənin köməyi ilə uşaqların himayədarlığından çıxaracağı ilə hədələyərək qurbanı öz dediklərinə əməl etməyə məcbur edir. Bəzən uşaqlardan ananın hərəkətlərini, hara getdiyini və kiminlə danışdığını güdmək üçün istifadə edir. Məişət zorakılığı zamanı uşaqlar da bəzən şiddət və xəsarətlərin qurbanı olur. Məsələn, şiddət zamanı zorakı şəxsin ananı qucağında körpə uşaqla birgə divara itələməsi, anaya fiziki şiddət yetirərkən uşaqları yaxın otağa salıb kilidləməsi və ya yaşca böyük uşaq anasını qorumağa çalışarkən ona qarşı da şiddət göstərməsi kimi hallarda uşaqlar şiddət qurbanlarına çevrilirlər. Zorakı şəxs bəzən də uşaqlar ananın tərəfini saxladıqları üçün də onlara qarşı şiddət törədir.
İqtisadi zorakılıq: hər iki partnyorun da işlədiyi ya da təkcə qurbanın işlədiyi və pul qazandığı hallarda yalnız zorakı şəxsin o pula nəzarət etdiyi və necə xərcləməyə qərar verdiyi hallardır. Adətən zorakı şəxs qurbana heç işləməyə və ya gələcəkdə işləməsinə imkan verəcək təhsil üçün dərsə getməyə belə icazə vermir və beləliklə də qurban zamanla iqtisadi cəhətdən zorakı şəxs iqtisadi cəhətdən asılı vəziyyətə düşür. Belə ki, qurban yemək, içmək, paltar, yaşayış, uşaqların gündəlik ehtiyacı, ictimai nəqliyyatdan istifadə üçün zorakı şəxsin verdiyi pula möhtac qalır. Ən adi ehtiyaclar üçün belə pulun olmaması onun qurbanın tələbləri ilə razılaşmağa və zorakılığa dözməsinə səbəb olur. Əgər zorakı şəxs qurbana pul versə belə, qurban o pulu müstəqil olaraq istədiyi bir ehtiyacına xərcləyə bilmir. Beəliklə də zorakı şəxs qurban üzərində nəzarəti əlinə almağa nail olur. İqtisadi asılılıq siniflərarası fərqlərdən asılı olmayaraq müxtəlif iqtisadi səviyyəli ailələrdə də baş verə bilər. Bəzən hətta ayrılıqdan sonra belə zorakı şəxs birgə yaradılmış və toplanmış vəsaiti bilərəkdən məhv edə, qurbanla birgə yaşadığı dövrdə qurbanı bankdan kredit götürməyə və ya kimdənsə borc almağa məcbur edə və ayrıldıqdan sonra bütün öhdəliyi qurbanın üzərinə atmaqla onu əlavə borca sala bilər. İqtisadi zorakılığa qəsdən təşkil edilmiş bahalı məhkəmə prosesləri də aid edilə bilər.
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
qrant layihəsi çərçivəsində hazırlanmışdır
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar