Məsələylə bağlı Yenisabah.az-a danışan təhsil üzrə ekspert Elçin Əfəndi deyib ki, bu gün saxta diplomlarla bağlı mübarizə aparmaq müşkülə çevrilib:
“Biri San-Marino Universiteti, biri Dağıstan filialının diplomu və s. Məmurlar tərəfindən baxsaq, – bu kateqoriyaya bəziləri daxildir – onların ikinci ali təhsilində adı tanınmayan universitetlər olur. Məsələn, Danimarkanın Kral Universiteti, Roma Universiteti və s.
Eyni zamanda ölkə daxilinə baxsaq, qohumluq, tanışlıq, yüksəkranqlı məmur prinsipiylə hansısa universitet ona ikinci ali təhsil kimi diplom təqdim edir. Nə hikmətdirsə, bunların hamısı ya politoloji siyasət, yaxud da hüquqşünaslıq üzrə diplom alırlar. Baxsaq, adamın hüquqla bağlı anlayışı yoxdur, amma hüquq üzrə diplomu var, ikinci bakalavr təhsili kimi BDU-nun hüquqşünaslığını bitirib, yaxud filan universitetin iqtisadiyyatını bitirib və s”.
Mütəxəssisin fikrincə burada yalnız 3 ixtisas daha populyardır:
“Hüquq, siyasi və iqtisadi yönümlü. Biz ikinci ali təhsilə diqqət yetirsək, ancaq bu istiqamətdədir. Halbuki adamın ilk ali təhsili, yaxud orta ixtisas təhsili alıb-almaması belə sual altındadır. Çünki belə hallar var. Son dövrlər isə Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq olaraq diplomların tanınmasıyla bağlı araşdırmalar aparılır və müraciətlərə baxılır”.
“Biz, əsasən, diplom sıxıntısını hansı dövrdə müşahidə etdik? Hansı ki, SSRİ dağılandan sonra Azərbaycanın müstəqil olduğu dövr var idi. Yəni 1991-1998-ci illər ölkədə saxta diplomların daha çox tüğyan etdiyi zaman olub. Bu zamanlarda insanlar, əsasən, saxta diplom alırdılar. Bir də Azərbaycan Beynəlxalq Universiteti (ABU) var idi ki, ona da San-Marino fillialı deyirdilər ki, onun fəaliyyət göstərdiyi dövrdə də saxta diplomların alınması çoxalmışdı”, – dəlavə edib.
E. Əfəndi iddia edib ki, hazırda məmurların içərisində belə saxta diplomu olanlar var:
“Hətta televiziyada jurnalistlər var ki, onlar ABU-nun diplomlarını əldə ediblər, hansı ki, o vaxtı oraya saxta üsulla qəbul aparılıb. 1991-ci ildən 1998-ci ilə qədər isə hansısa universitetin verdiyi diplom sadəcə bir kağız parçasıdır. Hətta elm və təhsil naziri Emin Əmrullayev keçən səfər Milli Məclisdəki müzakirə zamanı qeyd etdi ki, adamın əlində 1 dənə sadə A4 vərəqi var, üzərində də diplom yazılıb. Bunu da rektorun özü edib. Yəni o dövrdə belə bir acınacaqlı vəziyyət olub. Ona görə də hər kəs harada necə gəldi diplom əldə edib”.
Müsahibimiz təklif edib ki, bu istiqamətdə müvafiq qurumlar iş aparmalıdır:
“Xüsusi olaraq da məmurların, yaxud digər şəxslərin ikinci ali təhsil almaq istəməsi sorğulanmalıdır. Həmin universitet ikinci ali təhsil üçün hansı əsaslarla qəbul aparır, müsabiqə şərti nədən ibarətdir? Bunların hamısı sorğulanmalı və onun əsasında diplomlar təqdim olunmalıdır. Əks halda, götürüm, hansısa məmura diplom hədiyyə edim və s. Bu təbii ki, yolverilməzdir”.