Xəbər lenti
21 il həbs cəzası almış uyğur qadının hekayəti
ABŞ hökumətinin maliyyə dəstəyi verdiyi “Azad Asiya” radiosunun (“Radio Free Asia”) internet səhifəsində Çin hakimiyyətinin müsəlman uyğurlara qarşı repressiyasından bəhs edən məqalə dərc olunub. “Uşaqlarını dini məktəbə göndərdiyinə görə 21 il həbs cəzası almış uyğur qadın” başlıqlı məqalənin müəllifi uyğur əsilli jurnalist Şöhrət Hoşurdur.Çinin şimal-qərbində yerləşən Sincan bölgəsinin sakini, evdar qadın Ayişəmxan Abdulla 20 il qabaq üç yeniyetmə uşağını yerli dini məktəbə göndərəndə ağlına da gətirməzdi ki, bu, onun 21 il müddətinə azadlıqdan məhrum edilməsi ilə nəticələnəcək.
Şöhrət Hoşur Çində uyğurların kompakt yaşadığı, rəsmən Sincan Uyğur Muxtar Rayonu (bəzən qısaca olaraq Sincan) adlandırılan, tarixi adı Şərqi Türküstan olan bölgədəndir. Hakimiyyətlə problemlərinə görə 1994-cü ildə Çini tərk edib, hazırda Vaşinqtonda “Azad Asiya” radiosunda çalışır.
Manevr.az novator.az-a istinadən ingiliscədən çevirilən məqaləni oxuculara təqdim edir.
Onda Ayişəmxana elə gəlirdi ki, bir müsəlman uyğur kimi sadəcə iki qızının və bir oğlunun dini təhsil almasına şərait yaradır, vəssalam.
2014-cü ildə Çin hakimiyyəti Sincanda etnik müsəlmanlara qarşı sərt hücumlara keçdi. Uyğurları əsassız həbslərə, ağır cəzalara məhkum etməyə başladılar. Hökumət müasirliyin təbliği bayrağı altında uyğurların milli adət-ənənəsini, dini inancını da hədəf götürdü.
Bu kampaniya çərçivəsində məscidlər söküldü, dini ayinlər məhdudlaşdırıldı, kişilərə müsəlman sayağı geyinmək, uzun saqqal saxlamaq qadağan edildi, müqəddəs Ramazan ayında oruc tutmaq yasaqlandı, yeni doğulan uşaqlara dini adlar qoyulmasına imkan verilmədi.
Artıq 2017-ci ildə repressiyalar altında olan etnik azlığın vəziyyəti dözülməz həddə çatdı. 1 milyon 800 min uyğurun və milliyyətcə türk olan digər azlıqların nümayəndələrinin rəsmən “təlim-tərbiyə düşərgəsi” adlandırılan əsir düşərgələrinə salınması prosesi də həmin il başlandı. Çin rəsmilərinin iddiasına görə, bu düşərgələr terrorçuluğun və dini ekstremizmin qarşısını almaq üçün nəzərdə tutulmuş peşə təhsili mərkəzləridir.
Həbslərlə yanaşı uyğurlar intensiv təqibə, işgəncəyə, məcburi əməyə, sterilizasiyaya, o cümlədən digər kobud hüquq pozuntularına məruz qoyuldu.
Ayişəmxan Abdulla Çin hakimiyyətinin cənginə 11 milyon nəfərdən çox müsəlman uyğurun yaşadığı Sincan bölgəsində keçdi.
Gülcə (Çin dilində İnin) rayonunun Qarayağac qəsəbəsinin sakini Ayişəmxan Abdullanı vaxtilə uşaqlarını ev şəraitində fəaliyyət göstərən dini məktəbə göndərdiyi üçün 2017-ci ildə tutub 21 il müddətinə azadlıqdan məhrum etdilər.
Öz təhlükəsizliyinə görə adının çəkilməsini istəməyən, hüquq mühafizə xidmətində çalışan qarayağaclı bir kişinin verdiyi məlumata görə, hazırda 62 yaşında olan Ayişəmxan cəzasını Gülcə rayon mərkəzindəki Baykol qadın həbsxanasında çəkir: “O, dini məktəbə göndərdiyi hər uşağına görə 7 il həbs cəzası alıb”.
Hakimiyyət Ayişəmxanın uşaqlarını da düşərgəyə aparıbmış. Uşaqlar bir ildən çox düşərgədə saxlanandan sonra sərbəst buraxılıblar.
Sincan polisinin elektron məlumat bazasının sındırılması nəticəsində əldə edilmiş və 2022-ci ilin may ayında açıqlanmış milyonlarla məxfi sənəddən bəlli olur ki, övladını dini məktəbə göndərdiyinə görə tutulub ağır həbs cəzasına məkum olunan uyğurların sayı çoxdur və onların əksərinin yaşı 60-dan yuxarıdır. Ayişəmxanın adı həmin siyahıda olmasa da, sənədlər neçə-neçə günahsız insanın qanunsuz həbsini təsdiqləyir”.
Öz təhlükəsizliyi sarıdan ehtiyatlandığına görə adının çəkilməsini istəməyən, vaxtilə Sincan polisində işləmiş uyğur əsilli keçmiş zabit (o, hazırda İsveçdə məskunlaşıb) “Azad Asiya” radiosuna deyib ki, Ayişəmxan, çox güman, heç məhkəmə hökmü ilə tutulmayıb, eləcə Çin Kommunist Partiyasının siyasi və hüquq komitəsinin qərarı ilə həbsə atılıb.
Keçmiş polis zabitinin fikrincə, nə qədər adamın həbs edilməli və onlara hansı cəzaların verilməli olduğunu yerli məhkəmələr deyil, Pekindəki mərkəzi siyasi hakimiyyət müəyyənləşdirir. Keçmiş zabit tutulanların hətta Çin qanunlarına da uyğun olmayan bir formada çox uzun müddətə azadlıqdan məhrum edilməsini məhz bununla əlaqələndirir.
Sabiq zabit ehtimal edir ki, 2017-ci ildə kütləvi həbslər başlananda Pekindən hakim partiyanın yerli siyasi və hüquq komitələrinə həbs düşərgələrindəki uyğurları sərt şəkildə cəzalandırmaq barədə qəti tapşırıq verilib: “Məncə, təkcə əmr yox, ciddi təzyiq də olub. Ona görə yerli komitələr mərkəzi hakimiyyətin müəyyənləşdirdiyi həbs kvotasını doldurmaq üçün günahsız uyğurları bir ucdan tutub içəri salıblar. Valideynlərə dini məktəbə göndərdikləri hər uşağa görə 7 il həbs cəzası verilməsi də Pekin qarşısında öhdəliyi yerinə yetirməyin bir üsulu olub”.
Keçmiş zabit bildirib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə halları onun Sincanda polis sistemində işlədiyi dövrdə – 2000-ci illərin əvvəllərində də geniş yayılmışdı: “O dövrdə də Çin hakimiyyəti bu siyasətə haqq qazandırmağa çalışırdı. Amma o vaxtlar heç olmasa məhkəmə prosesləri keçirilirdi və istər açıq, istərsə də qapalı prosesdə məhkum edilən şəxslərin ailələrinə hökmdən şikayət vermək hüquqlarının olduğu barədə bildiriş göndərilirdi. Yəni o zaman məhbuslarla heç olmasa bəzi hüquqi prosedurlara uyğun davranılırdı. Mənim 20 il əvvəl işlədiyim dövrdə övladını dini məktəbə göndərdiyinə görə kiməsə 21 il həbs cəzası veriləcəyini təsəvvür etmək mümkün deyildi. İndi vəziyyət çox ağırdır. İndi orada heç kim öz ölkəsinin qanunlarını pozmaqdan, vəzifədən açıq şəkildə sui-istifadə etməkdən utanıb-çəkinmir”.
Keçmiş polis əməkdaşı Qarayağacda Ayişəmxanın acı aqibətlə üzləşmiş yeganə qadın olmadığını da xatırladıb: “Oxşar taleli başqa uyğur qadınlar da var. Məsələn, Ayişəmxanın həmyerlisi Xalidə Qurban 18 il müddətinə azadlıqdan məhrum edilib. Bu cəzanın 14 ili ona iki uşağını dini məktəbə göndərdiyinə, 4 ili isə “qanunsuz ibadət”lə məşğul olduğuna görə verilib. Xalidə Qurban artıq həyatda yoxdur. O, savadsız bir kənd qadını idi, şəkər xəstəliyindən əziyyət çəkirdi, həbsxanada dünyasını dəyişdi”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar