Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Biz Qarabağa qayıdırıq... Həm də təhlükəsiz, rahat və firəvan yaşamaq üçün

Tarix: 07-09-2022 16:54     Baxış: 2255 A- / A+
Elxan SALAHOV

Torpaqlarımız işğaldan azad olunandan bəri Kəlbəcərə 11 dəfə səfər etmişəm. Hamısı da mövcud qaydalar və yuxarı dövlət orqanlarının xüsusi razılıq məktubu əsasında. Çünki bu səfərlərin hamısının bir məqsədi olub: Başlıbel faciəsinin tanıdılması, kütləvi qətliamın baş verdiyi ərazidə dəlil və sübutların toplanması, araşdırılması, faciə qurbanlarının məzarlarının, habelə dəfn edilməmiş cəsədlərin axtarılması, erməni vəhşiliyinin dünyaya çatdırılması naminə televiziya verilişlərinin hazırlanması, film çəkilişləri və sair. Bu səfərlərin bir necəsi prokurorluq və daxili işlər orqanları əməkdaşlarının iştirakı ilə reallaşıb.

2021-ci ilin aprelindən bəri Kəlbəcərdə görüyüm gerçəkliklər, geri qayıdandan sonra Bakıda eşitdiyim, sosial şəbəkələrdə oxuduğum bəzi yanlışlıqlar barədə fikirlərimi ümumiləşdirilmiş formada oxucularla bölüşmək istəyirəm.  

Kəlbəcərə, vaxtilə rayonun ən iri, sosial-iqtisadi, mədəni inkişafa, geniş və şaxəli  infrastruktura malik kəndi olan Başlıbelə səfərlər asan başa gəlməyib. Mina təhlükəsi, yol problemi, sərt iqlim şəraiti, dağılmış infrastruktur, kol-kos basmış kəndlər, tanınmaz hala düşmüş məhəllələr, gecələmək üçün sığınacaqların olmamaması...

Bu amillərə görə Kəlbəcərə səfərlərimizin əksəriyyəti bir və ya iki günlük olub, gecələməyə yer tapmadığımızdan işimizi mümkün qədər tez bitirib geri qayıtmağa çalışmışıq. Yalnız Başlıbel qətliamındən bəhs edən sənədli-bədii filmin çəkilişi ilə əlaqədar sonuncu səfərimiz 10 gün davam edib. İsti avqust ayının üçüncü ongünlüyünə təsadüf edən bu səfərdə 11 gecə soyuq və şəraitsiz çadırlarda bir-birimizin nəfəsinə isindik...

Əvvəlki səfərlərin çoxunda heç çadırlar da olmayıb. İlin 8-9 ayı qarlı-şaxtalı keçən Kəlbəcərdə çadırlarda gecələməkmi olar?! Mümkün deyil, mümkün olanı da çox çətindir, hər adam bu çətinliyə dözə bilmir! Hətta isti yay gecələrində yamyaşıl çəmənliklərin üstünü örtən qırov adamı üşüdür. Bu səbəbdən səfərlərimizin çoxunda gecələri əsgər kazarmalarında, bərpa işləri ilə məşğul olan şirkətlərin, dövlət idarələrinin müvəqqəti sığınacaqlarında keçirmişik...

Bizləri bu çətin şəraitə dözməyə vadar edən səbəb təkcə 30 ilə yaxın həsrətini çəkdiyimiz yurda sevgi deyil, həm də dövlətimizə güvən, sabaha inamdır! Qırx dörd günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə Vətən savaşına bərabər işlər görülür – bunu görməmək mümkün deyil!

İşğaldan azad olunmuş ərazilərdə tarix yazılır! İndiyədək heç vaxt olmayan və tam məskunlaşmadan sonra keçmişdə qalacaq, fəxarətlə xatırlanacaq bir tarix!

Bu tarixin ən unikal səhifələri həm də Kəlbəcərdə yazılır. Ermənilərin 30 ilə yaxın müddətdə xarabalığa çevirdiyi Kəlbəcər indi bərpa dövrünü yaşayır. Toğanalıdan ta Laçına qədər hər yan ucu-bucağı görünməyən tikinti meydanını xatırladır. Qışı da, yayı da keçilməz olan Murovun sərt dolaylarının az qala asfalt örtüyü xatırladan enli yolları, 12 km-lik Murov tunelinin giriş-çıxışları, Murovun ətəyindən tutmuş Lev çayınadək beton örtüyə alınmış “Meydançay”ın üzərindən çəkilən avtomobil yolu, su elektrik stansiyaları, sıldırım qayaların üzərində boy verən dəmir konstruksiyalı elektrik dirəkləri, yaşıl meşələrin başı üzərindən dolaylanan boz zolaqlı naqillər, rabitə və kommunikasiya qurğuları...

Yenicə tikintisinə başlamış bu möhtəşəm infrastrukturlara tamaşa etdikcə dünyanın ən ecazkar dağ turizmi zonaları göz önündə canlanır. Zallar və Yanşaq kəndlərində, İstisu qəsəbəsində, rayon mərkəzində, Kəlbəcər-Ağdərə yolunun tunel hissəsində davam edən bərpa və yenidənqurma işləri gecələr də dayanmır. Kəlbəcər-Laçın və Tunel-Başlıbel yolunun üzərində, Alıbəyli kəndi yaxınlığında inşaatçılar üçün qurulmuş sığınacaqlar, iş kabinetləri, tikinti materialları emal edən qurğular böyük bir sənaye şəhərciyi xatırladır. Yollarda isə tikinti meydanlarına yük daşıyan iri tonnajlı maşınlar hər addımda qarşıya çıxır. Traktorlar, qaldırıcı kranlar, rəngbərəng maşın və mexanizmlər qarışqa kimi işləyir.

Bütün bunlar Kəlbəcərdə reallaşdırılan bərpa və yenidənqurma tədbirlərinin yolqırağı ərazilərdən görünən kiçik bir hissəsidir! Yetər ki, ayaq saxlayıb görülən işlərin miqyasına tamaşa edəsən, onun mahiyyətinə, əhəmiyyətinə və fərqinə varasan!

Qarabağdan uzaqda – Bakıda, Şəkidə, Gəncədə, Bərdə, hətta Azərbaycanın hüdudlarından kənarda oturub sosial şəbəkələr üzərindən işğaldan azad olunmuş ərazilərdəki vəziyyəti tənqid edən, yalan məlumatlarla, ziyanlı çağırışlarla doğma yurduna qayıdacağı günü səbrsizliklə gözləyən məcburi köçkünləri ruhdan salmağa çalışanlar da ortadadır. Son vaxtlar bəyənilməyən, tez-tez tənqid olunan iki məsələ:

1)    Deyirlər ki, işğaldan azad olunmuş ərazilərə gediş-gəlişin məhdudlaşdırılması, xüsusi icazə mexanizminin tətbiqi hüquq pozuntusudur.
Minalanmış əraziləri, dağıdılmış infrastrukturları, qışda qardan-şaxtadan, yayda yağışdan qorunmaq üçün sığınacaqların olmamasını, 30 il ərzində nəzarətsiz qalmış ərazilərdə vəhşi heyvanların çoxalmasını nəzərə alanda hökumətin tətbiq etdiyi icazə mexanizminə haqq qazandırmamaq mümkün deyil. Əks halda Qarabağda yükdaşımalar, bərpa və tikinti işləri iflic vəziyyətə düşəcəkdi. Təkcə bir nümunə: Laçın və Kəlbəcər əhalisinin doğma yurd-yuvasına sərbəst gediş-gəlişinə icazə verilməsinin Murovun sərt dolaylarında hansı vəziyyət yaratdığını təsəvvür edirsinizmi?

2)    Sosial şəbəkələrdə hökuməti qınayırlar ki, dövlət məcburi köçkünləri niyə öz yurd-yuvasına köçürməyə tələsmir?
Bu sualın cavabını yazının əvvəlində Kəlbəcərə səfərlər zamanı şahidi olduğum çətinliklərdən bəhs edərkən qeyd etmişəm. Fundamental şəkildə yol, işıq, su, qaz təchizatı qurulmadan, yaşayış massivləri bərpa olunmadan məcburi köçkünləri xarabalığı xatırladan, kol-kos basmış kəndlərə göndərmək olmaz! Hərtərəfli düşünülməmiş qərarla tələsik köçürmə sosial fəlakətə, kütləvi epidemiyalara səbəb olar. Məcburi köçkünlüyün ilk illərində çadır şəhərciklərində, müvəqqəti sığınacaq yerlərində kütləvi şəkildə yayılmış malyariya, difteriya kimi xəstəlikləri və onun ağır nəticələrini xatırlayırsınızmı?

Məcburi köçkünlər onsuz da cəmiyyətin ən ağır travma almış təbəqəsidir, onlar dövlətin yardımına, dəstəyinə möhtacdır. Və tam məskunlaşma başa çatanadək, məcburi köçkünlər köçürülmədən sonrakı şəraitə uyğunlaşanadək dövlət əlini bu insanların çiynindən çəkməməlidir!!! Əsksinə, bu işdə 30 illik təcrübə qazanmış, strukurlaşmış qurum kimi qaçqın və məcburi köçkünlərin problemlərinə dərindən bələd olan “Qaçqınkom”un imkanlarından maksimum dərəcədə istifadə olunmalı, zərurət yaranasa Dövlət Komitəsinin səlahiyyətləri artırılmalıdır!

Qarabağa, işğaldan azad olunmuş doğma yurdlarımıza qayıdışın ən həssas və ən məsuliyyətli dövrünü yaşayırıq! Bu tarixi mərhələni mümkün qədər tez və ağrısız başa vurmaq hamımızın istəyidir! Təbii, bu istəyin gerçəyə çevrilməsi üçün zaman lazımdır. Əminəm ki, uzun çəkməyəcək və bizlər tezliklə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama, Füzuliyə, Zəngilana, Cəbrayıla, Hadruta, Xocavəndə, digər tarixi torpaqlarımıza qayıdıb dədə-baba yurdlarımızda firəvan həyat qura biləcəyik. Yetər ki, Qarabağın bərpası və qayıdış mərhələsində də təmkinimizin, birliyimizin və həmrəyliyimizin pozulmasına imkan verməyək!

Qırx dörd günlük Zəfər müharibəsində olduğu kimi!

İndi savaş işğaldan azad olunmuş şəhər və kəndlərimizin bərpası naminə davam edir...

Biz Qarabağa qaıyıdırıq! Həm də qürurla, təhlükəsiz, rahat və firəvan yaşamaq üçün!


Kəlbəcər şəhəri, aprel-2021

Qamışlı çayı üzərində inşa edilmiş su elektrik stansiyası - avqust, 2021

Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub - iyun, 2022

"İstisu" sanatoriyasının təməlqoyma mərasimindən - iyun, 2022

Tikilməkdə olan Murovdağ tunelinin Kəlbəcər tərəfdən olan giriş-çıxışından görüntü - iyun, 2022


Başlıbel kəndində qurulan ilk çadır-sığınacaq - iyun, 2022

6) Kəlbəcər şəhərinin girişində qurulmuş şəhidlər kompleksi - iyul, 2022


Başlıbel faciəsi qurbanlarının uyuduğu məzarlıqda ilkin abadlıq işləri başa çatıb - avqust, 2022

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar