Azərbaycanda istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə bir il (2025-ci ilin sonuna qədər) artırılması nəzərdə tutulur.
Məlumata görə, bu, 2023-cü ildə dövlət büdcəsi gəlirləri üzrə siyasətin əsas istiqamətlərindən biridir.
Xatırladaq ki, sözügedən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - bu il yanvarın 1-dən üç il müddətinə (2024-cü ilin sonuna qədər) vergidən azad edilib.
Son illər Azərbaycanda da ekoloji cəhətdən təmiz hibrid avtomobillərə müəyyən dərəcədə maraq artıb. Söz yox ki, həmin maşınların idxal və satışı üzrə ƏDV-dən azad olunma bu tendensiyaya öz təsirini göstərib.
Amma hibrid və elektron avtomobillərinin ölkədə geniş yayılması üçün təkcə bu addım kifayət etmir. Burada başqa digər problemlərin həlli də vacibdir. Hibrid və elektron maşınlar üçün doldurma məntəqələri Azərbaycanda çox azdır.
Ehtiyat hissələrdə də çatışmazlıq var. Bundan əlavə, həmin növ avtomobillərə xidmət edən təcrübəli mütəxəssislər, xüsusi kadrlar da yox səviyyəsindədir.
Elektron sistemli maşınlar mürəkkəbləşdikcə ustalar tapılmır. Yəni sadalanan bu kimi problemlər də hibrid maşınlarına marağın yüksək olmasına əngəl yaradır.
Bu isə tək ƏDV-dən azad olunma müddətinin uzadılması ilə həmin sahədə köklü irəliləyişlərə nail olmağın mümkün olmadığını göstərir. Deməli, hibrid maşınlara marağı stimullaşdırmaq üçün başqa digər addımlar da atılmalıdır.
Manevr.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında avtomobil üzrə ekspert Ramil Osmanov bildirir ki, hibrid avtomobillərə ölkə daxilində texniki dəstək imkanları məhduddur:
“Hibrid avtomobillərin idxal və satışı üzrə ƏDV-nin azad olunma müddətinin daha bir ilə uzadılması normal yanaşmadır. Xeyli illər əvvəldən Rusiyadan ölkəmizə idxal olunan nəqliyyat vasitələrində müəyyən dəyişikliklər baş verdi.
Yəni karbürator sistemindən injektora keçid zamanı Azərbaycanda bu sahə üzrə texniki dəstək imkanları məhdud idi. Faktiki olaraq usta problemi var idi. Lakin zamanla bu problem aradan götürüldü. Avropa, Asiya və Amerika istehsalı olan nəqliyyat vasitələri gəldikdə də analoji proses baş verdi, amma buna rəğmən, qısa müddətdə problem həll olundu.
Hibrid və elektromobillərin ölkəmizə idxalı prosesində də oxşar problemlər yaranıb. Xüsusən də hibrid avtomobillərin ölkəyə kütləvi idxalı baş verib.
Bu nəqliyyat vasitələrinin bəzi hissələri Azərbaycanda mövcud olan konkret servis mərkəzləri tərəfindən gətirilib. Onlarla bağlı bu sahədə problemin olduğunu zənn etmirəm.
Lakin ayrı-ayrı fiziki şəxslər tərəfindən gətirilən hibrid maşınlara texniki dəstək imkanları isə məhduddur. Ancaq bu problemin də yaxın müddətdə aradan qalxacağı gözlənilir”.
Ekspertin fikrincə, hibrid avtomobillərin geniş yayılmasına şərait yaratmaq üçün ölkədə gömrük rüsumları bir qədər də azaldılmalıdır. Həmçinin standartların tətbiqinə də mühafizəkar yanaşmalıyıq:
“Azərbaycana öz ölkələrində istismara yararsız olan, daxili standartın tələblərinə cavab verməyən avtomobillərin idxalı prosesi sürətlənib. Məsələn, ölkəmizə hibridlə işləyən “Toyota Prius”ların çox köhnə modelləri gətirilir.
Bu isə mövcud avtomobil parkının köhnəlməsinə gətirib çıxarır. Hesab edirəm ki, ekoloji standartlar bir qədər də sərtləşdirilməlidir. Azərbaycan “Avro-4” standartına cavab verən avtomobillərin idxalı qaydalarını müəyyən edib. Amma artıq “Avro-5”ə keçməliyik.
Bu məqam hibrid nəqliyyat vasitələri üzrə ehtiyat hissələrin idxalında da tətbiq olunmalıdır. Ölkədə doldurulma məntəqələri minimum səviyyədədir. Mövcud tələbatın aşağı hissəsini ödəyir. Bu istiqamətdə də fəaliyyəti artırmalıyıq.
Hibrid və elektromobillərin idxalı ilə bağlı gömrük şəffaflaşdırılması aparılmalı, diferensiallaşma gözlənilməlidir. Gömrükdə idxalla bağlı tətbiq olunan rüsumlar hətta istehsalçı ölkələrə nisbətdə daha yüksəkdir. Bu da hibrid avtomobillərə texniki dəstək və digər vasitələrin idxalında ciddi problemlər yaradır. Bu rüsumlar aşağı salınmalıdır”.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar