Xəbər lenti
Bəşəriyyətin ortaq problemi
Müasir dünyada cəmiyyəti narahat edən problrmlərdən biri də ailə-məişət zəmnində baş verən zorakılıqlardır. Azərbaycan cəmiyyəti də bu tendensiyadan kənarda deyil. Məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Bəs Azərbaycan cəmiyyətində müşahidə edilən məişət zorakılığı halları digər cəmiyyətlərdə baş verən zorakılıq halları ilə oxşardırmı və bu haqda araşdırmalar onun hansı – yerli, yoxsa beynəlmiləl bir problem olduğunu ortaya qoymuşdur? Məişət zorakılığının qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir, bunun həlli kimlərdən asılıdır və həlli nə kimi əhəmiyyətə malikdir? Yuxarıdakı suallara cavab verməklə mən yazımda iddia edirəm ki, məişət zorakılığının baş vermə səbəblərini və eləcə də nəticələrini öyrənərkən onun qarşısının alınması və həllində dövlət və cəmiyyətin birgə təşəbbüs göstərməsi vacibdir.
Bunun ətraflı izahı üçün ilk növbədə mən məişət zorakılığının nə olduğu, yaranma səbəbləri və hansı formalarda təzahür etdiyi barədə geniş bir izah verəcəm. Sonra Azərbaycanda məsələnin həllində nə kimi qurumlar və sosial sistemlərin bu məsələnin həllinə necə yanaşdıqlarına nəzər salacam. Daha sonra isə məişət zorakılığı probleminin dövlət və cəmiyyətin necə birgə problemi olduğunu izah edəcəm və əgər bu problemin həllinə ciddi diqqət yetirilməzsə, dövlət və cəmiyyət üçün hansı fəsadlarının baş verəcəyinə dair nümunələr göstərəcəyəm.
Məişət zorakılığı və ya ailədaxili şiddətə adətən arvad döymək, qadına qarşı şiddət, ailə üzvlərinin döyülməsi, ər-arvad arasında baş verən dava kimi adlar verilir. Lakin məişət zorakılığının hüquqi və kliniki tərifləri mövcuddur. Məişət zorakılığının hüquqi tərifi məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunda göstərilmişdir. Bu qanuna əsasən məişət zorakılığı “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır”. Kliniki tərifə gəldikdə isə məişət zorakılığı yeniyetmələr, gənclər və böyüklərin öz intim partnyorlarına qarşı törətdikləri fiziki şiddət, cinsi zorakılıq, psixoloji basqı, iqtisadi asılılıq və ya məhrumetmə kimi aşağılayıcı və zorakı davranışların törədilməsi ardıcıllığıdır.
Məişət zorakılığının kliniki tərifi onun hüquqi tərifindən daha genişdir və buna görə də araşdırılması çox böyük əhəmiyyətə malikdir. Belə ki, məişət zorakılığı və ya şiddət törətmək seçimi daha çox davranışla səciyyəvi olan bir problemdir və bu problem adətən şəxsin uşaqlıq vaxtında nə dərəcədə valideynlərinin bir-birinə qarşı zorakılıq törətdiklərinə şahidliyi ilə sonradan öyrənilən bir prosesə çevrilir. Məişət zorakılığının yaranmasında patriarxal dəyərlərin və güc ilə nəzarəti əldə etmək üçün zorakılıqdan istifadənin seçimi də ən başlıca səbəblərdən biridir.
Zorakı şəxs (zorakılıq törədən) və qurban (zorakılığa məruz qalan) arasında baş verən məişət zorakılığı cinsi yönümlülüyündən və genderindən, münasibətlərinin müddətindən, uşaqlarının olub-olmamasından asılı olmayaraq hal-hazırda və ya əvvəllər görüşmüş, birgə yaşayan, evli, yaxud da boşanmış və ya boşanandan sonra da birlikdə yaşayan şəxslər arasında yaşanır. Məişət zorakılığını digər ailədaxili zorakılıqlardan fərqləndirən əsas əlamət onun intim münasibətdə olan iki partnyor arasında baş verməsidir. Davranış cəhətdən yanaşsaq, şiddət və ya zorakılıq halları bir-birini tanımayan iki şəxs arasında da baş verə bilər: məsələn, sataşma, xəsarət yetirmə, qətl, zorlama, adam qaçırtma, əsarət altına salma, mülkiyyətə xətər yetirmə, hədə-qorxu gəlmə kimi. Lakin digərlərindən fərqli olaraq məişət zorakılığı ilə üzləşən şəxslər bu sadalanan zorakılıq halları ilə bir dəfə deyil, davamlı olaraq üzləşirlər və zorakılığın effekti münasibətin intim xarakteri ilə daha da kəskinləşir. Məişət zorakılığında zorakı şəxsin qurbana davamlı olaraq əli çatır, qurbanın gündəlik həyat tərzini bilir və davamlı olaraq qurbana fiziki şiddət törədir və onun gündəlik yaşamını öz idarəsi və nəzarəti altına sala bilir. Zorakı şəxsin qurbanla intim və ya partnyor münasibəti və eləcə də onunla bir evdə yaşaması ona bu imkanı verir və buna görə də məişət zorakılığında qurbanın zorakı şəxsi tərk etmək və canını qurtarmaq kimi şansları da çox az olur.
Şeçter və Qanlinin qeyd etdiklərinə görə məişət zorakılığı digər ailədaxili şiddət (uşaqlara qarşı törədilmiş şiddət, uşağın valideyninə qarşı törətdiyi şiddət, bacı-qardaş arasında baş verən şiddət halları və ailənin qoca və ya ahıl nümayəndələrinə qarşı törədilmiş şiddət) halları ilə oxşarlığı olmasına baxmayaraq, özünəməxsus xarakteristikası ilə fərqli bir kateqoriyaya aiddir. Belə ki, məişət zorakılığında hüquq və məsuliyyətdə bərabər olmalı olan iki gənc və ya iki yetkin şəxs bir-birinə qarşı güc və nəzarət tətbiq edir. Lakin hüquqi olaraq bunlardan heç birinin digərinə qayda qoymağa və ya biri digərini nəzarət altında saxlamağa haqqı yoxdur. Məişət zorakılığı bu bərabər hüquqlu insanların münasibətində həmin hüquqi bərabərliyin pozulması halıdır.
Məişət zorakılığını törədən şəxs hər hansı bir nəzarət funksiyasını yerinə yetirmək üçün fiziki şiddət üsulundan istifadə edir və bu davranış forması “kişi cinsiyyətli `haqqı çatmaq` təsəvvürüdür, yəni kişilərə qadınlara nisbətən daha çox haqq qazandıran patriarxal strukturun xüsusiyyətidir”. Zorakı şəxs bu davranışla qurban üzərində dominantlığını və nəzarətini artırmaq və öz maraqlarını həyata keçirməyə nail olmaq məqsədi daşıyır. Eləcə də məişət zorakılığında zorakı şəxsin istifadə etdiyi zorakılıq sadəcə bir növ deyil, biri digərini əvəz edən zorakılıq formalarında yaşanır. Məişət zorakılığı fiziki, cinsipsixoloji, eləcə də iqtisadi zorakılıq formasında törədilir. Məişət zorakılığında insidentlər çox vaxt biri digəri ilə bağlı olur, keçmiş insident növbəti bir insidentə səbəb olur. Adətən fiziki və psixoloji zorakılıqla yanaşı məişət zorakılığı qurbanları cinsi zorakılığa da məruz qalır. Bütün zorakılıq növləri fiziki sübutlarla, yəni bədənə xəsarət ilə müşahidə olunmaya bilər, bəzən də fiziki zorakılıq bədən xəsarətlərinə səbəb ola və ciddi, sonradan xroniki xəstəlik halında qala bilən sağlamlığa qarşı törədilmiş ağır zədələrlə nəticələnə bilər. Fiziki zorakılığın olub-olmamasından asılı olmayaraq bütün zorakılıq növləri birlikdə qurbanın psixologiyasına mənfi təsir göstərir və onun sosial aktiv bir fərd kimi fəaliyyətində, özgüvənində və öz dəyərini anlamaqda, bir sözlə ruhi sağlamlığında böyük sarsıntılara səbəb olur.
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar